Category Archives: Uncategorized

Adil Mirseyid

Standard

Adil Mirseyid

həyatla ölümün sınırında mən
bir kor dərviş kimi tənhayam allah
günbəgün azalır təqvimdə yarpaq
günbəgün böyüyür içimdə günah

bilirəm duamı eşidəcəksən
ya bir işarə ver ya lələk göndər
məni bu çarmıxdan xilas etməyə
bənbəyaz qanadlı bir mələk göndər

ilahi yaralı bir quşdu könül
niyə uçurtdular isti yuvamı
kim isə qanımı içməyə hazır
aşıq qara sazda çalır havamı

xınalı dağlar var başı dumanlı
dağlar da sənindi duman da sənin
bir gecə aynada qeyb olacağam
gecə də aynada bu can da sənin

eyvah ay qarışdı qaranlıqlara
içimdə son umud üşüyür eyvah
oğlumun gözləri yol çəkir yenə
bu yolun sonunda ölüm var allah

Advertisements

Ədalət Nicat – CANIM YURDUM,GÖZÜM YURDUM

Standard

Ədalət Nicat

Səcdənə də gələnmədim,
Canım yurdum,gözüm yurdum.
Yaşda daha o yaş deyil,
Azalıbdı dözüm yurdum.

Göz yaşım baxmır sözümə,
Dərin arx açıb üzümə,
Oğul deməyə özümə
Daha gəlmir üzüm yurdum.

Dünyanın nahaqq qatında
Şeytanlar çapır atında,
Qəribsəyib kül altında
Çoxdan sönüb közüm yurdum.

Atəş sönməz gur yağışla,
Eşq göyərməz bir baxışla,
Nə olar məni bağışla,
Gələnməsəm özüm yurdum.

Ədalət varmı yadında?
İllərdi yanır odunda,
Kaş bir durna qanadında
Çata sənə sözüm yurdum.

Azər Elşadoğlu – YAĞIŞ ÜÇÜN

Standard

004

Gecənin sükutu pozulur yenə,
Şəhərinsə səsi batır yağışda.
Yağışa ilişib düşür günahlar
Dualar Allaha çatır yağışda.

Qısa ətəkli qız; islanıb necə,
Oğlanlar o qıza atır atmaca.
Bir az uzaqdasa büzüşən qoca
islanıb, göyərti satır yağışda.

Ən böyük yanlışı doğru sanmışıq,
Yenə həqiqəti tərsə qanmışıq:
yatıb bir yuxuya yaxalanmışıq;
Halbuki, bərəkət yatır yağışda.

Aydan Abdullayeva – Anamın ahı kimi

Standard

b-f231

Buludu gözlərdə buludu ölüm…
Bir qırıq budağın üşüyən canı…
Qərib, ayaq saxla, başına dönüm,
Bu yol aparacaq dumana səni…

Buludu ölümdü gözlərdə ötən,
Dənizdən didərgin gəmi kimisən…
Qoşulub karvana gedəcək gedən…
Bir ömür yollarda diz çökərmisən?!

Səni and verirəm getdiyin yola,
Bir ümman ahını göylərə vermə…
Gəl, mənim gözümün yaşına bulan,
Çəkdiyin ahlardan öpürəm, getmə!

Buludu ölümlü, buludu gözlü,
Bir əlçim qum üfür, dol gözlərimə…
Anam saçlarıma bir gecə hördü,
Atam köç eylədi yol gözlərimə…

Yolçu, saçlarımın gecə üzündə,
Yıxıl yat… Gündüzə Allah kərimdi…
Qərib yolçuların yolu gözümdə…
Daha gözlərimin son nəfəsidi…

Hey! Mənə ölümü qıyan yolçular…
Gözümdəki yolun çırağı yanmır…
Atamın gedişi kimi günahkar,
Anamın ahıtək məsumam, Tanrı!

Zirəddin Qafarlı – DƏNİZDƏN ƏSƏN KÜLƏK

Standard

DSC_0023

Dənizdən əsən külək,
Ləpələri öpdünmü?
Dağları, qayaları,
Təpələeri gördünmü?

Dənizdən əsən külək,
Ötüb küçmə yanımdan.
Soyuqqanlı olma gəl,
Üşütmə var canımda.

Dənizdən əsən külək,
De, hara tələsirsən?
Sən də uşaq kimisən,
Bu yollarda yesirsən.

Dənizdən əsən külək,
Gedək, qolbiyun gedək!
Məni tənha buraxma,
Gedən yolboyu, gedək!

Dənizdən əsən külək,
Ətrini gətirmisən
Qohumun, yadın mənə.
Dənizdən əsən külək,
Özümə oxşayırsan
Bu əsib – coşmağınla –
Doğmadır adın mənə.

Şahinə Könül – GÖRƏN MƏNİ ANAM DOĞUB, YA DAĞLAR?

Standard

Şahinə Könül

Mənim hələ görmədiyim gün varmış,
Bir əl bağlar, bir əl düyün açarmış.
Könül dağa Ana deyib qaçarmış,
Görən məni Anam doğub, ya dağlar?

Məni dağa çəkən nədir bir belə,
Çəkəmməzdi ocaq belə, pir belə.
Yəqin kimsə görməyibdi sirr belə,
Görən məni Anam doğub, ya dağlar?

Dağlar mənə əl eyləyir, gəl deyir,
Gəl güllərlə, çiçəklərlə gül deyir
Dağlar özü xəbərsizdi, bilməyir,
Görən məni Anam doğub, ya dağlar?

Lalələrə ürəyimdən köz düşüb,
Bənövşəyə taleyimdən iz düşüb.
Nə müddətdir ürəyimə Söz düşüb,
Görən məni Anam doğub, ya dağlar?

Dağlar mənə vüqar verib sınmayan,
Dağlar mənə bahar verib solmayan.
Bircə bunu biləydim heç olmaya,
Görən məni Anam doğub, ya dağlar?

Sığınacam o dağların qoynuna,
Sarılacam o dağların boynuna.
Dağlar məndən, mən dağlardan doymuram,
Görən məni Anam doğub, ya dağlar?

Afaq Şıxlı – MƏNİM MARAQLI İNSANIM

Standard

afaq şıxlı

Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən,
Həmişə haqlı insanım?

Yəqin yenə gileylənir
Küləkli boz havalardan,
Yenə qaçır söz üstündə
Düşən yersiz davalardan?

Yenə də mahnı dinləmir,
Susur sükan arxasında,
Yenə sürür həyatını
Od ilə su arasında?

Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
İtmiş sayır əməyini?

Yenə qatıb-qarışdırır
Nisgilini zarafatla,
Hələ də barışa bilmir
Onu üzən boş həyatla?

Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçıraqlı insanım?..