Rəsul Rza – ÖTƏN GÜNLƏR

Standard

Rasul Reza2

Dörd yanım dənizdir,
gömgöy!
Başımın üstü
buludsuz göy.
Göz işlədikcə işləyən əngindən,
dənizin rəngindən,
gəmimizi yalayıb keçən
ağ ilan köpüklü suların ahəngindən
sərxoşam.
Yol uzaq.
Gedirik dənizi yararaq.
Arxada yavaş-yavaş
üfüqə çökür axşam.
Xatırlayıram,
neçə belə axşamın arxasında,
ömrün uzaq sahilində,
dağ kimi
qalaq-qalaq yığılmış illərin
yaxasında
qalan günləri…

Beş yaşlı uşağam.
Tüstülü ocaq başında,
qolları çirməkli,
paltar yuyur anam.
Sonra göy suda
axara çəkir paltarları.
Gömgöy su ilə doludur
qalaylı tiyan.
Mən də bu tiyanın yanındayam.
Kağız gəmi salıram
bu göy suya.
Sonra ovurdlarımı şişirdir
gücüm gəldikcə üfürürəm.
Gəmi gedir yırğalana-yırğalana.
Əllərimi vurub bir-birinə
bağırıram:
-Ana! Ana!
Gəmimə baxsana!
Gör necə gedir
yırğalana-yırğalana…
Ayrılıram xəyaldan.
Üfüqlərə çöküb axşam.
Okean gəmisində,
göyərtədə durmuşam.
İllər köçüb gedib.
Nə tüstüsü gözümü göynədən
ocaq var,
nə qara saçlı anam.
Yolum ucsuz-bucaqsız okeana.
O günlərdən ancaq
xatirimdə
balaca kağız gəmimin
ağ yelkəni qalıb;
bir də
geri dönməyən, çocuqluq illərinin
yumşaq tikəni qalıb.

1958

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma