Bəxtiyar Vahabzadə – ÖZÜM-ÖZÜMÜ DANDIM…

Standard

bahtiyar Vahabzadə18

 

O gün… o müdhiş gün…sevərək səni,
Üstünə təhqirdən od ələdim mən.
Sənin on beş illik ümidlərini
Arzunu, hissini güllələdim mən.
İndi mən özümü dandım büsbütün,
Başqa cür baxıram indi aləmə.

Mənim söhbətimin, mənim sözümün
Dadı da, duzu da sənsənmiş, demə…
Söndü sinəmdəki o od, o ocaq,
Boş bir qovuq kimi havadayam mən.

İnsan nəfəsindən uzaq, çox uzaq,
Vulkanı soyuyan bir adayam mən.
Ağlım ürəyimə necə qıyıbdır,
Mən özüm-özümə bir yük olmuşam.

Sinəmdə ürəyim buz bağlayıbdır,
Budağı budanmış kötük olmuşam.
Nə çiçək oxşayır, nə ulduz məni
Fikirlər dağılmış, xəyallar enmiş.
Yerin də, göyün də gözəlliyini,
Sənin gözlərinlə mən görürəmmiş.

Gecələr düzülür sapa fıkirlər,
Yorğanım daş olur, döşəyim tikan.
Səhərlər gözümü açıb dünyaya
Qalxmaq istəmirəm heç yatağımdan.
Yatmaq istəyirəm, yatmaq, bax elə
Gözümü zilləyib tavana baxım.
Mən hansı arzunun təlatümüylə
Əynimi geyinib qapıdan çıxım?

Qaçıram, qaçıram, səhərlər mənə
Bir deyən olmasın – “Sabahın xeyir”.
Axı, sabahını itirən yazıq,
Sabahdan şər umur, xeyir istəmir.

Elə bil dayandı yolu ömrümün.
Buna can atırdım… bəs arzu nəydi?..
Həsrətlə, vüsalla dolu ömrümün,
Mənası itincə, özü itəydi…

İndi yolum düzdür… nə dağ, nə dərə…
Bu başdan baxanda, o baş görünür.
Kaş qismət olaydı istəyənlərə
Enişsiz, yoxuşsuz, dalğasız ömür…

Həyat çırpıntıymış… onun hər günü,
İllərin yükünü çəksə, nə dərdim…
Mən Qorqud olsaydım, sevgi sözünü
Yaşamaq sözünə cinas edərdim.

Sentyabr 1968

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma