Üzeyir Hacibəyli – Arşın mal alan – ÜÇÜNCÜ PƏRDƏ

Standard

Uzeyir_Hajibeyov's_monument

Soltan bəyin evi.

I GƏLİŞ
Gülçöhrə tək.

GÜLÇÖHRƏ (oxuyur).

№ 14. Gülçöhrənin nəğməsi.

Bülbüli-zarəm gülü ruxsari alindən cida;
Tutiyi laləm şəkər nisbət məqalindən cida – 2
Der idim səbr eylərəm, olsam camalından cida, – 2
Bilmədim dişvar imiş olmaq vüsalindən cida, – 2
Ax!.. aman, aman, aman, aman, canım.
Aman, yarım aman;
Bilmədim dişvar imiş olmaq vüsalindən cida, – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl!
Əqlimi tərk eylədim fəzli kəmalından cida.
Dönmüşəm mən müflisə cahi cəlalından cida – 2
Tirə oldu ruzigarım zülfü xalından cida.
Ax!.. aman, aman, aman, aman, canım aman, yarım aman;
Oldu səhra mənzilim vəhşi qəzalindən cida. – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl.
(Üzünü örtüb ağlayır, Asya içəri girir).

II GƏLİŞ

Gülçöhrə və Asya.

ASYA: (Gülçöhrənin yanına gəlir). Ay Gülçöhrə! Sən allah bir de görüm sənə nə olub, neçə gündür pərişan görünürsən?
GÜLÇÖHRƏ: Vallah, heç özüm də bilmirəm, yəqin naxoşlamışam.
ASYA: Axı naxoş olanın bir yeri ağrıyar, görünür ki, sənin heç yerin ağrımır.
GÜLÇÖHRƏ: Ah, Asya, nə üçün soruşursan? Sən allah qoy məni əldən.
ASYA: Yox, Gülçöhrə, neçə gündür ki, sən bilmərrə dəyişibsən, həmişə fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət var… Ay qız, bəlkə bir adama bənd olubsan? Hə?
GÜLÇÖHRƏ: Kimə bənd olacağam?
ASYA: Yox, yox, qızardın, görünür ki, bir adama bənd olubsan, bizə arşın malçıdan başqa bir kəs gəlməmişdi. Yəqin o gədəyə bənd olubsan, hə?
GÜLÇÖHRƏ: Gədə nə üçün olsun?
ASYA:
Aha, bildim! Arşın malçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdir? Sən bəy qızı, bəy balası, bir gədənin birinə bənd olursan?.. Nədir, nədir, bir qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl qoymaram!
O hara, mən hara?..

GÜLÇÖHRƏ: Vallah, heç özüm də başa düşmürəm ki, bu nə haldır? (ağlamsınır və əlləri ilə üzünü örtür).

ASYA: Sən yekə qızsan. Elə şeyləri başından çıxart. Sən hara, bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun. İkinciyə qalan yerdə, bənd olmaq özü də qız üçün çox pis işdir. Bax, mən də sənin kimi bir qızam, amma heç gör bir adama bənd olurammı? Bir də, vallahı, işdir, əgər atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrayar.
GÜLÇÖHRƏ: Qoy atam bilsin, bir kərəlik məni öldürsün, canım qurtarsın.

ASYA: Axmaqlama, axmaqlama, gəl bəri, gedək o biri otağa, gör sənə nələr danışacağam… (Asya və Gülçöhrə o biri otağa keçirlər, Soltan bəy gəlir).

III GƏLİŞ

Soltan bəy tək.
SOLTAN BƏY: Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı! Əsl mən deyən arvad elə o idi, hallıca, dulluca, əndamlı, bir nəfər molla, üç manat pul və bir kəllə qənd, şüd tamam, vəssalam. Amma di gəl ki, məndə bəxt yoxdur. Qudurğan oğlu qudurğan! Bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Guya mən qızımdan əl çəkmişəm ki, bazarın gədəsinə verəm. Mən bir bəyəm ki, bütün tanışlarım adımı höccələməmiş əzbər bilir! Mən xan ilə aş yemirəm ki, buğum yağa batar. Bir gədənin birisi mənimlə qohum olmaq istəyir. Amma xalasını alardım və bir söz deyən olsaydı, deyədim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım; şeytan oğlu şeytan işə pərxaşlıq saldı, qoymadı işimizi görək… Eh, gedək bir az dincələk! Yenə belimin ağrısı tutdu… (gedir, Telli çıxır).

IV GƏLİŞ

Telli tək.
TELLİ: Uf, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdür. Heç bu cür şörgöz kişi görməmişəm. İndi yenə çağıracaqdır ki, «Ay qız Telli, gəl üstümü basdır».
(Soltan bəy səhnə arxasından: «Ay qız Telli! Gəl üstümü basdır»).
Zəhrimar Telli, çor Telli! (Bərkdən) gəlirəm ağa, gəlirəm.

(Gedir. Asya içəri girir).

V GƏLİŞ

Asya tək.
ASYA: Ha öyüd, nəsihət verirəm, olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür. Adamın rəhmi gəlir. Bilmirəm hayandan gəldi çıxdı bu arşın malçı? Yenə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi. (Pəncərəyə tərəf baxır). O kimdir bizə gəlir? Buy, nə yaxşı oğlandır. Vallah, lap bəy balasına oxşayır. Bax, adam bənd olanda beləsinə bənd olar. Görəsən bizə niyə gəlir? Xeyir xəbər ola, gəlir, gəlir, düz bizə gəlir. Qoy gəlsin, qaçmayacağam (qapı döyülür, Asya qapını açır, Süleyman içəri girir).

VI GƏLİŞ

Asya və Süleyman

SÜLEYMAN:

Soltan bəy evdədirmi?

ASYA: Bəli, evdədir, bir qədər burada əyləşin, gedim çağırım (gedir).

VII GƏLİŞ

Süleyman tək.
SÜLEYMAN: Yəqin ki, Soltan bəyin qızıdır. Amma əcəb gözəl qızdır. Bərəkəllah, Əsgər, görünür kişinin ruhu vardır ki, özünə bu cür qız seçibdir. Mən bilsəydim ki, Soltan bəyin qızı gözəl imiş, əvvəldən özüm üçün alardım. Amma yaxşıca qızdır, vallahı çox böyük səhv eləmişəm, gərək bu qızı mən ala idim, halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyim? Yox, bu yoldaşlıq haqqında namərdlik olar. Əsgər mənə etibar edib, elçiliyə göndəribdir. Özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim. Lənət şeytana, adam gərək dostluğunda düz ola. Nə eləmək. Mən də axtararam, özümə bir gözəl qız taparam. Xainlik pis şeydir.
(Soltan bəy daxil olur).

VIII GƏLİŞ
Süleyman və Soltan bəy.

SOLTAN BƏY: Baho Süleyman, sən hara, bura hara? Xeyir-xəbər olasan. Söylə görək nə var, nə yox?
(görüşüb otururlar).
SÜLEYMAN: Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər bir şey öz yerində sazdır.
SOLTAN BƏY: Çox gözəl, indi söylə daha nə var, nə yox?
SÜLEYMAN: Bəy, bilirsən, bu dünyanın işi belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olursan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola. Özü də varlı ola, adlı-sanlı ola. Məsələn, götürək bizim cavan tacir Əsgəri…
SOLTAN BƏY: O kimdir?
SÜLEYMAN: Bəy, sən onun özünü tanımazsan. Atasını yaxşı tanıyarsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.
SOLTAN BƏY: Yaxşı tanıyıram, həqiqət mərhum çox gözəl kişi idi.
SÜLEYMAN: Bəli, indi Əsgər dediyim oğlan onun oğludur. O da hər barədə atası kimi gözəl və ağıllı adamdır. Özünün də, şükür allaha, yaxşı varı, malı, alveri də çox böyük tərəqqidədir.
SOLTAN BƏY: Yaxşı, Əsgər nə deyir?
SÜLEYMAN: Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.
SOLTAN BƏY: Balam, mənim qızım uşaqdır ki?

SÜLEYMAN: Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır. Bəy, o sayaq oğlanın qohumluğu sənin üçün hər bir barədə yaxşı olar.
SOLTAN BƏY: Sən orasını, Süleyman, doğru deyirsən, həqiqət tacir tayfası mənim xoşuma gəlir. Yoxsa bu incinar-mincinar, doktor-moktor, vəkil-məkil, uçitel-muçitellər ilə mənim işim olmaz və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən görməmişəm. Hərçənd bilirəm atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi vaxt yaxşı kişinin pis övladı olur.

SÜLEYMAN: Xeyir, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. O barədə təvəqqə edirəm ki, mənə etibar edib sözümə inanasan, hərgah, allah eləməmiş, Əsgər pis adam olsa idi, mən sənin qapına gəlib, qızını ona istərdimmi?
SOLTAN BƏY: Elə isə allah xeyir versin, razıyam.
SÜLEYMAN: (əl verir). Allah xeyir versin, hər ikisi xoşbəxt olsun. Oğul-uşaq sahibi olsunlar.
SOLTAN BƏY:
İndi buyur da! Buyur gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək

(durub o biri otağa gedirlər).
(Asya içəri girir).

IX GƏLİŞ
Asya tək.

ASYA: Vallah, heç belə gözəl oğlan ömrümdə gərməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım (Əyilib qapının deşiyindən baxır). Mən də bu oğlana bənd olacağam. Daha nə qayırım? Gülçöhrə bazarın gədəsinə bənd olanda, mən niyə bəy balası kimi bir cavana bənd olmayım? Elə olaram ki, hələ Gülçöhrəni də ötərəm. Uf, həqiqət, adamın adama gözü düşəndə əhvalı necə pərişan olur (oxuyur).

№ 15. Asyanın nəğməsi.

Gözəlim, yar gözəlim,
Bir sözüm var gözəlim – 2
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim.
Aşiq oldum sənə mən,
Etmədim lütfü-kərəm.
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim. – 2
Gözəlim, yar gözəlim,
Bir sözüm var gözəlim
Bu yazıq yarına hərdən.
Bir nəzər sal gözəlim.
№ 16. Rəqs.

(Gedir. Telli içəri girir).

X GƏLİŞ
Telli tək.

TELLİ: Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov! Daha həlak elədi məni. Belə şorgöz kişi olmaz. Nə olaydı, bir allah bəndəsi olsa idi, mənicə alardı, canımı qurtarardı. Amma hanı bir elə allah bəndəsi? (Qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini yetirdi?
(Qapını açır. Vəli daxil olur).

XI GƏLİŞ

Telli, Vəli.

VƏLİ: Soltan bəyin evi buradır?
TELLİ: Hə, buradır, nə işin var?
VƏLİ: Sizdə bir nəfər qonaq varmı?
TELLİ: Hə, var, necə?
VƏLİ: Daha neçin acığın tutur?

XI GƏLİŞ

Telli, Vəli.

VƏLİ: Soltan bəyin evi buradır?
TELLİ: Hə, buradır, nə işin var?
VƏLİ: Sizdə bir nəfər qonaq varmı?
TELLİ: Hə, var, necə?
VƏLİ: Daha neçin acığın tutur?
TELLİ: Acığım neçin tutsun, sən kimsən?
VƏLİ: Mən kilimçi, (kənara) amma əcəb qızdır, yəqin qulluqçudur.
TELLİ: Kilimçi nədir?
VƏLİ: Bir əvvəlcə de görüm, sən kimsən?
TELLİ: Mən bu evin qulluqçusuyam.
VƏLİ: Mən də o evin nökəriyəm.
TELLİ: Hansı evin?
VƏLİ: Belə o evin, o!
TELLİ: Buy, elə bil ki, gədə dəli olubdur.
VƏLİ: Dəli nə üçün oluram, maralım?
TELLİ: Mən maral deyiləm.
VƏLİ: Belə, məndən ötrü maralsan (oxuyur).

№ 17. Vəli ilə Tellinin dueti.

VƏLİ: Qoy xanımı bəy aparıb
Tezliki lə toy eləsin,
Sənidəcə mən alaram,
Mən də bir bəy olaram.
TELLİ: Pulun var?
VƏLİ: Var, var.
TELLİ: Pulun var?
VƏLİ: Var, var.
TELLİ: Pulun var, gələrəm,
VƏLİ: Bilirəm gələrsən.
TELLİ: Belə, belə yarımsan
VƏLİ: Belə, belə canımsan
TELLİ: Mən gedərəm ol kəsə kim
Onun pulu çox olsun,
Onun pulu çox olsun.
Dərdi, qəmi az olsun
Pulun var?
VƏLİ: Var, var.
TELLİ: Pulun var, gələrəm
VƏLİ: Bilirəm, gələrsən
TELLİ: Belə, belə yarımsan,
VƏLİ: Belə, belə canımsan.
(İkisi bir yerdə oynayırlar).

Qoy xanımı bəy aparıb
Tezlikilə toy eləsin
İ k i s i b i r y e r d ə

VƏLİ: Sənidəcə mən alaram
TELLİ: Mənidəcə sən alarsan
VƏLİ: Mən də bir bəy olaram
TELLİ: Sən də bir bəy olarsan.
Pulun var?

VƏLİ: Var, var.
TELLİ: Pulun var, gələrəm.
VƏLİ: Bilirəm, gələrsən.
TELLİ: Belə, belə yarımsan,
VƏLİ: Belə, belə canımsan.
TELLİ: Tez ol sözünü de görüm, nə istəyirsən?
VƏLİ: Səni istəyirəm, səni, bildin?
TELLİ: Buy, əcəb işə düşdüm.
VƏLİ: Gözümün işığı, get o qonağa de ki, bir qapıya çıxsın, sözüm var.
(Telli gedir)

XII GƏLİŞ
Vəli tək.
VƏLİ: Yeri maralım, yeri, yeri ceyranım, yeri! Əcəb qızdır, vallah, qoy ağam qızı alsın, mən də bunu alaram. İkimizin də toyu bir gündə olar.
(Süleyman və Soltan bəy çıxırlar)

XIII GƏLİŞ
Vəli, Soltan bəy, Süleyman.

SÜLEYMAN: Hə, Vəli, sənsən! Bildim nə üçün gəlibsən. Gəl gedək (Soltan bəyə). Hələlik xudahafiz.
SOLTAN BƏY: Xudahafiz, salamat ol (gedirlər).

XIV GƏLİŞ
Soltan bəy tək.
SOLTAN BƏY: (Üzünü o yankı otağa tutub çağırır). Ay qız Telli, Gülçöhrəni, Asyanı bura çağır, gəlsin. Qıza da deyim görüm nə olur? Bəli, dünyanın işi belədir, bir vaxt var idi, biz də cavan idik… İndi… (Gülçöhrə, Asya, Telli içəri girirlər).

XV GƏLİŞ
Soltan bəy, Gülçöhrə, Asya, Telli.

SOLTAN BƏY: Hə, oturun görüm. Ay qız, Gülçöhrə, nə üçün belə bikef görünürsən? Nə olub ki, naxoş deyilsən ki?
GÜLÇÖHRƏ: Xeyir ata, yaxşıyam.
SOLTAN BƏY: Çox gözəl. Qızım, bilirsən nə var?
GÜLÇÖHRƏ: Xeyr ata!

ASYA: (heyfsilənərək, kənara). Heyf, oğlan əlimdən çıxdı.
GÜLÇÖHRƏ: Ay ata, mənim nə vaxtımdır ki, ərə gedim?
SOLTAN BƏY: Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən? Hər şeyi bilirsən, anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həmi cavan, həmi pullu, həmi mallı.
GÜLÇÖHRƏ: Ata, acığın tutmasın. Mən ərə gedən deyiləm.
SOLTAN BƏY: (mülayim). Bax, axmaqlama! Mən elçiyə söz verdim getdi.
ASYA: Allaha şükür, gələn oğlan elçiymiş!
GÜLÇÖHRƏ: Yox ata, mən ərə getmək istəmirəm.
SOLTAN BƏY: Yaxşı, yaxşı, naz eləmə, bilirəm ürəyində sevinirsən.
GÜLÇÖHRƏ: Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm. İstəyirsən vur məni öldür, ərə vermə!
SOLTAN BƏY: Deyəsən sən doğrudan danışırsan. Bu nə axmaq sözdür? Necə yəni ərə getmək istəmirəm? Evdə qalıb qocalıb qarımayacaqsan ki?
GÜLÇÖHRƏ: (ağlayır). Mən ərə getmək istəmirəm.
SOLTAN BƏY: (bərkdən). Sən allah, qudurğan olma! Sənin nə haqqın var söz danışmağa? Atan səni ərə verir, sənin borcun itaət etməkdir.
ASYA: Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as! İndi ki, səni ərə verirlər, sənin borcun getməkdir. Daha burda artıq çək-çevir olmaz ki?
GÜLÇÖHRƏ: Qoy atam məni öldürsün, amma ərə verməsin.
ASYA: Axı sənin danışmağa nə haqqın var?
SOLTAN BƏY: Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm ki, daha eləsini tapmazsan. Sən nə fikirdəsən?
GÜLÇÖHRƏ: Sən o adama Asyanı ver. Qoy mən evdə qız qalım.
SOLTAN BƏY: Nə boş-boş danışırsan? Asyanı istəyən olsa onu da ərə verəcəyəm. İndi səni istəyirlər, gərək səni verəm.
ASYA: Əlbəttə, elədir.
GÜLÇÖHRƏ: Mən ərə getmək istəmirəm.
SOLTAN BƏY: (acıqlı). Sənin borcun deyildir. Ağzın nədir getməyəsən? Atan sənə buyurur get, get, çox o yan bu yan elərsən, tutub qulağından mıxlaram divara. (Gülçöhrə ağlayır. Soltan bəy acıqlı ora-bura gəzinir, bir azdan sonra mülayimliklə) Qızım, sən elə bilirsən ki, mən səni pis adama verirəm? Sən onu yəqin bil ki, bir oğlana gedəcəksən ki, padşah balası kimi. Özü cavan tacir, pulu çox , dövləti çox! Mən dəli deyiləm ki, səni pis adama ərə verim? Sən mənim gözümün işığı, tək qızımsan. Mən səni bədbəxt edərəmmi? (tutub qızın əlindən öpür) Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə!

GÜLÇÖHRƏ: (ağlaya-ağlaya). Ay ata, vallah, ərə getməyə heç könlüm yoxdur. Necə eləyim, sən məni ərə vermə, qoy evdə qalım.
SOLTAN BƏY: Qızım, inad olma, atan nə deyir, sən də ona itaət elə! Eləməsən allah səni xoşbəxt eləməz, bədbəxt olarsan. Onu yəqin bil ki, mənim sözüm sözdür. Mən kişiyə söz verdim. Allah qoysa bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə. Ərin dövlətli, özü yaxşı adam, oğul-uşaq sahibi olarsan, ev-eşik yiyəsi olarsan. Mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən deyənə qulaq as!

GÜLÇÖHRƏ: Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda özüm istədiyimə gedim.
(Asya qorxu və təəccüb içərisində).
SOLTAN BƏY: (təəccüb və heyrət ilə). Qızım, sən istədiyin kimdir, söylə görək?
GÜLÇÖHRƏ: (oxuyur).

№ 18. Gülçöhrənin etirafı.

Məni saldı olmaz dərdə, arşın mal alan! Qalmadı heç taqət məndə, yanaram
Gecə-gündüz fikrim-zikrim, arşın mal alan!
Ola bilməz özgə fikrim, yanaram.
Onu görcək aşiq oldum, arşın mal alan
Günü-gündən dərdə doldum, yanaram.
SOLTAN BƏY: (bərk hirslənmiş). Qızım, arşın mal alan kimdir? (kənara). Yoxsa o xalası olandır?
GÜLÇÖHRƏ: Mən getsəm ona ərə gedəcəyəm. Onu istəyirəm.
SOLTAN BƏY: (qışqırır). Nə danışırsan. Axmağın qızı axmaq! Bazarın gədəsinə ərə gedəcəksən? Dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşıq olubdur, bəh-bəh, bəh! İndi bildim ki, nə üçün ərə getmək istəmirsən? Amma onu yəqin bil ki, əgər belə axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram, bir toy tutaram ki, nəfəsini bir kərə çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşın mal alana baxırsan. Qoy bir o arşın malçı gözümə görünsün! Ona mən bir patron çaxım ki, izi tozu qalmasın! Onu bil ki, mənə Soltan bəy deyərlər! Mən binamusluğu qəbul edən adam deyiləm! Səni də öldürərəm, onu da.
GÜLÇÖHRƏ: (ağlaya-ağlaya). Ata, vallah, öldür məni canım qurtarsın.
SOLTAN BƏY: (çığırır). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşın mal alan adı tutsan səni tikə-tikə doğrayacağam. Belə binamusluq olar ki, mənim qızım bir gədənin birisinə bənd olsun? (ayağını yerə vurur). Dur, bu saat rədd ol gözümün qabağından. İtil buradan binamus!
(Gülçöhrə durub ağlaya-ağlaya gedir).

XVI GƏLİŞ
Soltan bəy, Asya və Telli.

SOLTAN BƏY:
(Hövlnak ora-bura gəzir, Asya və Telliyə).
Nə vaxt arşın malçı buraya gəlmişdi?

ASYA: (qorxa-qorxa). Vallah xəbərim yoxur.
SOLTAN BƏY: Necə xəbərim yoxdur? Yalandan məndən gizlədirsiniz. Cəhənnəm olun siz də burdan.

Asya və Telli qaçırlar)

XVII GƏLİŞ
Soltan bəy tək.

SOLTAN BƏY: Əcəb başıma kələk gəldi, itin birisi qapıma gəlib qızımı özünə bənd eləyib. Belə binamusluq olar? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzinə qızımı istəyirmiş. Cəhənnəm olsun, onun xalasını da istəmədik. Qız lap dəli kimi olubdur. Gərək tezlik ilə ərə verim çıxıb getsin, yoxsa sonra işdən bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar. Yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcək. Mənim də hirsim tutar, vurub öldürərəm. Ay qız Asya, Telli, bura gəlin.
(Asya və Telli daxil olurlar)

XVIII GƏLİŞ

Soltan bəy, Asya və Telli.
SOLTAN BƏY: Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram (gedir).

XIX GƏLİŞ

Asya və Telli.
ASYA: (Telliyə, acıqlı). İndi biz fəqir nə qayıraq? Bizdə nə təqsir var ki, Gülcöhrə bir gədəyə bənd olubdur! Ay qız, get Gülçöhrəni çağır bura!

(Telli gedir).

XX GƏLİŞ

Asya tək. Sonra Gülçöhrə və Telli.
ASYA: Gör, sən allah, qızın cürətinə bax, atasına açıb deyir ki, arşın malçıya bənd olmuşam. Lap xatadır bu qızın işi.
(Gülçöhrə ilə Telli gəlirlər. Gülçöhrə taxtın üstünə yıxılır).

№ 19. Trio. Asya, Telli və Gülçöhrə.

ASYA və TELLİ: (oxuyurlar).
Bəsdir, bunca ahü-zarın,
Nəyə lazım bunca fəryad – 2
Layiqdirmi ola yarın
Atan ola sənə yad. – 2
GÜLÇÖHRƏ: Arşın mal alan,
Arşın mal alan,
Qalmadı ixtiyarım
Sənsən can alan,
Odlara salan,
Qalmadı ixtiyarım.
Eşqin əsərin,
Çəkməzdim nə əzab, nə cəfadan
Sevdim səni mən,
Rəhm eyləmədin,
Saldın sən məni dərdə,
Ah! Yandım.
ASYA və TELLİ: Bəsdir bunca ahü-zarın,
Nəyə lazım bunca fəryad,
Nəyə lazım bunca fəryad, fəryad.

P Ə R D Ə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma