Yaşar Süleymanlı – ARAZ AXIR…

Standard

yasar-suleymanli2

 

Araz axır, gözüm baxır,
Həsrət məni oda yaxır.
Boylandıqca o taya mən,
Batıram dərdə, vaya mən.

Orda mənim canım vardır,
Ətim vardır, qanım vardır.
Başı bəla, müsibətlər,
Çəkən, görən nə dəhşətlər,
Bir hissəm, bir yanım vardır,
CAN AZƏRBAYCANIM vardır!

Yüz illərdir tapdalanan,
Oda, atəşə qalanan,
Köləliyə məhkum olmuş,
Zindanlarda gül tək solmuş,
Ürəyinə dağ basılan,
Dar ağacından asılan,
Canımdan bir canım vardır,
Ətim vardır, qanım vardır.

Dustaq olan öz elində,
İxtiyarı yad əlində,
Söz deməyə haqqı da yox,
Xalqım var, millətim vardır,
Nisgilim, həsrətim vardır…

Araz axır, gözüm baxır,
Həsrət məni oda yaxır.
Boylandıqca o taya mən,
Batıram dərdə, vaya mən.

Elə dərddi, möhnətdi bu,
Yüz illik bir həsrətdi bu,
Qarıyıb canımda qalıb,
Cismimdə, qanımda qalıb,
Silkinib ata bilmirəm,
Gecələr yata bilmirəm.
Yuyub aparıb yuxumu,
Səpib kədər, qəm toxumu,
Ürəyimə dəli Araz,
Ayrılığın əli, Araz
ayırıbdır candan canı,
Bölübdür Azərbaycanı,
O tay edib, bu tay edib,
Gözümüzün nuru gedib,
Boylanmaqdan o tay, bu tay,
Nə qədər də etsək haray,
Harayımız haya yetmir,
Bu taydan o taya getmir.

Arada tikanlı sədlər,
Araz boyunca sərhədlər,
Ortamızdan çəkilibdir,
Aramızdan əkilibdir,
Qara tikan kolları tək,
Ayrılığın əlləri tək,
Boğazından iki əlli,
Tutub, qoparıb təməlli,
iki yerə o bir canı,
Bölübdür AZƏRBAYCANI…

Bizsə helə susuruq hey,
Hərdən edib güzar, giley,
Bir şeirlə, bir romanla,
Hərdən yazıb, biz zamanla
işimiz bitdi sanırıq,
Aldanırıq, aldadırıq
helə özü–özümüzü,
Kor eləyib gözümüzü
siyasıtin qara əli ,
Dəyişib kökdən təməlli,
Özgələrə uzlaşırıq,
Özümüzə yadlaşırıq…

Qürbət deyib elimizə,
Yad oluruq özümüzə.
Nə olsun ki, soyumuz bir,
Havamız bir, suyumuz bir

Araz axır, ona nə var,
Helə sakit–sakit axar,
Gözlərimdən axan yaş tək,
Yanağımdan qəlbimə dək
Elə acı–acı axır,
Ürəyimi yaman sıxır,
Bu dərd mənim, möhnət mənim,
Bu faciə, dəhşət mənim.

Nə vaxtacan, hara qədər…
Üzün gülər, “qara qədər”,
üzümüzə haçan görən,
Bitərmi bu hicran görən?
Nə vaxt sərhəd dirəklərin,
Bu ayrılıq çələnglərin,
Biz qoparıb atacağıq,
Arzumuza catacağıq?

Araz axır, gözüm baxır,
Həsrət məni oda yaxır.
Boylandıqca o taya mən,
Batıram dərdə, vaya mən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma