Məhəmmədhüseyn Şəhriyar – ƏZİZ AZƏRBAYCANIMA XİTAB

Standard

şehriyar40

Fədakarlıq günüdür qalx, anam Azərbaycan!
Əbədiyyət beşiyi, ölümsüz bir cahansan.
Ey min-min bəlalara sinə gərib, mərd duran,
Ey düşmənlər önündə qaya kimi sərt duran.
Ömrünü, taleyini bəxş edən tufanlara,
Ahm dağlara düşsün, göz yaşm dumanlara.
Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən!
Gözü yolda, yaralı, həsrət anam da sənsən.
Qolumun zəncirləri nə vaxt parçalanacaq,
Həsrətinlə çırpınan körpə uşağaın, uşaq!
Yuvası yetim qalan bir qanadsız quşam mən,
İsti ana köksünü arzularam ürəkdən.
Azadlıq müjdəsini alır hər yer, hər məkan,
Sən başı bəlalısan elə başdan, binadan.
Qorudun başla, canla ellərin iqbalım,
Qorudun bir ər kimi İran istiqlalını.
Səninlə düşmən kimi dolandı dostlar belə,
Bəlkə düşmən də belə etməzdi düşmənilə.
Sən qiymətli, ləkəsiz, saf büllursan, incisən,
Özgədən yox, ey Vətən, öz özündən inci sən.
Ayırmaq mümkün olar əlbət qoyunu qurddan,
Qurd çoban geyimində, sən necə ayırasan?
Arpa verib əlindən xərmənini qapdılar,
Ağanın tövləsindən sənə çörək yapdılar.
Həyatı, keçmişiylə oynayırlar millətin,
Sənin kimi igidlə fəqət bacarmaq çətin.
Səni yaxşı tanıyır dost da, düşmən də ancaq,
Ədalətin yolunda millət yenə qalxacaq.
Ürək qanilə yazdın tarixlərə dərdini,
Dünyaya nişan verib tarixlər də dərdini.
Zərdüştlər beşiyisən, mərddir sənin övladın,
Hər yerdə mərd tanınır, igid tanınır adın.
Sənsiz başsız qalardı, bikəs olardı İran,
Canısan bu diyanın, belə can sənə qurban!
İranın igid oğlu, bir xələf övladısan,
Qəlbin azər, yenilməz şöhrətin Azəristan.
Sən elə bir oğulsan, ad-sanın dastanlara
Sığışmamış, sığışmaz gələcək zamanlara.
Dağların gərdəninə incidən boyunbağı,
Meşələrin, çöllərin əlvan gəlin otağı.
Qafilələr vurulur sənə Qaflan dağından,
Gələn hər bir qonağın olur hüsnünə heyran.
Sənin çarpaz yolların – sonsuz bir karvan yolu,
Ulduzlu səmaların uca kəhkəşan yolu.
Sən bu əziz torpağın ürəyisən, ağlısan,
Kürünlə, Arazınla bu dünyaya bağlısan.
Nə hədisə yerləşir, nə bəyana qüdrətin,
Dözümlüdür, mətindir, əyilməzdir millətin.
Təbiətin, torpağın necə ürək açandır,
Gülüstanın, gülşənin min bir ətir saçandır.
Buruq-buruq yolların hər gün sənə can verir,
Min illərdir bu yollar ürəyinə qan verir.
Bu çarpaz yollarında ucalan karvan səsi,
Bir zaman harayıdır, bu sonsuz cahan səsi,
Zəngin qəlbin, ürəyin, zəngin bazarların var,
Tacirlərin dünyaya səni qəni tanıdar.
Təbiətin nə gözəl, göylərin necə əngin,
Tarlaların da zəngin, mədənlərin də zəngin.
Harda belə qəlb açan, göz oxşayan günəş var?
Harda belə dumduru, ulduzludur səmalar?
Bir oyaq gözətçidir şiş papaqlı dağların,
Zümrüd geyir həmişə ürək açan bağların.
Çiçəklidir, güllüdür saysız, sonsuz yamaclar,
Çiçək kimi səpilib meşələrə turaclar.
Çaylar əjdaha kimi dağa, daşa sarılır,
