Category Archives: Roma Xosrov

Roma Xosrov – Heç nəyim yox sevgidən çox

Standard

Roma Xosrov

Ömür verdiyim həyatın,
Verdiyi dərdə baxıram.
Bu qədər namərd içində,
Allah tək mərdə baxıram.

Yanından ötdüyüm yola,
Hər azıb itdiyim yola,
Mən keçib getdiyim yola,
Qayıdıb birdə baxıram.

Tanrı verən vergiden çox,
Heç nəyim yox sevgidən çox,
Mən özümə güzgüdən çox,
Kölgəmlə yerdə baxıram.

Roma Xosrov – Sən yadıma düşəndə

Standard

Sən yadıma düşəndə
Təmizliyə çxıram
Saqqalımı qırxıram
Paltarım ütü görür,
Saçıma daraq dəyir
Elə darıxıram ki,
Siqaret yandırıram
Dilimə araq dəyir.
Sən yadıma düşəndə
Saatın əqrəbindən
daş asılır elə bil
Sığınıram təkliyə
Zaman dayanır,
axmır
dost,
tanış,
qohum
Küsür üzümə baxmır.
Unuduram özümü
Qopur bədəndən ruhum
Ürək sözümə baxmır.
Sən yadıma düşəndə
Qələmimə sarılıb-
baş əyirəm kağıza.
Alovum ərşə çıxır
Külət uğultu ilə-
Üfürdükcə közümü
Xatirə dəftərimdə-
Səni gəzib tapıram
İtirirəm özümü.
Sən yadıma düşəndə
Burnuma qoxun gəlir
Bahar fəsli doğulub-
payız ölən gül kimi.
Qəfildən yuxum gəlir,
Yatıb səni görürəm
Köhnə fotolentdəki-
Ağ –qara şəkil kimi.