Tag Archives: GƏNCƏ ŞƏHƏRİ HAQQINDA TARİXİ MƏLUMAT

GƏNCƏ ŞƏHƏRİ HAQQINDA TARİXİ MƏLUMAT

Standart

Gəncə-Qazax ovalığında Gəncəçay çayının sahillərində yerləşir. Çay şəhəri iki hissəyə bölür. Burada iki iqlim zonasını – mülayim-isti yarımsəhra və quru çöl iqliminin, həmçinin mülayim isti iqlim zonasının bir növ sərhədidir. Şəhərin əhalisinin sayı 302.000 nəfər, Bakıdan məsafəsi 375 kmdir.

Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada Gəncə Dövlət Universiteti, Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Filialı, Elmi-tədqiqat Pambıqçılıq İnstitutu, Eksperimental Kənd Təsərrüfatı Stansiyası vardır. Şəhərdə müasir Olimpiya İdman Kompleksi tikilmişdir.

Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə MƏHSƏTİ XANIMIN, MİRZƏ ŞƏFİ VAZEHİN vətənidir. Burada çoxlu tarixi abidələr var: CÜMƏ MƏSCİDİ və onun mədrəsəsi, ŞEYX İBRAHİM türbəsi, QIZIL HACILI, OZAN, BALA BAĞBANLI, ŞƏRƏFXANLI və ŞAHSEVƏN məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İMAMZADƏ, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.

Gəncə – müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir.

Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.

Gəncənin tarixi – onun işğalçılar tərəfindən az qala yerlə yeksan edilməsi və sonradan tərəqqi etməsi tarixidir. Xəzər-ərəb müharibələrində yadelli döyüşçülər, alan tayfaları, monqollar, gürcü knyazları, osmanlılar Gəncəni viran etmişlər. XI əsrdə albanların xristian başçısının Bərdədəki iqamətgahı viran ediləndən sonra onun iqamətgahı Gəncəyə köçürülmüşdür. Xristian və islam dinlərinə etiqad bəsləyən insanlar Gəncədə dinc yanaşı yaşayır, Şərq ölkələrindən Qara dəniz sahillərinə aparılan mallar bu şəhərdən keçən karvan yolları ilə daşınırdı.

XII əsrdə Gəncə feodal hakimlərinin paytaxtı və iqamətgahı olmuşdur. Lakin elə həmin dövrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır.

XVII əsrdə şəhər əvvəlki yerindən 6 km şərqdə yenidən tikilmişdir. XVIII əsrin əvvəllərində Gəncə yenidən işğalçıların hücumuna məruz qalmış, həmin əsrin ortalarında isə Gəncə xanlığının mərkəzinə çevrilmişdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. 1804-cü ildə rus ordusunun sayca üstün qüvvələri Gəncəyə hücum edərkən Cavadxanın dəstəsi Gəncəni qəhrəmanlıqla müdafiə etmiş, Cavadxan özü isə igidliklə həlak olmuşdur. Bu hadisədən sonra 1804-cü ildə Rusiya imperatriçası Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılmışdır.

1918-ci ildə – Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olmuşdur.

Həmin dövrdə Gəncədə zabitlik məktəbi açılmışdır. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək Kirovabad adlandırılmışdır. Yalnız 1989-cu ildə – Azərbaycanın yenidən müstəqillik əldə etməsi və SSRİ-nin dağılması ərəfəsində Gəncənin tarixi adı ona qaytarıldı.

Hazırda Gəncənin yaxınlığında HACIKƏND kurort zonası yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir.

“GÖYGÖL” Dövlət qoruğu Azərbaycanda ilk qoruqdur. Kiçik Qafqazın orta dağlıq, meşəlik və qismən subalp qurşaqlarının ekoloji sistemlərinin, eləcə də Göygöl, Maralgöl, Zəligöl və digər dağ göllərinin mühafizə edilməsi və öyrənilməsi məqsədilə 1925-ci ildə yaradılmış bu qoruğun ərazisi meşələrdən və dağ çəmənliklərindən ibarətdir.

Gəncədən bir qədər cənubda Murovdağın şimal ətəklərində, dəniz səviyyəsindən 1566 m yüksəklikdə yerləşən Göygöl haqlı olaraq, Azərbaycan göllərinin incisi hesab edilir. Qafqaz ərazisində ilk qoruq olan bu qoruq iki hissədən ibarətdir – əsas hissə və “ELDAR ŞAMI MEŞƏSİ” adlanan filial. Qoruğun iki hissəsi arasında kı məsafə 80-85 km-dir.

Gəncənin öz tarix-diyarşünaslıq muzeyi vardır. Muzeyin eksponatları arasında tunc dövrünə aid çox maraqlı tapıntılar var. Gəncədə Dram Teatrı və Uşaq Kukla Teatrı fəaliyyət göstərir.

Turistlər və şəhərin qonaqları şəhərin mərkəzində yerləşən “Gəncə” mehmanxanasında qala bilərlər.