Hüseyn Cavid – AZƏR (Poema) – IV – MƏSCİDDƏ

Standard

hüseyn cavid16

Bir gün Azər dolaşırkən… yüksək,
Ulu bir məbəd önündən keçərək,
Baxdı sovrulmada hər pəncərədən
Duyğusuz göylərə çığlıq, şivən.
Həp maraq etdi, həmən girdi o da,
Şaşırıb durdu, nə dəhşət əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gurlar, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar üzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Bir küllər sovururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb minbərə bir şeyx o zaman
“Əlverir — söylədi — fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kimi yas saxladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zövq, səadət verəcək.
Olacaq həmdəminiz huri, mələk…”
Dinləyərkən onu hər kəs … birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorxudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar…
Ən nəhayət bitirib sözlərini,
Açdı ətrafı süzən gözlərini.
İmdi artıq sıra gəlmiş paraya,
Gümüş, altun birikib bir araya
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altuna cənnət bucağı.
Qaldı Azər bu tühaf “alverə” mat,
Acılar duydu içindən, heyhat!..
“Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar.
Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, hər yerdə
Göz boyar həp bu qaranlıq pərdə.
Hankı bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm o, huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zövqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar,
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…”

Süzdülər Azəri şaşqın-şaşqın…
Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən
Gördü vaiz eniyor minbərdən.
Ona yaxlaşdı həmən pək sakin,
Saçıyorkən əsəbi gözləri kin.

Dedi: — Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qədər də düz yol get.
Bizi qandırma; haqq verib, haqq al,
Sən deyilsən namuslu bir baqqal.
Həp yalan sat da altun al, nə demək?!
Göz yaşından doğarmı sanki mələk.

Ən gözəl dindir iştə dini-həyat.
Başqa yol yox, ya fənn, ya mövhumat!..
İstər uy dinə, istər uy fənnə,
Çağırır xalqı kəndi cənnətinə.
Bir nəqd iştə, nisyədir birisi,
Çox olur bəlli, nəqd müştərisi.
Can çəkişdikcə köhnə zövqü şüar
Yeni bir cilveyi-dəha parlar.
O da yox şübhə – sarsılır bir gün,
Başqa bir ictihad olur üstün.
Əski dahilər “iştə həqq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər.
O həqiqət bu gün xəyal oluyor,
Dünki şən bağçalar bu gün soluyor.

Şeyx

(çılğın)

Sus yetər, ah, şərəfsiz, allahsız!..

Azər

Qızma şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoxdur ağlayanı.

Şeyx

(yanındakılara)

Nə deyir, bax, halaldır iştə qanı.

Azər

Bəlli, həp söylədiklərin həzyan,
Bizi dünyada yoxmu bir yaşadan?..
Yaşadan varsa iştə xilqətdə,
Mədə… həp mədə… həzrəti mədə…

(əlini Şeyxin qarnına vuraraq istehzalı təbəssümlə)

Bax, həqiqət də, bəlkə haq da budur,
Səni hər kim doyursa tanrın odur.
Din için, firqə, ya siyasət için
Nerdə bəslənsə bir ədavət, kin,
Nerdə qan, ya ölüm, əməl görsən
Buna yalnız səbəb sənin mədən…

Şeyx
(heyrətlə)
Saçma, həp saçma, anlamam səni mən,
Nə demək məqsədin bu vəsvəsədən?

Azər

Şeyxim, aldatma xalqı, dinlə məni,
Bütün əfsunlu sözlərin xülya…
Gəl burax göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza.
Burda cənnət də var, cəhənnəm də,
Onu, yox şübhə, bizləriz yaradan.
“Cifə” zənn etdiyin bu aləmdə
Başqa zövq almaq üzrə hər insan.
Kimi cəhl atəşində qıvrılaraq,
Həp yanar, qəhr olar səfalətdən.
Kimi ürfanla şadkam olaraq,
Dəm vurur nəşədən, səadətdən.

(camaata)

Könlünüz cənnət istəyirsə əgər,
Xocanız başqa nəğmə bilməlidir.
Mütəvəkkil duran bu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cahanı həp süslər.
Bu sönük torpağın bulunmaz eşi,
Qurular hər bucaqda cənnətlər.
O zaman qanlı, kinli qüvvətlər
Səni dəhşətləriylə inlətməz.
Şərəfin, mənliyin olub da hədər,
Ayaq altında çeynənib getməz!..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma