Tag Archives: AŞIQ ƏLƏSGƏR – Dağlar

AŞIQ ƏLƏSGƏR – Dağlar

Standart

Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar!
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar!

Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar!

Yazın bir ayında çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın…
Zənbur çiçəyindən bal alı, dağlar!

Yazın əvvəlində dönərsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhməri qoyun virana,
Dağıdır üstündən cəlalı, dağlar!

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Kimsəni dindirib kefinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!…