Category Archives: Məmməd Qədir

Məmməd Qədir

Standard

Məmməd Qədir

Kasıb canım çır-çırpıdan,
Bir şələ ömür bağlayıb.
Taxta qapımın önünə,
Taleyim dəmir bağlayıb.

Kədər çevirib çarxımı,
Ölməmiş verib qırxımı,
Dərdi-sər boğub arxımı,
Sularım çamır bağlayıb.

Darvazamı yabı açıb,
Ar hürkünüb, abır qaçıb,
Göydə Allah qapı açıb,
Yerdəki məmur bağlayıb.

Çadır-çadır zəlil Vətən,
Qarabağdan əlil Vətən,
Məni adından sil, Vətən,
Qeyrətim mamır bağlayıb…

Məmməd Qədir – Sonra get

Standard

Memmed Qedir

 

Sökmə ürəyimin divarlarını,
Açılsın pəncərəm, qapım, sonra get.
Sənsiz əllərimin kordu gözləri,
Gəzib dəstəyini tapım, sonra get.

Tutdu boğazımdan aldığım nəfəs,
Öldüm ayaq üstə, duymadınmı bəs,
Açılar gözlərim, – barmağını kəs,
Qanını gözümə təpim, sonra get.

Sünbülüm cücərib yağışlarında,
Lalələr qızarıb yoxuşlarımda,
Qoy asım özümü baxışlarından,
Dolansın boynuma ipi, sonra get.

Qurumur gözümün nəm şüşələri,
Kök salıb qəlbimə qəm rişələri,
“Sevirəm… “qışqıran bənövşələri,
Yolub ayağına səpim, sonra get.

” Əlvida”sığışmır dodaqlarına,
Ağrısı dağılır yanaqlarına,
Qul kimi düşmüşəm ayaqlarına,
Dayan, əllərindən öpüm, sonra get,
Dayan, əllərindən öpüm, sonra get…