NAXÇIVAN MUXTAR RESPUBLİKASI

Standard

naxcivan

Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (NMR) yerləşir. O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınıb ki, bu da keçmiş SSRİ rəhbərliyinin Qafqazdakı imperiya maraqlarının nəticəsində 1920-ci illərin əvvəllərində mümkün olmuşdur. NMR Dərələyəz dağlarının güney ətəklərində və Zəngəzur dağlarının günbatar səmtində qərar tutur.

Bura dağlıq məkandır – muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Bölgənin ən hündür dağları – QAPICIQ (3904 m) və İLANDAĞdır (2385 m).

Muxtar Respublika mərmər, daş duz, əhəng, gips yataqları, SİRAB, BADAMLI, VAYXIR, NƏHƏCİR, QIZILCİR kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular ümumiyyətlə boldur, ona görə də tarixən bölgədə kəhrizlərin – öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Kəhriz ustaları (kankanlar) öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar.

Muxtar Respublikada iqlim kəskin kontinentaldır, temperatur yayda +43-dən qışda -30 dərəcə arasında tərəddüd edir. Rütubət aşağıdır. Florası – fıstıq, şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu dərman bitkiləri ilə təmsil olunur. Faunası – ayı, qaban, tülkü, dovşan, canavar, daş dələsi, dağ keçisi, Kiçik Asiya muflonları dağ qoyunları; quşlar – Xəzər uları, alp torağayları, dağ qaranquşu, daş kəkliyi.

İRAN və TÜRKİYƏ ilə sərhədi boyunca ARAZ çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (ORDUBADÇAY, ƏLİNCƏÇAY, GİLANÇAY, NAXÇIVANÇAY, ARPAÇAY və b.). Burada “üzən adaları” olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var – onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə QAZANÇI kəndi yaxınlığında yerləşir.

Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur.
NAXÇIVAN ŞƏHƏRİ – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. NAXÇIVANÇAYın sağ sahilində, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bakıdan – 560 kilometrlik məsafədədir. Əhalisi 364 min nəfərdir.

Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Şəhərin tarixi minilliklərin dərinlərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri – Ağrıdağ iki yerə ayrılmışdır – Böyük Ağrıdağ və Kiçik Ağrıdağ.

Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Lap bu son zamanlaradək yaşayan uzunömürlü ağsaqqallar iddia edirdilər ki, Nuh peyğəmbərin dəfn olunduğu yeri tanıyırlar. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli “Nuhun qəbri” adlı rəsm əsəri də yaratmışdır.

Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq – Ptolomeyin (II yüzil) əsərləridir. O, Naxçıvanın adını “Naxsuana” kimi qeyd edir. Orta yüzillərin ərəb qaynaqlarında şəhərin adı “Nəşava” kimi yazılır, amma Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi və Evliya Çələbi və b. kimi məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə “Nəqşi-Cahan” adlandırılır (“Dünyanın Bəzəyi”). Erkən orta yüzillərdə Naxçıvanın Kiçik Asiya, Yaxın Şərq və Güney Qafqaz ölkələri ilə sıx və intensiv əlaqələri olmuşdur.

Şəhərin gözəlliyi və onun geosiyasi mövqeyi həmsərhəd dövlətlərin tez-tez baş verən basqınlarına səbəb olurdu, nəticədə şəhər bir neçə dəfə dağıdılmışdır. Lakin hər dəfə Naxçıvan inadkarcasına yenidən ayağa qalxır, uçurulanları bərpa edir, əvvəlkindən də gözəl şəklə düşürdü. Məsələn, bizim eranın I yüzilinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında “nifaq alması”na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının – Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər Dövlətinin baş şəhərlərindən biri sayılmışdır.

XII yüzildə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı – məşhur NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə “20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar” olduğundan xəbər verir.

Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.

XV-XVI yüzillərdə Naxçıvan Azərbaycanı idarə edən QARAQOYUNLU, AĞQOYUNLU, ardınca isə SƏFƏVİ şah sülalələrinin tabeliyində idi. XVII yüzildə diyar ÇUXURSƏƏD BƏYLƏRBƏYİLİYİnin tərkibinə daxil edilmişdi və hərbçi GƏNGƏRLİ türk tayfasının başçıları tərəfindən idarə olunurdu. XVIII yüzildə burada NAXÇIVAN XANLIĞI adlanan dövlət qurumu yaradılmışdır. Xanlığın ərazisi 1828-ci il TÜRKMƏNÇAY MÜQAVİLƏSİnə görə, Rusiyaya birləşdirildi, sonralar Rusiyanın eyniadlı qəzasına (uyezd) çevrildi. 1924-cü ildə Naxçıvan şəhəri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı elan olundu.

Bu qədim şəhərə özünəməxsus mədəniyyət xasdır və onun ayrılmaz hissəsi bütün ölkədə məşhur olan yerli mətbəxdir. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalının içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan “alana”; qayğanağa bal əlavə etməklə xüsusi “balqayqanaq” yalnız bu yerin mətbəxinə aiddir.
Naxçıvan torpağı – XII yüzilin böyük memarı ƏCƏMİ İBN ƏBUBƏKR NAXÇIVANİnin vətəndir. Onun əsərlərindən YUSİF İBN KUSEYİR (Atababa künbəzi), MÖMİNƏ-XATUN türbəsi, minarəli CÜMƏ MƏSCİDİnin portalı zəmanəmizə qədər salamat qalmışdır. Hesab edilir ki, Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. O, əbəs yerə məqbərəyə bu yazılarla naxış vurmamışdı: “Biz gedirik dünya qalır, biz ölürük – xatirəmiz qalır”. Məqbərəni bəzəyən həndəsi və epiqrafik naxışlar zərgər dəqiqliyi ilə icra olunmuşdur: o, Şərqin sevimli qiymətli daşı – bərq vuran firuzəyə bənzəyir.

Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi HİNDUŞAH BİN SƏNCƏR BİN ABDULLA NAXÇIVANİ (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış MƏHƏMMƏD NAXÇIVANİ maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi (XIII-XIV yüzillər). Naxçıvan eləcə də KƏLBƏLİ XAN NAXÇIVANSKİ, onun oğlu, general HÜSEYN XAN NAXÇIVANSKİ, hərb xadimi CƏMŞİD NAXÇIVANSKİ, klassik yazıçı CƏLİL MƏMMƏDQULUZADƏ, romantik şair və dramaturq, Stalin repressiyalarının qurbanı olmuş HÜSEYN CAVİD, rəssam BƏHRUZ KƏNGƏRLİ kimi tanınmış simaların da vətənidir. Naxçıvan – Azərbaycanın ümummilli lider Heydər Əliyevin də vətənidir.

Müasir Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. Burada universitet, Azərbaycan Milli Elmlər Akademiyasının filialı fəaliyyət göstərir, akadem-şəhərcik tikilmişdir. Məktəblərə xüsusi diqqət yetirilir – köhnələri təmir olunur, yeniləri tikilir, məsələn, H.Əliyev adına çox böyük, gözəl təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Burada Mədəniyyət Sarayı, Dram Teatrı, Kukla Teatrı fəaliyyət göstərir. Əla təchiz olunmuş idman Olimpiya kompleksi istifadəyə verilmişdir.

Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Şəhərdə xeyli tarixi abidələr – memarlıq kompleksi İMAMZADƏ, CÜMƏ MƏSCİDİ, ZAVİYƏ MƏSCİDİ, “PİRGƏMİŞ”, “XAN EVİ”, İSMAYIL XAN hamamı, YUSİF İBN KÜSEYİR məqbərəsi, MÖMİNƏ-XATIN məqbərəsi və s. mühafizə olunur.

One response »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma