Category Archives: Məmməd Araz

Məmməd Araz – KƏKLİK

Standard

memed araz

Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa, kəklik!

Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində xal qırmızı
Yanar qoşa-qoşa, kəklik!

Niyə təksən, danış əzəl,
Dağlar qızı, xallı gözəl…
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik!

Dağlar qoynu çiçək-çiçək,
Mən gedirəm, getmir ürək.
Uç Məmmədin xəyalı tək,
Bu dağlarda yaşa, kəklik!

Şah yaylağı,
iyul, 1956.

Advertisements

Məmməd Araz – TƏLƏSDİM

Standard

Məmməd Araz1

Dağlar gördüm, dağlarımın oxşarı,
Zirvələrin görüşünə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.

Ağ kağızda söz ucalır, söz yenir;
Közərtili könüllərdə söz yeni…
Hara çəkdi söz qədəmi, söz yönü –
Enişinə, yoxuşuna tələsdim.

Ay köçərim, ürəyimdə qal qışı –
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.

El sazında səsim qala bircə sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağırışına tələsdim.

Torpağımdan duman kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.

Pitsunda, Oktyabr, 1980

Məmməd Araz – SƏN MƏNİ SEVSƏYDİN…

Standard

Məmməd Araz

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.

Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin… sevsəydin əgər…
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968

Məmməd Araz – Göyərdi

Standard

Məmməd Araz12

Musa Yaqub, gözü yolda Təbrizin
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.

Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.

Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.

Pitsunda, avqust 1981

Məmməd Araz

Standard

Məmməd Araz14

Deyirlər ki, arvad-uşaq vaxt alır,
Sənətkardan ata olmaz, ər olmaz.
Şair olub, evlənənlər yanılır,
Bir ürəkdə iki eşqə yer olmaz.

Deyirlər ki, şair olan arı tək,
Gəzə gərək, hər çiçəyə qona da.
Hər gözəlin gülüşündən o gərək
Bir şerinin qanadını yarada…

İnsan ömrü oxşayırsa bir yaza,
Ailədir onun gülü, çiçəyi.
Arvad əli toxunmayan bir masa
Yağış görməz bir səhraya bənzəyir.

Gəlməmişik ömür sürək toy ilə,
Qoy arabir nəşəmiz də bulansın.
Sənətkarın bir əsəri qoy elə
Arvadının gileyindən yaransın.

Bir küncü də isindirməz tək nəfəs,
Hər quşun da yuvası var, tayı var.
Bəs bir evin qayğısından qaçan kəs
Bir ölkənin qayğısını nə duyar?..

MƏMMƏD ARAZ – QAYTAR MƏNİ

Standard

Gönül, bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş, üyünməmiş
Öz mənimə qaytar məni.

Mamırına dolu yatan
Bir dağ döşü -bir daş otaq…
Nə əl dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.

Nədir itən, nədir qalan?..
Beş-on sözdür ümid – qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.

Aramızda tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni.

1980

MƏMMƏD ARAZ – Olarmış..

Standard

m%c9%99mm%c9%99d-araz14

 

Öyünəsi bircəm idin, birimdin.
Yön tutası qibləm idin, pirimdin.
Taleyimə dan ulduzu bilirdim,
Karvanqıran olmağın da olarmış.

O dolaşa çox yuvalar dolaşıb,
Bal dilindən bişirərsən bal aşı.
Yüz dodağın artığından bulaşıq
Bir qədəhə dolmağın da olarmış.

Azan dildi – söz tapdayan, söz yolan,
Beş addımda söz yorulan, söz yoran…
Nə fərqi var: əyri yalan, düz yalan.
Doğruluqdan doymağın da olarmış.

Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam,
Paxır qəlbi ağartmadı qalayçan.
Məhəbbətin qanad açan, qol açan,
Qol bağlayan qolbağın da olarmış.

Əl soyudu, könül də od qalamır,
Gün gün üstə xəzəl kimi qalanır.
Bir elinən tikdiyimiz qalanı
Bir əlinən oymağın da olarmış…