Hacı Arif Buzovnalı – Sevgi

Standard

146

Səni sevmişdim dedin,
Yəni sevmirsən daha,
Yalana bax, axı sən
Sevgini nə bilmisən?
Xoş gedərmi Allaha
Sənə canın verənə,
Sənə qurban gedənə
Ağ yalanlar deyəsən?

Səni sevmişdim dedin,
Ay Allahım, sözə bax.
Sevən kəsdə üzə bax.
Sevgi üç gün, bir həftə,
Səkkiz ay, on il olmur.
Sevən bir dəfə sevir,
Ölənədək qovrulur.
Qəbrə də aparılmır,
Kəfənə də bükülmür.
Sevgi sözlərdə qalır,
Ağlar gözlərdə qalır,
Sevgi insanla ölmür.
O, elə bir hisdi ki,
Ona qadağa yoxdur.
O yıxılar, əzilər,
O inciyər, üzülər,
Amma dözümü çoxdur.
Kimin qəlbinə girsə
Əbədi yuva salar.
Tez-tez sevinə bilməz,
Utanar, dinə bilməz.
Daim artar, ucalar,
Ucaldığı zirvədən
O heç vaxt enə bilməz.

Səni sevmişdim dedin,
Sən, bəs sən necə sevdin?
Ağladınmı gecələr
Yorğan altda gizlicə?
Kimsə görməsin deyə,
Çəkilib bir guşəyə
Öz-özünlə üz-üzə
Qaldınmı heç bir gecə?
Həsrətin əzabından
Adını xəstə qoyub
Zarıyıb inlədinmi?
Evdən küçəyə qaçıb,
Ayrılıqdan söz açıb
Yağışla danışdınmı?
Küləyi dinlədinmi?

Səni sevmişdim dedin,
Ayrılığı istədin.
Kim buna sevgi dedi?
Bu necə sevgi idi?
Bu, sevgi kəlməsinə
Atılan şər deyilmi ?
İndi hədər deyilmi
Ayrılığı düşünmək ?
Məndə yüz ürək gərək
Ayrılığa dözümçün,
Bir ürəyim var idi
Onu da sənə verdim,
Hardan indi axtarib
Ürək tapım özümçün ?
Əyilməz qürurumu
Ayağına atmışam,
Qorxub çəkinməmişəm.
Vüqarım tapdaq olub
Susmuşam, dinməmişəm.
Yaz günəşinə məhbus
Buz kimi ərimişəm.
Torpaqlar içib məni.
Gülünc başlar gəzdirən,
Günah çəkən ayaqlar
Tapdayıb keçib məni.
O başlar ki onların
Önündə dağ olmuşam,
Başıdik yerimişəm.

Səni sevmişdim dedin,
Dediyini bilmədin.
Ayrılırıq indi də,
Guya bitib vaxt, vədə.
Sən məndən ayrılmırsan,
Özündən ayrılırsan.
Bir həya pərdəsi tək
Üzündən ayrılırsan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma