Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra. inci-inci nur damlalar.
Göyde iki qara buludçatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasna pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq,
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır.
Yağ, yağışım, yağ sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki kölgəli bir yar saçısan,
Bağrıyanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ, ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.