Category Archives: Xatirə Nurgül

Xatire Nurgul – BÜTÜN YOX OLANLARA (atama…)

Standard

xatire nurgul1

Yoxluq külək kimidir…
Hərdən yüngülcə toxunar,
hərdən çırpılar üz-gözünə,
üst-başına…
İndicə parkda çərpələng uçuran
uşağa baxanda
yoxluğu daha yaxşı tanıdım –
yoxluq həm də uçurmağa arzuların olmamasıdır…

Həm də anladım ki,
gözləməyə adamım,
məktubum,
cavabım və daha nələrimsə yoxdusa
elə mən də yoxam…
mən də yoxam…

Budur, yanımdan adamlar gəlib keçir,
adamlar baxır yoxluğuma…
Mənimsə gözlərimdə
Onu uzaqlara yola salarkən
son dəfə gördüyüm
ağarmış saçları var hələ də…
Bir də dönüşün mümkün olmadığını anladan
əşyalarının boş yeri…

Yoxluq
bir adamın bir çemodan yeri qədər olan
boşluğudur həm də…
o yerin soyuqluğudur…

2010

Advertisements

Xatirə Nurgül – SƏNİ MƏN YARATDIM YAĞIŞ ADAM

Standard

xatir%c9%99-nurgul1

 

Xoş gəldin yağış adam.
Görən təki tanıdım səni ,
sən də az da olsa tanı məni.

Mən hər itkidə
bir az daha böyüyən ,
hər məğlubiyyətdə
bir az daha
qüvvətlənən xanımam.

Böyümək aliləşməyə doğru gedir artıq,
aliləşməyə doğru…

Hərdən sevmək istəyirəm ,
sevməyə adam yox dünyada.
Hərdən dalaşmaq istəyirəm ,
dalaşmağa heç kim və heç nə yox…

Tək bildiyim unutmaqdı.
Bir də dərdimi demək
hüzünlü sulara .
Bir də yağışda ağlamaq…

Səni də mən yaratdım
yağış adam.
Göz yaşlarımdan yaratdım,
gəlib hesab sorasan ,
məni özümə qaytarasan deyə.

Məni özümə qaytar yağış adam
mən unutmaq dəlisi ,
mən tənhalıq məhkumu.
Qaytar ,
qurtar məni yağış adam
özümdən qurtar…

2011

Xatire Nurgul – Xərçəng qadın

Standard

Xatirə Nurgül1

Xatire Nurgul – Xərçəng qadın

İyirmi birinci əsr
xərçənglə savaşda döşlərini itirən
qadınların əsridi.
Daha çox sol döşündən öyrənir ölməyi
iyirmi birinci əsr qadını.
Geridə bir qadın,
bir kişi,
bir və daha çox uşaq ömrü qalır
hər ölən qadından.
Kişi də yaşayır, uşaq da…
yaddaşda qalan qadınsa yox olmağı öyrənir.
Yox olmağı öyrənir
iyirmi birinci əsr qadını..

Xatire Nurgul – SƏMRA ÜÇÜN HƏYAT DÜSTURU

Standard

025

 

Pəncərəmdə payızdı-
saralan yarpaqları sayıram bayaqdan…
sən də sayırsan,
acılarla keçirdiyin günləri.
Üzülmə
acılar insanı öldürmür, Səmra.
acılar insanı böyüdür…
Unut, ağladığın sözləri,
ağladan nəğmələri,
zalım adamları…
unut…
Unut, Səmra
dünyanın nə seviləsi
nə tüpürüləsi üzü qalmayıbsa.
Sevgilər çox vaxt tərk etmək,
ümidlər çox vaxt heç olmaq üçünsə…
arzular puç olursa bir-bir
unut…
Sol döşündəki xərçəngin ağrısı
sevgilinin nəvazişindən daha yaxınsa sənə
unut yaşadığın hər şeyi, hər kəsi…
Sonra dünyanı unut,
sonra zamanı,
sonra yolları,
adamları…
sonra bu şeiri…
sonra məni də unut,
özünü də…
Yerdə qalan nə varsa onu yaşa, Səmra
yəni ən gözəlini
ən ümidlisini yəni.
“yaşamaq ümidli bir işdir” Səmra
yaşamaq daha gözəl bir iş…

Xatirə Nurgül – DARIXMAQ HAQDA SONUNCU SAKİN

Standard

079

Sevə,
ayrıla,
unuda bilməməyin acısını yaşayıram bu an,
durub uzun-uzadı yollara baxmağın
təəssüfünü.

Pəncərədən
qaranlığa əl etməyin,
səhər qatara əyləşib
nəyə və ya kiməsə görə,
harasa getməyin
naməlumluğunu yaşayıram.

Bir şəhərin sonuncu sakini kimiyəm…
yəni o qədər təklik ki,
öz səsimi eşitməyin karlığını,
öz əllərimi görməyin korluğunu yaşayıram
Yorğunluğumu yaşayıram bu an…

iyun 2012

Xatirə Nurgül – SİZİN ÜÇÜN ADAMLAR

Standard

Xatirə Nurgül1

Guya ki göy üzü yaşıl-yaşıl olacaqdı ,
guya ki dağlar dənizlərə qovulacaqdı.
Dağlar boğulacaqdı ,
boğulacaqdı…

Dedim axı
inanmayın…

İçinizdə gömün
inamsız ,
imansız hər şeyi.
Üfürün küləyin üzünə
özünüzə deyə bilmədiklərinizi.

və yalvarıram dəyişməyin ;
hərdən uşaq olmaq
kef verir adama…

2004

Xatirə Nurgül – SAATSAZ

Standard

026 (3)

Saat həyatdır.

Hər gün saatla başlayır ,
hər gün saatla bitir.
Divarda saat ,
qolunda saat.
İnsanların gözlərində ,
səslərində ,
hisslərində saat.

Səhərlər
qıyıb gözlərini
günəşin üzünü axtarırsan
bulud saatların arasında.

Hər görüşdə
qulağını sevdiyin oğlanın
ürəyinə dayayıb
sevgi saatının
necə işləməsini eşidirsən.

Gecələrsə üşüyürsən
başını təklik saatının başlanğıcına
balışa söykəyəndə…
Yuxuna
edam olunmuş saatlar gəlir
əqrəbləri sındırılmış ,
rəqəmləri öldürülmüş…

Hərdən də
alıb çəkici sındırmaq istəyirsən
ömründəki saatların hamısını
amma… olmur…