Üzeyir Hacıbəyov – KOROĞLU – BİRİNCİ PƏRDƏ

Standard

Xor — Bu gözəl təbiət, bu şən mənzərə
Bir daha səadət verməz bizlərə;
Səadət verməz, səadət verməz, səadət verməz,
bizlərə, bizlərə, bizlərə.
Matəmə bürünmüş gözəl kəndimiz,
Görünür bu dünyada yox bəxtimiz.
Görmədik azadlıq üzü bir zaman,

Bizləri əzdi bəylər,
(2 dəfə)
Əzdi xan, əzdi xan, əzdi xan.
Vəli— Dönmüşdür zəmanəmiz cəhənnəmə,
Mənim də varlığım bürünmüş qəmə.

Nadir — Həsən xan dünyanı dağıdır, didir,
Kəndləri talayır, xəlqi məhv edir.

Xor — Doğrudur, xanlarda yoxdur mərhəmət; Talanmış məmləkət, yanmış məmləkət. Xan bilməz insaf, insanə cəbr edər, Nadir, söylə görək daha nə xəbər?

Nadir — Həsən xan göndərmiş öz adamların.

Vəli— Öz adamların?

Nadir — Allahyar kəndçinin yarmış anbarın.

Vəli— Yarmış anbarın?

Nadir — Tamam aparmışlar arpa, buğdasın, Qoyun, quzu, xoruz, toyuq, çolpasın; Bir şeyi yox idi bunlardan səva.

Xor — Nə qədri zülmüdür, nə qədri cəfa.

Vəli— Nə bəla gələcək görəsən yarın, Belə getsə işi bizim xanların.

Nadir — Hər həftə başında bir xan, ya paşa,

Vəli— Bir xan, ya paşa,

Nadir — Qonaq gəlmiş olsa bu dağılmışa.

Vəli— Bu dağılmışa,

Nadir — Gedər var-yoxumuz qonaqlar üçün,

Oğul-uşağımız qalar ac o gün,
Bir ləzzət olmuyur əzabdan səva.

Xor — Nə qədri zülmüdür, nə qədri cəfa.

Vəli— Nə bəla gələcək görəsən yarın,
Belə getsə işi bizim xanların.

Vəli və Nadir—
(ikisi birlikdə) Bizim xanların, bizim xanların, bizim xanların.

Xor — Bu gözəl təbiət, bu şən mənzərə
Bir daha səadət verməz bizlərə,
Səadət verməz, səadət verməz, səadət verməz,
bizlərə, bizlərə,
Matəmə bürünmüş gözəl kəndimiz,
Görünür bu dünyada yox bəxtimiz.

Görmədik azadlıq üzü bir zaman,
Bizləri əzdi bəylər,
Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə)

Nadir və Vəli — Həsən xan, Həsən xan,
Həsən xanın adamları,
Həsən xan, Həsən xan,
Həsən xanın adamları,
Həsən xan, Həsən xan, Həsən!..

İbrahim xan— Oğrular, quldurlar,
Kimdə var ixtiyar,
Xan keçən yolları tozlaya, oğruları
Vurun, qovun, vurun, qovun!..

Həsən xan— Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Zülmə öyrənənlər sevməz mərhəmət,
Zülmsüz yaşamaz bizim məmləkət,
Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz.

Həmzə bəy— Xanı dinləməz.

Həsən xan— Malımın, canımın sahibi deməz.

Həmzə bəy— Sahibi deməz.

Həsən xan— İstəsən xanlığı əz rəiyyəti,
Söyləyib atalar bu vəsiyyəti, ah!
Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Zülmə öyrənənlər sevməz mərhəmət,
Zülmsüz yaşamaz bizim məmləkət.

Həmzə bəy— Malımın, canımın, xanı sən deməz.

Həsən xan— Sahibi deməz.

Həmzə bəy— İstəsən xanlığı əz rəiyyəti,—
Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.

Həsən xan— İbrahim xan, yügür bu saətdə
İlxını hazır etdir əlbəttə.
İlxıdan bir at gərək seçəsən,
Söyləsin aləm afərin, əhsən!
Görməmiş olsun oylə at insan.

