Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydı, millət əsgəri,
Keçmişimiz şan, zəfər, durmayalım biz geri.
Yıldırımlı gözünüz qan ağladır düşmənə.
Qorxaq, alçaq, xainin bu meydanda işi nə?!
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altın ordu, irəli! Dağlar-daşlar aşalım!
Türk qafasında qorxu yuvalamaz, düşmənim!
Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim.
Süngümüzün ucundan damar qətrə-qətrə qan,
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman.
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə «Ərgənəkon» ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!
Advertisements