Category Archives: ƏhmƏd CƏmil

ƏHMƏD CƏMİL – ŞAXTA ВABA XOŞ GƏLIB

Standart

f104

…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.
Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
– Şaxta baba!…
– Şaxtacan!…
– Haradasan bu vaxtacan?…

Əhməd Cəmil

Standart

017 (2)

Ocaq sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı?
Görəsən, o gözəl qız məni yada salırmı?

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə…
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyub şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?

ƏHMƏD CƏMİL – ANALAR

Standart

f002

Atalar dünyanın
quran əlidir,
qüvvətli, mətin.

Ana ümid, fərəh,
nur məşəlidir
bəşəriyyətin!

Dünyada dil açıb
ilk dinəndə də
« ana » deyirik,

Qocalıb dünyanı
tərk edəndə də
« ana » deyirik.

Bütün dahilərə
layla çalar o,
günəşli layla…

Bütün ürəklərə
şəfəq salar o,
günəşlə, ayla.

Ana mərd olanda
nənə ağbirçək,
baxışları nur,

Qızları böyüyər
ay parçası tək
qüdrətli, məğrur.

Oğullar dünyanın
gələcəyidir,
ana bu günü,

İnsanlıq hər şeydən
müqəddəs bilir
ana südünü!

Əhməd Cəmil – Bəxtiyar

Standart

Əhməd Cəmil

Əynində boz şinel, əlində tüfəng,
Nəğmə oxuyursan gülümsəyərək:
“Mən bir qılınc idim, sığmadım qına…”
İri addımlarla gəlir yaxına,
Əlimi sıxırsan, sonra ərk ilə
Məni gah danlayır, gah tutur dilə,
Deyirsən: “Bilirəm, məni anırsan,
Amma fikr etməsə yaxşıdır insan.
Yoxsa dərd adama olar ağır yük.
Könlüm şeir istəyir… Al, bir tütün bük.

Əhməd Cəmil – Gülür günəş, gülür çəmən

Standart

ahmed cemil - gülür güneş

Gülür günəş, gülür çəmən,
Açır bənövşə, yasəmən,
Pıçıldayır axan sular:
Baharın özgə hüsnü var…
Vurulmuşam bahara mən!

Yaşıl yamacda qumru tək,
Ötür yanıqlı bir tütək.
Haray salır kamançalar:
Al örpək örtdü bağçalar.
Yuyundu şehlə gül-çiçək!

Güləndə axşamüstü gül,
Üfüq geyir narıncı tül.
Yanır hər evdə bir ocaq.
Fərəhlənir oğul, uşaq…
Baxanda şad olur könül.

Yananda göylərin şamı,
Gözəl olur yaz axşamı…
Dinir hər evdə tar, qaval,
Gülür min arzu, min xəyal…
Gülür baharda el – hamı!

Görüb zəfər baharını,
Silib könül, qubarını,
Uçan bulud, əsən külək,
Dilində nəğmə sübhədək
Gəzir Vətən diyarını!

ƏHMƏD CƏMİL -LAYLAY

Standart

Gecə keçir… Göylər qara, ay para…
Ahu olub qaçır yuxun dağlara.
Ömrüm-günüm! Sənə laylay dedikcə,
Ürəyimdə qövr eləyir min yara.
Laylay, gülüm, gözlərindən öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!

Atan sənin bir igiddir büsatlı…
Çal papaqlı, boz şinelli, boz atlı.
Düşmən üstə şığıyanda, deyirsən,
Qızılquşdur, uçur şimşək qanadlı!
Laylay, gülüm, gözlərindən öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!

Düzlər oddur, dağlar duman, sular qan…
Qan içində batır günəş, sökür dan…
Yanır ellər, yanır Vətən torpağı,
Yoxsa, quzum, budur səni ağladan?
Laylay, gülüm, gözlərindən öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!

Yer üzündən silinməsi qan izi,
Gülməyəcək körpələrin gül üzü!
Atan bizə kağız yazmır bir ildir…
Yox, heç belə unutmazdı o bizi!
Laylay, gülüm, gözlərindən öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!

Laylay dedim, gecə keçdi, daha yat!
Günlər ötsün, böyü, boya-başa çat.
Sənsən indi evimizin çırağı,
Böyü, oğlum, dərdin alım, tez boy at!
Laylay, gülüm, gözlərindən öpsün ay;
Laylay, quzum, laylay, balam, a laylay!