İbrahim xan— Bu saət edərəm sərəncam.

Həsən xan— Xanların xanıyam, böyük bir xan,
Yeddi min kəndə eylərəm fərman.
Şöhrətim, dövlətim, nəhayətsiz,
Səltənət qurmuşam, varım hədsiz,
Səltənət qurmuşam, varım hədsiz!

Xor — İlxı qaçdı otlağa!

İbrahim xan— İlxıdan qalmadı burda bir nişan, Qalmış yerində beş-on cüt qulan, İlxıçı ilxını sürdü otlağa. Böyük cəza lazım o cür alçağa.

Həsən xan— Qəsdən bunu etmiş ol haramzada.

Həmzə bəy— Qəsdən bunu etmiş ol haramzada. (2 dəfə)

İbrahim xan— Qəsdən etmiş bunu ol haramzada.

Həsən xan— Gətirin hüzura!

İbrahim xan— Bu saət, qurban!

Həsən xan— Məlunun qətlinə verərəm fərman. İlxıdan ayrılmış beş-on cüt qulan, Etina etmərəm bunlara, inan. Oylə at istərəm bilinsin zatı, Ya Dağıstan atı, ya ərəb atı.
Qoca Alını gətirirlər.
Həsən xan— Söylə, qoca məlun, bu nə, bu nə, bu nə hilədir? İlxını sürməkdə məqsədin nədir?
A l ı— Ortada yox idi heç bir məqsədim, Mən xana bir xidmət etmək istədim. Nə qədər cins at var seçdim, saxladım, Vallahi, yoxumdur heç bir məqsədim, Billahi, yoxumdur heç bir məqsədim.

Həsən xan— Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin,
Aparın, çıxarın bunun gözlərin!
Tez olun aparın, qoymayın qala!..

Həmzə bəy vəHəsən xan— Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz,
Malımın, çanımın sahibi deməz.
Sakitlik istəsən əz rəiyyəti,
Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti…

Nigar— Şərir Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman:
Fağır, günahsız, dilsiz, ağızsız Alını etsin
qurban.
Kor etdilər yazıq Alını,
Dağıtdılar bütün malını.
Qəlbim yanır, odlanır
Mənim bu ahü nalədən,
Gələr bir gün, gələr bir gün
Bu məzlum xalq verər cəza
Bu məlun, zülmkar xanlara,
Bu eşq odundan yaralıyam mən,
Gözümdə Rövşən, sözümdə Rövşən,
Rövşən, Rövşən, Rövşən.
Rövşəndir dünyada məni yaşadan,
Rövşən məni sevir, mən də Rövşəni!..
Rövşən məni sevir, mən də Rövşəni.
Sevmirəm, sevmirəm varı, dövləti.
Ölsəm də saxlaram məhəbbəti.
Rövşəni minlərcə cana vermərəm,
Min bəyə, paşaya, xana vermərəm.
Sevirəm, sevirəm, sevirəm,
Sevirəm, sevirəm səni, əzizim Rövşən,
Sevirəm səni mən, səni mən,
Səni mən candan artıq sevirəm, Rövşən, Rövşən!
Bu eşq odundan yaralıyam mən, Rövşən!
Sevdim səni, Rövşən!
Rövşən gəlib çıxmadı,
Gözləməkdən yoruldum.
Ah, gəlirlər, gəlirlər,
Gəlir igid Rövşənim.
Hanı bəs Rövşən?

Rövşən — (pərdə dalından) — Səni gördüm, hey!..

Xor — Rövşəndir, Rövşən, Rövşən!

Rövşən — Səni gördüm, aşiq oldum,
Dərdə saldın canımı.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar…
Can alan yar tökdü nahaq qanımı.
Gözəlim gəl, halımı sor, rəhm elə.
Nazlı yarım, gülüzarım, işvəkarım, hey…
Nədir əmrin, tacidarım, sərvərim?..
Ah, Nigarım! Sevgili, nazlı dilbərim,
sevgilim,
Sevgilim, ayrı düşdüm səndən, gəl görüm.

Nigar— Şərir Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman,
Dilsiz, ağızsız, fağır, günahsız
Alını etsin qurban.
Kor etdilər yazıq Alını.

Xor — Yazıq Alı!

Nigar— Dağıtdılar bütün malını.

Xor — Yazıq Alı!

Nigar— Nə vaxtadək zalımın zülmü görməz intiqam?!

Rövşən — Ax, intiqam, ax, intiqam!..

Nigar və xor — Gərək bu gün edək qiyam,
Alaq o xandan intiqam!

Nigar və Rövşən — Ax, intiqam, ax, intiqam!..

Xor — Gərək bu gün edək qiyam,
Alaq o xandan intiqam!

Rövşən — Ax, intiqam, ax, intiqam!..

A l ı — Rövşən, Rövşən!..

H a m ı — Alaq o xandan intiqam!..
Nigar və Rövşən — Yazıq atam!..

Rövşən — Sənin qanın yerdə qalmaz!

Xor — Yazıq Alı kor, bədbəxt oldu,
Bədbəxt oldu, bədbəxt!

Rövşən — Görünür taxsırın varimiş əlbət.

A l ı — Ortada yox idi heç bir məqsədim,
Mən xana bir xidmət etmək istədim.
Nə qədər cins at var seçdim, saxladım,
Vallahi, yoxumdu heç bir məqsədim.
Ha, ha, ha… (ağlayır).

Xor — Nə qədər qulluq eyləsən,
Yolunda canından keçsən,
Yenə də axırda səndən
Razı qalmaz əsla nə bəy, nə xan,
Nə paşa, nə tacir, nə əyan.

A l ı — Oldun sən kor oğlu, (2 dəfə)
Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!..

Rövşən — Təngə gəldik, yox tavan,
Əzdi bizi vəhşi xan.
Görmədik bir yaxşı gün
Hərgiz, məhv edildik büsbütün,
Bəy, xan, paşa, mülkədar,
Yansın, batsın hər nə var.
Qalxsın üsyan şöləsi,
Rədd olsun vəhşi bəy, xan!
Mən daima düşmənəm
Xanlara, düşmən, düşmən.
Hər tərəfdən qanlar axsın
Sel kimi, sel kimi, sel kimi, sel!..
Üsyan etmək, üsyan etmək, məhv eyləmək,
Xanı məhv eyləmək, onu məhv eyləmək!
Yoxsul xalqa nicat verəcək
Bir əlac var isə—üsyan, üsyan!..

Xor — Hər bir yerdən—dağdan, daşdan,
Ormanlardan, insandan
Qalxsın üsyan, qalxsın üsyan!
Hər ölkədən, hər yandan!
Qoy rədd olsun, qoy məhv olsun
Bəylər, xanlar, zalımlar.
Qoy məhv olsun, qoy məhv olsuv
Qəddar, xain qatillər!

Rövşən — Dağlar, daşlar, dağdaşlar arasına
Səngərlər çəkmək,
Ordan saldırmaq, qırmaq, yıxmaq,
Qırmaq, yıxmaq, xanları məhv eləmək!

Xor — Məhv olsun, məhv olsun xanlar!

Rövşən və Nigar — Üsyan, üsyan!..
Üsyandan başqa yox çarə,
Üsyandan, başqa yox çarə, çarə!..

H a mı— Üsyan, üsyan!..

Rövşən və Nigar — Üsyandır son çarə!

Rövşən— Mənimlə gedən gəlsin, gedək dağlara.
Qalarsan burda, Nigarım,
Olarsan mənə burda lazım.
Xanın əməllərindən
Məni xəbərdar edərsən,
Səni tezliklə xilas edərəm mən.
Sevgilimsən. .
Mənimlə gedən gəlsin, gedək.

Xor — Qoy rədd olsun, qoy məhv olsun,
Xanlar, bəylər, zalımlar!
Qoy məhv olsun, qoy tərk olsun
Qəddar, xain qatillər!
Qatillər, zalım xainlər!…
Rövşən, gedək!

PƏRDƏ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma