Ey dəriğa kim, o şahın məh camalın görmədim,
Üz sürüb dərgahına, rüxsari-alın görmədim.
Ötmədim kuyində hər şəb ta səhər bülbül kimi,
Yetmədim məqsudə bir dəm, gül vüsalın görmədim.
Dəsti-pakin bus edib, həm hər tərəf “hu-hu” deyə,
Seyr edən sərməsti-rindi-laübalın görmədim.
Ey dəriğa kim, o mahın həlqeyi-üşşaqdə
Seyri-çalakın, vücudi-bimisalın görmədim.
Ey dəriğa, dərgahında aşiqi-şeydasının,
Xub avazın, dəxi şirin məqalın görmədim.
Əfv qıl, ya rəbbanə, hər dəm dili-divanəmi
Cürmü üsyan ilə gördüm, yaxşı halın görmədim
Dər cahan, əlhəmdülilləh, xəsteyi-Rəncurənin
Mədhi-şahından səvayi bir kəlamın görmədim.
Advertisements