Dağların yarğanında düşmən bağrı yarılır.
Dalğalanan zəmilər bir dəryaır elə bil,
Düzlərin gözəlliyi bir röyadır elə bil.
Hər qayanın altında acıqlı aslan yatır,
Sənin ana köksündə yenilməz cahan yatır.
Xəzinədir, xəzinə sənin qoynun, qucağın,
Cəvahirat yatağı sənin hər bir bucağın.
Odun düşmən yandıran, bulağın ürək açan,
Şerin dan ulduzutək dünyaya işıq saçan.
Qeyrət beşiyimizsən halal torpağınla sən,
Tarixə yaraşıqsan zəhmət dayağınla sən.
Məğrurdur dağlarıntək igidlərin, ərlərin,
Həm qılıncı ildırm, həm də kamalı dərin.
Sənin qadınlarının əl çatmazdır isməti,
Ulduzlara bənzəyir qızların əzəməti.
Top kimi körpələrin qızılgül yanaqlıdır,
Halal süd əmdiyindən şəkər, bal dodaqlıdır.
Odludur, alovludur kişilərin qeyrəti,
Dəyişməzdir, dönməzdir onların məhəbbəti.
Oğulların, ərlərin dosta mehribandılar,
Vuruşlarda əyilməz, dönməz qəhrəmandılar.
Kəndlilərin orağı Rüstəmin kamanıdır,
Öz əlinin zəhməti bəxtinin həyanıdır.
Fəhlə günəş çıxmamış belini işə bağlar,
Coşğun təbiətlidir, coşğun çay kimi çağlar.
İşçilər günəş kimi səhər qalxacaq erkən,
Günəşdən tez oyanır, qalxırsan, ana Vətən.
İti nizəyə bənzər alimlərin qələmi,
Qılıncın öz aləmi, qələmin öz aləmi.
Talvarda meynələrin dar ağacı ipi tək,
Çeşmələrin tökülən qanlara bənzər gerçək.
Gün çıxandan ürəktək çarpar mənim Vətənim,
Ürəyi bir, sözü bir, arzusu bir gülşənim.
Sənin qızıl torpağın, sənin qızıl əllərin,
Şerdə, sənətdə də tanınmışdır əllərin.
Şumlanmış başdan-başa hər bir qarış torpağın,
Ürək açar, göz oxşar sənin yaşıl növrağın.
Azərbaycan igidlər, qəhrəmanlar yetirir,
Bu təbiət, bu torpaq mərd insanlar bitirir.
Sarılıq, natavanlıq Reyin öz dastanıdır,
Səlamətlik, təravət Təbriz ərməğanıdır.
Bizim palıdlarımız kəmənd atır Pərvinə,
Ay da, ulduz da düşər palıdın kəməndinə.
Nazlı səməndə bənzər, Səhənd ay doğan zaman,
Üzəngisi hilaldır, yəhərisə asiman.
Səpilmiş çöllər boyu qoyun-quzu sürüsü,
Rəşadətə səsləyir uzaqda at ilxısı.
Aslanın bağrın yarar onun pəhlivanları,
Zinətdir bu cahana igid, mərd insanları.
Qadınları şahsüvar, cəngavər, qəhrəmandır,
Döyüşlərdə ər kimi onlar düşmən yıxandır
Bu haman Təbrizdi ki, dəniztək ürəyi var,
Onu duşmən önündə sədd etmişdir ruzigar.
Bu haman Təbrizdi ki, inqilablar zamanı
Dünyaya bəxş eyləmiş ötməz, mərd Səttarxanı.
Bu haman Təbrizdi ki, cavanların qanından
Min-min lalə bitirir bu dünya görmüş Muğan.
Bu haman Təbrizdi ki, içmiş ürək qanını,
Tarixə bəxş eyləmiş igid Xiyabanini.
İranın tarixini odur qanıyla yazan,
Rəşadəti, mərdliyi vermiş dünyaya nişan.
Onun həssas qəlbi var, o azadə bir məkan,
Onun saf baxışları ürəyinə tərcüman.
Vətən eşqi yolunda imtahan vermişdir o,
Bu cahanın özünə bir cahan vermişdir o.
“Var olsun Azərbaycan” deyir dərdli Şəhriyar,
Var olsun bu dünyada, nə qədər ki, dünya var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma