ÜZEYİR BƏY HACIBƏYLİ – MİLLİ MƏDƏNİYYƏT MÜCAHİDİ

Standard

Uzeyir_hacibeyov

I. MİLLİ OYANIŞ ESTAFETİ
Həsən bəy Zərdabi: «Ey elm təhsil edən cavanlarımız!… Ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarımızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq».
«Əkinçi» qəzeti,
11 iyun 1876-cı il, №11
Üzeyir bəy Hacıbəyli: «Ey millət mücahidləri! Yatmış millətin yaxasından yapışıb silkələyin ki, oyansın… Əgər əfradi-millət öz cəhaləti bərəkətindən sizi dinləmək istəmirsə, siz ondan əl çəkməyiniz və o sözlərə müvafiq dolanmağa məcbur ediniz, sonra onun özü sizə minnətdar olacaqdır».
«İrşad» qəzeti,
3 dekabr 1906-cı il, № 277
Milli dövlətçiliyini itirmiş, hakim Rusiya imperiyası içərisində əriməyə məhkum edilmiş Qafqaz türklərinin özünüqoruma instinktindən qaynaqlanan milli oyanış və toparlanma məfkurəsinin gerçəkləşməsinə bu iki çağırışı bir-birindən təxminən 3 onillik ayırsa da, onları məram eyniyyəti və mücadilə estafetinin kəsilməzliyi birləşdirir. Milli varlığın məişət, mənəvi dəyərlərin kortəbii mövcudluq çevrəsinə sıxışdırıldığı XIX əsrin «zülmət səltənəti»ndə Mirzə Şəfi Vazeh və Abbasqulu ağa Bakıxanov nuru Mirzə Fətəli Axundzadəni çağdaş tərəqqi yollarının nəzəri-mədəni axtarışına sövq etdi. Həsən bəy Zərdabi və Seyid Əzim Şirvani isə əsrin sonuncu rübündə bu mücadiləni təcrübi-məfkurəvi özül üzərinə çıxardılar.
Zərdabi müstəsna bir fəhm və zəka ilə milli oyanış və gələcək istiqlalın çağdaş mədəni quruculuq üzərində yüksələcəyini anlayıb misilsiz əzm, cəsarət və dönməzliklə bu zəruri prosesi hərəkətə gətirdi. Onun milli məktəb, milli teatr və milli mətbuat sacayağı üstünə qoyduğu əməli-məfkurəvi hazırlıq Azərbaycanı XIX əsrdən XX əsrə keçirdi.
Böyük maarifçi əməlpərvər Həsən bəyin milli oyanışa yuxarıdakı çağırışı yeni əsrdə kəmiyyət göstəricilərinin artımı ilə növbəti keyfiyyət mərhələsi başlananda da eyni aktuallıqla səsləndi. Bu dəfə həmin tarixi bəyanat XX əsr mədəni yüksəlişinin estafetini milli talenin hökmü kimi qəbul etmiş Üzeyir bəy Hacıbəylinin dili ilə səsləndi. Həsən bəy öz mübarizəsinə beş-on maarifçini qoşmaq umudunda idisə, Üzeyir bəy artıq bu çağırışdan oyanıb-tərbiyələnmiş onlarla, yüzlərlə huşyarı səsləyirdi.
Artıq yeni əsrin birinci onilliyinin ortaları – 1905-1906-cı illər idi. “I rus inqilabı” deyilən fırtına başlayanda yeni nəsil tale gəmisinin göyərtəsində tufanı aşmağa müntəzir idi.
Üzeyir bəy Hacıbəylinin 1905-ci ildən başlayan ictimai-siyasi, ədəbi-mədəni mübarizəsi sonrakı 43 ildə fasiləsiz davam etdi, iki mürəkkəb, bir-birindən ağır və məşəqqətli mərhələdən keçdi. 1905-1920-ci illəri əhatə edən birinci dövrdə gənc pedaqoq-publisist və musiqiçi Üzeyir bəy Hacıbəyli milli oyanış prosesinin milli istiqlal uğrunda mübarizəyə çevrilməsinin önündə getdi; peşəkar musiqinin əsaslarını yaratmaqla, xalqın ölgünləşdirilmiş mənəviyyatını dirçəldib yeni tipli mədəniyyətə yönəltməklə milli özünüdərk prosesinə misilsiz qida və enerji verdi. Milli dövlətçiliyin bərpası, 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk respublikanın – Azərbaycan Cümruhiyyətinin elan olunması bu məfkurə mücadiləsinin yetirməsi oldu.
1920-ci ilin 28 aprelində Cümhuriyyət zorla devrilib Azərbaycan sovetləşdiriləndən sonra da Üzeyir bəy repressiya dalğasına boy verməyərək, mühacirət xəyalına düşməyərək ideoloji basqılar və milli xəyanətkar mühitə tablayaraq xalqına xidmət imkanlarından sonadək yararlandı. «Sovet mədəni quruculuğu» Azərbaycanda Üzeyir bəy Hacıbəylinin dərin və genişmiqyaslı fəaliyyəti ilə milli məzmun və bəşəri formalarla zənginləşib tarixi köklər üzərində çağdaş mədəni dəyərlərin boy atıb çoxalması baxımından əlamətdar oldu. Çağdaş musiqi mədəniyyətimizin çoxşaxəli orqanizmi bu dövrdə ətə-qana doldu, forma və məzmun bitkinliyinə çatdı, məktəbə çevrildi.
Quzey Azərbaycanın Rusiya işğalı nəticəsində dövlətçilik qurumlarını itirdiyi vaxtlardan başlayaraq gizli qata keçmiş milli özəllik məfkurəsi yox olmadı. İctimai-siyasi düşüncə axarları ilə hərəkətdə olub XIX əsrin sonu – XX əsrin əvvəllərində məfkurəvi mübarizənin üç mühüm qolun – Türklük, İslamçılıq, Müasirlik dəyərlərinin qovuşuğu kimi biçimlənən azərbaycançılığın mahiyyətcə yeni dövlətçiliyin milli bayrağın rəngləri səviyyəsinə çatdırılması Üzeyir bəy Hacıbəylinin fədakar, mükəmməl fəaliyyəti ilə tarixi bir hadisə kimi xalqın geniş dairələrindən kütləvi təkan aldı.
1948-ci ildə milli varlığın xalis materialından yoğrulmuş, zəkasını və ruhunu millət xəmirinə qatmış, nadir dühaların sırasında ölməz şəxsiyyətini qoymuş Üzeyir bəy Hacıbəyli əbədiyyətə qovuşanda milli öndər Məhəmmədəmin Rəsulzadə xaricdə çıxan «Azərbaycan» qəzetində yazmışdı: «Başda bir həvəs olaraq işə başlayan Hacıbəyli sonra kəndi-kəndini yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasıyla otoritesini (nüfuzunu – T.A.) hər kəsə tanıtmış bir kompozitor olmuşdur.
Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndinə süni marşlar yazdırılsa da, Moskvada çiyni diktatorun əli ilə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri Azərbaycan kültüründən və Azəri-Türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir!» (“Üzeyir Hacıbəyli” ensiklopediyası).
II. ZƏRURƏTDƏN DOĞULAN İNSAN
Çağdaş Azərbaycan musiqisinin banisi, korifey bəstəkar, qüdrətli söz adamı, istiqlalçı publisist… Bunlardan əlavə, misilsiz mədəniyyət qurucusu, parçalanmış Vətənini, bölünmüş xalqını ümummədəni məcrada birləşdirən nadir ictimai xadim, milli mədəniyyətimizi dünyaca yüksəkliyə qaldıran nəhəng şəxsiyyət… Bunlar Üzeyir bəy Hacıbəylinin ilk xatırlamada yada düşən keyfiyyətləri və xidmətləridir. Bu qədər çoxtərəfli, tarixi qaynaqlara və gələcək hədəflərə bağlı, milli-məfkurəvi, ictimai-mədəni vəzifə daşımış bu insan bir ailənin və nəslin qismətinə deyil, bütün xalqının taleyinə doğulmuşdu.
Bu oğlan uşağı 1885-ci il sentyabrın 18-də şuşalı məmur Əbdülhüseyn bəyin və onun evdar həyat yoldaşı Şirinxanımın ailəsində 5 uşağın ortancılı kimi dünyaya gələndə, əslində, Azərbaycanın mədəniyyət tarixində yeni bir səhifə açılmış, milli təqvimdə həmin günün yeni taleyi də müəyyən olunmuşdu. Bir neçə onillik keçəcək, 18 Sentyabr tariximizin Milli Musiqi Günü, təqvimimizin Üzeyir bəy Günü kimi mənalanacaqdı. Hələliksə bir ailəni və onun yaxınlarını sevindirən adi bir hadisə baş vermişdi.
Balaca Üzeyir özünü və ətrafındakıları Şuşanın mədəni zadəganlığı ilə xalq həyatının sərt gerçəklikləri arxasında tanıdı, dəyərləndirdi. Vaxtilə Azərbaycan xanlığının paytaxtı, indisə Rusiya imperiyası müstəmləkə əyalətinin qəza mərkəzi olan Şuşa qalası nadir etnik-mədəni mühitin daşıyıcısı idi. Orta əsr Qafqaz Albaniyasının əsas etnosu olan xristian qıpçaqların son nəslindən olanlar köklü əhali bu vilayətdə böyük bir mədəni irsin daşıyıcıları idi. Nadir şahın qəzəbinə düçar olaraq Qarabağdan sürgün edilmiş bu tərəkəmə-elat camaatının zirək, imkanlı və geri dönə bilmiş qisminin seçmə adamları da Azərbaycanın ən mötəbər qala — şəhərində məskunlaşmışdılar. Yeni xanlıq qüvvətlənmək, yüksəlmək üçün qala öz qapılarını otay-butaylı Azərbaycanın hər yerindən bacarıqlı, istedadlı insanların üzünə açıq saxlamışdı. Başqa yerlərdə qədri bilinməyən, incidilən, azad ruhlu sənətkarlar, başı bəlaya düşən cəngavərlər də Şuşada əmin-amanlıq və məşğuliyyət tapmışdı. Xanlığın yüksəlişi dövründə İbrahimxəlil xan təmizləmə aparıb fiziki, əqli və mədəni naqisliyi olanları qaladan uzaqlaşdırmışdı.
Bütün bunlar Azərbaycanın əksər bölgələrini təmsil edən seçmə adamların timsalında milli-mədəni birliyin nadir xəlitəsini yaratmışdı. Xanlığın süqutundan sonra İran və Türkiyədən Qarabağa köçürülmüş ermənilərin tacir və sənətkar zümrəsi – rus hökumətinin himayəsi ilə şəhərdə yerləşdirilən bu toplum iyrənc zirəkliyi, gizli xəyanətkarlığı ilə şəhərin türk əhalisini ayıq-sayıqlığa sövq etdi, milli kimliyi gündəmə gətirərək özünütəsdiqə güclü təkan verdi. 1831-ci ildə hakim dairənin Şuşada açdığı qəza hökumət məktəbinin yetirmələri Avropa tipli mədəniyyətin əsaslarından xəbərdar olmaqla, milli ziyalılığı çağdaş tələbatla ayaqlaşdırmağa çalışırdılar. Sayı və şagirdləri artmaqda olan yeni tipli belə məktəbləri bitirənlər içərisində Rusiya və Avropa şəhərlərində təhsil alanlar şəhərə yeni ab-hava, zəruri dəyərlər gətirirdilər.
Gör-götürə, özünü və ətrafı anlamağa mədəni bir mühitdə, kübar ailə tərbiyəsində göz açan balaca Üzeyir ibtidai təhsili Camal bəy Fətəlibəyovun ikisinifli məktəbində almış, Şuşanın açıq fikirli və millətsevər ziyalısı, sonralar tanınmış publisist və naşir kimi Bakının mətbuat aləmində seçilən nüfuz sahibinə çevrilmiş Haşım bəy Vəzirovun «rus-tatar» məktəbində davam etdirmişdi. Bütövlükdə isə onun dünyagörüşü böyük bir məktəb kimi şəhərin qaynar, dünya ilə təmasda olan zəngin mədəni mühitində formalaşmışdı. Bu misilsiz məktəbin ayağı xalqın qədimlərdən gələn milli-mənəvi dəyərlərində — başı dünyanın sürətlə irəli gedən elm-mədəniyyət aləmində idi. Şuşa bir əyalət şəhəri olsa da, buradan Şərqin də, Qərbin də gərəkli olan elmi-mədəni xəzinəsinə yollar uzanırdı, buraya hər yandan bilgilər gəlib çatırdı. Sonralar «Şərqin konservatoriyası» tərifini almış Şuşanın musiqi aləmi yuxarıda söz açılan milli-mədəni nadirliyin və çoxqatlığın üzərində boy atıb yaxın-uzaqlara səs salmışdı. Gələcək bəstəkarın, peşəkar musiqimizin səs qavrayışı, sənət zövqü, fantaziyası, bax, bu konservatoriyada yoğrulmuş, qəliblənmişdi. Mir Möhsün Nəvvabın özünəməxsus musiqi təlimi, Sadıqcanın təcrübi novatorluğu, Cabbar Qaryağdıoğlunun virtuoz ifaçılığı, xalqın çoxəsrlik musiqi irsinin seçmə toxumları Üzeyirin qəlbində cücərib şaxələnirdi. Onun ruhu və zəkası belə bir bənzərsiz mühitin milli iksiri ilə mayalanır, çağdaş, milli-mədəni kodlarla proqramlaşırdı.
Yerli ziyalıların təşkil etdiyi Şərq konsertləri, xalq teatrının musiqili süjetləri gələcək peşəkar musiqinin ilk opera və operettalarının rüşeymləri kimi Üzeyirin ruhuna və yaddaşına hopurdu. O vaxt Peterburqdan yay tətilinə gəlmiş mühəndis-tələbə (yaxın gələcəkdə ilk milli dirijorumuz) Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə oynanılmış «Məcnun Leylinin qəbri üstündə» səhnəciyi bu baxımdan təsirli və unudulmaz olmuşdu. Yaxın qohumu Xan qızı Natəvanın evindəki şeir-musiqi məclisləri də yeniyetmə Üzeyirin sonrakı sənət taleyinə ciddi yön vermişdi. Beləliklə, genetik bir kamillik timsalı olan Hacıbəylilər ailəsinin ikinci oğlu Üzeyir tarixi bir zərurəti gerçəkləşdirəcək Vətən övladı kimi ikinci dəfə doğuldu, millətin taleyinə göz açdı. Bu mənəvi doğulmanın 14 ili başa çatanda -1899-cu ilin yayında yeniyetmə Üzeyir Şuşadan Zaqafqaziya xalqları üçün kiçik bir universitet rolu oynayan Qori Müəllimlər Seminariyasına oxumağa yollandı. Azərbaycanın yeni mədəniyyətinin sənətkar-peyğəmbərinin, belə demək mümkünsə, xalqımızın yaxınlaşmaqda olan istiqlal savaşı dünyasına “hicrəti” belə başlandı.
III. ÜZEYİR BƏY HACIBƏYLİNİN ÖMÜR YOLUNA YENİ BAXIŞ
Üzeyir bəy Hacıbəylinin zəngin və çoxcəhətli həyatı və fəaliyyəti onun mükəmməl ömür, mübarizə və sənət salnaməsinin yaradılması üçün son dərəcə çox və maraqlı material verir. Qulam Məmmədlinin «Üzeyir Hacıbəyov» salnaməsində (1984), bəstəkarın anadan olmasının 100 illiyində buraxılmış «Üzeyir Hacıbəyov» bioqrafiyasında, dövlət müstəqilliyi illərində 110 illiyi münasibətilə hazırlanmış «Üzeyir Hacıbəyov ensiklopediyası»nda, Mirzə İbrahimovun «Tufanlara kömək edən bir qələm» məruzələr və məqalələr toplusunda (1987), Mirabbas Aslanovun «Üzeyir Hacıbəyov – jurnalist» (1985) və «Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı» (1994) kitablarında, bir sıra monoqrafiya və digər nəşrlərdə bu şəxsiyyətin həyatını və yaradıcılığını əhatə edən kifayət qədər material toplanmışdır. Lakin keçmiş Sovet dövrünün yasaqları bəstəkarın həyat və fəaliyyəti ilə bağlı materialların hamısını aşkar etməyə, əldə olanları doğru-düzgün dəyərləndirməyə imkan verməmişdir.
Bəstəkar özü də bu işə o qədər məhəl qoymamış, necə deyərlər, şəxsi tarixçə yazmaqla deyil, onu yaratmaqla məşğul olmuşdur. Üzeyir bəy 1939-cu ildə Moskvada hazırlanan «Musiqi lüğəti» üçün və 1945-ci ildə SSRİ Bəstəkarlar İttifaqının tərtib etdiyi «SSRİ Xalq artistləri özləri barədə» toplusu üçün yazdığı avtobioqrafik yazılarda bir çox mətləblərin üstündən sükutla keçməli olmuşdur. Eyni natamamlıq böyük sənətkarın tələbə dostlarının, müasirlərinin, yetirmələrinin xatirə yazılarında da özünü göstərir. 1920-ci ildən əvvəlki və sonrakı dövri nəşrlərdəki saysız-hesabsız materiallar, bəstəkarın publisist əsərlərindəki xatirə və ötənlərə istinadlar, bu yazıların yaratdığı xronikal silsilə Üzeyir bəyin real bioqrafıyasında hələ də layiqli yerini tutmamışdır.
Sayı heç də az olmayan dissertasiya və tədqiqatlarda da Üzeyir bəy Hacıbəylinin sözü, musiqini, öyrətməni, məramı bir məcrada birləşdirən yaradıcılığı kiçik mövzulara parçalanmış, onun bütöv kimliyi ifadə olunmamışdır.
Üzeyir bəy Hacıbəylinin vəfatından sonra əsərlərinin on cildliyinin akademik nəşrini hazırlamaq barədə hökumət qərarı olsa da, onun publisistik, bədii və elmi irsinin bir hissəsini əhatə edən dörd cild çap olunsa da, musiqi irsindən ibarət sonrakı cildlər nəinki işıq üzü görməmiş, hətta tərtib belə edilməmişdir. Dövlət müstəqilliyinin 20 ilində arxivşünas Aslan Kənan Üzeyir bəyin «Azərbaycan» qəzetində dərc olunmuş məqalələrini, professor Şirməmməd Hüseynov isə əsasən bolşevik inqilabınadək olan dövrdə çap olunmuş, lakin sonralar onun kitablarına salınmamış yazıları 2 cilddə oxuculara təqdim etmişlər.
Əslində, bu dahi sənətkar sənədli və bədii sözü, irili-xırdalı musiqi əsərləri, şəxsiyyətinin nuru və əməlpərvərliyi ilə oyanan, özünü tanıyan, bütövləşən Azərbaycanın qarşıda duran məramını, ehtiyac duyduğu estetik- məfkurəvi tələbatı cavablandırmışdır. Beləliklə, kiçik bir yazıda Üzeyir bəyin mükəmməl bioqrafiyasındakı boşluqları və yanlışlıqları əhatə etmək mümkünsüz olsa da zəruri məqamları gündəmə gətirməyə ehtiyac var.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də (köhnə təqvimlə sentyabrın 5-də) ovaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzasında anadan olmuşdur. Doğulduğu ünvan müxtəlif səbəblərdən gah Şuşa şəhəri, gah da Şuşa qəzasının Ağcabədi kəndi göstərilmişdir. Son illərdə bu məsələ şuşalılar və ağcabədililər arasında dinc bir müharibəyə çevrilmişdir. Məsələ burasındadır ki, Üzeyir bəyin babaları Şuşa şəhəri salındığı, Qarabağ xanlığının paytaxtı kimi formalaşdığı dövrdən burada məskunlaşmışlar. Sonralar böyük bir ailəyə çevrilən Hacıbəylilərin əksəriyyəti bu şəhərdə doğulub böyümüşdür. Üzeyir Hacıbəylinin də doğum yeri XX əsrin 30-cu illərinədək Şuşa şəhəri göstərilmişdir. Əslində, o, 1899-cu ildə Qori seminariyasında oxumağa gedənədək yalnız burada yaşamış, ibtidai təhsilini də burada almışdır.
Gələcək bəstəkarın atası Əbdülhüseyn bəy Molla Məhəmməd oğlu (1842-1901) Xan qızı Natəvanın sarayında mirzə işləmiş, sonra onun Ağcabədi kəndindəki mülkünü idarə etmişdir. İndiki anlamda Ağcabədi təsərrüfat müdiri kimi onun mövsümi iş yeri olmuş, ailəsini də ilin müəyyən vaxtlarda bura gətirmişdir. 1936-cı ildə Üzeyir Hacıbəylini görkəmli sovet bəstəkarı kimi fəhlə-kəndli hakimiyyətinin “parlamentinə” deputatlığa hazırlayanda yerli kommunist rəhbərliyi onu burjua mühiti Şuşadan qoparıb Ağcabədi proletariatına bağlamaq üçün bu saxtakarlığa əl atmışdır. Başqa bir mülahizəyə görə, erməni millətçiləri Üzeyir bəyin Şuşadan deputat seçilməsinə müxtəlif yollarla mane olduqlarından, Azərbaycan rəhbərləri “Ağcabədi variantı”na əl atmalı olmuşlar. Bundan sonra bəzi mənbələrdə ciddi əsas olmadan Hacıbəylilərin Ağcabədidə yaşadığı, sonradan Şuşaya köçdüyü, Üzeyirin də burada doğulduğu qeyd olunmuşdur. Bir başqa mənbədə isə guya Üzeyir doğularkən ailənin Ağcabədidə qohumlarının evində qonaq olduğu, uşağın da burada dünyaya göz açdığı göstərilmişdir.
Üzeyir bəy Hacıbəylinin irsinin qorunmasında, tədqiqində və təbliğində dəyərli işlər görmüş baldızı oğlu, şəxsi katibi Ramazan Xəlilov və bacanağı, tarix elmləri namizədi Qubad Qasımov bu saxtakarlığı heç vaxt qəbul etməmiş, lakin dövrün hökmünə qarşı da çıxa bilməmişlər. Üzeyir bəyin publisistika irsinin tədqiqatçısı Mirabbas Aslanov Sankt-Peterburq Dövlət Arxivindən aşkar etdiyi doğum şəhadətnaməsinə əsasən, bəstəkarın Şuşada dünyaya gəldiyini bildirmişdir.1897-ci ildə Tiflisdə Qafqaz şeyxülislamı Əbdüssalam Axundzadənin təsdiqlədiyi həmin şəhadətnamə Üzeyir bəyə «Şuşa şəhərinin sakini» olaraq verilmişdir. Burada məxsusi doğum yeri qeyd olunmasa da Şuşadan özgə bir məkanın adı göstərilməmişdir. Bu dolaşıqlığın açılması və həqiqətin təsdiq olunması bugünədək həllini tapmamışdır.
Böyük sənətkarın mənsub olduğu ailənin soyadının yazılışındakı ikilik də onun sağlığında və sonrakı illərdə davam etmiş, sabitləşməmişdir. Çar Rusiyası dövründə xalqımızın soyadı ruslaşdırıldığından Üzeyir bəyin də familiyası «Hacıbəyov» olmuş, bütün mənbələrdə belə getmişdir.
Bu yerdə qeyd edək ki, Azərbaycan Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq “Hacıbəyli” kimi tarixə düşmüşdür. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra millətsevər , Üzeyirsevər müəlliflər bəstəkarın ad və soyadını bir qayda olaraq «Üzeyir bəy Hacıbəyli» formasında yazıb-söyləyirlər. Bunun fərqində olmayanlar isə «Üzeyir Hacıbəyov»la kifayətlənirlər.
«Bəy» titulunun da buna bənzər tarixçəsi var. Doğum şəhadətnaməsində uşağın adı «Üzeyir bəy» yazılmışdır. Bir il sonra –1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona «bəylik şəhadətnaməsi» verilmişdir. Sovet dövrünədək sənətkar «Üzeyir bəy» kimi tanınmış, 1920-ci ildən «bəy» titulu da rəsmən ixtisara salınmış, yalnız qeyri-rəsmi müraciətlərdə yaxın dost-tanışları ona «Üzeyir bəy» deyə müraciət etmişlər.
Dahi bəstəkarın ömür yolu ilə bağlı bir arzuolunmaz yanlışlıq da ötən əsrin 90-cı illərinin əvvəlində ortaya atılmışdı. O vaxt mətbuatda Ramazan Xəlilov Üzeyir bəyin ulu babasının guya Şuşaya Dağıstandan gəldiyi barədə mülahizə səsləndirmişdi. Bu əsassız iddia cəmiyyətdə əlavə bir narazılıqla qarşılandığından, Üzeyir bəyin həyatında özünün, onun irsinin taleyində isə oğlunun mənfi rol oynadığının unudulmaması da gərəkən R.Xəlilov dediyinin yanlışlığını etiraf etməyə məcbur olmuşdu. Heç nədən hay-küy axtaranlar Üzeyir bəyin qardaşı, tanınmış publisist şərqşünas Ceyhun bəy Hacıbəylinin bir vaxtlar «Dağıstani» imzasından da istifadə etdiyini xatırlatmaqla, Ramazan Xəlilova dəstək verməyə çalışmışdılar. Tədqiqatçılara isə yaxşı məlumdur ki, Şuşa dağlıq diyar olduğundan bu şəhərdə doğulmuş başqa sənətkarlar da «Dağıstani», yəni «dağlıq yerdən olan» taxma adından yararlanmışlar.
Həqiqət axtaranlar sonda belə qənaətə gəlmişdilər ki, Ramazan Xəlilov əslən Dağıstandan olduğuna görə qocafəndliklə Üzeyir bəyi özünə yaxınlaşdırmaq istəmiş, guya, bəstəkarın onun dağıstanlı atası ilə də bu səbəbdən bacanaq olduğunu nəzərə çatdırmaq istəmişdi. Son olaraq demək lazımdır ki, Üzeyir bəyin ulu babası Şuşaya, haradan olur-olsun, bircə Dağıstandan gələ bilməzdi. Onun atası Əbdülhüseyn bəy də, Xurşüdbanunun sarayında tanış olduğu Qarabağ xanları nəslindən olan Şirin xanım Kərbəlayı Əliəkbər bəy qızı da şiəməzhəb idilər. Dağıstanlılar isə məlumdur ki, tamamilə sünniməzhəbdilər. Şuşa kimi qatı bir şiə mühitində sünni dağıstanlıya qız verilməsi inandırıcı görünmür.
IV. DAHİLİYƏ GEDƏN YOL
Üzeyir bəy 14 yaşınadək Şuşanın «Çölqala» adlanan məhləsində ata mülkündə yaşamış, yüksək mədəni mühitdə əvvəl ailə tərbiyəsi almış, sonra Camal bəy Fətəlibəyovun ikisinifli ibtidai və Haşım bəy Vəzirovun müdir olduğu rus-türk (“rus-tatar”) məktəblərində oxumuşdu. Üzeyir Hacıbəyli 1899-1904-cü illərdə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında oxuyub ibtidai sinif müəllimi ixtisası almış,1904-1905-ci illərdə Cəbrayıl qəzasının Hadrut kəndində müəllim işləmişdi. 1905-ci ildə rus inqilabının başlaması və Qafqazda erməni-müsəlman davasının salınması ilə bağlı Üzeyir bəy Hadrutda ermənilərin arasında işləyə bilməmiş, Bakıya gəlmişdi.
O dövrdə sürətlə Qafqaz türklərinin mədəni mərkəzinə çevrilən Bakıda Üzeyir bəyin qaynar pedaqoji, publisist, ictimai-mədəni fəaliyyəti başlamışdı. O, əvvəl Bibiheybətdə, sonra şəhərdəki «Səadət» məktəbində dərs demiş, eyni zamanda, «Həyat», «İrşad», «İqbal», «Tərəqqi», «Yeni iqbal», «Həqiqət», «Açıq söz»… qəzetləri, məşhur “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı «Azərbaycan» qəzetinə isə xeyli müddət redaktorluq etmişdi.«Molla Nəsrəddin» ədəbi-məfkurəvi cərəyanına qəlbən yaxın olan, daim onun çıxışlarına səs verən gənc publisist, işlədiyi nəşrlərdə çoxsaylı satirik-publisist yazılar yazmışdır. Qüdrətli satirik qələm sahibi o dövrdə milli ziyalıların hərəkətə gətirdiyi mübarizə ilə bağlı əksər mövzularda həqiqəti gündəmə gətirmişdi. O, «mollanəsrəddinçi» cəbhə ilə sıx əlaqədə yazıb-yaratmış, yeri gələndə bu jurnalda da çıxış etmişdir.
Üzeyir bəy 1906 və 1907-ci illərdə ilk milli toplantılar olan Qafqaz türk müəllimlərinin I və II qurultaylarının keçirilməsində də fəal iştirak etmişdir. Qurultayın qərarlarına uyğun olaraq, 1907-ci ildə çoxdankı arzusunu həyata keçirib ana dilində «Hesab məsələləri» kitabı nəşr etdirmişdir. Üzeyir bəy mətbuat işçilərinə kömək məqsədilə «Türki-rusi və rusi-türki lüğət»i də hazırlamışdır.
Azərbaycan ictimai-mədəni mühitinin tələbatını dərindən duyub-anlayan Üzeyir bəy Hacıbəyli «Həyat» qəzetində tanış olduğu, «Kaspi» redaksiyasında isə əməkdaşlıq etdiyi «Milli ziyalıların atası» Həsən bəy Zərdabini arzu və istəklərinin misilsiz daşıyıcısı kimi kəşf etmişdi. Qısa müddətdə Üzeyir bəy böyük ustaddan məfkurə dərsi almış, bir sıra sahələrdə estafeti ondan qəbul edib irəli aparmışdı. Şuşanın təbii konservatoriyasında çalıb-oxumağı öyrənmiş, Qori seminariyasında həm də musiqi təhsili almış Üzeyir Hacıbəyli onun bu qabiliyyətini görüb-qiymətləndirən böyük Həsən bəyin istəyini göyərdərək 1906-1907-ci illərdə Şərqin ilk operası «Leyli və Məcnun»u ərsəyə gətirmiş, 1908-ci il yanvarın 25-də H.Z.Tağıyevin milli teatrında bu muğam operası uğurla oynanılmışdır.
Müəllimliyi publisistliklə, qəzetçiliyi ictimai fəaliyyətlə, mədəni təşkilatçılığı bəstəkarlıqla üzvi şəkildə qovuşduran Üzeyir bəy Hacıbəyli bir neçə ildə misilsiz bir istedadla dalbadal «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1910), «Şah Abbas və Xurşudbanu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) muğam operalarını; «Ər və arvad» (1910), «O olmasın bu oslun» (1911), «Arşın mal alan» (1913) musiqili komediyalarını yaratmışdır. O, musiqi fəaliyyətini əvvəlcə «Nicat» cəmiyyətinin teatr truppası ilə həyata keçirmiş, 1914-cü ildən isə teatr cəbhəsində ona qoşulmuş böyük qardaşı Zülfüqar bəy Hacıbəyli (1884-1950) və coşğun publisistliyə başlamış kiçik qardaşı Ceyhun bəy Hacıbəyli ilə birlikdə «Hacıbəyov qardaşlarının opera-operetta artistləri dəstəsi» ilə davam etdirmişdir.
Üzeyir bəy 1918-ci ilin mart soyqırımı günlərində erməni terrorundan yaxa qurtararaq truppa ilə birlikdə bir neçə aylığa İrana səfər etmiş, burada tamaşalar hazırlamışdı. Təəssüf ki, Sovet dövründə bu məcburi mühacirət «qastrol» kimi qələmə verilmişdir. Azərbaycan Cümhuriyyətinin elan olunmasını həyat və mübarizə məramının gerçəkləşməsi kimi qarşılayan Üzeyir bəy Hacıbəyli 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni-daşnak, rus-bolşevik, ağqvardiyaçı və ingilis işlağından azad etdikdən sonra dərhal Vətənə dönmüş, «Azərbaycan» qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti ilə milli dövlət quruculuğuna bacardığı qədər kömək göstərmişdir. Bu dövrdə Üzeyir bəy Cümhuriyyətin himnini və bir sıra marşlarını, «Azərbaycan» və «Dağıstan» rəqslərini yazmış, 20 ay işıq üzü görmüş dövlət nəşri türkcə «Azərbaycan» qəzetinin 15 aylıq dövrünün redaktoru olmuşdur.
Üzeyir Hacıbəyli 1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsinin qəti əleyhdarı olmuş, ömrü boyu bunun acısını dadmışdır. O, azı 2 dəfə repressiyadan xilas olmuş, ayrı-ayrı illərdə təqib və qınaqlarla üzləşmişdir. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin tərkibində Paris sülh konfransına getmiş qardaşı Ceyhun bəy Hacıbəylinin 28 aprel çevrilişindən sonra mühacirətdə qalması da bəstəkar üçün ciddi töhmət və qara-qorxu olmuşdur. 1920-ci ilin aprel-mayında XI qırmızı ordunun Azərbaycanı «azadlıq» şüarı altında işğal etdiyi, Gəncə qiyamını qan dənizində boğduğu günlərdə Üzeyir bəyi tüğyan edən erməni-rus çathaçatından güc-bəla Nəriman Nərimanov qurtara bilmişdi. Getdikcə Nərimanova da diş qıcırdan Əliheydər Qarayev kimi «sol kommunistlər» və erməni-rus şovinistləri Üzeyir bəy Hacıbəylini daim qorxu və təhdid altında saxlamışlar. Bu dövrdə Siyasi İdarəyə rəhbərlik edən Mircəfər Bağırov da Üzeyir bəyi bacardığı qədər qorumuşdur. Yeri gəlmişkən bildirək ki, bu mülahizələr dildə-ağızda gəzən rəvayətlərə əsaslanır.
N.Nərimanov Moskvaya aparıldıqdan, M.Bağırov siyasi cəhətdən nəzərdən salınıb Tiflisdə L.Beriyanın himayəsinə sığındıqdan sonra bəstəkarın başı üstünü yenidən qara buludlar almışdır. Bu müddətdə Üzeyir bəy konservatoriyanın rəhbərliyindən və fəal mədəni quruculuq prossesindən kənarlaşdırılmışdı. Bütün bunlara baxmayaraq, 1920-1930-cu illərdə Üzeyir bəy Hacıbəylinin əsərləri səhnədən düşməmiş, o, imkan verildiyindən də artıq dərəcədə milli-mədəni quruculuqda iştirak etmişdir. Milli Konservatoriyanın, bir sıra mədəni təsisatların və musiqi kollektivlərinin formalaşdırılması, xalqın musiqi irsinin toplanması və öyrənilməsi, milli musiqi nəzəriyyəsinin və bəstəkarlıq məktəbinin yaradılması kimi tarixi işlər də o dövrdə Üzeyir bəy Hacıbəylinin rəhbərliyi və fəal iştirakı ilə həyata keçirilmişdir.
Bütün bu ictimai-mədəni fəaliyyəti, nadir istedadının parlaq əsərləri ilə Üzeyir bəy siyasi intriqaların, ona qarşı yönəlmiş çeşidli fitnə və qəsdlərin fövqündə dururdu. Yeni yaradılan «sovet mədəniyyəti»nin o illərdə, sadəcə olaraq, Üzeyir bəysiz keçinməsi mümkün deyildi. Beləcə, XX əsrin 20-30-cu illəri Üzeyir bəy Hacıbəylini təkcə Azərbaycanda deyil, SSRİ-də və dünyada da görkəmli bəstəkar kimi tanıtdı. Sovet dövründə Qərb musiqi janrlarında müxtəlif əsərlər yazması, xüsusən, 1932-1937-ci illərdə «Koroğlu» operasını yaratması Üzeyir bəy Hacıbəylini daha da məşhurlaşdırdı. Dahiyanəliklə yazılmış bu əsər, müəyyən mənada, Üzeyir bəyi 1937-ci ilin repressiyasından da xilas etdi.
Ayrı-ayrı tədqiqatçıların dediklərindən məlum olur ki, Üzeyir bəyin Sovet dövründə sağ qalması və yazıb-yaratması həm də kommunist diktator İ.Stalinin onu 1905-1907-ci illərdə Bakıdan şəxsən tanıması və sonralar unutmaması ilə bağlıdır. 1932-ci ildə Azərbaycanın kommunist rəhbərliyini ələ keçirən «keçmiş Müsavat xəfiyyəsi» M.Bağırov da, görünür, Stalinin göstərişiylə Üzeyir bəy Hacıbəyliyə hörmət və ehtiram ilə onun yaradıcılıq imkanlarını artırmış, mövcud cəmiyyətdə nüfuzunu təmin etmişdir.
V. ÜZEYİR BƏYİN ÖZƏLLİKLƏRİ, MÜASİRLƏRİ, VARİSLƏRİ
Üzeyir bəy Hacıbəylinin öyrənməyə, kamal-ədəbə, özünü ifadə etməyə qeyri-adi marağı erkən yaşlarından özünü göstərmişdir. Şuşanın aşıb-daşan musiqi həyatı onu da mahnılar oxumağa, alətlərdə çalmağa, tanınmış ifaçılarla yaxınlaşmağa həvəsləndirmişdir. Bəstəkar sonralar xatırlayırdı: «Mən ilk təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən «muğam» və «təsnif» oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər».
XIX əsrin sonlarında Şuşanın mədəni həyatında tamaşalar artdıqca balaca Üzeyirin teatr haqqında təsəvvürləri də sürətlə formalaşıb ciddi marağa çevrilmişdi. Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı «Məcnun Leylinin qəbri üstündə», Şuşa müəllimlərinin səhnələşdirdiyi Ə.b.Haqverdiyevin «Dağılan tifaq» faciəsində Üzeyir məktəblilərlə birlikdə xorda oxumuş, nəğmə ifa etmişdi. Mirzə Fətəli Axundzadənin əsərlərinin səhnələşdirilməsi isə onda dramaturgiyaya maraq yaratmışdı: «Mirzə Fətəlinin pyesləri məndə birinci dəfə teatr əsəri yazmaq həvəsi oyatdı». Şuşada olarkən Üzeyir nağıllardan ibarət şəkilli «Kitabi-məzhəkə» adlı toplu da tərtib etmişdi.
Üzeyir bəyin Peterburqda və Varşavada inşaat mühəndisi ixtisası almış, geniş dünyagörüşlü böyük dayısı Ağalar bəy Əliverdibəyov (1872-1953) onun ilk musiqi müəllimi olmuş, uşağı bədii yaradıcılığa həvəsləndirmişdi. Kiçik dayısı Bahadur bəy Əliverdibəyov (1883-1953) isə Xarkovda həkim təhsili almışdı, tarda milli musiqini gözəl ifa edirdi. O da bacısı oğlunun musiqi qabiliyyətinin formalaşmasına təsir etmişdi. Əliverdibəyovların dərin musiqi duyumu və zövqü irsən bacısı oğlanlarına və öz övladlarına da keçmişdi. Ağalar bəy sonralar Bakıda musiqi dərsi vermiş, oğlanları – Nazim Əliverdibəyov (1926-1985) tanınmış bəstəkar, Kazım Əliverdibəyov (1934) məşhur dirijor olmuşdur.
Üzeyir bəyin xalası oğlu, Əliverdibəyovların obiri bacısının oğulları: Bədəl bəy Bədəlbəyov (1875-1932) və Əhməd bəy Bədəlbəyli-Ağdamski (1884-1954) yüksək musiqi qabiliyyətləri ilə tanınmışdır. Bədəl bəy fədakar maarif xadimi olmaqla yanaşı, Məcnun rolunda kişi ifaçı kimi musiqi tariximizə düşmüşdür. Sonralar Bədəl bəyin oğlanları Əfrasiyab Bədəlbəyli (1907-1976) bəstəkar-dirijor, Şəmsi Bədəlbəyli (1911-1986) operettalar rejissoru, nəvəsi Fəphad Şəmsi oğlu Bədəlbəyli (1947) istedadlı pianoçu və musiqi xadimi olmuşlar.
Belə bir genetik qabiliyyət və yüksək musiqi mühiti təkcə Üzeyir bəyi deyil, onun böyük qardaşı Zülfüqar bəy Hacıbəylini (1884-1950), kiçik qardaşı Ceyhun bəy Hacıbəylini (1891-1962) də sənət aləminə gətirmişdi. Zülfüqar bəy bəstəkar, Ceyhun bəy musiqiyə dərin bələdliyi ilə Üzeyir bəyin ən yaxın köməkçisi olmuşdu. Zülfüqar Hacıbəyovun böyük oğlu Niyazi Tağızadə-Hacıbəyli (1912-1984) musiqi tariximizdə görkəmli bəstəkar-dirijor, kiçik oğlu Çingiz Hacıbəyli (1913-1971) istedadlı dirijor, Üzeyir bəyin əmisi oğlu İsmayılın oğlu Soltan Hacıbəyov da (1919-1974) tanınmış bəstəkar idi.
Ümumiyyətlə, adları Üzeyir bəyin bioqrafiyasına qovuşan, onun yaratdığı çağdaş milli musiqinin ərsəyə gəlməsində, inkişafında və uğurla davam etdirilməsində yaxın qohumlar olan Hacıbəylilər, Əliverdibəyovlar və Bədəlbəylilər nadir bir sənətkarlar nəsli təşkil edirlər. Bu təkcə Azərbaycan musiqi tarixində deyil, həm də dünya musiqi aləmində diqqətçəkən bir hadisədir. Bir-birini hazırlayan, tamamlayan bu musiqi xadimləri Şuşanın bənzərsiz mədəni mühitinin yetirməsi, milli-mədəni irsiyyət faktıdır.
Mətləbə qayıdıb bildirək ki, Üzeyir bəy 1899-cu ilin yayında Qori seminariyasına sənəd verməyə gedəndə təkcə tələb olunan fənləri mənimsəməmiş, üstəlik musiqiyə, teatra, ədəbiyyata, tədqiqatçılığa dərin marağı olan, istedadı aşıb-daşan, yeni biliklərə təşnə bir yeniyetmə idi. Qəbul imtahanlarında Üzeyir bəyin xüsusi musiqi duyumu, hazırcavablığı diqqəti cəlb etsə də seminariya direktoru erməni M.Miropyevin müsəlman uşaqlara kinli münasibətindən Məhəmməd ümmətindən olanların hamısı əsas sinfə deyil, hazırlıq qrupuna daxil edilmişdir.
Üzeyir bəy musiqi dərslərində, musiqili tədbirlərin hazırlanmasında hamıdan seçilmiş, müəllimlərin köməkçisinə çevrilmişdir. Bunlar onu yaxın gələcəyin dünyada tanınan musiqiçisi kimi yetişdirmişdir. Bəstəkar bunu belə xatırlayırdı: «Seminariyada skripkada, violençeldə və nəfəsli alətlərdə çalmağı öyrəndim. Mən orada musiqi nəzəriyyəsi haqqında da az-maz məlumat ala bildim. Bakıda olarkən skripkada çalmağı və musiqi nəzəriyyəsini əsaslı öyrəndim».
Seminariya illərində (1899-1904) Üzeyir bəy o vaxt burada müsəlman şöbəsində çalışan Firidun bəy Köçərlidən, Rəşid bəy Əfəndizadədən əsl vətəndaşlıq dərsi alır. Onların köməyi ilə ədəbiyyata bələdliyi artır, şeirlər yazır, tərcümə ilə məşğul olur, publisist kimi yetişir. Seminariya dövründə Üzeyir bəyin həyatının ən mühüm faktlarından biri gələcək bəstəkar Müslüm Maqomayev və rejissor Əli Terequlovla bir sinifdə oxuması, dostlaşması olmuşdur. Çox keçmir ki, bu dostluq qohumluğa, məsləkdaşlığa, eyni cəbhədə mübarizəyə çevrilir. Əslən Volqaboyu türklərindən olan, sonralar Tiflisdə məskunlaşıb məktəb açan, şəhərin mədəni ailələrindən birinin başçısı olan Həsən Terequlovun (1835-1911) (əslində Tanrıqulov) böyük oğlu Hənəfi Terequlov (1877-1942) Qori seminariyasını 1899-cu ildə bitirmiş, qardaşının tələbə yoldaşı ilə dostlaşmış, sonralar Bakıya köçüb rejissor, teatr xadimi kimi tanınmışdır. Kiçik qardaşı Əli Terequlov (1883-1950) «Leyli və Məcnun»un tamaşaya qoyulduğu dövrdən Üzeyir bəylə bir yerdə olmuş, ömrünün axırınadək Azərbaycan mədəniyyətinə xidmət etmişdir.
Üzeyir bəy Hacıbəyli Hənəfi və Əli Terequlovların bacısı, I Tiflis Qızlar Gimnaziyasını bitirmiş Məleykə xanımla (1893-1966) Qori seminariyasında oxuduğu illərdə Tiflisdə tanış olmuş, 1909-cu ildə ailə həyatı qurmuşdur. Ailənin o biri qızını almış Müslüm Maqomayev (1885-1937) Üzeyir bəylə bacanaq olmuşdur. 1911-ci ildən Bakıya köçən Müslüm «Hacıbəyov qardaşları» truppasında fəal çalışmış, Üzeyir bəyin məsləkdaşına çevrilmişdir. Üzeyir bəyin təsiri və köməyi ilə Müslüm Maqomayev Azərbaycanın ikinci böyük bəstəkarı kimi yetişmiş, xalqımızın mədəni həyatında görkəmli mövqeyə yüksəlmişdir. Təəssüf ki, Sovet dövründə hakim dairələr «kasıb zümrədən olan» Müslüm Maqomayevi «bəy mənşəli» Üzeyir bəyə qarşı qoymağa çalışmış, müəyyən mənada buna nail olmuşdur.
Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyəti Qori seminariyasını özündən əvvəl və sonra bitirmiş soydaşlarımızla da sıx bağlı olmuşdur. Böyük ədib Cəlil Məhəmmədquluzadə, ictimai xadim və yazıçı Nəriman Nərimanov Üzeyir bəy Hacıbəyli ilə həmişə yüksək qarşılıqlı münasibətdə olmuş, bir-birini dəstəkləmiş və dəyərləndirmişlər. Üzeyir bəy kiçik yaşlarından Xan qızı Natəvanın rəğbətini qazanmış, ondan bəylik, kübarlıq xeyir-duası (Mirzə İbrahimov) almışdır. Yeri gəlmişkən deyək ki, Üzeyir bəy o illərdə ilk media maqnatı yaratmış keçmiş müəllimi Haşım bəy Vəzirovla, nədənsə, bir o qədər yaxın olmamışdır. Bu məsələnin də elmi araşdırmaya ehtiyacı var.
Gələcək bəstəkar özündən yaşlı nəslin nümayəndələrindən Sadıqcanın müşayiəti ilə oxumuş, Mirmöhsün Nəvvabın musiqi nəzəriyyəsindən bəhrələnmiş, Cabbar Qaryağdıoğlunun ifaçılığı ilə sıx təmasda olmuş, Nəcəf bəy Vəzirovu və Əbdürrəhim bəy Haqverdiyevi özünün ədib ustadları saymışdır. 1905-ci ildə Bakıya gələndən sonra gənc pedaqoq-publisist Üzeyir bəy Hacıbəyli «Kaspi» və «Həyat» qəzetləri redaksiyalarında dövrün görkəmli ziyalı xadimləri Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşovla yaxından tanış olmuş, onların təsiri ilə ideya-məfkurəvi cəhətdən sürətlə formalaşmış, bir çox cəhətdən bu insanların xəttini tamamlamış, ictimai-mədəni mühitdə nadir bir mövqe qazanmışdır.
Başqa bir istedadlı, millətsevər ziyalı Yusif Vəzir Çəmənzəminli isə Üzeyir bəylə məsləkdaş olmuş, onun hörmət və rəğbətini qazanmışdır. Üzeyir bəy musiqili teatr yaradıcılığında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Mirzəağa Əliyev və onların tamaşaçıları ilə fəal əməkdaşlıq etmişdir.
Üzeyir bəy Hacıbəyli özünün ideya-məfkurəvi hazırlığı, ictimai-mədəni mübarizəsi ilə, təbii olaraq, müsavatçılıq cəbhəsinə gəlib çıxmış, partiyanın qurulmasında Məhəmmədəmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli kimi milli xadimlərə hərtərəfli dəstək vermişdir. O, Azərbaycan Cümhuriyyətinin aparıcı ideoloqlarından biri kimi, milli hökumətin rəhbərləri və tanınmış xadimləri ilə bir bərabərdə dayanır.
Üzeyir bəy Hacıbəyli Qori seminariyasını bitirərkən Bakıya can atmış, bu arzusuna bir il sonra çatmışdı. Onun Bakıya gəlişi ruhun bədənə qovuşmasına bənzəyirdi. Milli burjuaziyanın dirçəldiyi və milli oyanışda maraqlı olduğu bu dövrdə Üzeyir bəy qəribə bir instinktlə bu zümrənin «pul kisəsi» ilə deyil, «ziyalılığı», «millətsevərliliyi» ilə əlaqədə olmuşdur. O, əsasən milli burjuaziyanı təmsil edən mətbuatda çalışsa da heç kəsin «pullu söz qoçusu» olmamışdır. Bu baxımdan o, Tağıyev, Nağıyev, Muxtarov, Əsədullayev və b. nüfuzlu şəxslərin yan-yörəsində fırlanan bəzi üzdəniraq ziyalılarla əks qütbdə idi. Bu, Üzeyir Hacıbəylinin öz çevrəsinə bolşeviksayağı “sinfi” münasibətindən deyil, dərin xəlqi mövqeyindən irəli gəlirdi. Üzeyir bəy ömrü boyu yalnız xalq işinə, həm də qəlbinin hökmünə xitmət etmişdir. O, heç kəsin bir qəpik pulunu yeməmiş, əksinə, böyük bir qohum-əqrəba dəstəsini istedadının qazancı ilə dolandırmış, çox sayda kasıb-kusuba, köməksiz ziyalıya da dayaq olmuşdur.
Sovet dövründə Üzeyir bəy Hacıbəyli bütün isti-soyuqlara dözərək, milli musiqimizin şəriksiz lideri olaraq qalmış, ilk bəstəkarlar və ifaçılar nəslini formalaşdırmışdır. Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Süleyman Ələsgərov kimi bəstəkarlar «milli musiqimizin atası»nın mənəvi övladlarıdır. Şövkət Məmmədova, Bülbül Məmmədov, Qurban Pirimov, Bəhram Mansurov, Seyid və Xan Şuşinskilər, Münəvvər və Yavər Kələntərlilər, Sara Qədimova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi nadir ifaçılar Üzeyir bəyin qayğısı ilə sənətə gəlmişlər.
Üzeyir bəy milli ədəbiyyatımızın Hüseyn Cavid, Cəfər Cabbarlı, Məhəmməd Səid Ordubadi, Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza kimi görkəmli nümayəndələrinin də ustadı sayılmış, onlara nəcib ziyalılıq nümunəsi olmuşdur.
Üzeyir bəy Hacıbəylini həyatı boyu millətsevər insanların rəğbəti, getdikcə güclənən ümumxalq sevgisi müşayiət etsə də bütün dövrlərdə bədxahları və nankorlar da tapılmışdır. O, azərbaycançı publisist kimi həmişə milli sapmaların, zərərli çağırış və ideyaların qatı əleyhdarı olmuş, rəqiblərinin haqsızlığını məharətlə sübuta yetirmişdir. «Leyli və Məcnun» operası xalqın ruhunu təlatümə gətirəndə Avropa qəlibində düşünənlər Üzeyir bəyi lağa qoymağa çalışsalar da tezliklə susmuşdular. 1912-1914-cü illərdə Moskva və Peterburqda ali musiqi kursları keçən bəstəkar sonrakı illərdə yüksək peşəkarlıqla yazıb-yaratmışdı.
Üzeyir bəy Hacıbəyliyə Qərb üslubunda əsərlər yazmağı «öyrətmək», guya Azərbaycan musiqisini dünya səviyyəsinə qaldırmaq üçün 1923-cü ildə R.Qlieri Bakıya ezam etmişdilər. Taleyin ironiyasından, Qlier Üzeyir bəyi öyrətmək əvəzinə, özü ondan Şərq motivlərini mənimsəmiş və «Şahsənəm» operasını bu ruhda bəstələmişdi.
VI. ZAMANDAN UCA
Sovet hakimiyyəti gələndə elə həmin gün «Hacıbəyov qardaşları truppası»nı dövlət teatrı elan etmişdilər. Üzeyir bəyi bir müddət özünün yaratdığı Konservatoriyaya və Bəstəkarlar İttifaqına rəhbərlikdən kənarda saxlamışdılar. Lakin bu dahi şəxsiyyət qüdrətli sənəti, müdrik düşüncəsi, sonsuz dözüm və təmkini, ən başlıcası, xalqına və haqqa sadiqliyi ilə irili-xırdalı düşmənlərini zaman-zaman yormuş, xalqın nəzərində müqəddəsləşərək ucalmışdı. Üzeyir bəy Hacıbəyli daşıyıcısı olduğu məfkurə və həyat məramı ilə çoxlu əleyhdar qazansa da bu, şəxsi düşmənliyə çevrilməmişdir. Onun mübarizə platforması döyüş meydanını xatırlatsa da xırda intriqalardan çox uzaq olmuşdur.
Zaman Üzeyir bəy Hacıbəylini əridə, uda bilməmiş, onun dayanmadan böyüyən, şöhrətlənən şəxsiyyətinə ehtiram göstərməli olmuşdu. «Koroğlu» operası (1937) və «Azərbaycan xalq musiqisinin əsasları» əsəri Üzeyir bəy Hacıbəylinin kimliyini bir daha təsdiqləmişdi. Onun dalbadal SSRİ Ali Sovetinə deputat seçilməsi, ali mükafatlara və titullara — Azərbaycan SSR xalq artisti (1937), SSRİ xalq artisti (1938) adlarına, Stalin mükafatlarına (1941 və 1946), «Lenin» (1938) və «Qırmızı Əmək bayrağı» ordenlərinə layiq görülməsi, Azərbaycan SSR Elmlər Akademiyasına seçilən ilk akademiklərdən biri olması (1945), Konservatoriyaya rektor (1928-1929 və 1939-1948), Akademiyanın İncəsənət İnstitutuna direktor təyin olunması (1945-1948), Bəstəkarlar İttifaqının sədri seçilməsi (1938-1948) və s. xalqa təmənnasız xidmətdən doğan, heç nə ilə qarşısı alına bilməyən qədirbilənliyin və ədalətin təntənəsi olmuşdur.
Üzeyir bəy Hacıbəyli şəxsiyyəti və sənəti həmişə milli məhdudluqdan, kosmopolitizm və nihilizmdən yüksəkdə olmuş, milli və bəşəri səciyyə daşımışdır. Beləliklə, o, zəmanənin görkəmli bəstəkarları səviyyəsinə yüksəlmişdir. Dövrün korifey musiqiçiləri R.Qlier, D.Şostakoviç, S.Prokofyev, D.Kabalevski, Y.Şaporin, M.Kobal, İ.Muradeli ona Şərqin ən böyük bəstəkarı kimi baxmış, hədsiz rəğbət və ehtiram göstərmişlər.
Peşəkar musiqimizin banisinin 50 illik yubileyi musiqi ictimaiyyəti çevrəsində, sonrakı hər onillikdəki yubileyləri isə respublika və SSRİ miqyasında, 100 illiyi YUNESKO tərəfindən təntənə ilə qeyd olunmuşdur.
Bəstəkarın Azərbaycanda və xaricdə heykəlləri, büstləri qoyulmuşdur. Yaratdığı Konservatoriya və onun bazasında formalaşmış Musiqi Akademiyası, Dövlət Simfonik Orkestri Üzeyir bəy Hacıbəylinin adını daşıyır. Bəstəkarın dünyaya göz açdığı 18 sentyabr uzun illərdən bəri Azərbaycanda Milli musiqi günü kimi bayram edilir. Onun adı minililklərin dahiləri sırasına düşmüşdür.
Üzeyir bəy Hacıbəyli 1905-ci ildə «Həyat» qəzetində yazırdı: «Avropalılar bu dari-dünyaya ana bətnindən mədəniyyətli düşməyiblər… Biz türklər də əl-ələ verib, cümləmiz mədəniyyət və mərifət sarayına daxil olmağa amadəyik. Çifayda, bəzi fasid və məfsud şəxslər belə bir fürsətli həngamda bizlərə xələl yetirir…». Tarixin bu «ölüm-qalım» məsələsini aydın dərk edən Üzeyir bəy Hacıbəyli sonrakı 43 illik həyatını xalqımızın tarixin «mədəniyyət və mərifət sarayına» layiqincə daxil olmasına sərf etdi.
Üzeyir bəy bir il sonra isə yazırdı: «Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba?!». Bu böyük soydaşımızın peyğəmbərcəsinə xəbərdarlığı, ayıq-sayıqlığa çağırışı idi. «Qələmin müqəddəs vəzifəsi gərək həqiqəti söyləmək olsun» deyən Həsən bəy Zərdabidən estafeti qəbul edən Üzeyir bəy Hacıbəyli də bu həqiqəti deməkdən qorxmamışdı. «Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir» deyərək açıqca yazmışdı: «Özgə xalqın kişiləri bir-birinə mədəd yetirib; dövlətli kasıba, qüvvətli zəifə, elmli elmsizə arxa olub deyir: «Belə olmasa işimiz düz gətirməz, yox olarıq!» Bizim kişilərimiz bir-birinin ayağından çəkib, dövlətli kasıbın, qüvvətli zəifin, elmli elmsizin üstünə minib deyir: «Mənə belə xoşdur, altda qalanın canı çıxsın».
Millət fədaisinin bu sözləri bu gün də vicdanı ayıq olan kimsəni tirtədirsə, demək, Üzeyir bəy Hacıbəylinin başladığı, çox şeyə nail olduğu mübarizə yolunda indiki nəsillərin görəcəyi işlər az deyil.
Sovet dövründə həqiqəti açıq sözlə, aydın mətnlə deməyin mümkünsüzlüyünü görən qüdrətli publisist musiqinin kodlaşmış dilinə üstünlük vermişdi. Sözlə deyə bilmədiklərini «Koroğlu»nun əzəmətli, coşdurucu musiqisində ifadə etmişdi. «Koroğlu»nun təkcə uvertürası bizlərə nələri demir? «Leyli və Məcnun» milli musiqimizin kökü idisə «Koroğlu» kol-budaqlı gövdəsi oldu. Bu musiqi 50 milyonluq xalqımızı dərin və uca bir hissiyyatla – sevgi və qəhrəmanlıq duyğularıyla ayağa qaldırır, bütövləşdirir.
Bu dahi insanın şəxsiyyəti ali keyfiyyətlərlə – dərin hissiyyat, güclü zəka, tükənməz enerji və bol şəfqətlə tamamlanmışdı. Üzeyir sənəti ayrı-ayrı bədii ifadə sahələrini əhatə edərək estetik bütövlük təşkil edir. Üzeyir bəyin dünya səviyyəsində tanınan bəstəkarlığını onun filosofluğu, ədibliyi, müəllimliyi, rejissorluğu, təşkilatçılığı, ictimai xadimliyi bəzəyir. O, sözünü, məramını birbaşa və dolayısı ilə, ciddi və yumorla, yumşaq və satirik kəskinliklə, rahat və bitkin ifadə etməyi bacarmışdır.
Üzeyir bəy Hacıbəyli 1948-ci ildə ağır xəstəlikdən sonra noyabrın 23-də görkəmli ziyalıların əhatəsində, xalqın sağlıq diləkləri içərisində, «peyğəmbər yaşı» deyilən ömrünün 63-cü ilində dünyaya gözlərini əbədi yummuşdu. Son sözləri Səməd Vurğuna dediyi klassik bir şairin misrası olmuşdu:
Köçmək gərək bu dari-fənadan yavaş-yavaş…
Səməd Vurğun isə xalqın bu misilsiz itkisini belə ifadə etmişdi:
Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy vurub dağlardan keçməyəcək…
Ölüm sevinməyin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…
Üzeyir bəy Hacıbəylinin dəfni də şəxsiyyətinin nəhəngliyi və sənətinin əzəmətinə layiq olmuşdur. Bu dəfn Azərbaycan tarixinə ən ağrılı matəmlərdən, ən izdihamlı vidalaşmalardan biri kimi düşmüşdür.
Milli musiqimizin atasının cismani yoxluğu onun möhtəşəm sənətini soldura, yaratdığı məktəbi yox edə bilmədi. Üzeyir bəy Hacıbəyli Azərbaycan xalqının ölməz ruhundan doğularaq onun milli varlığına qarışmışdır. Bu, həqiqi mövcudluq, ruhi ölməzlikdir.
YARARLANILMIŞ ƏDƏBİYYAT
1. Üzeyir Hacıbəyov. Əsərləri 4 cilddə. Bakı: “Elm”, 1964-1968.
2. Qulam Məmmədli. Üzeyir Hacıbəyov salnaməsi. Bakı: “Azərnəşr”, 1984.
3. Üzeyir Hacıbəyov. Albom. Bakı: “İşıq”, 1985.
4. Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: “Azərbaycan”, 1996.
5. Mirzə İbrahimov. Tufanlara kömək edən bir qələm. Bakı, 1987.
6. F.Köçərli. Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri. Bakı, 1965.
7. Bəstəkarın xatirəsi. (Məqalə və xatirələr toplusu). Bakı: “Azərnəşr”, 1976.
8. Mirabbas Aslanov. Üzeyir Hacıbəyov – jurnalist. Bakı, 1985.
9. Mirabbas Aslanov. Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı. Bakı, 1994.
10. Azərbaycan Sovet Ensiklopediyası, X cild. Bakı: ASE, 1987.
11. Azərbaycan tarixi. IV-VII cildlər. Bakı: “Elm”, 2007-2008.
12. Üzeyir bəy Hacıbəyli. Bayrağımız sarsılmaz. Tərtibçi Kənan Aslan. Bakı: “Avrasya Press”, 2011.
13. Nəşrlərdə kənarda qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri. Ü.Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilir. 2 cilddə. Tərtibçi prof. Şirməmməd Hüseynov. Bakı: “Elm”, 2010.
14. Rəhim Nağıyev. Üzeyir Hacıbəyovun estetik görüşləri. Bakı, 1985.
15. Səadət Qarabağlı. Üzeyir Hacıbəyovun publisistikasında musiqi məsələləri. Bakı: “Pedaqogika”, 2004.
16. Qarabağlı Saleh bəy. Korifey. Bakı, 2007.
Tahir AYDINOĞLU,
əməkdar jurnalist, “Həsən bəy Zərdabi”
və “Ali media” mükafatçısı
gunaz.tv

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma