NİZAMİ GƏNCƏVİ – XƏMSƏ – SİRLƏR XƏZİNƏSİ – ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ

Standard

nizami gencevi39

Ölçülüb biçilməmiş dağınıq sözlər belə
Sözsə… zərgər yanında bənzər gövhərə, lələ.

Ölçülüb-biçilərsə incə fikir, incə söz,
460 Nə qədər gözəlləşər, olar ürəyincə söz.

Kim ki sozə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini.

Bu xəzinəni yalnız açar tapanlar açar,
Yalnız söz ərlərinin dilləridir bu açar.

Sözün tərəzisini quran ulu hökmdar,
Sözün aşiqlərini sözlə etdi bəxtiyar.

Ərşin bülbülləridir cahanda söz qoşanlar,
Məgər özgələrinə tay tutularmı onlar?

Düşüncə atəşilə pərişan olan zaman,
465 Mələklərlə gəzərlər, mənzilləri asiman.

Sözdoğanlar – nur sacan peyğəmbərin kolgəsi,
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.

Mətanət meydanında kimlər tutdu gör səfi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!

Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,
Peyğəmbərlə şair haqq, qalanlar haq görkəmi.

Şairin süfrəsində şirin xurmalar ki var,
Xurma deyil, bəlkə də ürək parçasıdırlar.

Ürəyin dişlərilə qoparılmış söz, fikir
470 Torpağın dimdiyilə cilalanmış incidir.

Hikmət qaynağı şeri hər gün alçaldıb bir az,
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.

Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.

Dizi üstə söz yazıb, ölkələri tutan kəs
Dünyada heç bir kəsin qapısında baş əyməz!

Dizinə dirsəklənib fikrə dalan sənətkar,
Sözlə iki cahanın dövlətini qazanar.

Əyilən məğrur başı ayağını salamlar,
475 Dirsəklənər dizinə, kamanlaşar sənətkar.

Öz kaman halqasını qırmaq istəyən şair,
Bükülüb açılınca, təb üstündə dikəlir!

Bükülmüş qamətilə sanki həlqə olanlar,
Fələyin qulağına bəzən min həlqə taxar.

Bu hoqqabaz fələyin qarşısına sənətkar,
Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.

Söz köhləni qızarkən… sənətkarın ürəyi,
Dodağını öpməkçün yırtar köksü, köynəyi.

Şairin ləl dodağı o zaman ki, açılar,
480 Yeddi göyün, Günəşin yaxasını parçalar.

Şairin ilham adlı cəsur bir atası var,
Dünyaya oğul kimi ər misralar bağışlar.

Şair qozbel fələyi qul eyləyər özünə,
Qulluqdan azad olar, özü köçsə sözünə.

Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,
Dilsizlərə dil verər, susmazları susdurar.

Hər gözələ can verən incə söz memarıdır,
Sən şairə vurul ki, o söz bəstəkarıdır.

Müştəri ulduzumu söz ovsununda şair?
485 Ya harutun sehrini qırıb pozan Zöhrədir?

Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,
Şer adlanan bu dağı alçaqlar alçaltdılar.

Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər…
Sözü abırdan salır şer, söz çeynəyənlər.

Mən qanım bahasına yetirdim can meyvəsi,
Neçin su qiymətinə satılsın könül səsi?

Dad əlindən, ey fələk, söylə, haçaq, bəs haçaq,
Beli kəmərli mərdlər zülmündən qurtulacaq?

Başda gəzdirilməli sənət düşdü ayağa,
490 Aç ayaqdan qandalı, döndər sözü bayrağa!

Qızıl üçün, zər üçün sinov gedən həriflər
Sənətin sikkəsini, görün nəyə veriblər?!

Qızıl sözü qızıla dəyişənlər alçalır,
Zülmətə işıq salan ləli verir, daş alır.

Sənətini bilənlər ən uca dağdan uca…
Bu işıqlı zirvəni kimlər alçaltdı bunca?

Sultanın qızılından zərli əba geyənlər,
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.

Fəqət, saf civə kimi zər qəmi çəkməyən kəs,
495 Diri qalar, sultanın qılıncım gəmirməz.

Madam ki, baldır sözün, ucuz satına onu sən,
Rəvamı söz şəhdini çibinlərə verəsən?

Sənə vəfalı yoxsa, umma hətta vəfanı,
Sormasalar, söyləmə hətta xoş bir duanı.

Şəriət elmi səni adlı-sanlı bilməsə,
Girişmə şairliyə, uyma yırtıcı nəfsə.

Şəriət elmindədir şairin şair gücü,
Söz de ki, kəmərindən nur alsm Cövza bürcü.

Şerin qaldırar səni, Sidrdə əyləşdirər,
500 Sənə ən uca qatda şahlıq, sultanlıq verər.

Hökmdarlıq şərəfi qazandırar söz sana,
Söz hakimi demişlər söz yaradan ozana.

Fələklərə ucalan bir söz yaratmayınca,
Fələk kimi süst olub oturma bikar, bica.

İsmətli ol əriyib baş əyən şamlar sayaq,
Gündüz təvazö əhli, gecələr ayıq-sayıq.

O zaman ki, ilhamın aşıb-daşar, qızışar,
Çərxin köhlən atını ram edərsən… yumşalar.

Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,
505 Dünyanın şah əsəri sənin qismətin olsun.

Lovğalanma, görsən də gövhəri əllərində,
Ondan da əlasını ara öz içərində.

Qızışma, sözü bir az ehtiyatla bəyən sən,
Sən ki, uca rütbəli söz yarada bilənsən.

Söz yolunun başına bayrağını dikənlər,
At çapar, Günəşi – top, Ayı – çövkən eləyər.

Sənətkar duymasa da nəfəsində od, şölə,
Azaltmaz sürətini hətta bir nəfəs belə.

Təfəkkür meydanında oddur şair ürəyi.
510 Yazığı gəlsə belə, dalda qoyar fələyi.

Cəbrail qanadını at edib çapar şair,
İsrafilin telindən yelpazə yapar şair.

Yol vermə ki, tarlanı tapdalasın hər yetən,
İnci düzdüyün sapın ucunu göstərmə sən.

Əncirin qol-budağı bomboş qalardı yayda,
Ənciryeyən olsaydı bütün quşlar dünyada.

Bu şivənin, bu dilin mahir ovçusuyam mən,
Dəyər məni görməyə, şairlər xasıyam mən.

Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,
515 Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.

Birdəfəlik tullayıb zünnar ilə xirqəni,
Zahidlər, rahiblər də gəlib tapdılar məni.

İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,
Quzey rüzgarlarını durub burda gözlərəm.

Aşkarlasam, car çəksəm bakirə sözlərimi,
Səs salaram cahana qiyamət suru kimi.

Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,
Mənim məftunum olar, mənim heyranım olar!

Bütün sehrbazları mat qoyur sehrim mənim!
520 Mələkləri aldadan əfsundu şerim mənim.

Gəncəm – Babilim mənim Harutu yandırmada,
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.

Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,
Dilim – ruh aləminin lisanıdır, gözüdür.

Duz-çörəyim bilirəm öz cadugər şerimi,
Halal sehrim sındırır harutun hər sehrini.

Ürəyinin şəklidir Nizaminin sözləri,
Mənim halal sehrimlə daim canlı, dipdiri!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma