Oktay Hacımusalı – Çanaqqala şəhidləri danışır

Standard

çanakkal3

Mənim adım Əhməd, ya da Məhməd nə fərqi var,
Sizə danışacağam indi olub bitəni.
Görən dediklərimi kim anlayar, kim duyar,
Canımı qurban verdim qorumaqçün Vətəni.

Anam xınalar yaxdı əlimə, ayağıma,
Gəldim ki, sahib çıxım minillik torpağıma.
Baxa bilmədim, qardaş, kefimə, damağıma,
Qutsal idi mənimçün burda geymək kəfəni.

Bakıdan yola çıxdıq gəldik Çanaqqalaya,
Qurbanlar lazım idi göydəki nazlı Aya.
Qızıl qırmızı qanlar axıb dönürdü çaya,
Xatırladım həmin an şanlı babam Mətəni.

Bura atəş meydanı, bura küllü – cəhənnəm,
Mən bilirdim axı bura ölmək üçün gəlirəm.
Şəhid oldum, Allahım, artıq nə möhnət, nə qəm,
Səndən almışdıq zatən bu əmanət bədəni.

İnsan bu mənzərədən, inan, yanır, alışır,
Tarixlərin yaddaşı yenə durur qarışır.
Sən bax bu şəhidliyə, gör bir nələr danışır,
Burda dərk edəcəksən yurda qurban gedəni.

***
Mənimdir bu çay, bu dağ,
Dalğalanan al bayraq,
Qanım qarışan torpaq,
Qanım halalın olsun.

Səninəm, artıq nə qəm,
Sənsən mənə yar, həmdəm.
Keçən hər bir dəqiqəm,
Anım halalın olsun.

Bağçam, bağım, bəhərim,
Kürən atım,kəhərim,
Açılan hər səhərim,
Danım halalın olsun.

Düşsəm də duman, çənə,
Verməm səni düşmənə.
Qurban verdiyim sənə,
Canım halalın olsun.

***

Bayquş ular kəndində,
Viran qalıb şəhərlər.
Bayraqları daşıyır,
Dişlərində əsgərlər.
Gəzir keçmişdən soraq,
Qan qoxuyur bu yerlər,
Hər yeri barıt dadır,
Bura Çanaqqaladır…

Şanlı komandanımdan
Belə gəlibdir qərar.
Durub düşmən önündə,
Ətdən çəkilsin divar.
Türkə yataq yaraşmaz,
Ona şərəfdir məzar.
Hər söz ruhu oyadır,
Bura Çanaqqaladır…

Bir tərəfdə can verir,
Bir əsgər hayqıraraq.
Deyir qutsaldır Vətən,
Deyir enməsin bayraq.
Gülümsəyir son anda,
«Mənə qismətmiş torpaq».
– Deyib günəş tək batır,
Bura Çanaqqaladır…

Biri şəhid olubdur,
Kimsə bilməz ismi nə?
Yaz, İlahi, yaz onu,
Şəhidlərin qisminə.
Biri tamaşa edir,
Bir yavrunun rəsminə,
Həsrətin başın qatır,
Bura Çanaqqaladır…

Nə vaxtdır ki, çıxmışıq,
Bizlər eşikdən – öydən.
Budur, bir bomba daha…
Qulağım batdı küydən.
Mələklər əl edirlər,
Mənə baxırlar göydən.
Göy qübbə çadır – çadır,
Bura Çanaqqaladır…

***

Mən səni sevməyə macal tapmamış,
Canıma Vətənin sevgisi vardı.
Könül açdım, ondan durmadım qıraq,
Sevdi, seçdi, gəldi, aldı, apardı.

Gözümü açdım ki, Çanaqqalada,
Göydən mərmi yağır, göydən od yağır.
Vətən türküsünü söylər ucadan,
Məhmədcik qoruyur qutsal torpağı.

Qoruyur Vətəni şanlı Məhmədcik.
Canıyla, qanıyla, arzularıyla,
Istəmir yurduna olsunlar şərik,
Ən təmiz, ən zərif duyğularıyla,
Boynunda kəfəni şanlı Məhmədcik.

İlahi, hardandır bu qədər görən,
Vətənə məhəbbət, yurda məhəbbət?
Qalan hər şey yalan, hər şey ötəri,
Hər şeyi həll edir burda məhəbbət.

Təkbir gətirərək keçdik hücuma,
Sən mənim namusum, qoşahörüklüm.
Qoymaram yağılar girsin yurduma,
Sən mənim sevgilim, yarım, istəklim.

Nə qardan qorxumuz, nə də borandan,
Qaranlıq gecələr bizlərə gündüz,
Hücuma keçsə də düşmən hər yandan,
Imanla çırpınır dəli könlümüz.

Mən səni sevməyə macal tapmamış,
Canıma Vətənin sevgisi vardı.
Könül açdım, ondan durmadım qıraq,
Sevdi, seçdi, gəldi, aldı, apardı.

***

Şaxta bilməz, qar bilməz,
Yoldaş bilməz, yar bilməz.
Sonunda nə var bilməz,
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.

Çək silahı, igid, çək,
Qalmayacaq Yurdun tək.
Özü də bir ordu tək,
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.

On səkkiz yaşlı aslan
Ruhunda qoca üsyan.
Kılavuzu Oğuz xan
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.
Yanır dili- dodağı,
Öpüb uca bayrağı,
Cadar – cadar torpağı,
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.

Parçalar kin içini,
Göstərəcək gücünü.
Almaq üçün öcünü,
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.

Süzüb nazlı hilalı,
Dəyişir qəfil halı.
Hilalından güc alır,
Yürür düşmən üstünə,
Həsənoğlu İbrahim.

***

Yağı düşmən keçibdir hər tərəfdən hücuma,
Sahib olmaq istəyir Vətənimə, yurduma.
Güvənirəm Atama, inanıram orduma,
Bilirəm işğal olunmaz lap min il də qala,
Səngər – səngər böyüdü içimdə Çanaqqala.

Maraşda Südçü İmam doğruldaraq silahı,
Dedi: «Namus qutsaldır, şahidimsən, İlahi!»
İstanbul olamazdı ulusumun pənahı,
Baxdı igid ər oğlu onun düşdüyü hala,
Səngər – səngər böyüdü içimdə Çanaqqala.

***

Məni tanımazsınız,
Gizlin qalan tarixin
Adsız qəhrəmanıyam.
Qara örpək bağlayan
Mələk üzlü anamın
Cigəriyəm, canıyam.
Həyadan al – al olan
Sədaqətli bir qızın
Yarı, mehribanıyam.
Darıxıram illərdir
Bir balanızam mən də
Sizdən çox uzaqdakı,
Adım Azərdir mənim,
Məmləkətimsə Bakı.

Baxmadım heç anamın,
Gözündən axan yaşa.
Sanmayın ki, siz o an,
Qəlbim dönmüşdü daşa.
Durub gəldim buraya,
Qatılmaqçün savaşa.
Nə gündə lazım olur,
Axı qardaş qardaşa?!
Bura yurdum, Vətənim,
Qəlbimdə, ruhumdakı.
Adım Azərdir mənim,
Məmləkətimsə Bakı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma