NİZAMİ GƏNCƏVİ – XƏMSƏ – SİRLƏR XƏZİNƏSİ – GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA

Standard

nizami gencevi16

“Qalxanını at suya!” – dedi Günəş torpağa,
525 Özü də qalxanını atdı, qoydu qırağa.

Gördü can verir Günəş, cahan bir az daraldı,
Onun saralıb-solan süpərindən rəng aldı.

Qonşuları – ulduzlar yaraqsız görüb onu,
Dərhal qılınc çəkdilər vurmaq üçün boynunu.

Öküz bürcü – boynunda neçə muncuq, sədəf, zər
Yıxıldımı, üstünə xəncər çəkər Ay-Ülkər.

Əl qaldırıb, incitdi Ay öz süd nənəsini,
Gündüz zınqırovuyla gəzdi göy qübbəsini.

Qaranlıqdan qorxaraq nənə dayə əl atdı,
530 Torpaqdan fərəh dolu neçə məcun yaratdı.

Məsiha nəfəsindən şəfa saçdı Yer Aya,
Qara sevda oduna su səpdi duya-duya.

Sərin şərbət verdilər sanki təşnə xəstəyə,
Atdı qara sövdanı, Ay qalxdı yerdən göyə.

Xəstələnmiş qəmərdən boşaltdı bir ləyən qan,
Qara mürəkkəb kimi qaraldı bütün cahan.

Üzə çıxdı gecənin içindəki rəngləri,
Qəza söydü, faş etdi üzüqara kafəri.

Hər ləhzəsində cilvə, hər nəfəsində bir naz,
535 Neçə hoqqadan çıxdı gecə – köhnə hoqqabaz.

Ayın ağ rəndi üstə qızılgüllər tulladı,
Zöhrə öz qavalından gümüş pullar tulladı.

Mən belə bir gecədə yalqızam, çırağım yox,
Nalə çəkən bülbüləm, gülüstanım, bağım yox.

Ciyərimin qanını qatdım ürək sözümə,
Ürəyimin suyundan od çilədim üzümə.

Bir az götür-qoy etdim, öz qəlbimlə qonuşdum,
Bir öyüd kitabını andım, ardınca qoşdum.

Gizli bir hatif mənə dedi: – Möhtac olanda,
540 Borcu o qədər al ki, verməyə gücün çata.

Nə üçün su səpirsən pak, təmiz atəşinə?
Yel kimi yedək atı axı nə lazım sənə?

Dərd gətirən torpağı burax, girsin tabuta,
Şölə verən atəşi bəxş et parlaq yaquta.

Ox atma ki, hədəfin öz düşüncəndir sənin,
Atın öz ayağındır, qamçını az vur, çəkin!

Yaramaz bundan artıq qəflətdə əyləşəsən,
Canında su qalıbsa, könül qapısına səp.

Bir qəlb hekayəsi de, bu göy qübbə içində,
545 Xoş bir nəğmədi dünya təmiz, mavi biçimdə.

Qaçaq-quldura bənzər beş duyğudan uzaqlaş,
Səninki qəlb yoludur. Qəlbi dərk etməyə qoş.

Uçur Ərş aləminə bədəndən qurtulanlar,
Cəbrail qanadını taxır ruhuna onlar.

İki dünyanı atan tutur qəlb dünyasını,
Ruh aləmində tapır nemətlərin xasını.

Gərəksizdir bəlkə də, təbiətdə göz, qulaq,
Üzəvarı pərdəyə dustaq olmuşuq, dustaq.

Qönçə qulaqlarına pambıq tıxamısan ki…
550 Aldadar gözün səni, get, işə sal idrakı.

Bağda gülə, nərgizə neçin səcdə qılırsan?
Onlar sənin əlindən lələdağdılar, inan!

Hər cür eybəcərliyin aynasıdır gözlərin,
Od üstünə su tök ki, heç nə görə bilməsin.

İnsan təbiətində dəllallıq şakəri var,
Bəri başdan ən azı qırx yaşını nəqd umar.

Ancaq qırx yaşa çatmaq ən böyük məsuliyyət!
Səfər xərci gərəkdir, bir də zəhmət, məşəqqət.

Qırx illik dərslərini təkrar etməkdən əl çək.
555 Yetər, əfsun oxuma! İndi sənə dost gərək.

Ürək dostun az isə… bircəsini barı tap,
Qəmlərini silməyə bir könül qəmxarı tap.

Qəm yemə, qəmlərinə ortaq olanın varsa,
Dərdin boynunu sındır, bir həmdərd tapılarsa,

Ey dərdə ilişənlər, qəmə əsir düşənlər!
Sizə dost dəyanəti dayaq deyilmi məgər?

İki nəfəs tutuşsa, tapsalar bir-birini,
Bir anda min kədərin qırarlar dizlərini.

İlkin xoruz banında sübhün ətri saçılar,
560 İkincidə ulduzlar zanbaq-zanbaq açılar.

İkinci xoruz banı imdadına çatmasa,
Birinci rüsvay olar, batar qara bir yasa.

Bir iş görə bilməzsən təklikdə sən, ey naçar!
Ara, axtar, yarı tap, yaranı yar sağaldar.

İnan, nemət sayılmaz cahan səltənətləri,
Min qızılın bir dostdan üstün deyil dəyəri.

Yer üzündə hər kəsin dosta ehtiyacı var,
İllah, elə dosta ki, dar gündə dada çatar.

Mey dostları zay edər ayı, günü, həftəni,
565 Beləsindən ustün bil qapındakı cəftəni.

Salxım ürəyinin sıx şirəsini, şəhdini,
Torpağa dönməklə al bu dünyadan əhdini.

Bil ki, ərşin sultanı xəlq edərkən cahanı,
Çəkdi, qoşa yaratdı həm surəti, həm canı.

Nəhayətsiz, sonsuzdur Tanrının kəraməti,
Kərəm saçıb, can ilə birləşdirdi surəti.

Surət, can birliyindən qəlb aləmi doğuldu,
Xilafət mövqeyinə çatan xəlifə oldu.

Üstə sultan xütbəsi olan bu könül ki var,
570 Ruh və cisim aləmindən yaranıb açıq-aşkar.

Parlaqlığın könlünün Süheylindəndir əlbət,
Könül cocuqlarındır bu can ilə bu surət.

Dimağıma yetincə qəlbin səsi, sorağı,
Çırağıma töküldü sanki beynimin yağı.

Qulağımı dil sayıb, sükut etdim bu dəfə,
Canım hədəf kəsildi içimdəki hatifə.

Bu feyz ilə, qüdrətlə gücləndi nitqim, dilim,
Təbim qurtuldu qəmdən, şadlıqla doldu qəlbim.

Odlu göz bulağımdan buz suları qovanda,
575 Qəlbimin atəşilə qazan qaynadı canda.

Beş hissə – beş quldura qəzəb silləmi sıxdım,
Onlar aciz qaldılar, mən bir az güclü çıxdım.

Bir mənzil, iki mənzil at çapdım dincəlmədən,
İlk sıçrayışla çatdım könül qapısına mən.

Getdim canım dişimdə mən öz könlümə sarı,
Elə bil gecə yarı ömrüm də oldu yarı.

Ruh adlı mehrabımın önündəyəm mən yetim,
Bükülüb topa döndü mənim çövkən qamətim.

Qəddim ikiqat oldu, haram qatdım yuxuma,
580 Çövkənim topa döndü, ətəklərim yaxama.

Ayağım başım oldu, başım ayaqmı oldu?
Boyum topa bənzədi, çövkən sayaqmı oldu?

Əldən getdi iradəm, gözümdə gün qaraldı,
Yüzluk təkliyə döndü, təklik yüz şəkil aldı.

Səfərdaşlarım cahil, mən səfərdə xamtəhər,
Kimsəsizlik yamandır, qəriblik ondan betər.

Nə cür keçim qapıdan? Cığır hanı, yol hanı?
Bəlkə geri qayıdım, tərk edim bu məkanı?

Qorxudan nitqim batıb. Yolum dar bir keçiddi,
585 Fəqət cilovdan tutan eşqim dadıma yetdi.

Döydüm qapını. “Kimdir vaxtsız gələn?” sordular.
“Bir Adəm oğlu!” – dedim, -“Yer versəniz şad olar”.

Cəld içəri çəkdilər: “Buyur, Tanrı bəndəsi!”
Qaldırdılar, yox oldu vücudumun pərdəsi.

Sarayın ürəyindən bir səs qopdu: – Nizami!
İçəri keç, bura gəl! – Bu səs necə səmimi.

O saray hərəminin dərhal məhrəmi oldum,
“Gəl lap içəri”. – Getdim. Nurlu bir hücrə buldum.

Elə parlaq hücrə ki, çılçıraqban, müqəddəs,
590 Yaman gözlər onu heç görməsin, görə bilməz!

Bir əfsanə içində yeddi hekayət kimi,
Yeddi xəlifə burda əyləşiblər səmimi.

Ora fələk mülkündən daha böyük məmləkət,
Torpağına can verən küləkləri nə xoşbəxt!

Orda günorta şahı gəlib başda əyləşib,
Nəfəsabad diyarı bir azca istiləşib.

Qarşımızda qırmızı, qızıl donlu süvari,
Zəfər rəmzi bir gəncin ləl rəngində paltarı.

Şikar kəşfiyyatçısı, sərt, acıqlı bir cavan,
Yanında qara bir qul – bir az qəmgin, pərişan.

Pusquda ayıq-sayıq, mahir bir kəməndatan,
595 Gümüşdən zireh geyən mis bədənli pəhləvan.

Sanki onlar pərvanə, mənim könlüm şəm idi,
Onlar pərişan… bircə mənim könlüm cəm idi.

Mən öz qənaətimlə könül mehmanı oldum,
Yalnız könül şahının nemətinə vuruldum.

Mən könül ordusunun görüncə bayrağını,
Üz çevirdim aləmdən, atdım hər novrağını.

Öz dililə söylədi könül mənə: “Ey dilsiz!
600 Uçur dilək quşunu bu yuvadan, uçur tez!

Bu cür tüstü içində tutuşar odum məgər?
Mən duzam, xoşlayarmı hər duzu sütül ciyər?

Mənim kölgəm bu dəhrin sərvindən əzəmətli,
Addımlarım, ayağım onunkundan qüdrətli!

Xəzinəyəm, amma ki, harun kisəsində yox,
Səninlə olmasam da, uzaqda deyiləm çox,

Ona çox qulaq asdı mənim nitq bülbülüm,
Nəfəsini duyunca utandı, susdu könlüm.

Sıxılaraq baş əydim, bir müddət yerə baxdım,
605 Qulağıma ədəblə qulluq həlqəsi taxdım.

Ustad – könül xacəsi təzələdi əhdimi,
Fələklərə ucaldı sayəsində Nizami.

Qalmadı riyazətdən, pəhrizdən başqa yolum,
Dedim: mən də o pirdən riyazət dərsi alım.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma