Afaq Şıxli – BƏXTİN QÜRBƏT ADLI SÜRGÜNLƏRİNDƏ…

Standard

afaq şıxlı1

Başını dik tutub elə yaşa ki,
Hər kəs səndəkini dəfinə bilsin!
Nə dostlar üzülsün çətinliyinə,
Nə də ki, düşmənlər sevinə bilsin.

Ağrıyan belini əymədən yeri
Nə qədər gəlsə də üstünə həyat,
Yorğunluq sıxsa da çiyinlərindən
Ağrı-acıları misralara at.

Qamqalaq edərək arzularını
Yolunda od çatsa xəbis adamlar,
Yansa da ayağın, şux tut özünü
Elə bilsinlər ki, qanadların var.

Həsrətin əliylə qapa gözünü
Məhəbbət zamansız qismət olanda.
Şaxtaya, borana şeirlər oxu
Bir günəş nuruna həsrət olanda.

İsti yaşlarını görən olmasın
Qəmli günlərində, dar günlərində.
Desinlər, necə də xoşbəxt yaşayır
Bəxtin qürbət adlı sürgünlərində.

Həmişə ulduz ol, həmişə parla,
Arxanca sürünsün qoy acıdillər!
Başını dik tut ki, şair ömrünün
Dəhşət olduğunu düşünməsinlər!

Vasif Süleyman – BALACA ADAŞIMA

Standard

Vasif Süleyman

Tələsmə, hər şeyi düz anlamağa,
Tələsmə, dünyanı tez anlamağa.
Başlasa, başını dərdə salacaq,
Ürək anlamağa, göz anlamağa –
Get adaş, get oyna, qurbanın olum!

Bilməyib kədərə gülmək, bir aləm,
Dünyadan-dünyaya gəlmək, bir aləm.
Sonra heç birindən keçmək olmayır,
Yaşamaq bir aləm, ölmək bir aləm –
Get adaş, get oyna, qurbanın olum!

Özünü bir dünya daddan qoyarsan,
Qohumdan, yoldaşdan, yaddan qoyarsan.
Kənddə toy çalınır, get quzu kəsim,
Əlinə xınadan-zaddan qoyarsan –
Get adaş, get oyna, qurbanın olum!

Üzümdən dünyanın təlaşı getməz,
Dərdnən çilik-ağac yanaşı getməz.
Vasifin başında başqa havadı,
Heç onnan bir yerdə qardaşı getməz –
Get adaş, get oyna, qurbanın olum!

Zirəddin Qafarlı – ÖMÜRDÜ MƏNDƏN KÖÇƏN

Standard

Zirəddin Qafarlı

Bu dünya nəymiş belə?!
Könlüm yaman darıxdı.
Bir bax, ayağımdakı
Yoxsa dəmir çarıqdı.

Burda kimin nə dərdi?!
Yaşamaq da hədərdi.
Torpaq cadar-cadardı –
Daşlar yarıq-yarıqdı.

Ömürdü məndən köçən,
Yaxşını pisdən seçən…
Qardan, yağışdan keçən
Yolum qırıq-qırıqdı.

Qaldım tək çinar kimi,
Beli sınmış tar kimi,
Bir köhnə paltar kimi
İçim cırıq-cırıqdı.

Yormuşam yoxuşları,
Qayaları, daşları…
Kişinin göz yaşları
Allaha qışqırıqdı.

Vüsal Musayev – Qayıt, sal boynuma yenə qolunu..

Standard

Vüsal Musayev

Dikilib nə vaxtdır yoluna gözüm,
Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sönübdür Günəşim, Ayım, ulduzum.
Gözlərəm həsrətlə sənin yolunu
Qayıt, sal boynuma yenə qolunu.

Gör neçə illərdir həsrətəm sənə,
Gör neçə illərdir batmışam qəmə,
Hicranım dağ çəkib mənim sinəmə.
Gözlərəm həsrətlə sənin yolunu
Qayıt, sal boynuma yenə qolunu.

Ağlayar halıma göydə bulud da,
Ağlayar doğma da, ağlayar yad da,
Heçkim əvəz etməz səni həyatda
Gözlərəm həsrətlə sənin yolunu
Qayıt, sal boynuma yenə qolunu.

Sənsiz viran qalan xanimanım da,
Ulduztək sayrışan yaş yanağımda,
Boş qalan yastığın indi yanımda
Gözləyir həsrətlə sənin yolunu
Qayıt, sal boynuma yenə qolunu.

Roma Xosrov – Heç nəyim yox sevgidən çox

Standard

Roma Xosrov

Ömür verdiyim həyatın,
Verdiyi dərdə baxıram.
Bu qədər namərd içində,
Allah tək mərdə baxıram.

Yanından ötdüyüm yola,
Hər azıb itdiyim yola,
Mən keçib getdiyim yola,
Qayıdıb birdə baxıram.

Tanrı verən vergiden çox,
Heç nəyim yox sevgidən çox,
Mən özümə güzgüdən çox,
Kölgəmlə yerdə baxıram.

Aydan Abdullayeva – Qadın

Standard

f015

Sən ey mavi göyləri bulud-bulud qoxlayan…
Sən ey gözləri günəş, taleyi qürub qadın!
Sən ey göz yaşlarında bir ömrü girov qoyan…
Öz ömründən didərgin, bir dibsiz quyu qadın!

Sən gəzdiyin küçədə bir xatirə soyuğu…
Sən baxan pəncərədə xəyallar ayla doğur…
Qaranlığa aşiq gül sübh çağında tez solur…
Sən o güldən əyninə kəfən biç, uyu qadın…

Bax, o yaşıl yarpaq da xəzan olar, quruyar…
Sükutsan… Pıçıltını yalnızca Tanrı duyar…
Ruhun xəzan qoxulu, çölündə daim bahar…
Sən ey nakam yaşanan ən gözəl duyğu qadın!

Öncə atan tərk etdi, sonra sevdiyin adam…
Uşaqlığın, eviniz, ocağı sönən o dam…
İndi hey geri istə, geri verməz Tanrı da…
Nakam ömrün bəstəsi… Dön, bir də oxun, Qadın!

Fikrət Qoca – İkinci görüş

Standard

Fikrət Qoca

Oturduq yanaşı, susduq yanaşı,
Dən düşmüşsaçına baxdımarada.
Sən dəmənədedin ağarır başın,
Görməyənəvar ki, ağıqarada.

Gecikmişməhəbbət son bahar kimi,
Həm kədərli olur, həm dəki,şirin.
Anamın çaldığılaylalar kimi
Arzuyla doludur ala gözlərin.

Qalmışıq biz odla su arasında,
Gənclik məhəbbəti, müdriklik yaşı.
Ömrün bu qəribəmacərasında
Oturduq yanaşı, susduq yanaşı.

Birdən fikrimizi eləbil gördük,
Qəmli gülümsündük bir-birimizə.
Eləbil bununla açıq deyirdik, –
Bu yaşda məhəbbət yaraşmır bizə.
Ürək necəolub unudub yaşı…
Oturduq yanaşı, susduq yanaşı.