BƏXTİYAR VAHABZADƏ – POEMALAR – Şəbi-hicran – İKİ MÜƏLLİM

Standard

bahtiyar vahabzade4

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.

Bir əlində kitabça, bir əlində yasəmən,
Məhəmməd asta-asta qayıdır mədrəsədən.
Bir qayğı gizlənibdir düyünlənmiş qaşında,
Bir dünyanın sirri var o dalğın baxışında.
Neçin görən o belə qəmlidir, pəjmürdədir,
Nə düşünür, nə anır, üzündəki qəm nədir?
Bəlkə cavan şairin bir qəza var başında?
Qəlbinə qarmı yağıb ömrün bahar yaşında?
O, niyə dalğın gedir, niyə pərişan gedir?
Canından can ayrılır, ürəyindən qan gedir?
Çatır döngə başına, fikir qəlbində çin-çin,
Şam kimi sakit durur, alışır için-için.
Baxışları sancılır balaca bir eyvana,
Arzusu gülə dönüb o eyvandan boylana…
Qiyamətmi qopar, ah!..
Bunlar əbəsdir, əbəs!
Arzu dan ulduzudur, o, hər saat görünməz.
İztirablar, əzablar açandır arzunun,
Çox-çox daşlı, kəsəkli yolları varmış onun.
Gəlir dalğın Məhəmməd – ürəyində neçə dərd,
Necə daşqın, necə lal,
necə yumşaq,
necə sərt.
Binanın qənşərində gəzinir yana-yana,
Düşünür: “Bir quş olub qonaydım o eyvana,
Ah… ya da bu istidə əlçim bulud olaydım,
O eyvanın üstünə gəlib kölgə salaydım.
Axı bunlar nədir ki, əlində kor fələyin?
Kaş çiçəyi olaydım eyvandakı dibçəyin.
Baxaydım, hey baxaydım mən ordan öz Leylama,
Eşqimi söyləyəydim gecə-gündüz Leylama.
O, mənə su verəndə toxunaydım əlinə,
Ya elə damcılanıb mən qonaydım əlinə”…
O düşünür…
Saatlar gəlib keçir an kimi;
Yer Günəşin başına dönüb dolanan kimi,
Dolanır, hey dolanır o, binaınn başına;
Ovsunlanıb… çətinki, inadından daşına.
Sevən o ürək üçün
Bu binadan doğurdu gecə qəmər, səhər gün.
O ürək üçün yəqin
Bu binanın üstündən keçir yolu Kəbənin.
Asılır nəzərləri
Sırğa kimi bu zaman
Dibçəkdəki çiçəyin
Körpə budaqlarından.
Qorxa-qorxa yoxlayır
O, solunu-sağını,
Atır həmin eyvana
Yasəmən budağını…
Ata çıxır eyvana,
Nəzər salır dörd yana.
Kimsə dəymir gözünə,
Deyinir öz-özünə.
O, köksünü ötürür,
Yasəməni götürür.
“Lənət şeytana” – deyə
Əzib atır küçəyə.
Əzilən yasəmənə baxa-baxa Məhəmməd,
Düşünür öz eşqini qəlbi yuxa Məhəmməd.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma