Category Archives: Aydan Abdullayeva

Aydan Abdullayeva – Anamın ahı kimi

Standard

b-f231

Buludu gözlərdə buludu ölüm…
Bir qırıq budağın üşüyən canı…
Qərib, ayaq saxla, başına dönüm,
Bu yol aparacaq dumana səni…

Buludu ölümdü gözlərdə ötən,
Dənizdən didərgin gəmi kimisən…
Qoşulub karvana gedəcək gedən…
Bir ömür yollarda diz çökərmisən?!

Səni and verirəm getdiyin yola,
Bir ümman ahını göylərə vermə…
Gəl, mənim gözümün yaşına bulan,
Çəkdiyin ahlardan öpürəm, getmə!

Buludu ölümlü, buludu gözlü,
Bir əlçim qum üfür, dol gözlərimə…
Anam saçlarıma bir gecə hördü,
Atam köç eylədi yol gözlərimə…

Yolçu, saçlarımın gecə üzündə,
Yıxıl yat… Gündüzə Allah kərimdi…
Qərib yolçuların yolu gözümdə…
Daha gözlərimin son nəfəsidi…

Hey! Mənə ölümü qıyan yolçular…
Gözümdəki yolun çırağı yanmır…
Atamın gedişi kimi günahkar,
Anamın ahıtək məsumam, Tanrı!

Advertisements

Aydan Abdullayeva – Qızım, vida kimisən

Standard

yol

Hələ mən atama çay dəmləməli idim,
Hələ saçlarım üçün sinəsini sipər etməli idi atam
Hələ zərrə-zərrə, ağrı-ağrı darıxmamalıydı ruhum.
Hələ məni səsləyib deməli idi:
– Nəfəsinə qurban olum, axşam qoxulum!
Amma… olmadı…
Mən çay dəmləmədim,
Saçlarım rüzgarda sovruldu,
Qürublarda unuduldu qoxum…

Hələ nağıl-nağıl uşaqlığıma söylənəcəkdim,
Nağıllanıb bir ulduza çəkiləcəkdim.
Sən, ata…
Sən hələ mənim gözlərimin yağmurundan öpəcəkdin…
Gəlsən, kədər dəmdədir.
Qollarımda ölüm…
Əriyən şam – göy üzündə nakam ömür…

Mən torpağam – yağ üstümə,
Mən buludam – keşik çəkirəm
bir qərib məzarın son nəfəsinə…
Məni xatırla, xatırla,
sonra unut ölərcəsinə…

Ah, ata, sən necə də fəsilsizsən,
Mən necə də xatirəsiz…
Əgər məni sevsəydin,
sənə övladdan ziyadə Ana olardım… ana
Sevmədin amma…

Sənin əllərin qocalmasın, anamın baxışları…
Səhərin dan üzündə çökdü
ömrümüzə taleyin axşamçağı…

Mən indi köhnə evimizə daman
yağışlara dua edirəm,
Anam başqa bir evin pəncərəsinə günəş doğur,
Atam… O ağac kimi yarpaq-yarpaq üşüməkdən ölür…

…Gedim, sabaha günəş dəmləyim…
Əynimə dəniz geyinim,
Bəlkə gələr…
“Qızım, vida kimisən…” deyər…

Foto . Ayşen Savadova

Aydan Abdullayeva – Qadın

Standard

f015

Sən ey mavi göyləri bulud-bulud qoxlayan…
Sən ey gözləri günəş, taleyi qürub qadın!
Sən ey göz yaşlarında bir ömrü girov qoyan…
Öz ömründən didərgin, bir dibsiz quyu qadın!

Sən gəzdiyin küçədə bir xatirə soyuğu…
Sən baxan pəncərədə xəyallar ayla doğur…
Qaranlığa aşiq gül sübh çağında tez solur…
Sən o güldən əyninə kəfən biç, uyu qadın…

Bax, o yaşıl yarpaq da xəzan olar, quruyar…
Sükutsan… Pıçıltını yalnızca Tanrı duyar…
Ruhun xəzan qoxulu, çölündə daim bahar…
Sən ey nakam yaşanan ən gözəl duyğu qadın!

Öncə atan tərk etdi, sonra sevdiyin adam…
Uşaqlığın, eviniz, ocağı sönən o dam…
İndi hey geri istə, geri verməz Tanrı da…
Nakam ömrün bəstəsi… Dön, bir də oxun, Qadın!