Qasım Qasımzadə – İSLAM SƏFƏRLİ HAQQINDA SÖZ

Standard

islam seferli36

(28.11.90 – TV çıxışının mətni)

Mehriban, doğma, ünsiyyətcil bir insandan, şair qardaşımız İslam Səfərlidən 15 ildir ki, ayrılmışıq. Lakin onun şirin musiqi ahəngdarlığı ilə şeir oxumağı, “Qarabağ” deyən lirik-lətafətli səsi qulağımızda, gülər üzü, həyat eşqilə yanan baxışları gözümüz önündədir. Zarafatları indi də dilimizdən düşmür: “Bu araq zəhrimar milləti məhv elədi, gəlin bir yolluq hamısını içib qurtaraq ki, millətin də canı qurtarsın…”
İslam yarıməsrlik qısa ömür yolunu alnıaçıq başa vurdu. Əsil azərbaycanlı kimi yaşadı. Gözünü həyata əbədi qapamazdan əvvəl yastığına dirsəklənib qalxdı, “Xəzərə baxmaq istəyirəm…” dedi, son arzusuna çatıb canını tapşırdı. Ölümü də şair kimi, həm də vətənini canından çox sevən şair kimi qarşıladı.
İslamın bütün yaradıcılığı – lirik, epik şeirləri də, cazibəli-duzlu mahnıları da, pyesləri də Azərbaycan təfəkkürlü-təbiətli müəllifin milli özünüifadəsinə yaxşı nümunələrdir. İstər yazıçı, istər bəstəkar, istərsə rəssam ol, təfavütü birdir, özün milli simadan məhrumsansa, əsərin nə qədər professional səriştənin məhsulu olsa da milli ictimaiyyətin şüuruna-qəlbinə çətin yol tapasıdır. Bu, estetikada tarixi bir qənaətdir. Şahbuz, Qarabağ dağlarının təkrarsız, bakir gözəlliyini, Abşeronun özünəxas lövhələrini gah ildırım şaqqıltısı, gah da ləpələrin pıçıltısı ilə dilə gətirən şairin, epik-dramatik əsərlərində milli xarakterə malik obrazlar sislsiləsi yaradan sənətkarın dili bu barədə uzundur.
“Göz həkimi” pyesindəki milli koloritli baş qəhrəmanın adı və xarakterinin təzəliyi İslamın kəşfidir. Mənə elə gəlir ki, yaşı 40-dan ötmüş olan İradə adlı qadını heç kəs nişan verə bilməz. Bu ad ancaq 50-ci ilin əvvəllərində yazılan “Göz həkimi” pyesindən sonra peyda olmuşdur. “İradə” adının Azərbaycanda bəyənilib bu qədər çox yayılması həm də İslam Səfərli sənətinə verilən ictimai qiymət deyilmi?
İslam ilə tanışlığım universitet illərindən, ədəbiyyat dərnəkləri və məclislərində birgə iştirakımızdan başlamışdır. Bu tanışlıq sonralar dostluğa-qardaşlığa çevrilmişdi. İslamla hər ikimizin yaxın-mərhəm dostu Əlfi Qasımovla üçlükdə Naxçıvanda, Batabat yaylaqlarında, Turşsuda, İsa bulağında keçirdiyimiz günlərin unudulmaz xoş təəssüratı indi həzin xatirəyə dönmüşdür.
Müharibə yenicə qurtarmışdı. Cəbhədə şücaət göstərən şair əsgərlikdən tərxis olunmuş, geriyə qayıtmışdı. Ədəbi-bədii görüşlərə hərbi geyimdə gələrdi. Onun Səməd Vurğun ədasilə gözəl şeir oxumağı vardı. Söz kürsüsünə qalxdımı alqışla qarşılanardı. İslamın tələbəlik illərində həyati detallarla yazdığı “Darülfünün şeirləri” silsiləsi o zaman ədəbi mühitdə bəyənilən lirika nümunələri kimi diqqəti cəlb etmişdi. Həmçinin bir qədər sonra qələmə aldığı “Qarabağ” silsiləsi də çox tutarlı milli naxışları ilə şairin torpaq sevgisinin uğurlu ifadəsi idi. İndi Qarabağla bağlı məhəbbətli, hiddətli məclislərimizdə İslamın yeri görünür.
Yaşadığımız dövrlərin dözülməz sitəmlərini ancaq 37-ci il qurbanları çəkməmişdi. 40-cı illərdə, həmçinin 50-cinin əvvəllərində yaradıcı ziyalıların bütün nəsilləri vahimə-qorxu içərisində idi. Həmyaşlarımızın bir dəstəsi – Gülhüseyn, İsmixan, Azər, mərhum dostumuz Hacı Zeynalov milli mənafe fədailəri kimi həbs edildikdən sonra ədəbi qüvvələrin yeni nəslinə etimadsızlıq güclənmiş, təqiblər artmışdı. O zaman, hələ 1948-ci ildə tələbə ikən “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət sahəsinə mən məsul idim. “Ədəbi gənclik” rubrikası altında portret-oçerklər verirdik. Əvvəl İslam Səfərli, növbəti nömrədə isə Gülhüseyn Hüseynoğlu barəsində şəkilləri ilə birlikdə məqalə dərc etmişdik. Sabahı eşitdik ki, Gülhüseyni tutublar. Komsomolun Mərkəzi Komitəsində birinci katibin yanındakı yığıncaqda öz yoldaşlarımızdan birisi (vaxtilə orqanda işləmişdi) məni ittiham etdi ki, “yaradıcılığını partiyaya, sovet dövlətinə həsr edənlər dura-dura (özünü nəzərdə tuturdu, yeganə gənc şair idi ki, Berya haqqında şeir yazmışdı) tərifnamə çap etdirmisən, indi buyur cavab ver”. Mən bu kəmfürsət, namərd həmlədən özümü güclə ələ alıb onun öz üsulu ilə hücuma keçdim: “nə bilmək olar, – dedim, – bəlkə elə günü bu gün evinə çatmamış səni də tutdular… Sənin də “xalq düşməni” olmadığını biz hardan bilək?” Gülüşdülər, elə bil ki, təhlükəli xata-bəladan sovuşdum…
Bir qədər sonra aspirantlığa təzəcə qəbul edilmişdim ki, belə bir xəbər çatdırdılar: “ictimai keçmişi şübhəli olduğu üçün ideoloji işə buraxıla bilməz” göstərişi ilə aspirantılqdan xaric olunmuşam. Yenidən necə bərpa edilməyim uzun söhbətdi. Yaşadığımız belə bir gərgin vəziyyətdə İslam Səfərlinin də başına gətirilən əhvalatla bağlı kiçik bir xatirə üzərində durmaq istərdim. O vaxtlar az-çox cürətlə yazılan hər hansı əsər “Qlavlit”dən əlavə partiya süzgəcindən, Mərkəzi Komitənin nəzarətindən keçmədən işıq üzü görə bilməzdi. İslamın Dövlət Dram teatrında bəyənilmiş “Göz həkimi” pyesi bir bədxahın təhriki ilə Mərkəzi Komitə bürosunda müzakirə ediləndə əsərin müəyyən məqamlarından şübhələnən, xüsusən amirlik-diktatorluq mücəssəməsi professor Şahbazovun simasında özünü görən Mir Cəfər Bağırov qəzəblənmiş, pyesi də, onun müəllifini də təhqiramiz hücuma məruz qoymuşdu. Bağırovun mənfi fikrinin isə nə demək olduğunu o zaman yaşayanlar bilər. Həmin hadisə ildırım sürətilə yayıldı.
O gün İslamın ad günü imiş. Əvvələcədən hazırlıq görübmüş. Bürodan qanı qara çıxandan sonra evinə gəlmiş, bütün varlığı həyat eşqilə çağlayan dostumuz məhdud dairədə olsa da ad gününü qeyd etmək qərarından daşınmamışdı. Yaxın bildiyi yoldaşlarını dəvət etmişdi. Axşama az qalmış qapının zəng səsinə çıxdım. İslam idi. İçəri keçmədi. Bir qədər kövrək səslə dedi ki, səni öz ad günümə çağırıram. Məsələdən də halısan. Özün bilərsən… Gəlsən də sağ ol, gəlməsən də inciyən deyiləm. Zarafatla əlavə etdi: “Xalq düşməninin məclisində iştirak etməyə cəsarətin çatırsa, buyura bilərsən. Yenə də özün bil…” Ürək-dirək verdim: “Biz tərəfdən, Qaçaq Nəbinin yurdundan qorxaq çıxmaz dedim, kefyini də pozma, heç narahat da olma, gələcəyik, ölməmişik ki, yaxşıca bir məclis də keçirəcəyik, ölmək ölməkdi, xırıldamaq nə deməkdi… ”
Elə də oldu. Axşam İslamgilə yığışdıq. Yaxın dostları – Əlfi Qasımov, Adil Babayev, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qabil, Yusif Mehdizadə, Hüseyn Hüseynzadə və başqaları gəlmişdilər. Həyat yoldaşı Anaxanım bacı hər dəstgahı yerində səliqəli süfrə açmışdı. Məni masabəyi seçdilər. Xətri xoş olsun deyə İslamın ünvanına o ki var, tərif dedik, ixtiyar sahibinin ağır ittihamları və hədə-qorxulu tənqidindən sarsılıb iztirablarını çətinliklə gizlədən dostumuza ruh verdik. Sonra da özümüzdən razı dağılışdıq.
Səhərisi günü məni təcili surətdə Yazıçılar İttifaqına çağırdılar. Yaşlı, məşhur sənətkarlarımızdan üç nəfəri qaşqabaqlı əyləşmişdi. Üçü də rəhmətə getdiyindən adlarını çəkmək istəmirəm. Onlardan vəzifə sahibinin ilk sözü bu oldu ki, “Dünən gecə hardaydın?” Mən məsələnin nə yerdə olduğunu və təcili çağrılmağımın səbəbini başa düşdüm. İçəridən gələn bir qarşıdurma cürətilə: “Sözünüzün canı nədir, onu soruşun” dedim. Bununla da özümü birbaşa həmləyə məruz qoydum: “İndi də bir yerə yığışıb partiyanın əleyinə yığıncaq keçirirsiniz? Daha buna nə ad verək. Masabəyi yoldaş, Mərkəzi Komitə bürosuna qarşı etiraz yığıncağı deyildimi sizin o ad günü ziyafətiniz?”
Burada əyləşən mötəbər şairlərimizdən birinin yaxın qohumu axşamkı məclisdə bizimlə idi, bildim ki, çuğulçuluq ondan keçib. Buna görə də əsəbi şəkildə, etikanı da gözləmədən qarşımda əyləşən həmin mötəbər şairə tərəf əlimi uzadıb dedim ki, “bizə belə siyasi ittihamları bu filankəs yoldaşın “informasiyası” ilə verirsiniz. Məharətlə süjet qurub uydurmaq onun köhnə peşəsidir”. Həmişə hörmətini saxladığım mötəbər şair gözləmədiyi qəfil atəşdən diksinən kimi oldu. Vəzifəli yazıçı dinmədi. Atdığım hədəfə dəymişdi. Mötəbər şair qızara-qızara: “bəli, bir vaxt musavatçılar da bizə çox belə hücumlar ediblər”, – dedi.
Vəzifəli yazıçı gərginliyi azaltmağa çalışıb öyüd-nəsihətə keçdi. İslam Səfərlinin istedadından söz saldı və dedi ki, səni söhbətə çağırmaqda məqsədimiz budur ki, ehtiyatlı olasınız. Cavansınız, ağzınız hələ isti yerdədir. Çox şeydən xəbəriniz yoxdur. Mötəbər şair də yumşaldı, söhbəti özünün düzəltdiyi məzhəkələrlə, zarafatla yekunlaşdırdı.
Bəli, dövr-zaman beləydi. Sənətkar üçün az-çox cürətli söz demək qəhrəmanlığa bərabərdi. Xasiyyətcə xoşqılıq, xeyirxah və mülayim təbiətli İslam Səfərli döyüş cəbhəsində də, sənət aləmində də az cürət nümunəsi göstərməmişdi. Xüsusən milli nihilistlərə qarşı barışmazlığını bədii əsərlərində və çıxışlarında az nümayiş etdirməmişdir. Buna görə də unudulmazdır, buna görə də xətri qəlbimizdə əziz qalıb, həmişə də əziz qalacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma