Author Archives: Çetin Bayramoğlu

About Çetin Bayramoğlu

Şairim , insanım.

Elçin Aslangil – ÇƏRPƏLƏNGİM ŞAHİDDİR

Standard

Elçin Aslangil

Çərpələngim şahiddir,
Sənin səmalarında Tanrı yoxdur məni sevmək üçün…

Gözləmək üçün çox səbəbimiz vardı,
Uzun yollara çıxan qatarlar,
Şəhərin külək əsməyən yerinə gedən taksilər,
Gəlməyən adamlar,
Gəlməyən adamlar üçün gözləməliydik.
Sən sonuncu adam idin…

Dözmək üçün çox səbəbimiz vardı,
İslamçılar,
Katoliklər,
Pravoslavlar,
Musəvilər,
Bir də,
Ateistlər üçün dözməliydik,
Birlikdə dünyanı dəyişdirə bilərdik,
Başını itirmiş adamlar üçün.

Bəlkə başımızı gülləyə sıxıb,
Anamızı qucaqlayırmış kimi qucaqlamalıydıq.
Azadlıq meydanında adama bir siqaret yandırmalıydıq,
Yenə bizim üçün özünü oda atmalıydı siqaret.
Gülüb keçməliydik,
İnsanların ən uzaq ulduza ayaq basmaq istəyinə.
Sən sonuncu adam idin,
Getməməliydin…

Çərpələngim şahiddir,
Sənin səmalarında Tanrı yoxdur məni sevmək üçün,
Elə mənim də.
Və sən də, məni sevəcək biri deyilsən,
Azad edəcək birisən,
Qayıt…

İbrahim İlyaslı – MƏNİ BU QƏLƏMDƏN QORU,İLAHİ

Standard

İbrahim İlyaslı

Küfr mənlik deyil… Əstəğfürullah! –
Sənə can atıram, sənə, İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi!

Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.

İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.

Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçimisal çıxır yollara,
Gah milyonermisal qul halındadı.

Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi – pətərinin yeddi qatını.

Elə qucaqlayıb Yer kürəsini,
Bir küncü – bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil – dil ötür “barış” adından.

Yerdə sahibidi küll-ixtiyarın,
Mahuyət-ül iblis, surət-ül cindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət əlində plastilindi.

Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, İlahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!

Şahinə Könül

Standard

f320

Hardadı dünyanın düz adamları,
Düzlərin üstündə göz adamları?
Ocaq adamları, köz adamları
Yamanca seyrəlib, seyrəlib, Allah.

Qırılıb dünyanın yuxu damarı,
Yuxusuz qoymuşuq çox ağşamları.
Qaralıb dünyanın ağ-ağ şamları,
Odalar göynəyib, göynəyib, Allah.

Bu da bir ömürdü yaşıyır Könül,
Birtəhər yükünü daşıyır Könül.
Bir “Cəngi” çaldırın, üşüyür könül
Ürəyim köyrəlib, köyrəlib , Allah.

Dünyamin Memmedov

Standard

çiçek1

Sən güləndə, dünya gülür, elə bil,
Gəl qarşıma, şirin –şirin gül, quzum.
Məhəbbəti yalqız qoymaq düz deyil,
Aç eşqini, mənə söylə, gəl, quzum!

Əlim dəyir, həsrətindir diksinən,
Baxışların sevgi dolu, “gəl”, -deyir.
Həyəcanla qalxıb –enir dik sinən,
Danışdıqca, səsin niyə titrəyir?!

Məhəbbətin gözlərində əks olub,
Dəniz kimi ləpələnir, qaynayır.
Gözəlliyin bu dünyaya səs salıb,
Külək özü tellərinlə oynayır!

Sən qızların çiçəyisən, gülüsən,
Mən də tənha, susub nəğməm həyatda.
Uzaqdasan, yaxın gəl, əl eləsəm,
Onda qalar nə dərd, nə qəm həyatda!

Dünya gözəl, həyat şirin, gün təzə,
Ömrümüzün baharına gəl, quzum.
Ayrılığın əzabına kim dözər,
Üzülmüşəm dözə -dözə, gəl, quzum!

Leyla Faiqqızı – SƏN ARTIQ MƏNİMÇÜN GETMİŞ QATARSAN

Standard

leyla faiqkızı

Sən artıq mənimçün getmiş qatarsan…
Arxanca yüyürüm? Nə mənası var…
Yüyürsən, bəlkə də ona çatarsan
Gedən qatarların dayanması var…

Lap elə tutaq ki, dayanıb qaldın…
Sevgi sədəqəsi umarammı heç?
Mənim ürəyimi əlimdən aldın
Geri qaytarmağa gec qalmısan gec…

Sevgi oyun deyil, ürək oyuncaq…
Oynadıb, sındırıb, uzaqlaşırsan…
Sənə güvənirdim “oyun” boyunca…
O “məğlub” adına çox yaraşırsan…

Mənim bu ömrümə hicran yarası
Xəyanət yarası qoyub gedirsən
Paramparça olub bağrım parası
Düşün, gedən qatar, nələr edirsən…

Ömür də qatar tək hey ötüb keçir…
Aldanır insanın yoxluğu, varı…
Sevgi sınağından keçirib keçir,
Saxlaya bilmərəm gedən qatarı…

Dayandım perronda… Nə olar, olar…
O peşman günlərin sorağındayam…
Yolun açıq olsun, ay gedən qatar!
Mən yeni qatarın sorağındayam!…

Məhsəti Şeyda Əli qızı – AĞLAMA QƏRƏNFİL AĞLAMA

Standard

20 yanvar2

Qurban olum bəsdir daha
Bürünmə kədərə aha
Ümid oldun sən sabaha
Ağlama qərənfil ağlama …

Olmasa da günahımız
Ərşə qalxsa da ahımız
Şəhid versək də günahsız
Ağlama qərənfil ağlama …

Qərənfilim Şəhid qanım
Azad oldu ölkəm canım
Azadlığa mən qurbanam
Ağlama qərənfil ağlama …

Artıq rahat alır nəfəs
Vətənimdə gəzən hər kəs
Qoy utansın düşmən xəbis
Ağlama qərənfil ağlama …
Ağlayıb qəlbimi dağlama …
2012.