Hüseyn Cavid – AZƏR (Poema) – V – ƏSGƏRLƏR TƏLİM EDƏRKƏN…

Standard

hüseyn cavid13

Son baharın acı bir nəşəsi var,
Azərin könlünü həsrətlə yaxar.
Sanki bir kölgə kayar yollardan,
Onu heyrətlə süzər hər insan.
O da hər çöhrədə bir rəmz anlar,
Hər keçən kölgəyi süzdükcə dalar.
Onca dünya qoca bir səhnə demək,
Hər kəs aktörlük edər bilməyərək.
Kimi arif, kimi dilbər və əsil,
Kimi qurnaz, kimi divanə, səfil…
Kimi cani… düşünür fitnə-fəsad.
Kimi zövq əhli, dilər hər kəsi şad.
Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq…
Kimi ismət, kimi naz, işvə satar,
Kimi həp varlığa bir təkmə atar.

Göz yumub onlara Azər, köpürən,
Gurlayan şəhrə vida etdi həmən.
Endi bir bağçaya, sahil boyuna,
Sandı hər dalğa səlam eylər ona…
Bağça solmuş da ağaclar çılpaq,
İçli bülbülləri ötməz şaqraq.
Can çəkişməkdə soluq yarpaqlar,
Nə çiçəklər, nə gülən güllər var.
Hər xiyabanda fəqət əsgərlər
Qoşaraq “arş!” deyə təlim eylər.
Bağırır onbaşılar: bir, iki, üç!..
Parlar əllərdə silah… Qayəsi: güc!..
Bir yığın işsiz adam bir yanda,
Dalaraq seyrə, bulur zövq onda.
Ürəfa taslağı bir qaç kişi də
Eyləyir onları tənqid, iştə:

Birinci tamaşaçı

Nə fəlakət!.. Ölüb-öldürmək için
Saçıyor paslı könüllər həp kin.

İkinci tamaşaçı
İştə təlim olunur cəlladlıq,
Yazıq, insandakı vicdana yazıq…

Üçüncü tamaşaçı

Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa…

Dördüncü tamaşaçı

Zalım əllər nə qədər üstünsə,
Qurtuluş yoxdur əzilmiş cinsə.

Beşinci tamaşaçı

Ən fəlakətli böyük yanğınlar
Bir qığılcımlı xətadan başlar.

Altıncı tamaşaçı

Qanadım olsa uçardım da həmən,
Qurtulardım bəşərin şərrindən.

Yeddinci tamaşaçı

Nə səadət!.. Ola insan dərviş,
Heç də aldırmaya dünya nə imiş.
Dinləyib onları Azər gülərək,
Düşünüb durdu, bu sözlər nə demək!?
Parlıyan gözləri diqqət saçaraq
Yaxlaşıb söylədi: Yahu, mənə bax!

(acı gülüşlə son seyrçiyə)

Əvət, ən xoş təranə, ən eyi yol
Hər çeşid qeydi at da dərviş ol!..
Yaşayıb qayğısızca bir köşədə,
Zövqə dal… Ən gözəl həyat iştə!
Məskənin daima şən ormanlar,
Həmdəmin xoş baxışlı ceyranlar.

(bu sırada bir neçə dəliqanlı da Azərin ətrafına toplanır)

Kələbəklər qoşarkən oynaşına
Yürü, en bir yaşıl pınar başına.
Quşlar ötdükcə sən də dəmsaz ol,
Gülüşən hər çiçəklə həmraz ol,
Nə öc al kimsədən, nə əz, nə əzil,
Nə qan iç, uf!.. nə qanlı göz yaşı sil!

Birinci tamaşaçı

Bu fəqət şairanə bir xülya!..
Ruha uyğun sevimli bir röya!..

İkinci tamaşaçı

Çox gözəl söylədiklərin, heyhat,
Nerdə? Kim sürdü öylə dadlı həyat?

Üçüncü tamaşaçı

Barışıb həp sevişsə millətlər,
Bəlkə azcıq susar bu vəhşətlər.

Azər

(acı gülümsəyişlə)

…Əvət, insan olarsa insanlar,
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər,
Buraxıb kini qurd qoyunla gəzər.
Bəlli… Ta əskidən böyük başlar
Sülh üçün uğraşıb çalışmışlar.
Çıxaraq hərbə qarşı həp ürəfa,
Əbədi sülh içində buldu şəfa.
Kimi “qan-qan!..” deyib də çıldıraraq,
Sülhə düşmən kəsildi, iştə maraq…
Bizcə kim haqlı! Qan tökənlərmi?
İmrənib sülhə, diz çökənlərmi?
O nə? Həp dalğa keçdiniz… əcəba,
Hanki xoş, hanki tikənli, qaba…
Şübhə yox, sülhə meyl edər hər kəs,
Çünki hər gözdə parlayır bu həvəs.
Çox böyük səltənətsə dərvişlik,
Olamam mən o xəstə fikrə şərik.
Ölü, miskincə ömrə min nifrət!..
Sizi mən sülhə eyləməm dəvət,
Əbədi sülh ümidi, haqqı boğar,
Yaşamaqçin fəqət mübarizə var.
Çarpış, elmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən.
Mənliyin imdi inləyirsə, yarın
Qalibiyyətlə parlasın alnın.
Səni yalnız öyündürər qüvvət,
Qüvvətin varsa, haq sənindir, əvət.
Lakin insanda yoxsa əqlü zəka,
Sadə qüvvətdə yox səmər əsla.
Əldə meyar olarsa əqlin əgər,
Ölçülər çox qolayca xeyr ilə şər.
Dedilər: “Zülmə qarşı durma, əyil!”
Dedilər: “Hərbə qoş, ya əz, ya əzil!”
Mən derim: “Həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikdə sülh üçün çapala,
Öylə yer var ki, hərbi alqışla.
Quzu gördünmü sev, o kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz.
Qüvvət üstündə varsa əqli-səlim,
Sənə həp kainat olar təslim!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma