Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı Gəlin

Standard

Anan ölsün, nənən ölsün, yoxsa Sinan ölsün Sarı Gəlin?…

“Sarı Gəlin” mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir.
Mahnının olduqca populyarlıq qazanmasının və sevilməsinin ikinci səbəbi isə onun məzmunu ilə bağlıdır. Mahnıda bir nakam eşq hekayəsindən bəhs edilir və bu hekayət olduqca təsirli sözlərlə təsvir olunur. Mahnını çox sevdirən üçüncü cəhət isə onun melodiyasının yenə xalq yaradıcılığının başqa bir nümunəsi olan aşıq sənətindən qaynaqlanmasıdır. İlk baxışdan hər nə qədər bu mahnının aşıq havaları ilə uyğunluq təşkil etmədiyi təsəvvürü yaransa da, mahnıya diqqətlə qulaq asdıqda onun melodiyasının alt qatlarından ən qədim aşıq havalarından olan “İrəvan çuxuru”nun ritmləri aydın sezilir. Sanki “İrəvan çuxuru” havası “Sarı Gəlin”də daha ləng, daha aramla, daha həzin və qəmli şəkildə səslənməklə bu eşq hekayətinin bitməsini istəmir, bu çarəsiz eşqə yas tutarcasına həzin-həzin inildəyir. Bəs, təpədən-dırnağa istər sözləri, istər musiqisi və istərsə də qəmli məzmunu ilə türk ruhunun daşıyıcısı olan bu mahnıya niyə başqaları sahib çıxmağa çalışır?! Bu mahnının gerçək tarixçəsi varmı?! Varsa necədir?! Bu araşdırmamızda yuxarıdakı suallara cavab tapmağa çalışacağıq.

Xalq hekayəti Sarı Gəlin Hüseyn Cavid yaradıcılığında

Əvvəla, qeyd etmək lazımdır ki, “Sarı Gəlin” mahnısının mövzusu folklor nümunələrimizdən biri olaraq uzun müddət şifahi xalq ədəbiyyatımızda mövcud olub. Sonra musiqiləşib, daha sonra isə bu mahnının hekayəti böyük dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin süjetində qismən öz əksini tapıb. “Şeyx Sənan”da da, “Sari Gəlin”də də aşiq müsəlman, məşuqə isə xristiandır. Hər iki yaradıcılıq nümunəsi dramatik süjet üzərində qurulub və s. Lakin oxşarlıq bununla bitmir. Ona görə də, daha ətraflı izahata keçək.
Görünür dahi Hüseyn Cavid “Şeyx Sənan”ı yazanda əsərin əsas süjet xəttinə o zamanlar el arasında şifahi folklor nümunəsi kimi mövcud olan hadisəni daxil edib. Əlbəttə, süjet Cavid intellekti, zəkası, elmi-fəlsəfi dünyagörüşü, parlaq istedadı və mükəmməl ədəbi düşüncəsi ilə olduqca zənginləşdirilir. Oxucunu dini fəlsəfə ilə dünyəvi fəlsəfənin ziddiyyətləri, bəlkə də, harmoniyası ilə üz-üzə qoyur. Ancaq eyni zamanda, bu zənginliyin içərisində sadə və səmimi ana xətt, əzəli və əbədi nakam eşq hekayəsi bir inci kimi parıldayır.
Məqsədimiz əsərin bədii keyfiyyətlərini təhlil etmək olmadığı üçün elə buradaca “Şeyx Sənan”la “Sarı Gəlin” arasındakı əlaqənin nə ilə bağlı olduğunu aydınlaşdırmağa çalışaq.

İlkin yazılı mənbə doğrudan da ilkdirmi?!

Bu yarımbaşlığı təsadüfi seçmədik. Ancaq mövzumuzla birbaşa əlaqədar olduğu üçün indi istinad edəcəyimiz mənbəni şərti olaraq ilkin yazılı mənbə adlandıracağıq (sonra isə daha qədim yazılı mənbəyə üz tutacağıq). Bu mənbədə “Sarı Gəlin” mahnısının tarix ilə bağlı olduqca maraqlı faktlar var. Mənbə kimi təqdim etdiyimiz əsər Osmanlı yazarı Ahmet Refik Altunayın “Kafkas yollarında” adlı xatirələr kitabıdır. Müəllif Birinci Dünya müharibəsi dövründə yüzbaşı rütbəsi ilə Osmanlı ordusunda xidmət etmiş bir hərbçidir. Müharibədən sonra İstanbul Dərülfünunda (universitetində) Osmanlı tarixi müəllimi olmuş və müxtəlif vəzifələrdə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra ermənilərin türklərə qarşı törətdiyi soyqırımı və cinayətləri yerindəcə təsbit etmək və dünyaya çatdırmaq məqsədilə İstanbulda xarici jurnalistlərdən ibarət bir heyət düzəldərək, 1918-ci ilin 17 aprel, 20 may tarixləri arasında Anadoluya səfər təşkil edir. Səfər çərçivəsində Karsa, Sarıqamışa, Ardahana, Artvinə, Batuma və s. qədər həmin heyətlə bərabər gəlib çıxır. Müəllif Anadolunu dolaşıb erməni vəhşilikləri ilə yanındakı nümayəndə heyətini tanış etməklə bərabər, bu faciə ilə bağlı yaranmış ağıları, folklor nümunələrini bəzi hallarda isə, ayrı-ayrı insanların şəxsi faciəsini qələmə almışdır. A.R.Altunay qeyd edir ki, Anadolunun ən ucqar nöqtələri olmasına baxmayaraq, burada yaşayan insanlar çox səlis türkcə danışırlar. Bu qeyddən sonra müəllifin verdiyi şeir və yazı nümunələrinə baxdıqda aydın olur ki, onun “səlis türkcə” kimi xarakterizə etdiyi dil Azərbaycan türkcəsidir. Ardahanın Mərdinik kəndində Əli adlı bir şəxslə qarşılaşan Altunayın diqqətini onun şəxsi faciəsi və oxuduğu mahnı çəkir. Əli əslən ermənilərin viran qoyduğu Oxçu kəndindəndir. Təxminimizə görə, bu kənd hazırda Ermənistanın Amasiya rayonunun (Şörəil mahalı) Oxçuoğlu kəndidir… Kəndin əhalisinin bir qismi erməni-rus birləşmələri tərəfindən öldürülüb, bir qismi qaçqın düşüb. Tale Əlini Ardahanın Mərdinik kəndinə gətirib çıxarıb (Qeyd: Ardahanla Amasiya bitişik coğrafiya olduğu üçün əhalinin əvvəlcədən sıx dostluq və qohumluq əlaqələri olub). Əli şamlı dağlara, Koroğlu təpələrinə, oradan doğan səhər günəşinə baxaraq elə həzin türkülər oxuyur ki, elə bil ruhu eşqdən yanan bu mahnıları yaradan, qəlbinin kədərini (ələmlərini) həzin bir fəryadla ruhumuza ötürmək istəyən aşiq, o, özüdür. Bu fikri Əlini dinləyən Altunay söyləyir. Onun ən gözəl mahnısı isə “Sarı Gəlin”dir.

Bir mahnının üç sirri…

R.Altunay mahnının mövzusu haqqında belə bir hekayə nəql edir. Bir türk gənci kəndində yaşayan bir xristian qızı sevir. Səhərlər tarlaya gedərkən arxasından onu izləyir, axşamlar sürülər ağıllarına dönərkən sevgilisinin gözəlliyini seyr edərək ruhunun atəşini təsəlli etməyə çalışır. Fikrən, hissən qıza o dərəcədə aşiq olur ki, bir bazar günü əlinə bir xaç alaraq səhər xristianlarla bərabər kilsəyə gedir. Bir küncdə durub sevgilisinin və onun dinindən olanların ibadətini seyr edir. Sonra isə yanıqlı və həzin səslə aşağıdakı mahnını oxumağa başlayır:

Vardım kilsəsinə baxdım xaçına
Mail oldum bölük-bölük saçına
Qız seni götürəm İslam içinə
Vay Sinan ölsün Sarı Gəlin
Ah, seni vermem dünya malına

Təəssüf ki, R.Altunay mahnının yalnız bir bəndini verir. Ancaq elə bu bir bənddəcə olduqca maraqlı informasiya var. Birincisi, mahnının tarixçəsindən bəlli olur ki, bir türk gənci öz kəndində yaşayan xristian sevgilisi üçün bu mahnını yazıb. İkincisi və ən önəmlisi odur ki, mahnının müəllifinin adı Sinandır. Üçüncüsü isə odur ki, xristianlar və müsəlman türklər eyni kənddə bərabər yaşayırlar. Bu nə deməkdir? Bu suala bir az sonra cavab verəcəyik. İndi isə biz artıq bilirik ki, mahnının müəllifi Sinan adlı bir müsəlman türkdür (müsəlman türk sözünü təsadüfi işlətmirik: – 1). Biz həm də onu bilirik ki, Anadoluda Sinan kimi tələffüz olunan adı biz Sənan kimi ifadə edirik. Deməli mahnıdakı Sinan ilə Hüseyn Cavidin Sənanı eyni şəxsdir.

Şeyx Sənan fəlsəfəsi və məhəbbət

Böyük Cavid isə bu hekayəni fəlsəfi dramaya çevirmək üçün Sənanı Mədinəyə, Məkkəyə apararaq onu İslam dinində şeyx rütbəsinə qədər ucaldır. Sadə xristian qızını isə rahibəyə çevirir. Beləliklə, məsələni dramatikləşdirir, ona ümumi dini-fəlsəfi və dini ictimai kontekstdə yanaşır.
Dini ayrı-seçkiliyin və mövhumatın insanlığa gətirdiyi bəlaları qabarıq şəkildə təqdim etməklə insanlara ibrət dərsi verməyə çalışır. Eyni zamanda, xristian və İslam dininin ümumi təkallahlılıq fəlsəfəsindən çıxış edərək Şeyx Sənanın humanist yanaşması ilə iki din arasında kəskin tənqidi mövqeləri yumşaldır. Şeyx Sənan qızın ona verilməsi müqabilində, əvvəlcə, şərab içməyi qəbul edir, ona rişxənd edən dostlarına bunun Allahın yaratdığı nemət olduğunu xatırladır, daha sonra xaç taxır və bunu da dinimizdə İsanın da peyğəmbər kimi qəbul edildiyi ilə izah edir. Sonra “Qurani-Kərim”i yandırır və buna etiraz edən üləmalara yandırılanın, sadəcə, kağız və mürəkkəb olduğunu, “Qurani-Kərim”in isə ilahi hikmət kimi əbədi olacağını söyləyir. Daha sonra isə donuz otarmağı da qəbul edir və bunu isə sevgilisinə adi xidmət kimi təqdim edir. Beləliklə, sevginin, eşqin ən ülvi, ən ali hiss olduğunu sübut etməklə bu hissləri ona bəxş edən Allahın onu bağışlayacağına da əmin olduğunu bildirir. Bu, bir möminin, ilahiyyət aliminin, şeyxin kamil imanından, mükəmməl dünya görüşündən, ali və humanist inancından doğan mövqeyidir. Bu mövqedə kiçik tərəddüdləri olan şeyx üzünü Allaha tutaraq şikayətlənir.

Yandım Allah, nədir bu işgəncə?
Həm də dəhşətli, datlı əyləncə
Atəşi eşq bir şəadət imiş
Bu da bir başqa dürlü cənnət imiş,
Bəndə yox iştika, fəqət yarəb!
Yokmudur səndə mərhəmət ya rəbb!
Gəliyor həp bu hiylələr səndən,
Bəni bilməm niçin yaratdın sən?!

Şeyxin bu tərəddüd və şikayətlərinə isə ilahi tərəfindən göndərilmiş bir mələk cavab verir.

Hiç mərak etmə, möhtərəm Sənan
Səni əsla unutmamış Yaratan
Sana xaliq olub yeganə pənah,
Həm şəfaətçidir Rəsulüllah.
Səni təqdis edər mələklər, inan,
Heç təlaş etmə, gəl, böyük Sənan

Bu ilahi sözlərlə böyük şeyxin təlaş və intizarına son qoyulur. Allahın onun yanında olduğu bildirilir. Dolayısı ilə onun eşq uğrunda atdığı addımlara bəraət verilir. Buna görə də, Şeyx Sənanı da, Sinanı və Sarı Gəlini də əbədiyaşar edən, məhz, eşqdir. Bu hekayənin dildən-dilə düşərək, nəsildən-nəslə ötürülməsi də, bu mahnının insanların qəlbini riqqətə gətirməsi də Allahın təqdiridir.

Adlar nə deyir?!

İndi isə yenidən mövzuya qayıdaq. Çox maraqlıdır ki, Hüseyn Cavid dram əsərindəki gürcü obrazlarının adını gürcü adlar ilə, məsələn, Serqo, Simon, Nino, ərəb obrazlarını ərəb adları ilə, məsələn, Zəhra, Əzra, Sədra, Əblülüla, Mərvan, azərbaycanlı obrazlarının adlarını azərbaycanlı adları ilə, məsələn, Oğuz, Özdəmir və s. şəklində verir. Bu, müəllifin obrazların milli xarakterinə və hətta adlarının seçiminə belə nə qədər diqqətlə yanaşdığını, bu məsələdə xüsusi həssaslıq nümayiş etdirdiyini göstərir. Belə olan halda ilk baxışda xristian gürcü kimi görünən qızın adının Xumar, atasının adının isə Platon olması təəccüb və sual doğurur. Görəsən, dahi Hüseyn Cavid gürcücə 3-4 addan başqa ad bilmirdi?! Yoxsa bilərəkdən, düşünərəkdən xristian qızın adını Xumar, atasının adını isə Platon kimi verirdi. Əlbəttə, İstanbulda təhsil alan, dəfələrlə Bakıdan Batumiyə oradan isə gəmi ilə İstanbula gedib-gələn Hüseyn Cavid onlarca, yüzlərcə, gürcü adı bilirdi. Bəlkə elə gürcü dilini də az-çox bilirdi. Bəs, nəyə görə əsərin qəhrəmanları səviyyəsinə yüksəltdiyi ata və qızın adlarını gürcü adları ilə vermirdi? Elə kilid nöqtə də burdadır. Hüseyn Cavid qəhrəmanların kimliyini ya dəqiq bilir, ya da, heç olmasa, onların gürcü olmadıqlarını dəqiq bilirdi. Ona görə də, bu obrazlara gürcü adı verməkdən imtina etmiş, onların kimliyinin araşdırılmasını gələcək nəsillərə vəzifə olaraq buraxmışdı.

Niyə Platon, niyə Xumar, yaxud H.Cavidin sirri nə idi?!

Elə isə Şeyx Sənanın aşiq olduğu xristian Xumar və atası Platon kimlər idi. Yenə Hüseyn Caviddən sitat gətirməklə Platondan başlayaq. Platon əyyaş və içki düşkünüdür. Həyat yoldaşına etdiyi zülmlərdən sonra, o, dünyasını dəyişib. Kiçik yaşlı Xumar bunların şahidi olduğuna görə evlənməməyə qərar verərək yarırahibə həyat tərzi keçirir. Platon isə xristian olmasına baxmayaraq, yerli əhali, hətta papaz tərəfindən də yad ünsür kimi qəbul edilir. Əsərdə bu ziddiyyət Simonla Serqonun dialoqunda aşağıdakı kimi tərif edilir:

Sən nə dərsin, şu dərbədər Platon
Şeyx Sənana qız verirmi?..
Simon………………..!
O bir insan ki, pək firumayə
And içib Tanri oğlu İsayə
Basmış İncilə əl, inan verəcək…
Şu hərif pək inadçıdır gerçək
Qızı bədbəxt edib də öldürəcək

Aha…! Bizcə Hüseyn Cavid bilərəkdən, ya bilməyərəkdən qəhrəmanının sirrini burada açır. Birincisi Platonu gürcü Simon dərbədər adlandırır, ikincisi fürmayə (zatı qırıq), üçüncüsü inadkar. Birinci iki keyfiyyət Platona qarşı gürcü eqoizmidir. Çünki xristian olmasına baxmayaraq, o gürcü deyil, buna görə də, gürcülər tərəfindən aşağılanır. Üçüncü keyfiyyət isə Platonun milli-etnik kaloritidir, inadkar. Onda Platon gürcü deyilsə, erməni deyilsə, bəs kimdir?! Əlbəttə, xristian qıpçaqdır. Əlbəttə…!

İlkin mənbədən daha qədim mənbələrdə “Sarı Gəlin”

Elə buradaca araşdırmamızı bir az daha dərinləşdirərək bir neçə əsr önə aparaq. “Sarı Gəlin” mahnısının xristian-qıpçaq versiyasını tapmağa çalışaq. Bir araşdırmamızda qeyd etmişdik ki, xristian-qıpçaqlar Azərbaycana səlcuqlu-islam axınından sonra ucqarlara çəkilməyə, daha çox xristian toplumlara yaxın yerlərdə məskunlaşmağa başlamışdılar. Belə mühafizəkar xristian qıpçaqlardan biri də qıpçaq Platon idi. H.Cavidə görə hadisələr Tiflis ətrafında, R.Altunaya görə isə Ardahan ətrafında baş vermişdi. Hər iki məkan xristianlıqla İslamın kəsişdiyi, yaxud iç-içə girdiyi ucqarlardır. İndi isə yuxarıda söz verdiyimiz xatırlatmaya qayıdaq. R.Altunayın nəql etdiyi hekayədə Sənan ilə, Sarı Gəlin bir kəndin uşaqları idi. Kəndin yarısı xristian, yarısı isə müsəlmandır. Deməli, bu kənddə yaşayan qıpçaq türklərinin bir qismi İslamı qəbul edib, daha mühafizəkar olan ikinci qismi, yaxud dindar elitası ənənəvi xristian dinində qalıblar. Ancaq buna baxmayaraq, qəbiristanlıqlarını hələ də ayırmayıblar. Eyni qəbiristanlıqda 100 il əvvəlki xristian türklərin müsəlman nəvəsi də dəfn olunub (yeri gəlmişkən, hazırda Gürcüstan Respublikası Dumanisi rayonunda belə bir qəbiristanlıq hələ də qalmaqdadır). Sən demə, xristian Platonun gürcü dindaşları tərəfindən xor görülməsinin, dərbədər və inadkar adlandırılmasının səbəbi onun qıpçaq olması ilə bağlı imiş…
“Sarı Gəlin”in Ukrayna, yaxud DəŞti-Qıpçaq versiyası
Yenidən qıpçaqlara və xristian qıpçaqlar arasında, özü də Azov dənizinin şimali-qərb sahillərində yaşayan xristian qıpçaqlar içərisində mövcud olan “Sarı Gəlin” mahnısının indiyə qədər bizə məlum olmayan versiyasını öyrənməyə çalışaq.
Adını bilərəkdən yazmadığımız müəllifin çox çətinliklə əldə etdiyimiz məxfi qrif adı altında qorunan əsərində mahnının orijinalı belədi:

Axız, sat`ın örmezler
Sen`i, ban`a bermezlər.
T`el, alayım, xaçayım
Xaranqılıx körmezler.

Axız, sat`ın set`iz xat
T`es birisin, bizqe sat
Anen-baben xail olsa
T`el böqeje bizqe yat.

İndi isə doğmaca dilimizdə olan bu kiçik şeiri hazırkı ədəbi dilimizə uyğun şəkildə təqdim edək və sonra təhlilə başlayaq. Şeir belə səslənir.

Ay qız, saçın hörməzlər
Səni mənə verməzlər.
Gəl, alayım, qaçayım
Qaranlıqdır görməzlər.

Ay qız saçın səkkiz qat,
Kəs birisin bizə sat
Anan-baban razı isə
Gəl bu gecə bizdə yat.

Bu şeiri qısaca təhlil etməklə biz “Sarı Gəlin” mahnısının sözlərinin məhz xristian qıpçaqlarına aid olduğunu isbat etməklə yanaşı, müasir dilimizdə səslənən mahnının sözlərinin məna tutumunun nə olduğunu da aydınlaşdırmış olacağıq. Çünki hələ də “saçın ucun hörməzlər” misrası ilə “səni mənə verməzlər” misrası arasında bir məntiqi əlaqə qura bilmirik. Yəni, “səni mənə verib-verməməklə”, “saçın hörülüb-hörülməməsinin” nə əlaqəsi olduğunu bilmirik. Elə bilmədiyimiz üçün də mahnının nəqarətində səslənən “Vay Sinan ölsün Sarı Gəlin” misrasını da gah anan ölsün, gah da nənən ölsün Sarı Gəlin kimi oxuyuruq. Onsuz da Sarı Gəlinin anası ölmüşdü. Bu nakam eşqin baş tutmamasında onun heç bir rolu ola bilməzdi. Müəllif həm də aşiq, yəni, bu mahnını yaradan və oxuyan özü-özünü qarğayırdı. “Vay Sinan ölsün” deyirdi. Əslində, bu mahnının mətnində müəllif öz adını çox açıq şəkildə göstərib. Zaman-zaman mənasını başa düşmədikcə biz onu təhrif edərək oxumağa başlamışıq.
İndi isə qayıdaq mahnının mətnindəki digər, necə deyərlər “ziddiyyətlərə”.

F.A.Nikolayevin acı və çarəsiz etirafı

Əvvəla, onu qeyd edək ki, “Sarı Gəlin” mahnısının qıpçaq versiyası 1800-cü illərin sonunda Ukraynada yaşayan F.A.Nikolayev adlı xristian qıpçağın dilindən qeydə alınıb. Eyni zamanda, həmin vaxt F.A.Nikolayevin kifayət qədər yaşlı olduğu məlum olur və o da məlum olur ki, F.A.Nikolayev ondan sonra kimlərinsə bu dildə (“öz tilimiz” adlandırdığı qıpçaq dilində) danışacağına ümidini itirdiyini bildirir. Deməli, mahnının tarixi bir az daha uzaqlara gedib çıxır. O vaxtlara ki, Qafqaz qıpçaqları ilə Dəşti-qıpçaq qıpçaqları arasında sıx mədəni, mənəvi, sosial-iqtisadi və s. əlaqələr mövcud idi. Yəni, Cənubi Qafqazda danışılan bir hekayət, yaxud oxunan bir nəğmə şifahi şəkildə yayılaraq Ukraynaya, Dnepr sahillərinə, hətta bəlkə də Dunay sahillərinə qədər yayıla bilirdi. Əks halda bu mahnının sözlərinin Azov ətrafında yaşaması mümkün olmazdı. Beləliklə, ortada isbata ehtiyacı olmayan bir həqiqət, aksioma var. “Sarı Gəlin” bir qıpçaq türküsüdür! Buraya qədər söylədiklərimiz də dediklərimizi sübut edir. Ancaq biz yenə də araşdırmamıza davam edərək detalları aydınlaşdırmaqla bir də mahnının mətnini özümüzə, yəni daxili auditoriyamıza izah edək.

Saçın ucun hörməzlər nə deməkdir?!

İlkin olaraq mahnının birinci misrasından başlayaq. Hər iki versiyada demək olar ki, birinci misra eynidir.
“Saçın ucun hörməzlər”–Azərbaycan versiyası
“Axız sat`ın örmezler”–qıpçaq versiyası.
Qədim türklərdə insanların ictimai mənşəyi, sosial statusu ilə bağlı olduqca maraqlı zahiri təzahürlər var idi. Bunlar özünü geyimdə, saç düzümündə, silahda, məişət əşyalarında və s. büruzə verirdi. Əslində indi də belədir. Üzük taxmağın, hətta onu hansı barmağa taxmağın, yaxud qadınların qaşlarını necə düzəltmələrinin və s. öz xüsusi mənası var. Sosial-ictimai mənşəyi və statusu müəyyənləşdirən belə ünsürlərdən biri də saç idi. Qədim türklər həmişə uzun saç saxlayarlardı. Uşaqlar yeniyetmə yaşlarına çatdıqda isə, qızlar oğlanlardan fərqlənsin deyə, qızların saçlarını hörərdilər. Hətta bəzi hallarda qızla-oğlanı “deyikli” elan etmək üçün valideynlər uşaq vaxtı onların saçlarının ucunu bir-birinə hörər, bir növ talelərini bir-birinə bağlamış olduqlarını bildirərdilər. Bu, əslində, indi də Azərbaycanda mövcud olan filankəsin qızı ilə filankəsin oğlu deyiklidir, yaxud beşikkəsməsidir ənənəsinin qədim variantı idi. Konkret halda, yəni tədqiq etdiyimiz mahnının mətnindən də görünür ki, aşiqin məşuquna qovuşmaq ümidi yoxdur. Məşuqə onun üçün əlçatmazdır. Onların saçı heç vaxt bir-birinə hörülməyəcək, tale ulduzları heç vaxt birləşməyəcək. Mahnıdakı həzin kədər və ürək sızıldadan qəm də elə bu ümidsizlikdir.
Novobeşevli qıpçaq Trandafilovun dedikləri
İzahımızı gücləndirmək üçün yenə 1800-cü illərdə Ukraynanın Novobeşev (Novobeşev- rusca yeni və qıpçaqca beş ev söz birləşməsindən əmələ gəlmiş toponimdir) məntəqəsində yaşayan xristian qıpçaq İ.L.Trandafilovun dilindən qeydə alınmış bir şeiri diqqətə təqdim edək.

Todora edim de, – oldum Todur,
On et`i yıl da çoban yürdüm.
Siya sat`ımı ördürmedim,
Xızlığımı da bildirmedim.

Şeirin müasir ədəbi dilimizə uyğunlaşdıraq:

Todora idim, oldum Todur.
On iki il çoban getdim
Sarı saçımı hördürmədim,
Qız olmağımı bildirmədim.

Şeir hansısa səbəbdən mərhumiyyətlərə düçar olmuş Todora adlı bir qızın dilindən yazılıb. Bu qız özünü Todur kimi təqdim edərək çoban işləyir və bu illər ərzində saçlarını oğlan kimi kəsdirir, onu hördürmür ki, qız olduğu bəlli olmasın. Bu şeir yuxarıda saçla bağlı dediyimiz sosial-mədəni statusun bir sübutudur. Deməli, saçın ucunun hörülməsi, yaxud, ümumiyyətlə, hörülüb-hörülməməsi ilə bağlı aşiqin narahatçılığı əsaslı imiş. Eyni zamanda, “saçın ucun hörməzlər” misrası ilə “səni mənə verməzlər” misrası arasında birbaşa əlaqə var imiş. Mahnının illərlə bizə gizli qalan sirlərindən birini beləcə açmış olduq. İkinci sirr isə mahnının qıpçaq versiyasının ikinci bəndinin birinci misralarındadır.

“Sarı Gəlin”in başqa bir sirri, yaxud nə üçün səkkiz qat…

Axız, saçın set`iz xat
T`es birisin, bizqe sat.

Yəni,

Ay qız, saçın səkkiz qat
Kəs birisin bizə sat.

Bu nə deməkdir? Niyə məhz səkkiz qat, böyük ehtimalla qat dedikdə səkkiz hörük nəzərdə tutulur. Bəs bu səkkiz nədir? Niyə indi də bəzi kəndlərimizdə hələ də qızların saçını səkkiz hörük hörürlər. Şüuraltı yaddaşla bizə diqtə edilən bu adəti hələ də qorumağa bizi vadar edən nədir?!
Səkkiz hörük və ya səkkiz qata keçmədən öncə elə bayrağımızdakı səkkizguşəli ulduzdan başlayaq. Lap elə istəyirsinizsə, xalı və kilimlərimizdə olan səkkizguşəli naxışlara diqqət edək. Bunların hamısının bir mənası var. Bu da Oğuz xanın 24 oğuz boyuna dünyanı zəbt etmək üçün verdiyi xəritənin koordinatları, istiqamətləridir. O gündən bu günə qədər yaşayaraq, nəhayət, bayrağımızda özünə yer tapıb. Bu səkkiz istiqamət 4 cəhəti şərq, qərb, şimal, cənub və bunlar arasında olan 4 yarımcəhəti simvolizə edir. Dolayısı ilə türklərin dünya üzərində hakimiyyətini simvolizə edir. Bu səkkiz qat, yaxud səkkiz istiqamətin məhəbbət müstəvisinə transfer edilməsinin mənası isə sevdiyinin ürəyinə hakim olmaq mənasındadır. Yəni, sənin qəlbinin tək hakimi mən olmaq istəyirəm. Burada məndən başqa heç kəsə yer olmamalıdır, mənasındadır. Göründüyü kimi, sevdiyi qızın saçları aşiqin məhəbbət dünyasıdır və bu dünyanın təkbaşına hakimi olmaq da onun arzusudur.
Mahnının üçüncü kilid nöqtəsi isə artıq yuxarıda qeyd etdiyimiz kimi, nəqarətdə Sinan sözünün anan, yaxud nənən sözü ilə əvəz edilməsidir ki, bunu da izah etdik.

Sarı Gəlinin sarı olması simvolikdir, yoxsa həqiqət?!

İzah edilməsi vacib olan düyün nöqtələrindən biri də mahnıda təsvir olunan qəhrəmanın Sarı Gəlin adlandırılmasıdır. Niyə Sarı Gəlin? Burada sarı simvolik rəngdirmi, simvolikdirsə nəyi izah edir? Yoxsa elə qəhrəman sarışın olduğu üçün Sarı Gəlin adlandırılır. Araşdırmalarımız belə bir nəticəyə gəlməyə imkan verir ki, biz cəsarətlə, tərəddüd etmədən, Sarı Gəlinin ailəsinin qıpçaq ailəsi kimi qəbul edək. Poleves (qıpçaq) sözünün mənası da elə sarı deməkdir. Deməli, böyük ehtimalla, sarı sözü elə Sarı Gəlinin dəri piqmentasiyası ilə (dərisinin rəngi) bağlıdır. Bu versiyanı qüvvətləndirmək üçün bir daha hadisənin, hekayənin yaşandığı məkana üz tutaq. R.Altunay gəzdiyi obaların Corux çayı boyunca yerləşdiyini qeyd edir. Bəs Corux nə deməkdir? Onun qıpçaqlarla bir əlaqəsi varmı? Əvvəla, qeyd etmək lazımdır ki, “Corux” bir hidronimdir. Yəni, çay adıdır. Lakin bir qədər daha diqqətlə yanaşsaq, bu sözün əgər belə demək mümkündürsə, etno-hidronim olduğunu görə bilərik.

Corux, çorlar, şorlar və Azərbaycan toponimləri…

Tarixçilərin və türkoloqların ümumi qənaəti belədir ki, çorlar yaxud şorlar hun-qıpçaq tayfalarıdır. Bu tayfaların yəni, çorların yaxud şorların adı ilə bağlı istər Azərbaycanda, istərsə də Türkiyədə, istərsə də Sibirdə və Rusiya Federasiyasının ən müxalif yerlərində çoxlu sayda toponimlər var. Çor və şor sözünün fərqli tələffüzü isə oğuz qıpçaq ləhcəsindəki fonetik dəyişmə ilə bağlıdır. Məsələn, Azərbaycanın mərkəzində və şərqində oğuzlar üstünlük təşkil etdiyi üçün şüyüd kimi tanıdığımız bitkiyə elə şüyüd deyirlər. Qərbində yəni, Gəncəbasarda isə hun-qıpçaqların nəsilləri üstünlük təşkil etdiyi üçün şüyüdə çüyüd deyirlər. Bu canlı nümunədən də göründüyü kimi, rus türkologiya elmində şorlar kimi tanınan və hazırda Novosibirskdə yaşayan və sayları 2 min olan şorlar özlərinə çor, yaxud “çor kıjı” deyirlər. Deməli, Corux çayının adı da qıpçaq çorlarla bağlıdır. Azərbaycanda isə bu söz şor şəklində işləndiyi üçün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun adında və Şirvan mahalının adında kök olaraq iştirak edir. Yerli şərurlular öz rayonlarının adını Şəril (Şor+il) kimi tələffüz edirlər. Bu şoreli (Şor El) mənasını verir və rayonun adı da etnonimdir. Şirvan sözündə də şor komponenti vardır. Burada da şor kök kimi iştirak edir. Şor+van (yəni Şirvan) burada şor yenə şorların etnik adı Van isə “Dədə Qorqud” dastanında işlədilən ban sözünün fonetik deformasiyaya uğramış formasıdır. Dastanda ağ-ban evlərdən bəhs edilir. Ban arxaik mənada yaşayış yeri, məskəni, hazırkı mənada isə evin örtüyü, üstü mənasında işlədilir. Şorlarla bağlı, başqa bir etnonim isə yuxarıda qeyd etdiyimiz R.Altunayın rast gəldiyi Əlinin mahalının adıdır. R.Altunay Əlinin Oxçu kəndindən olduğunu bildirir. Biz isə bu kəndin tarixi Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Amasiya rayonunda olduğunu qeyd etmişdik. Amasiya rayonunda Şörəil adlı mahal var idi və bu mahal Kars vadisi ilə Ardahana bitişik ərazi idi. Elə Şörəil adı da şorlarla bağlı etnonimdir. Burada da eyni ilə Şəril etnonimində olduğu kimi, şor və el komponentləri birləşərək şor eli mənasını verir. Hər iki etnonimin leksik mənası və fonetik strukturu eyniyyət təşkil edir. Sözəmələgəlmə forması da eynidir. Bu izahatımızı çox uzatmadan Corux çayının da qıpçaqlarla bağlı olduğunu diqqətə təqdim etməyi lazım bildik. Deməli, ərazidə olan adlar, toponimlər, hidronimlər də qıpçaqlarla bağlıdır. Bu isə Sarı Gəlinin qıpçaq qızı olması ilə bağlı irəli sürdüyümüz iddianı daha da qüvvətləndirir. Sarı sözünün digər mənalarına gəldikdə isə bəzi araşdırmaçılar bunu günəşlə əlaqələndirməyə çalışırlar. Doğrudur, qədim türklərdə günəş, ay hətta qor (atəş) kultu olub, ancaq konkret halda yəni, bu mahnının mətnində sarı rəngi günəşlə birbaşa əlaqədar deyil. Bu barədə bir az sonra daha ətraflı danışacağıq.

Sarı rəngi digər dastanlarımızda…

Hələliksə sarı rəngi ilə bağlı dastanlarımıza müraciət edək. Bütün türklərin ana dastanı olan “Dədə Qorqud” dastanımızda boylardan biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Elə buradaca tarixçilərimizə və ədəbiyyatçılarımıza bir irad tutmağı lazım bilirəm. Dastandakı boy Kanqlı Qoca oğlu Kanq Turalı adlandırılmalıdır. Elə orijinalda da belədir. Kanqlar isə türk boyudur və hazırda Azərbaycanda kəngərlilər kimi tanınırlar. Ancaq mən Almatı şəhərində özünü kanq kimi tanıyan canlı kanqla (posportunda qazax yazılıb) tanış olmuşdum. Dastanın qısa sujeti belədir. Qanturalın evlənmə vaxtı çatıb, o, türkmən qızına evlənmək istəmir, “mən incə-nazik türkmən qızının üstünə yıxılsam göbəyi partlayar. Mənə qılınc çalan, at çapan qız lazımdır” deyir. Üz tutur iç oğuza qız bəyənə bilmir. Sonra dış oğuza yenə axtardığını tapa bilmir. Nəhayət, qalın oğuzun sərhədlərini aşaraq Trabzonda, kafir elində sarı donlu Selcan xatunun sorağını alaraq oraya gəlir. Sarı donlu Selcan xatunu almaq üçün buğayla, buğrayla (nər) və aslanla savaşmalı olur. Və nəhayət, qızı alaraq Qalın Oğuza geri dönür. Göründüyü kimi, Selcan xatun sarı donludur, kafirdir (qeyri-müsəlman), bundan qalan digər məsələlərdə onun mənsub olduğu tayfa ilə Oğuz tayfaları arasında heç bir fərq, dil, mədəniyyət, məişət və s. yoxdur. Deməli, sarı donlu Selcan xatun xristian qıpçaq qızıdır.

“Danışməndnamə” dastanında xristian qıpçaqlar

“Hər bir xalq öz milli mədəni yaddaşı qədər mövcuddur, yaxud Akdamar erməni kilsəsidirmi?” adlı məqaləmizdə Trabzonda çarlıq qurmuş xristian qıpçaqlardan bəhs etmiş, onların hökmdarlarının adının Tadik olduğunu və bu ada Orxan-Yenisey abidələrində, Göytürk mətnlərində də rast gəlindiyini vurğulamışdıq. Hətta “Danışməndnamə” dastanından sitat gətirərək bu xristian qıpçaqların yunanlarla bərabər Aybastı yaylasında (indiki Ordu şəhəri yaxınlığında, Türkiyədə) səlcuqlu sərkərdəsi Məlik Danışmənd Qaziyə qarşı vuruşduğunu, birləşmiş qıpçaq-yunan ordusuna rəhbərlik etdiyini bildirmişdik. Trabzon ətrafında qıpçaqların (caniklərin) məskunlaşma tarixini isə e.ə. IV-III əsrlərə başqa bir ehtimalla isə VII-IX əsrlərə aid olduğunu söyləmişdik. Əgər nəzərə alsaq ki, “Dədə-Qorqud” dastanında baş verən hadisələri də tarixçilərimiz həmin dövrə aid edirlər (mən bu fikirlərlə qismən razıyam – H.B.) onda sarı donlu Selcan xatunun da kral Tadikin mənsub olduğu qıpçaqlardan olması versiyasını irəli sürə bilərik. Deməli, artıq əlimizdə iki dəqiq mənbədən gələn iki qıpçaq qızı haqqında məlumat var. Hər iki halda onlar sarı rəngi ilə bağlıdırlar. Onda biz məsələni belə qoymalıyıq, ya qıpçaq qızları doğrudan sarışın gözəl idilər, ya da bütövlükdə sarı rəng ümumən qıpçaqları simvolizə edir.

“Oğuz Xan” dastanında qıpçaqların anası necə təsvir edilir?

Gəlin elə buradaca başqa bir dastanımıza müraciət edərək qıpçaq və sarı rəngi arasında olan bağlılığı aydınlaşdırmağa çalışaq. Bu mötəbər mənbə “Oğuz Xan” dastanıdır. “Dastanda qeyd edilir ki, bir gün Oğuz Xan meşədə ov edərkən birdən gölün ortasında bitmiş ağacın koğuşunda bir qız görür. Qızın gözü göydən daha göy, saçları sarı, dəniz kimi dalğalı, dişləri inci kimi idi. Oğuz Xan bu qızla evlənir. Dastanı davam etdirmədən dərhal mövzumuza aid olan məqamlara diqqət edək. Deməli, mavi gözlü, sarışın qız ağac koğuşunda oturmuşdu. Bu koğuş sözünün arxaik türkçəmizdəki forması “qapuçuq”dur. Bütün tarixçilər və türkoloqlar da qıpçaq sözünün məhz “qapucuq”, yəni koğuş sözündən törəndiyini mübahisəsiz qəbul edirlər. Deməli, ilkin mənbədən başlayaraq qıpçaqlar sarı rəngi ilə bağlı olublar. Çünki saçları və sifətləri sarışın idi. Elə ruslar da qıpçaqlar ilə rastlaşanda onları bu keyfiyyətlərinə görə sarışın (poloves) adlandırıblar. Sarı Gəlin də qıpçaq qızı olduğu üçün sarışın idi və mənsub olduğu kökün keyfiyyətlərini daşıyırdı. Yəni, burada abstarktizmə ehtiyac yoxdur. Sarı Gəlin Günəş zad deyil. Elə indi də türk kişilərinin çox sevdiyi sarışın gözəldir.

“Sarı Gəlin” ermənicə necədir?!

Yaxşı, bəs “Sarı Gəlin”ə sahib çıxmaq istəyən ermənilər heç özlərinə sual vermirlərmi ki, nəyə görə bu mahnını türkcə yazıblar?! Axı hər xalqın yaradıcılıq nümunəsi öz dilində olur. Bu suala qoy ermənilər və onları müdafiə edənlər cavab versinlər. Çünki bu cavab necə olsa da sadəcə absurd olacaq.
Biz isə ermənilərin əvəzindən də zəhmət çəkib onların dilində Sarı Gəlinin necə olduğunu dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Ermənilər (haylar) sarıya- “değn” deyirlər, gəlinə isə “hars”. Əgər çox xoşları gəlirsə, gedib özlərinə “değn hars” mahnısı yaratsınlar.“Sarı Gəlin” isə bizimdir!

Elə indi də mahnılarımız təhrif edilir

Əslində bu gün də mahnılarımızın sözləri müğənnilərimiz tərəfindən çox hallarda təhrif olunaraq oxunur. Təəssüflə qeyd etməliyik ki, “İrəvanda xan qalmadı” adlı xalq mahnımız əvvəllər İrəvanda xal qalmadı şəklində təhrif edilirdi. İndi isə çox hallarda “Qarabağda xal qalmadı” kimi oxunur. Bu qətiyyən yolverilməzdir. Çünki xalq mahnıları konkret tarixi şəraitdə yaranmaqla dövrün hadisələrini özündə lokalizə edir və informasiya mənbəyi rolunda çıxış edir. Məsələn, “İrəvanda xan qalmadı” mahnısı İrəvan xanlığının süqutunu və oradakı dəhşətli köçü özündə əks etdirir. Sonralar da bir başqa aşıq sevgilisinin köç etməsini, özü üçün şəxsi müstəvidə faciə sayaraq onu İrəvan köçünün faciəsinə bənzədir. “Gilavar”ı havası üstündə aşıqlarımızın oxuduğu mahnının sözləri aşağıdakı kimidir:

Ay ağalar, gedənə bax, gedənə
Məni gözü yaşlı qoyub yar gedir.
Yüklənibdir qəflə, qatır barxana
Elə bil ki, külli İrəvan köçür.

Bütün bunlar olduqca maraqlı və xüsusi tədqiqat tələb edən mövzulardır. Ona görə də, milli-mədəni sərvətlərimiz olan, mənəvi dünyamızın bütün atributlarına, o cümlədən, mahnılarımıza olduqca həssas yanaşmalı, onları təhrif etməməli, yeri gəldikcə izahedici fikirlər söyləməklə yaddaşımızı təzələməliyik. Əks halda “Sarı Gəlin” mahnısını izah etmək üçün xüsusi tədqiqat apardığımız kimi digər mahnılarımızın da bizə aid olduğunu isbat etmək üçün bu zəhmətə qatlaşmalı olacağıq. O da özümüzdə fədakarlıq və milli təəssübkeşlik tapsaq.
Qeyd: Bu araşdırmanı tamamlamaq üçün dörd ölkənin Türkiyənin, Qazaxıstanın, Ukraynanın və Azərbaycanın arxiv materiallarından istifadə etməli oldum. Qazaxıstanın Ekonomika və Konsoltinq Universitetinin kitabxanasından qazax dostlarım mənə dəyərli məlumatlar göndərdilər. Ancaq bununla yanaşı, axtardığım mənbələri tapmağıma məncə “Sarı Gəlinin ruhu” kömək oldu. Əks təqdirdə illərlə axtarsan belə bəzən lazımi məlumatı əldə edə bilmirsən. Bu dəfə isə sanki axtardıqlarımın özü gəlib məni tapırdı. Ruhun şad olsun qıpçaq qızı SARI GƏLİN!

Hikmət BABAOĞLU,
Əməkdar jurnalist

Yeni Azərbaycan.- 2011.- 8 yanvar.- S.6-7.

2 responses »

  1. Mən ,,SARI GƏLİN” xalq mahnısı haqqında bəzi mənbələrdən məlumatlar almışdım. Amma bu mılumat o qədər mükəmməl və əhatəlidir ki, mən şox bilgi aldım. Təşəkkürlər edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma