Kateqoriya Arxivləri: İslam Səfərli

İslam Səfərli – Araz üstə şəhərim

Standart

Bu dünya gözəl tamaşa,
Ana yurdum yaşa.
Duzu kimi duz yoxdur,
Qızı kimi qız yoxdur.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim.

Axır qızlar bulağı,
Gəlir bayram sorağı.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim.

Yaşa ürəyimdəsən,
Dindi gül üzlü Vətən.
Duzu kimi duz yoxdur,
Qızı kimi qız yoxdur.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim.

Gözəl gördüm hər yanı,
Səndən gözəl hanı?
Ay qədim Naxçıvanım,
Ay güllü cavanım.
Gülür nurlu səhərim,
Araz üstü şəhərim

İslam Səfərli – Xumar Baxışla

Standart

islam seferli - xumar baxışla

Eşqimə həyatsan, sən nəğməmə qanadsan,
Həzin mahnı deyib məni oyatsan
Mənə hər an sevinc dolu
Bir həyat bağışlar, xumar baxışla.

Baş-başadır, baş-başadır,
Yar sənin çatma qaşların.
Səni görcək yar, qəlbi pıçıldar, gözəlim
Min məhsulun var gözəlim, xumar baxışların.

Ömrümün bəzəyi, gözlərimin nurusan,
Ay qız aydan arı, sudan durusan.
Mənə hər an sevinc dolu
Bir həyat bağışlar, xumar baxışla.

İSLAM SƏFƏRLİ – Ey ala göz sevgilim.

Standart

islam seferli - ey ala göz sevgilim

Günəşlə birlikdə çıxıb, ay doğanda gələn qız.
Vətəninin, elinin qədrini bilən qız.
Gəl dindir könül tarını, sevindir gözəl yarını.
Eşqimin ilk baharını, çiçəyini üzən qız.
Sən mənim gülşənim, öz gülüm.
Ey ala göz sevgilim.

Tarlalar qoynunda yenə tərlan kimi süzən qız,
Məhsul bayramı gəlmiş, al geyinib bəzən qız.
Gəl dindir könül tarını, sevindir gözəl yarını.
Eşqimin ilk baharını, çiçəyini üzən qız.
Sən mənim gülşənim, öz gülüm.
Ey ala göz sevgilim

Adın düşüb dildən-dilə, sən çıxanda sən çölə,
Gel nəğmə de bu şən elə, iftixarla gəzən qız.
Gəl dindir könül tarını, sevindir gözəl yarını.
Eşqimin ilk baharını, çiçəyini üzən qız.
Sən mənim gülşənim, öz gülüm.
Ey ala göz sevgilim

İslam Səfərli – NAXÇIVANIM

Standart

islam seferli24

Çöllərindən keçən mənəm,
Söz qoşmamış keçəmmənəm,
Sularından içən mənəm,
Mənim barlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Qızların var, xumar gözlü,
Mah camalli, şirin sözlü.
Göy dərəli, məxmər duzlu,
Başı qarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Gör nə çalır könül simi:
- Şerə verdim mən eşqimi.
Mirzə Cəlil, Bəhruz kimi
Sənətkarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Zirvələrin dənər qarlı,
Şimşəklərin od çaxarlı.
Ey axarlı, ey baxarlı,
Ey gülzarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Mən neylərəm sənsiz görən?
Doymaz səndə ömür sürən.
Ey İslama könül verən
Düz ilqarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

İslam Səfərli – İSTİSU

Standart

Dəlidağın ətəyində göz açan,
Kəlbəcərdə ləpir salıb, iz açan.
Min məclisdə söhbət açan, söz açan,
Ələsgərtək nüfuzlusan, İstisu.
Nə dadlısan, nə duzlusan, İstisu.

“Gəlin qaya”, “Əsmər bulaq”, göy çəmən,
Qız-gəlinin geyib gəzir göy kətan.
Sazlı-sözlü qonaq gəlir Göyçədən,
Sən ondan da avazlısan, İstisu,
Nə dadlısan, nə duzlusan, İstisu.

Çaxan şimşək buludunun gülüşü,
Tərtər çayın kəmərindir – gümüşü.
Tamaşadır min çadırlı dağ döşü,
Sən söhbətli, sən sazlısan, İstisu,
Nə dadlısan, nə duzlusan, İstisu.

İslam Səfərli – EY QAPIMI DÖYƏN İL

Standart

f110

Ey qapımı döyən il,
Səni görməsəm də mən,
Gül dəstə bağlamışam
Səninçin qar gülündən.

Ləpir salıb qar üstə,
Düz qapıma gəlmisən.
Evimdəki qonaq tək,
De, sən də gözəlmisən?

Hələ köhnə ilimiz,
Süfrənin başındadır.
Ömrü bir il olsa da,
Özü yüz yaşındadır.

Yüz arzu, yüz xəyalı,
Çatdırdıqca o, başa.
Neçə şoran düzəni,
Bəzəmişdir qumaşa.

Onun qısa ömründə,
Neçə şaxta qazılmış.
Dövlətinin ən gözəl,
Qərarları yazılmış.

Saçına dən düşsə də,
Əməlləri cavandır.
Ey qapımı döyən il,
Qonağım mehribandır.

Onun saldığı kəndlər,
Şəhərlərlə yarışır.
Baxıb bu xoş ülfətə,
Günəş ayla barışır.

Gəl, yaxın gəl, təzə il,
Köhnə il yol üstədir.
Kiçik övlad həmişə,
Özünü çox istədir.

Tez ol, bu son gecənin,
Parolunu söylə sən!
Əqrəblər qayçı tutmuş,
Son təqvimə deyəsən.

Saniyələr damcı tək,
Yerə düşməmiş donur.
Yağan qar pəncərəmə,
Kəpənək kimi qonur.

Bütün cahan bir anlıq,
Nəfəsini saxlamış.
Öz buz dodaqlarilə,
Nəfəs almır qarlı qış.

Şaxta çaylar üstünə,
Naxışlı şüşə salır.
Uzaq yollar qısalır,
Saniyələr daralır.

Zamanm ovcundadır,
Bu gecənin ürəyi.
Dəyir nəfəsimizə,
Yeni ilin küləyi.

Açılır Vətənimin.
Geniş darvazaları.
Yeni il daxil olur,
Əlində sülh baharı.

Badəmizi içirik,
Onun sağlığına biz.
Daha da gözəl olsun,
Qoy bu azad ölkəmiz!

İslam Səfərli – MÜƏLLİM

Standart

120

Müəllim! Bu sözün mənası dərin,
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin,
Fikri, düşüncəsi bir ilk bahardır.

Müəllim! Bu ada min dastan desəm,
Ne sözüm tükənər, nə qəlbim susar.
Ona canımı da mən qurban desəm,
Bir şair qəlbinin buna haqqı var.

Ağsaçlı, mehriban müəllimimi,
İndi də arabir hərdən görürəm.
Özümü itirib bir uşaq kimi,
Ayağa qalxaraq salam verirəm.

Dünyanın ən böyük dahilərini,
Müəllim yetirmiş parta dalından.
Onun qayğısım, alın tərini,
Dostlar, unutmayaq gəlin heç zaman.

Deyirəm, görəsən cahanda kimin,
Bir müəllim təki xidməti vardır.
Dahilərə dərs deyən bir müəllimin,
Milyon könüllərdə hörməti vardır.

Onun şərəfidir, onun öz adı,
Neçə gənc mühəndis, neçə həkim qız.
Cavan pilotlardır onun qanadı,
Odur ki, göyləri gəzir qayğısız.

Müəllim! Böyükdür, yüksəkdir bu ad,
Onu uca tutmaq şərəfdir bizə.
O, öz qayğısıyla firavan, azad,
Nəsillər yetirir, ellərimizə.

Gəlin alqış deyək dostlar, ürəkdən,
Əsil müəllim tək yaşayanlara.
Şerimlə gül dəstə bağlayıram mən,
Bu adı şərəflə daşıyanlara!

İslam Səfərli – Ay qaşı, gözü qara qız

Standart

Göy çəməndə ötür turac,
Sübh açılır, gülür yamac.
Başındakı örpəyi aç,
Saçlarını yan dara, qız,
Ay qaşı, gözü qara qız!

Ay nurunu salır kəndə
Biz eyvanda görüşəndə,
Toyumuzdan söz düşəndə
Gəl naz eləmə yara, qız,
Ay qaşı, gözü qara qız!

Bu gün məhsul bayramıdır,
Gözəl payız axşamıdır,
Deyib-gülmək əyyamıdır.
Geyin-keçin al-xara, qız,
Ay qaşı, gözü qara qız!

musiqi Cahangir Cahangirov

Video-rolikde nümayiş olunan Cahangir Cahangirovun və İslam Səfərlinin tablolarının müəllifi rəssam İlham İslam oğlu Səfərlidir.

Oxuyur : Aygün Bəylər

İSLAM SƏFƏRLİ – ARZU

Standart

islam seferli - arzu

Qara gözlü, şirin sözlü,
Al yanaqlı, gözəl qız.
Hər gün sizin güllü bağda
Şeyda bülbül olaydım.

Ay gözəl qız, ay qəşəng qız.
Bağçamıza gəlibsən.
Gül əlinlə gül dərəndə
Mən də bir gül olaydım.

Çoxdur sözüm, necə dözüm
Həsrətinə, gözəl yar?
Harda olsan, təmiz qəlbim
Səni deyib arzular.

Bir diləyım, bir arzum var,
Dinlə məni, ey nigar:
Kaş ki, sənin saf sinəndə
Odlu könül olaydım.

Musiqi NİYAZİ
Oxuyur MÜSLÜM MAQAMAYEV