Category Archives: Azərbaycan ədəbiyyatı tarixi

AKADEMİK MİLLİ DRAM TEATRI

Standart

azerbaycan AKADEMİK MİLLİ DRAM TEATRI

Bu gün Azərbaycanda Milli Teatr günüdür.

AKADEMİK MİLLİ DRAM TEATRI :

Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.
“Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”,
“Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq eatrımızın inkişaf mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq dramları yaranıb. Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyrin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib.
Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş
Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub.
Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl pəhləvan” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal tamaşaları da göstərilib.
Orta əsrlərdə Azərbaycanda “Şəbih” tamaşaları geniş intişar tapıb. Şəbih oyunları məhərrəm ayında göstərilib və Aşura günü daha təntənəli kütləvi şəkil alıb. Şəbih tamaşaları müsəlmanlığın şiə qolunun təmsilçilərinin yaşadıqları ərazidə daha geniş intişar tapıb. Şəbih tamaşalarında Həzrət Əlinin kiçik oğlu, imam Hüseynin və onun ailəsinin başına gələn faciəli hadisələrdən bəhs edilir.
Müxtəlif süjetli pyeslər, əsasən Kərbəla şəhəri yaxınlığındakı tarixi hadisənin başqa-başqa bədii yozumlarından ibarətdir.
Azərbaycan milli xalq teatrında müxtəlif maskalardan istifadə edilib.
Bunların da arasında ən məşhurları “keçəl”, “kosa” və “keçi” maskalarıdır. Xalq oyunlarını təşkil edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına, başqa sözlə rejissoruna, şəbihgərdan deyilib.
Daha çox komediya, məsxərə, məzhəkə, satira əsasında hazırlanan xalq
tamaşaları və faciə janrlı şəbih tamaşaları bütövlükdə meydan teatrı adlanır.
Meydan teatrının öz estetikası, öz ifadə vasitələri, öz forma orijinallığı, bütövlükdə bənzərsiz poetika özəllikləri var. Elə poetika göstəriciləri ki, həmin sənət amilləri çağdaş Azərbaycan peşəkar milli teatrının təşəkkülündə, inkişafında və formalaşmasında əsaslı rol oynayıb.
* * *
On doqquzuncu əsrin qırxıncı və əllinci illərində Azərbaycanın Şuşa və Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə) yoxdur. Məhz buna görə də tarixi fakt – sənədə əsaslanaraq milli peşəkar (professional) teatrımızın təşəkkül tarixini 10 mart 1873-cü ildən götürürük.
Qafqazın XIX əsrdə siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi.
Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850- 1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəlişah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə “Mürafıə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdi. “Təmsilat”
adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü… dillərinə tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş verib.
Bakı realnı məktəbin müəllimi, görkəmli maarifpərvər, Azərbaycanda ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin naşiri (1875) Həsən bəy Zərdabi öz şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə tamaşa hazırladılar və Novruz bayramında “Nəciblər” klubunda göstərdilər.
Tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası idi və 10 mart 1873-cü ildə oynanıldı. Ona görə də milli peşəkar teatrımızın tarixi həmin gündən hesablanır.
Bir müddət sonra, aprelin 17-də həmin dəstə dramaturqun “Hacı Qara”
komediyasını da oynadı. Bunun ardınca Tiflisdə (1873), Qubada (1875), Şəkidə (1879), Şuşada (1883), Naxçıvanda (1883), İrəvanda (1882) teatr həvəskarları, yəni yerli ziyalılar və məktəb şagirdləri tamaşalar hazırlayıb göstərirdilər.
1880-ci illərin ikinci yarısından Bakıda teatr həyatı bir qədər canlanıb.
Tiflisdə Aleksandrinski ali məktəbində təhsil alıb Bakıya göndərilmiş
müəllimlərdən Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə və Nəcəfqulu Vəliyev, Novruz, Orucluq, Qurban bayramlarında tamaşalar hazırlayıb teatrsevərlərə təqdim edirdilər.
10 mart 1873-cü il həm milli peşəkar teatrımızın və eyni zamanda həm də bugünkü Akademik Milli Dram Teatrının tarixidir.
* * *
Azərbaycanda peşəkar teatrın təşəkkülündən iyirmi üç il əvvəl milli
dramaturgiyamız və həmin vaxtdan (1850) başlayaraq ədəbiyyatşünaslığımız pyes (faciə, məzhəkə, dram) janrının nəzəri prinsiplərinin elmi əsaslarını öyrənərək çağdaş səviyyəyə gətirmişdir. “Azərbaycan dramnəvisliyinin banisi” fəxri tacını
daşımaq və bununla böyük bir ədəbi məktəbin bünövrəsini qoymaq səadəti Mirzə Fətəli Axundzadəyə (1812-1878) nəsib olmuşdur.
Ötən əsrin ortalarında ön Qafqazın inkişaf etmiş mədəni-maarif
mərkəzlərindən biri Tiflis şəhəri idi. Burada azərbaycanlı ziyalıların öz yeri, xalqa mədəniyyət aşılamaqda öz xidmət üsulu, maarifdə öz məfkurə istiqaməti vardı.
Onlardan biri də filosof-maarifçi, Qafqaz canişinliyində tərcüməçi işləyən Mirzə Fətəli Axundzadə idi. Tiflisin teatral iqlimi, Rusiyanın müxtəlif səhnə ustalarının şəhərə qastrolları, Qərb ədəbiyyatına, onun dramaturgiya qoluna, xüsusən Jan
Batist Molyer irsinə bələdlik və ilk növbədə milləti nadanlıqdan xilas etmək yollarını araması Mirzə Fətəlini pyes yazmağa vadar etmişdir. Özü də məhz məzhəkə (komediya) yazmağa. Çünki Axundzadə mənəviyyatları sıxıb məhvə çəkən buxovlardan xilas yolunun vacib cığırlarından birini teatrda, səhnə gülüşündə görürdü.
Mirzə Fətəli Axundzadənin “Təmsilatı”nı “Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəlişah”, “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, “Hacı Qara” və “Mürafiə vəkilləri” pyesləri təşkil edir. Bədii məntiqin dayağı üçün milli ənənə olmadan belə qısa müddətdə bu cür dəyərli sənət inciləri yaratmaq yalnız mütəfəkkirlərin qismətindədir.
Sadə, bədii kompozisiyalı, həyati mövzusu və obrazlı dili, tez anlaşıqlı, mənası, güclü tərbiyəvi təsiri, tipik koloriti, duzlu-dadlı obrazları olan təmsilat toplusu Azərbaycan milli teatrının doğuluşunu təmin etmişdir. Həm oxu, həm də səhnə üçün yazılmış komediyalar yalnız Akademik Milli Dram Teatrının deyil,
həmçinin Gəncə, Naxçıvan, Şuşa, Tiflis, Quba, İrəvan, Şəki… teatrlarının da bünövrə sütunu olub.
Mirzə Fətəli Axundzadənin komediyaları Akademik teatr “aktyor
məktəbi”nin formalaşmasında misilsiz xidmətlərə malikdir. Azərbaycanın, o cümlədən haqqında söhbət gedən sənət ocağının demək olar bütün rejissorları bu irsdən daima bəhrələnirlər. Xüsusilə ədibin “Hacı Qara” tamaşası onlarca quruluşda oynanılmış, qabil komediya ustadlarımız Hacı Qaranın ifasına səhnə gülüşünün meyarı kimi qiymət vermişlər. Komik aktyorlar Hacı Qaranı ustalıqla oynamağı sənət zirvəsi saymışlar. Ən rəngarəng səhnə təfsirləri, ən “partlayan” gülüş, ən şux tərtibat, ən məzəli oyun… məhz “Hacı Qara” tamaşalarına məxsusdur. “Qaravəlli”, “Kosa-kosa” xalq oyunlarından, meydan teatrı prinsiplərindən, dərviş rəqslərindən, meyxana məclisi elementlərindən… ilk dəfə məhz “Hacı Qara” komediyasının müxtəlif illərdəki quruluşlarında istifadə
olunmuşdur.
Nəhayət, Mirzə Fətəli təməlini qoyduğu dramaturgiyanın bugünkü ənənəsi üçün geniş yol açmışdır. Həmin yola ilk qədəmi Nəcəf bəy Vəzirov (1854-1926) qoymuşdur.
Yaradıcılığa komediya ilə başlayan Nəcəf bəy ilk Azərbaycan faciəsi
“Müsibəti Fəxrəddin”in müəllifidir. Əgər Mirzə Fətəlinin dramaturgiyası realist aktyor məktəbinin yönünü müəyyənləşdirdisə, “Müsibəti Fəxrəddin” (eyni zamanda sonrakı milli tərcümə və faciələr) romantik aktyor oyununun istiqamətinə çıraq tutdu.
Nəcəf bəy Vəzirov Moskva Petrovskaya-Razumovskaya Kənd Təsərrüfatı
Akademiyasında təhsil aldığı illərdə (1874-1878) teatr və dramaturgiya ilə daha dərindən məşğul olub. Xatırladım ki, ədib bir il əvvəl realnı məktəbin şagirdi kimi ilk Azərbaycan teatr tamaşasının hazırlanması ilə tarixə düşüb. Moskvadan müəllimi Həsən bəy Zərdabi ilə məktublaşan, təzəcə işıq üzü görən “Əkinçi”yə
publisist məqalələr göndərən tələbə Vəzirov “Ev tərbiyəsinin bir şəkli” (1875), “Gəmi lövbərsiz olmaz” (1876) məzhəkələrini yazıb hasilə gətirməklə dramaturji yaradıcılığa ömürlük bağlanıb.
Bakı neft sənayesindən, milli burjuaziyanın təşəkkülündən bəhs edən ilk pyes “Pəhlivanani zəmanə” (1898-1900) də Nəcəf bəy Vəzirova məxsusdur.
Akademik Milli Dram Teatrı bir əsrdən çoxdur repertuarında vaxtaşırı
Vəzirov irsinə müraciət edir. Ədibin “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Pəhlivanani zəmanə”, “Vay şələküm-mələküm” və digər əsərlərinin tamaşası teatrımızın peşəkarlığa yön götürməsində əhəmiyyətlidir. “Müsibəti Fəxrəddin” faciəsi və “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) komediyasının müəyyən tamaşaları xüsusi
mərhələlər təşkil edir.
Milli romantik aktyor məktəbinin banisi Hüseyn Ərəblinski Fəxrəddin
obrazını səhnədə ilham və şövqlə oynayırdısa, Azərbaycan realist aktyor oyunüslubunun yaradıcısı Cahangir Zeynalov Hacı Qəmbəri hərarətli vurğunluqla və yumorlu heyranlıqla canlandırırdı.
Azərbaycanın ilk qadın dramaturqu Səkinə xanım Axundzadə (1865-1927)
Qubada və Bakıda təhsil alıb, müəllimlik edib, ədəbiyyatla, teatrla dərindən maraqlanıb, “Elmin bəhrəsi”, “Gəlin və qaynana”, “Bəxtsiz bala”, “Zülmün səmərəsi”, “Haqq söz acı olar”, “Şahzadə Əbülfəz”… pyeslərini yazıb, iqtibas edib.
“Zülmün bəhrəsi”ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva xanım Olenskaya, Yunis Nərimanov oynayıblar. “Bəxtsiz bala” da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib.
Teatr sənəti ilə ilk tanışlığı on dörd yaşında (1884), Şuşada oynanılan “Xırs quldurbasan” (Mirzə Fətəli Axundzadə) tamaşasından başlayan Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) yaradıcılığa məhz dramla qədəm basıb. Tiflis realnı məktəbini bitirib (1891) Peterburq Yol Mühəndisləri İnstitutunda oxuyarkən teztez, özünün etiraf etdiyi kimi, həftədə azı bir dəfə Aleksandrinski teatrının tamaşalarına baxıb. Tələbə ikən “Yeyərsən qaz ətini, görərsən ləzzətini”
məzhəkəsini və “Dağılan tifaq” faciəsini yazıb. 1900-cu ildə Şuşada yazdığı “Bəxtsiz cavan” elə həmin ildə tamaşaya qoyulub. Bu faciə sənətkarın səhnədə göstərilən ilk pyesidir və Azərbaycan teatrında ən çox tamaşaya qoyulan əsərlərdəndir.
Son yüz üç ildə görkəmli dramaturqun əsasən “Ac həriflər” komediyasının, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd Şah Qacar”, “Dağılan Tifaq”, “Pəri cadu” faciələrində, “Köhnə dudman”, “Millət dostları”, “Baba yurdunda”… dramlarının tamaşalarında Akademik Milli Dram Teatrının yüzdən çox sənətkarı nailiyyətlər qazanmışdır.
İlk tamaşasının gurultulu nümayişi milli teatr tariximizdə dönüş yaradan (1916-cı il, 29 aprel), fikir yükü, məna dərinliyi, ictimai-sosial dərdləri, mənəvi göynərtiləri ilə bu gün də rejissorların diqqət mərkəzində duran “Ölülər” tragikomediyasının müəllifi Cəlil Məmmədquluzadə (1862-1932) dramaturgiyamıza fəlsəfi reallıq, püskürən qəzəb, həlim yumor, hayqıran satira… gətirib. Felyetonları ilə “Molla Nəsrəddin”i Hindistanda, İranda, Turanda, Orta Asiyada… şöhrətləndirən dahi eyni zamanda səhnəmizin “Molla Nəsrəddin”i idi.
Mirzə Cəlilin “Anamın kitabı”, “Ölülər”, “Dəli yığıncağı” faciələri səhnə sənətimizdə janr rəngarəngliyi axtarışlarına, oyun-üslub istiqamətinə, təfəkkürləri silkələmək, vicdanları mizan-tərəziyə qoymaq baxımından həmişə səmərəli, geniş imkanlıdır.
Mübaliğəsiz demək olar ki, təkcə Tofıq Kazımovun quruluş verdiyi və 1966-cı il noyabrın 12-də premyerası oynanılan “Ölülər” tamaşası ilə Azərbaycan Akademik Milli Dram Teatrını dünyada təmsil etmək olar. Bu, nə qədər cəsarətli fikir olsa da, bir o qədər real gerçəklikdən şirələnən qənaətdir.
Odessada ali tibb təhsili almış tanınmış ictimai xadim, maarifçi Nəriman Nərimanov (1870-1925) milli teatrın inkişafinda (həmçinin Tatarıstanda səhnə sənətinin təşəkkülündə) müəyyən səmərəli xidmətlər göstərib. “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin nəzdindəki teatr dəstələrinin fəaliyyətinə qayğıkeşlik edib. Nəcəf bəy (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Qorodniçi (“Müfəttiş”, Nikolay Qoqol) və digər rollarda çıxış edib. Özünün “Dilin bəlası” (“Şamdan bəy”) komediyasını Cahangir Zeynalovla birgə tamaşaya hazırlayıb.
XX əsrin birinci qərinəsində ayrı-ayrı truppaların, dəstələrin bir ildə bəzən iki-üç dəfə müraciət etdikləri pyeslər arasında Nəriman Nərimanovun “Nadir şah Əfşar”, “Nadanlıq”, “Bahadır və Sona” faciələrini, “Dilin bəlası” komediyası ayrıca qeyd edilməlidir. “Nadir şah Əfşar” ilk milli tarixi faciəmizdir.
1930-cu ilədək teatr öz repertuarında maarifləndirmə, didaktika mövzulu əsərlərin tamaşasını, onların oynayacağı tərbiyəvi əhəmiyyəti vacib sayırdı. Təbii ki, bu istək ilk növbədə cəmiyyətin ictimai, sosial-mənəvi durumundan irəli gəlirdi.
Ona görə teatr həvəskarları yeri gəldikcə Sultanməcid Qənizadənin, Mehdi bəy Hacınskinin, Rəşid bəy Əfəndiyevin, Səməd Mənsurun pyeslərinə, təbdil və iqtibaslarına müraciət edirdilər.
Yazıçı-pedaqoqların arasında teatra rəğbətiylə seçilən Süleyman Sani
Axundovun (1875-1939) “Tamahkar” komediyası, “Eşq və intiqam”, “Laçın
yuvası” faciələri daha çox oynanılırdı.
Bədii yaradıcılığa şer, hekayə, o cümlədən dramaturgiya ilə erkən
yaşlarından başlayan Cəfər Cabbarlı (1899-1934) otuz beşillik ömründə
melodrama, vodevil, sentimental dram, tarixi dram, faciə janrlarında yumordan böyük ustalıqla istifadə edərək silsilə səhnə əsərləri yazmışdır. “Vəfalı Səriyyə”, “Yaylağa gedir”, “Solğun çiçəklər”, “Ulduz, yaxud Ədirnə fəthi müharibəsi”, “Bakı müharibəsi”, “Ədirnə fəthi”, “Nəsrəddin şah”, “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Sevil”, “Yaşar”, “1905-ci ildə”, “Almaz”, “Dönüş”…
Cəfər Cabbarlının dramaturgiyası teatrı xarakterlər dramaturgiyası kimi daha çox maraqlandırıb. Səriyyə, Əbdül kişi, Aydın, Oqtay, Dövlət bəy, Böyükxanım, Qurban, İmamyar, Hacı Əhməd, Şərif, Baloğlan, Ocaqqulu, Elxan, Altunbay, Aqşin, Oddamdı, Əbdüləli bəy, Balaş, Dilbər, Gültəkin, Almaz, Mirzə Səməndər, Sevil, Salamov, General qubernator, Yaşar… obrazlarının ifası Mirzağa Əliyev,
Sona Hacıyeva, Mərziyə Davudova, Abbasmirzə Şərifzadə, İsmayıl Osmanlı, Ələsgər Ələkbərov, Məmmədəli Vəlixanlı, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Əliağa Ağayev, Həsənağa Salayev, Həsən Turabov kimi aktyorlarımızın yaradıcılığında silinməz izlər qoyub.
1920-ci il dekabr ayının 21-də Akademik Milli Dram Teatrı tamaşaçılara Hüseyn Cavidin (1883-1941) səhnədə ilk pyesini – “İblis” faciəsini nümayiş etdirdi. Bununla da, səhnə sənətimizdə yeni janrın – P o e t i k t e a t r ı n təməl daşı qoyuldu.
Əsasən tarixi hadisələrə poetik-dramatik yöndən yanaşmaqla cəmiyyət və insan, şəxsiyyət və zaman problemləri məhvərində güclü konflikt quran Hüseyn Cavid dramaturgiya ilə əsrin əvvəllərində məşğul olsa da, pyesləri uzun illər tamaşaya qoyulmayıb.
“İblis” qısa müddətdə dəfələrlə oynanılandan sonra sənətkarın “Uçurum”, “Şeyda”, “Afət”, “Şeyx Sənan”, “Maral”, “Knyaz”, “Səyavuş”, “Topal Teymur” dramları tamaşaçılara göstərilib. 1921-ci ildən 1935-ci ilədək “Şeyx Sənan” faciəsi səhnədən düşməyib, repertuarın incilərindən sayılıb.
Hər yeni pyesinin tamaşasından sonra güclü təzyiqlərə, qərəzli tənqidlərə (hətta təhqirlərə) məruz qalan Hüseyn Cavid 1937-ci ildə həbs edilib. O, sürgün olunaraq Sibir meşələrində dünyasını dəyişib.
Onun 1935-ci ildə tamamladığı və müsabiqədə birincilik qazanan “Xəyyam” faciəsi yalnız 1970-ci il martın 2-də Mehdi Məmmədovun quruluşunda oynanıldı və “Cavid teatrı”nın nailiyyətləri silsiləsində təzə söz kimi səsləndi, teatrın həyatında hadisəyə çevrildi.
“İblis”də İblis (Abbasmirzə Şərifzadə, Rza Təhmasib, Həsən Turabov,
Hamlet Xanızadə), Arif (Rza Təhmasib, Kazım Ziya), Xavər (Mərziyə Davudova), Rəna (Vəfa Fətullayeva), “Şeyx Sənan”da Şeyx Sənan (Ülvi Rəcəb, Abbasmirzə Şərifzadə), Xumar (Mərziyə Davudova, Hökümə Qurbanova), Şeyx Kəbir (Mirzağa Əliyev), Dərviş (Kazım Ziya), “Knyaz”da Knyaz (Rza Darablı, Abbasmirzə Şərifzadə, Rza Təhmasib), Jasmen (Qəmər Topuriya), Lena (Sona Hacıyeva, Yeva Olenskaya), Solomon (Mirzağa Əliyev), Şakro (İsmayıl Hidayətzadə), Anton (Ülvi Rəcəb), “Səyavuş”da Səyavuş (Ülvi Rəcəb, Abbasmirzə Şərifzadə, Ağadadaş Qurbanov), Keykavus (Rza Təhmasib), Kosa (Məmmədəli Vəlixanlı), “Xəyyam”da Xəyyam (Mehdi Məmmədov, Həsən
Turabov), Sevda (Şəfiqə Məmmədova), Müfti (Məmmədrza Şeyxzamanov,
Bağban (İsmayıl Osmanlı), Xacə Nizam (Səməndər Rzayev), Həsən Sabbah
(Hamlet Xanızadə) obrazlarının ifası neçə-neçə aktyorun yaradıcılıq tərcümeyihalına iri hərflərlə yazılıb.
Poetik teatrın davamçısı Səməd Vurğunun (1906-1956) “Vaqif” pyesinin ilk tamaşası 1938-ci il oktyabrın 5-də göstərilsə də, səksəninci illərin ortalarınadək min dəfədən çox oynanılıb. Ələsgər Ələkbərovun Vaqif rolu əbədiyyət yaddaşına qovuşub. Dünya şöhrətli şairin “Xanlar”, xüsusilə “Fərhad və Şirin” dramları teatrın monumental tamaşalar yaratmaq yolunda müsbət nəticələr verib.
Otuzuncu illərin sonunda yazdığı və Akademik teatrda uğurla tamaşaya
qoyulan “Toy” əsəri ilə milli komediyanəvisliyimizin yeni mərhələsinə körpü salan Sabit Rəhman (1910-1970) səhnəmizi təzə komik personajlarla zənginləşdirdi.
Onun “Xoşbəxtlər”, “Aydınlıq”, “Aşnalar”, “Nişanlı qız”, “Yalan”, “Əliqulu evlənir”, “Küləklər” komediyaları Ədil İsgəndərov, Məhərrəm Haşımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Tofıq Kazımov kimi qüdrətli və müxtəlif yaradıcılıq dəst-xətli rejissorlarımızın maraq dairəsində olub.
İdeya-bədii dəyəri, mövzu təzəliyi, konfliktin sosial mahiyyəti ilə Mirzə İbrahimovun (1911-1993) “Həyat”, “Madrid”, “Məhəbbət”, “Yaxşı adam”, “Közərən ocaqlar” dramlarının, “Bəşərin komediyası, yaxud Don Juan” və “Kəndçi qızı” komediyalarının tamaşaları teatrın repertuar tərtibində səmərəli nəticələr verib.
Akademik teatr tarixi hadisələrə çağdaş estetik münasibətlərini təcəssüm etdirmək, mövzuya yeni münasibət baxımından Abdulla Şaiqin “Nüşabə”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm”, Mehdi Hüseynin “Nizami”, “Cavanşir”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Zeynal Xəlilin “Qatır Məmməd”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran Qasımov və Həsən Scyidbəylinin “Uzaq sahillərdə”, Nəriman Həsənzadənin “Atabəylər”, Kamil Abdullayevin “Qeys və Leyli”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…” dramlarının, onların yaradıcılıqlarının dramaturji qolundan bəhrələnib.
Qocaman kollektiv günümüzün aktual məsələlərinə cavab aramaq,
müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə Cabbar Məcnunbəyovun “İldırım”, Rəsul Rzanın “Vəfa”, Adil Babayevin “Dağlar qızı”, Məmmədhüseyn Təhmasibin “Bahar”, İmran Qasımovun “Arzu”, “Nağıl başlananda”, İslam Səfərlinin ”Göz həkimi”, “Yol ayrıcında”, Seyfəddin Dağlının “Mənziliniz mübarək”, Şıxəli Qurbanovun “Sənsiz”, Maqsud İbrahimbəyovun “Ümid”, “Kərgədan buynuzu”, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”, Ramiz
Fətəliyevin “Vəkil neyləsin”, Əkrəm Əylislinin “Quşu uçan budaqlar”, “Yastı təpə”, Nahid Hacızadənin “Qisas qiyamətə qalmaz”, “Məhəbbət yaşadır”, Rüstəm İbrahimbəyovun “İstintaq”, Əli Əmirlinin “Ağqoyunlular və qaraqoyunlular”, “Varlı qadın”, Elçinin “Ah, Paris… Paris!..”, “Mənim ərim dəlıdir”, “Poçt şöbəsində xəyal” pyeslərinə müraciət edib.
Lirik-psixoloji aktyor oyun-üslubunun milli teatrda təşəkkülü və inkişafı ilk növbədə İlyas Əfəndiyevin dramaturgiyası ilə bağlıdır. Yazıçı hələ 1940-1950-ci illərdə qələmə aldığı “Atayevlər ailəsində”, “Bahar suları”, “İşıqlı yollar” dramları ilə səhnəmizə realistik psixoloji iqlim gətirdi. “Sən həmişə mənimləsən” (1964)
tamaşasının yaranışı ilə lirik-psixoloji oyun tərzinin işıqlı yolu başlandı.
Qırx ilə yaxındır İlyas Əfəndiyev pyesləri Akademik teatrda ən çox
oynanılan sənətkardır. Onun “Sən həmişə mənimləsən” (1964), “Mənim günahım” (1965), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı dağlarda qaldı” (1971), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1975), “Xurşid banu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha
iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1996) tamaşaları çağdaş aktyor nəslinin formalaşmasında mühüm rol oynayıb.
Şair-dramaturqlardan Bəxtiyar Vahabzadənin “İkinci səs”, “Fəryad”,
“Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc” (“Göytürklər”); Nəbi Xəzrinin çağdaş mövzulu “Sən yanmasan…”, “Əkssəda”, tarixi keçmişimizi təcəssüm etdirən “Mirzə Şəfi Vazeh”, “Mənsiz dünya”, “Torpağa sancılan qılınc”, “Burla xatun”; nasir-dramaturq Anarın “Şəhərin yay günləri”, “Təhminə və Zaur”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm…”, “Adamın
adamı” pyeslərinin tamaşaları rejissorların üslub axtarışlarında, janr və mövzu rəngarəngliyində əhəmiyyətli olmuşdur.
* * *
Ötən əsrin sonlarında səhnə sənətimizin öndərləri, maarifçi ziyalılarımız milli və əcnəbi mədəniyyətlərin qarşılıqlı təsirini gücləndirmək, repertuarda mövzu rəngarəngliyi, janr müxtəlifliyi yaratmaq, teatr həvəskarlarında aktyorluq vərdişlərini formalaşdırmaq üçün dünya klassiklərinin, çağdaş Qərb və rus yazıçılarının pyeslərini tərcümə etməyə başladılar. Tərcümə ilə təkcə yazıçılar,
pedaqoqlar deyil, aktyor və rejissorlar da məşğul olublar. Bu ənənə indiyədək davam edir. Eyni əsəri, məsələn, “Otello”, “Hamlet”, “Müfəttiş”… pyeslərini dilimizə müxtəlif müəlliflər tərcümə ediblər.
Əsrimizin əvvəllərindən başlayaraq Bakıda müxtəlif dilli, o cümlədən
Azərbaycan teatr tamaşalarının repertuarına Dövlət ciddi nəzarət qoymuşdu.
Oynanılmasına icazə verilmiş əsərlərin siyahısı hər il Peterburqdan və Tiflisdən xüsusi möhürlü icazə kağızında gəlirdi. Onlardan kənara çıxmaq çox müşkül idi.
Tərcüməçilər də yalnız həmin siyahıdakı pyesləri dilimizə çevirə bilərdilər. Sərbəst tərcümə olanda, yəni siyahıdan kənar müəllifin əsərini azərbaycancaya çevirən şəxs və ya onu tamaşaya qoymaq istəyən teatr dəstəsi mütləq Bakıda oturan Qalabəyindən icazə almalıydı. Yalnız Qalabəyi pyesin bütün vərəqlərinə “icazə” möhürü vurandan sonra o əsər tamaşaya qoyula bilərdi. Qalabəyilər də bir qayda
olaraq gəlmə ruslardan təyin edilirdi. Ümid qalırdı onun yanındakı azərbaycanlı dilmancın həmin əsəri (azərbaycanca mətni) Qalabəyiyə necə təqdim etməsinə.
Bəzən razılıq almaq üçün aylarla vaxt gedirdi.

(Ilham Rəhimli – ÜÇ ƏSRİN YÜZ OTUZ İLİ)

Məhəmməd əmin Rəsulzadə – Azərbaycan Şairi Nizami

Standart


../..

NİZAMİNİN BEŞ KİTABI

BEŞLIK

Hazırladım mən əvvəlcə “Məxzəni”,
Tutmadı zəiflik bu işdə məni.

Bu surətlə yağlı, şirin topladım,
“Xosrov-Şirin” dastanına başladım.

Bundan sonra bir başqa pərdə açdım,
“Leyli-Məcnun” sevdasına ulaşdım.

Bu qüssəni bitirmiş oldum; həmən
“Yeddi gözəl” sarayına çəkdim yüyən.

Indi şerin mən girdim meydanına
Təbil vurdum İskəndərin namına.

N i z a mi

“PƏNC-GƏNC” və yaxud “Xəmsə”

Nizamidən qalan bi miras Şərq ədəbiyyatında mövcud olan bütün janrları əhatə edən 48 min beytdən ibarətdir. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divan-e əşar”ını (qəzəllər, qəsidələr və başqa parçalar) təşkil edir, qalan 29 min beyt isə kitabımızın bu bölümünün mövzusu olan beş kitaba daxildir.
Bizim “beş kitab” dediyimiz bu mövzular məsnəvi tərzində yazılmış beş müstəqil poemadan ibarətdir. Şair özü bu beş kitabına “Pənc-gənc” (“beş xəzinə”) adı vermişdir. Təzkirəçilər və kitabçılar isə beşi bir yerdə toplanmış olan bu məsnəvilərə, qısaca olaraq, ərəb termini ilə “Xəmsə” demişlər. “Xəmsə” sözü Azərbaycan dilində “Beşlik” deməkdir.
Nizami bilavasitə bu “Beşliyi” ilə tanınmışdır. “Nizami Gəncəvi” ilə “Xəmse-ye Nizami” söz birləşmələri ədəbiyyatın bir-birini tamamlayan iki məşhur tərkibidir.
“Xəmsə”dən kənarda qalmış “Divan” yüksək əhəmiyyətə malik olsa da, Nizamini Nizami olaraq bütün şairlərdən ayıran və onun orijinallığını təmin edən əslində bu beş kitabdır, ustadın özü də sonuncu əsər “İskəndərnamə”nin müqəddiməsində buna işarə etmişdir.
Bunun üçün biz də oxucularımıza bu kitabları ümumi surətdə olsa da, tanıtmaq istəyirik.
“Beşliy”i tanımadan Nizamiliyi təşkil edən fikirlərə, sənətə aid özəllik və yaradıcılıq haqqında bir fikir aşılamaq mümkün ola bilməz.
“Beşlik”, içindəki poemaların yazıldıqları tarix sırasınca tərtib edilmişdir. Biz də bu beş kitabı eyni sıra ilə təhlil edəcəyik.

I

MƏXZƏN-ÜL-ƏSRAR

Bismillah ər-Rəhman ər-Rəhim
Həst kəlid-e dər-e gənc-e həkim

N i z a m i

2263 beytdən ibarət olan bu məsnəvi h. 559-da (m. 1163/4) yazılmışdır. Həmin tarixdə şair hələ çox gənc idi. “Məxzəü-ül-əsrar”ı bitirdiyi zaman Nizaminin 20 yaşlarında olduğu təxmin edilir.
“Pənc gənc”in ilk “Xəzinə”sini təşkil edən “Məxzən-ül-əsrar” özündən sonra gələn dörd “Xəzinə” əsərdən şəkil baxımından bambaşqadır. Bu, nə bir eşqin macərasını, nə də bir hökmdarın dünyanı fəth etməsini təsvir edir. Bu, nə bir hekayə, nə təmsil, nə də dastan deyildir. Bu baxımdan onun “Beşlik”dəki o biri qardaşlarına oxşarlığı yoxdur. “Sirlər xəzinəsi”nin o biri poemalarla ortaqlığı yalnız yazıldığı məsnəvi tərzində təlqin etdiyi Nizami fikirləridir. Bu kitab “Beşlik”dəki o biri dörd poema kimi forma nöqteyi-nəzərindən bir vəhdət təşkil etmir. Lakin bu, onun məna və fikir etibarilə o biri mənzumələrdən uzaq olduğuna dəlalət etmir. Əksinə, “Sirlər xəzinəsi”nin yazılışındakı əsl məqsəd şairlik deyil, filosof və şeyx olan Nizaminin əxlaqi fikirlərini daxildən gələn bir istəklə oxuculara təlqin etməkdir. Yalnız bu baxımdan ona müstəqil bir kitab demək olar – din yayan bir müqəddəs kitab.
“Məxzən-ül-Əsrar” təlqinçi bir əsərdir. Burada şair nəzm dili ilə sufiyanə fikir, əqidə, əxlaq və dünyagörüşünü başqalarına aşılayaraq təlim etməkdədir. o, ilahi hikmətlərin sirrinə varid olmuş və bunları bir “xəzinə” halında mömin və müqəddəs “ərənlərə” əmanət vermişdir.

* * *

“Beşliy”in bu əsərində biz fikirlərini rəmzlər, rəmzli hekayələr, təmsillər və şairanə təşbihlərlə təlqin edən və hər şeyi tək bir varlıqdan görən bir mürşidlə qarşılaşırıq. Bu mürşid öz kitabına, adət olduğu kimi, Cənabi-Həqqə xitab edən bir alqış və minacatla başlayır.
Nizaminin qənaətincə – müsəlmanlığın Allah haqqında əsas əqidəsi də budur – “bütün varlıqları O, vücuda gətirib: zəif torpaq, yer üzü onun bayrağı altına sığınmışdır. Biz Onunla dururkən, O, öz-özünə durmuşdur. Varlığının müəyyən bir şəkil və surəti yoxdur, kimsəyə bənzəməz, dəyişməz, ölməz, bizim hamımız fani ikən, O əbədidir. Yüksəkliklə müqəddəsliyə sahib olan Odur”.
Allaha mədh və sənadan sonra Həzrət Peyğəmbərin tərifi gəlir. Nizami bu əsərində “Peyğəmbərin tərifi”ni (“nə’ti-nəbi”) dörd dəfə təkrarlayır. Nizaminin dediyinə görə, hökmü qiyamətə qədər sürəcək ən böyük bilik və hidayət sahibi olan rəhbər – Məhəmməddir. Böyük bir peyğəmbər sifətililə o, Allahla daimi və səmimi münasibətdədir. Merac bu ruhi münasibətin bir rəmzidir. Sufilikdəki Allahla ruhi təmas əqidəsinin şairanə bir rəmzini gördüyü ehtimal edilən merac dastanına Nizami Məhəmməd Həzrətlərini mədh edərkən xüsusi bir qayə və diqqətlə daima qayıtmaqdadır.
Peyğəmbərin mədhindən sonra, klassik üsulun tələbinə görə növbə kitabın ithaf olunduğu padşahın – Ərzincan hökmdarı Bəhram şahın mədhinə çatır. Bu barədə keçən bölümdə məlumat verilmişdir.
Bundan sonra şair bizə sözün əsl şərəf və fəzilətindən söz açır. Şairin qənaətincə “yaradılış pərdəsinin açılmasıyla varlıq səhnəsinə ilk gələn söz olmuşdur”. “Söz (yəni şer) deməkdəki sirr pərdəsi peyğəmbərliyin bir kölgəsidir”. Məxluqun qədimliyi-təzəliyi araşdırılarkən “Tanrı hüzurunda ön cərgədə peyğəmbərlər, ikinci sırada isə şairlər dururlar”
Şer ilə şairin rütbə və şərəfi təyin edildikdən sonra Nizami bir-iki fırça ilə ilahi eşq ilə coşan füsunkar bir şair kimi öz portretini yaradır.
Məsələnin yaxşı anlaşılması üçün əlavə etməliyik ki, Nizaminin peyğəmbərlər dərəcəsinə çıxardığı şair – həvəslərinə deyil, qəlbinə bağlı olan şairdir. “Həvəs yolkəsənlərindən qorxmağı” və “həyatda ancaq qəlbin rəhbərliyi ilə yol getməyi” o, xüsusi olaraq, tövsiyə edir. Nizaminin qənaətincə, “qəlbləri qüvvətli olanlar hər iki dünyada öz arzularına çatırlar”. Belə müqəddimədən sonra şair son dərəcə nəfis və təsvirlərlə bəzənmiş bir-iki fəsildə özü ilə dərdləşərək vəcdə gəlir. Belə bir halətdə o, Allaha qovuşur, onunla tək qalır, şəxsi söhbətləri ilə “xəlvət” düzəldir. Maddi aləmə bağlılıqdan, dünyəvi əlaqələrdən ayrılaraq təcərrüd halında mistik bir hissiyyatla o, Allahın hüzurunda olduğunu anlayır, həqiqi aydınlığa çatır, bəxtəvərdir. Bu səadətini o, istəyinə çatmış bir adam sevinci ilə təsvir edir. Bu “müqəddəslik” “gündüz qədər aydın bir gecədə”, “bir merac gecəsində” üz verdi. “Elə bir gecə ki, düşməni olan gündüz belə onun kimi bir gecə olmaq istərdi”.
Öz-özünə ucalaraq, ruhunun (Peyğəmbər kimi merac edərək) Həqq ilə təmasda olduğunu bu şəkildə bildirdikdən sonra, şair vəhy deyilsə də, özünə ilham olunan hikmətləri yaymağa başlayır. Kitabın əsl təlqinçi məqalələri də buradan başlayır.
Cəmi 20 olan bu məqalələri aşağıda xülasələşdiririk.
Birinci məqalə “İnsani-kamil və tərkidünyalıq” haqqındadır. Atamız Adəm, Allahın bu buyruğundan çıxaraq günah iş gördüyü üçün cəzaya uğrayıb cənnətdən yer üzünə qovulmuşdur. Lakin o, öz günahını başa düşüb tövbə etdiyi üçün yerdə Allahın xəlifəsi təyin edilir. Nizami həmin hekayədən belə nəticə çıxarır: Allahdan qorxmaq və Ona mütləq surətdə tabe olmaq lazımdır. Belə olarsa, insan üçün heç bir təhlükə yoxdur, çünki “Allahdan yaxşılıqdan başqa bir şey gözləmək olmaz”. “Fəna olan bizik, Allah isə yaxşılığın elə özüdür”. Şairin dediyinə görə, “günahımızı başa düşüb Allaha sığınsaq, həmişə onun mərhəmət və lütfündə olacayıq”.
Ikinci məqalə “Ədalət və insaf” haqqındadır. “Ədalət ağılı məmnun edən bir rəhbərdir. Məmləkət işləri yalnız ədalət sayəsində görülür. Ölkə yalnız onunla abad olur”.
Üçüncü məqalə “Dünyanın dəyişən bir varlıq olduğu” haqqındadır. Fırlanan fələk çərxinin altında olan hər şey dəyişməyə və zavala məhkumdur. Yaşa dolan zaman bizimlə daima müxalifətdədir, o, bizimlə oynar, gah canlılara hakimlik edir, gah da bizi kuzə düzəldənlərə palçıq edir”.
Dördüncü məqalə “Padşahın rəiyyətə qarşı vəzifəsi” haqqındadır. Dünyanın əsası ədalətsizlik üzərində qurulmuşsa da, dünyanı idarə etmənin şərti ədalətdir. Kim bu dünyadakı “evində” bir gecə ədalətə qulluq etsə, özünün sabahkı evini tikmiş olur.
Beşinci məqalə “Özünə güvənmək və kimsəyə əl açmamaq” haqqındadır. Nizami “bir ovuc buğdaya bənzər arpa” üçün “ürək dənini arpa və buğda kimi üyütmənin” əleyhinədir. Ona görə “xəsislərin çörəyini yeməkdənsə, torpaq yemək daha yaxşıdır”. “Əlini ona-buna uzatmaqdansa, bir işə uzat!” – deyir şair.
Altıncı məqalə “Dözümlü olmaq və riyazət” haqqındadır. Burada şair dözümlü olmağın insana mənəvi istiqlal və mətanət verəcəyi fikrini əsaslandırır. “Xudpəsəndlik xəstəliyi fəlakət zərbələri nəticəsində şəfa tapır, çünki “azadlığa gətirib çıxaran hər yolda sevinc günlərini qabaqlayan əzab günləri vardır”.
Yeddinci məqalə “İnsanlıq şərəfi” haqqındadır. Bu şərəf insana yalnız o vaxt nəsib olur ki, o, öz ehtiras və həvəslərinə kölə deyil, hakim olur. Əsl insan nəfsini özünə tabe edəndir. “Həva və həvəsə uymaq – zalimlik, özünü tanımaq isə peyğəmbərlikdəndir”. “Çalışmaq və xalqa xidmət etmək – budur insanlığın şərəfi!”.
Səkkizinci məqalə “Yaradılışın qədimliyi” haqqındadır. Insanlar yaranmamışdan əvvəl kainatın mövcud olduğunu, günəşin, ayın, ulduzların, mövsümlərin, gecələrin, gündüzlərin eyni nizam daxilində hərəkət etdiklərini özünə məxsus bəlağətlə təsvir etdikdən sonra şair bu köhnə dığırlanan fələyin altında yaxşılıqdan-kobudluqdan hər nə varsa, hamısının bir-birindən rəng alıb-rəng verməkdə olduğunu bəyan edir. Varlıqdakı dialektikanın (təarüz) qədimliyinə bu şəkildə işarə etdikdən sonra, müdrik filosof insan övladını bu xətərli yolda qəflətə dalmaqdan qorxudaraq deyir: “bu yolda yatanın ya başı əldən gedər, ya da papağı”:

Hər ke dərin rah konəd xabqah,
Ya sərəş əz dəst rəvəd, ya kolah!

Doqquzuncu məqalə “Özünü tanımaq” haqqındadır. O deyir: biz su ilə palçıqdan yoğrulmuşuqsa da, bir qiymətli cövhərə malikik. Bizim torpaqdan yoğrulmuş xəmirimizi bişirdikləri zaman içinə “ürək” deyilən bir məcun qoymuşlar. Torpağımız əzablarla, əziyyətlərlə əzilməkdədirsə də, bu “torpağın qəlbi” xəzinələrlə doludur. Şair tövsiyyə edir ki, bu torpağın qədrini bilmək və onu yaradana şükr etməliyik. “Bura bizə təyin edilməmiş olduğu bir vaxtda, yəni fani vücud örtüyünü üstümüzə salmadığımız bir zamanda, ruhumuz əbədiyyətin uca nöqtələrinə uçmaq əzmində idi”. Ruhumuzun müvəqqəti olaraq bağlandığı vücudumuzu tərk etdikdən sonra əsl hədəfi olan yüksəkliyə uçmasını və özünə layiq məqama qonmasını həyatdakı sonu düşünməklə təmin etməliyik. “Sonu düşündüyü üçün arının pətəyi balla dolu olur”. “Mərdanə cərgəyə düzülmüş qarışqa gələcək günün yemini daşımaqdadır”. “Adam kor deyilsə, bu böcəklə, bu qurddan necə geri qala bilər?” “İnsanın getməyə borclu olduğu yolun səhralardan keçən çətin bir yol” olduğunu Nizami yaxşı bilirdi. Lakin “yolun çətinliyini görərkən süstləşməməyi” və məqsədə çatmaq üçün oxucularına “din atına minməyi”, yəni bir iman sahibi olmağı tövsiyə edir.
Onuncu məqalə “Hünər sahibi olmaq” haqqındadır. Hünər sahibi olmağı tövsiyə etməzdən əvvəl, bizə xidmətdə olan kainatın təsəvvür ediləcək bir zamanda sona çatacağını, çərxin tənəzzülə uğrayacağını, fələyin bizə xidmətindən qalıb qiyamətin qopacağını şair qorxunc bir səhnə halında təsvir edir. Dəhşət doğuran bu “axirüzzəman” təsəvvür qarşısında insan nə etməli, nəyə əl atmalıdır? Bu suala Nizami, “bir hünər sahibi olub, kəmala çatmaq lazımdır” – deyə cavab verir: “eyb və qüsurla dolu olan dünyada” başqalarında eyb və qüsur axtarmağı mənasız iş sayan filosof şair deyir: “bunları özündə axtar və pak olmağa çalış!”.
On birinci məqalə “Təkəbbür və məğrurluq” haqqındadır. Burada şair insanlara mənasız qürur və lovğalanmaqdan vaz keçməyi və ideal şəkildə təvazökar olmağı tövsiyə edir. “Qəlbinin tapdığı yol ilə irəlilə ki, hər iki cahana sahib olasan”. Lakin necə irəliləməli? “Rütbəndən qorxmamaq üçün aşağıya, kölgəndən ürkməmək üçün arxaya baxmadan irəlilə!”
On ikinci məqalə “Maddiyyatdan uzaqlaşmaq” haqqındadır. Bunu həkimin bir hikmətli cümləsi ilə ifadə etmək olar: “Üzərində məqsəd sikkəsi olmayan zər (qızıl) ilə zərnix (arsen) eyni qiymətdədir”.
On üçüncü məqalə “Dünyanın faniliyi” haqqındadır. Bu dünya – “fani bir mənzildir, qərarı yox, xəzan ruzigarıdır, baharı yox!”
On dördüncü məqalə “Ədalətsevərlik və düzsözlü olmaq” haqqındadır. Burada Nizami bütün insanları ədaləti sevməyə təşviq edir. Vətəndaşlığın vəzifəsi zülmə və haqsızlığa qarşı çıxmaq və həqiqəti cəsarətlə söyləməkdir. Ağıl sahibi əsl insan yalnız belə etməlidir, çünki “ağıl – Məsihdir, ondan ayrılma!” “Şərab ağıla düşmən olduğu üçün haram elan edilmişdir”, yoxsa “adama kef verən və nəşə gətirən bir şeydir”. Kişinin əsl silahı doğruluqdur. “Əyrilikdən ziyan, doğruluqdan isə salamatlıq və yaxşılıq” gəlir.
On beşinci məqalə “İnsanın əhəmiyyəti və qiyməti” haqqındadır. Bu məqalədə şair, zəmanəmizdə daha aktual olan nəsillər arasındakı ahəng və gənclik ilə şəxsiyyət məsələsini təhlil edir. Deyirlər ki, “daş qocaldıqca lələ çevrilir”. Şairin qənaətincə bu, mübahisəli bir məsələdir, çünki o, öz təcrübəsində “bu güruhun qocaldıqca, betər olduğunu” gözləriylə görmüşdür. Şairin tədqiqinə görə, “Yaşlılar arasında gənclərə yardım edən insaflı qocalar az olur”. Beləliklə, “könül genişliyi təzə çiçəklərdən, yaralar isə əski tikanlardan gəlir”. Daha münasib bir təşbih: “başı ağıl üçün ayrılmış qab ikən, əski beyin onu qəbul etməyə heç də hazır deyildir”. Amma “səhhət və sağlamlıqdan ibarət olan gəncliyin dəlilik tərəfləri də az deyildir”. Bu halda nə etməli? Nizamini nümunə götürüb ona oxşamalı; çünki o, gül kimi xəzinə saçır və cavan ikən qocalıq iddiası edir”. “Təzə çıxan ayı hilal şəklində görürsünüz, lakin onun kəmalə yetişib bədr olacağını unutmayın”. “İddialara yox, hünərə qiymət vermək lazımdır”. “Su da, sədəf də çoxdur, lakin inci olacaq damlalar azdır”. “Nə qədər can, nə qədər qan lazımdır ki, bir gövhər bir taca qonsun!”.
On altıncı məqalə “Gələcəyi düşünmək” haqqındadır. Burada şair ziyanlarımıza görə şəxsən özümüzün cavabdeh olmağımız fikrini təlqin edərək soruşur: “Şərabı içən sən, dünyanın qəbahəti nə?” Hərəkətlərinin nəticəsini düşünməyən adamlar, şairə görə, daima ziyan görərlər. Gələcəyi, aqibəti düşünənlər isə azdırlar. “Dünyanın hər yeri daşlarla dolu isə də, ləl olan daş çox azdır”.
On yeddinci məqalə “Guşənişinlik və təcrid” haqqındadır. Sufiliyə xas olan bu iki kəlmə ilə bir insanın mənən öz qınına çəkilməsi, həva və həvəslərdən ayrılması, öz idealı yolunda hər cür məhrumiyyət və çətinliklərə dözməsi ifadə olunur.
Şair, bizdən qüvvətli olan həyat şəraiti qarşısında nə sırtıq, nə də məyus olmağı bizə məsləhət görür. Nə yersiz ağlamaqla kor olmağı, nə də arsızca daima gülməyi tövsiyyə edir. Bunların hər ikisi ölçüsüzlükdür. Həyatın sirri isə ölçülü olmaqdadır. Insanları bədbəxt edən içlərindəki təzaddır. Bunun şairanə misalı isə mumdur. “Yanarkən mum kimi gülənlərin ömrü qığılcım kimi qısa olur”.
On səkkizinci məqalə “Zəmanə adamlarının vəfasızlıqları” haqqındadır. Şair çiy süd əmmiş insan oğlunun vəfasızlığını yaxşı bilirdi. Bunun üçün işarə etdiyi insanları dost seçməkdə ehtiyatlı olmağa dəvət edir. Bu axtarışlarda vücudumuzun aciz olduğunu başa salaraq, şair vəzifəni qəlbimizin öhdəsinə qoymağı məsləhət görür.

Tən çe şenasəd ke tora yar kist,
Del bovəd agəh ke vəfadar kist.

(Bədən necə bilə bilər ki, sənə dost kimdir,
yalnız qəlb agah ola bilər ki, vəfalı dost kimdir – red.)

On doqquzuncu məqalə “Düşməndən çəkinmək” haqqındadır. Şairin bu xüsusdakı tövsiyyəsi sadədir: Düşmənin böyüyü-kiçiyi olmaz; hətta kiçik düşmən daha təhlükəlidir. Əqrəb kiçik olduğu halda, əjdahadan daha qorxuludur; bunlardan ikincisi açıqda ikən, birincisi gizlidir. “Ən böyük qəflət – ən kiçik düşməndən qafil olmaqdır”.
Iyirminci məqalə “Mütəəssiblərdən şikayət” haqqındadır. Hər yenilik nümayəndəsi və hər böyük sənətkar kimi Nizami də öz dövrünün mütəəssiblərindən çox əziyyət çəkmişdir. Şair deyir: “Dünyanın vəziyyətinə bax, gör onun başçıları, “adlı-sanlıları” kimdirlər?” Bu bir-iki bədnam, “adı batmış” başçılar istəyirlər ki, şairi sındırsınlar, lakin o, buna əhəmiyyət vermir, “çünki hilal halında olan şəxsiyyət sındırıldıqca böyüyərək” bədr (tam, bütün ay) olacağına əmindir.

* * *

Nizami bütün bu məqalələrdə yürütdüyü fikirlərin hərəsini bir hekayə və ya təmsil ilə təchiz və təsvir etmişdir. Bunların hamısını, xülasə halında olsa da, burada təhlil etmək sözün həddindən artıq uzanmasına səbəb olardı. Bununla bərabər, çox mənalı və bəzən də çox maraqlı bədii nümunə olan bir neçə misal gətirmək zövqündən özümüzü məhrum edə bilmədik.
Ədalət və insafdan bəhs edən məqaləsini şair Ənuşirvan ilə vəzirinə aid bir hekayə ilə təsvir edir. Şah vəziri ilə birlikdə gəzintiyə çıxdığı zaman iki xaraba evin divarları üstünə qonmuş iki bayquşun səs-səsə verərək uladıqlarını görmüşdür. Şah vəzirə tərəf dönərək: sən quşların dilini anlayırsan; bunlar nə danışırlar? – deyə soruşmuşdur. Vəzir: – söhbət toy-düyün haqqındadır – demişdir. – Bayquşun biri o birindən qızının nigahı müqabilində yüz xaraba istəyir. Bu birisi isə cavab verir: “Günlər belə keçsə və padşah eyni adam qalsa, mən sənə yüz yox, yüz min xaraba verərəm”.

Gər məlek inəst, çenin ruzeqar,
Z-in deh-e viran dehəmət səd hezar.
Tərcüməsi:
Şah bu isə, böylə getsə ruzigar,
Yüz min xərabəlik diləsən də var!

Padşahın rəiyyətə qarşı vəzifəsinə aid məqalə aşağıdakı hekayə ilə təsdiqlənmişdir:
Böyük səlcuqlardan sultan Səncərin qarşısına zülm və işgəncəyə məruz qalmış bir qoca qarı çıxaraq demişdir:

Doulət-e torkan ke boləndi gereft
Məmləkət əz dad pəsəndi gereft.

Çon ke to bidadgəri pərvəri
Tork nəyi, hendu-ye ğarətgəri.
Tərcüməsi:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi hər elləri.

Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapqınçı bir hindusan!

Özünə güvənmək və kimsəyə əl açmamaq haqqındakı məqaləsini şair belə bir hekayə ilə tamamlamışdır: Cavanlardan biri kərpic palçığını ayaqlayan bir qocaya rast gəlir. “Ata, nə üçün özünü yorursan, nəyə görə özünə bu qədər əziyyət verirsən? Kərpic kəsmək sənin yox, gənclərin işidir. Sən xahiş etsən, kim sənə kömək etməz?! Hansı cavan səndən bir parça çörəyini əsirgər?!” – deyə gənc qoca kərpickəsənə müraciət edir. “Elə ona görə əziyyət çəkərək palçıq qayırıram ki, günlərin bir günü sənə əl açmayım” – deyə qoca cavab verir və həmin cavabla da gənci utandırır.
Ədalət və doğruluq haqqındakı fikirlərini təsdiqləmək üçün düzdanışan bir zahidin cəsarətini təsvir edir: Zülmkar və qəddar bir padşah varmış. O, xalqa zülm edir və əhalinin malına və mülkünə əl atırmış. Qoca bir zahid bu vəziyyəti tənqid edərək padşahın zülmkar olduğundan şikayətlənirmiş. Padşah qocanı öz hüzuruna çağırtdırmış və bundan xəbər tutan kimi qoca qüslünü alıb və kəfənini geyib şahın hüzuruna gedir. Zalım padşah əvvəldən öz cəlladlarını hazırlayaraq onlara əmr veribmiş ki, qoca ağzını açmamış onu öldürsünlər. Qocanı görən kimi padşah onun üstünə qışqırmış: “Mənə zalım deyən sənsənmi?” “Bəli, – deyə qoca cavab verir: – mən sənin haqqında sən bildiklərindən də ağır sözlər demişəm, lakin unutma ki, mən səni olduğun kimi göstərən bir güzgüyəm; öz üzünü bu güzgüdə eybəcər görürsənsə, günah güzgüdə yox, sənin özündədir. Odur ki, o güzgünü yox, özünü qır”. Düz sözlərindən və cəsarətindən təsirlənən padşah həmin qocanın kəfənini üstündən götürtdürmüş və ona xələt geyindirmişdir. Bu ibrətdən dərs alan padşah zülmü atıb ədalətə qovuşmuşdur.
Pisliyə yox, yaxşılığa qulluq etmək hikmətinin təsviri üçün şair İsaya aid bir təmsil gətirmişdir.
Çürümüş bir köpək leşinin ətrafına toplaşanlardan biri leşin pis iyləndiyindən, o biri – çirkinliyindən, üçüncüsü çürüdüyündən, dördüncüsü isə qurdladığından bəhs edirmiş. Bu arada İsa gələrək deyir: “Bir baxınız, görün nə ağ, nə gözəl, nə sağlam dişləri vardır!”.

* * *
Əvvəllər qeyd etdiyimiz kimi, “Məxzən-ül-əsrar” şairdən çox filosof və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan, başqa bədii əsərlərinə nisbətən sənət baxımından bir az soyuqdur. Buna baxmayaraq, Nizamiyə xas orijinal ifadə və mistik ruh ilə yazılan bu əsər şer nöqteyi-nəzərindən də yüksək və canlı parçalara malik, fövqəladə bir “Sirlər” xəzinəsidir. Həm şairin sağlığında, həm də özündən sonra Şərq ədəbiyyatının çox məşhur simaları “Məxzən-ül-əsrar”a təqlid ilə ona nəzirələr yazmışlarsa da, tənqidçilərin bir səslə söylədiklərinə görə, heç biri onun qədər uğurlu olmamışdır.

II

XOSROV VƏ ŞIRIN

Xodavənda dər-e toufiq beqoşay
Nezami-ra dər-e təhqiq benomay

(İlahi, müvəffəqiyyət qapısını aç,
Nizamiyə axtarış qapısını göstər! – red. )

6966 beytdən ibarət olan bu məsnəvi hicri 576-cı ildə (miladi – 1180) tamamlanmışdır. Əsər Azərbaycan hökmdarlarından Atabəy Məhəmməd Cahan-Pəhləvana ithaf olunmuşdur.
“Xosrov və Şirin” Sasanilərin 23-cü şahı Xosrov Pərviz ilə sevgilisi Şirin haqqında qədim bir hekayət əsasında işlənmiş mənzum bir romandır. Bu hekayətin müxtəlif hissələri qədim kitablardan olan Cahizin “Kitab əl-məsahin vəl-əzdad”, Əbu Mənsur Səalibinin “Ğürər əl-əxbar”, Əbu ilə Miskəveyhin “Nədim əl-fərid”, İbn Nəba-tenin “Sirh əl-üyun” əsərlərində nəsr ilə və məşhur İran şairi Əbül-Qasim Firdovsinin “Şahnamə”sində (yalnız bir hissəsi) nəzm ilə, bir-birinə bənzər şəkildə nəql olunmuşdur.
Nizami bu hekayəti bütünlüklə nəzmə çəkən ilk şairdir; özünə xas psixoloji təhlil və yaradıclıq məharəti sayəsində dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət haqqında yazılmış dastanlar arasında ona xüsusi bir yer təmin etmişdir.
Hekayənin müəyyən bir çərçivə içərisinə sığan qısa məzmunu belədir:
Sasani padşahı Hörmüzə canı qədər sevdiyi yeganə oğlu və vəliəhdi Xosrov Pərvizdən şikayət edirlər.
– Günahı nədir? – deyə soruşur.
– Atı bir kəndlinin tarlasını yemişdir. Qulları başqalarının bağından salxımlarla üzüm dərmişlər. Özü kəndxudanın razılığı olmadan evinə girmiş və yatağında gecələmişdir. Çalğıçısı kamanının naləsi ilə bütün gecə xalqın rahatlığını pozmuşdur, – deyirlər.
Əmr edir: şahzadənin atı kəndliyə bağışlansın, qulları üzümü dərilmiş bağın sahibinə verilsin, taxtı yatağı alınmış kəndxudaya verilsin, çalğıçının dırnaqları çıxarılıb kamanının telləri qırılsın.
Ağıllı şahzadə atasının bu ağır cəzasını mərdliklə qarşılayır və hüzura gələrək etdiyindən peşman olduğu üçün bağışlanır.
Bu hadisədən sonra daim fikirli görünən şahzadə günlərin birində öz nədimi, məşhur rəssam Şapurdan gördüyü bir yuxunu yozmağı xahiş edir.
Nazənin bir pəri Xosrovun yuxusuna gəlmiş və demişdir: “Dörd sevdiyin şey əlindən çıxmışsa da, dörd şeyin müjdəsini verirəm: birincisi, üzüm yediyin zaman üzünü turşutmadığın üçün elə gözəl bir yar tapacaqsan ki, ondan daha şirin bir varlıq dünyada ələ düşməz; ikincisi, atını bağışladılarsa da Şəbdiz adlı qara bir ata malik olacaqsan ki, sürətdə külək də ona çata bilməz; üçüncüsü, taxtını kəndliyə verdilərsə də baxtin dönmədi – qızıldan şahanə bir taxta çıxacaqsan; dördüncüsü, dırnaqları çıxarılmış sazəndənin yerinə Barbəd adlı bir çalğıçın olacaq ki, ahəngi ilə bülbülləri belə bihuş edəcəkdir.
Şapur şahzadənin yuxusuna girən gözəlin şahzadə Şirindən başqası olmayacağını söyləyir. Bu, Dərbənd dənizi ətrafındakı Gülüstanın bəri tərəfində hökmdarlıq edən Şemiraminin qardaşı qızı və vəliəhdidir. Şəbdiz adlı qara at da bu saraya məxsus tövlədədir.
Rəssam Şapur Şirindən danışdıqca yuxuda gördüyü gözəl şahzadənin gözləri önündə canlanır. Nəhayət, qəlbini bürüyən həyəcanı saxlaya bilməyən Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etiraf edir və ondan bir çarə istəyir. Şapur Şirini tapmaq və könlünü ələ gətirmək məqsədilə şahzadədən bir üzük alıb yola düşür.
Gecəni gündüzə qataraq yol gələn Şapur bir yaz mövsümündə Ermənistan dağlarına yetişir. Bu mövsümdə Şirin, adətən, qızların müşayiəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliklərdə vaxtını keçirərmiş.
Qərib bir yolçu sifəti ilə dağdakı bir monastırda məskən salan Şapur çox keçmədən gözəllərin yerini öyrənir, onların arasında Şirini müəyyənləşdirir, lakin özünü heç kimə göstərmir, məqsədə yetişmək üçün tədbirlər düşünür – qızlığın bəxş etdiyi sevinclə, zövq və səfaya dalaraq əylənən pəriləri hər hansı yad bir adamın mövcudluğu ürküdə bilərdi, ehtiyatla davranmaq lazım idi. Şapur bir kağız üzərində şahzadə Xosrovun şəklini çəkərək gecə qaranlıqda gözəllərin olduqları yerdə bir ağacdan asır. Səhər açılarkən yenə gəzintiyə çıxan qızlar, eyş-işrətin ən dadlı bir anında ağacdakı kağızı görürlər. Şəkli Şirinə gətirirlər. O, müstəsna dərəcədə gözəl bir gəncin şəkli olan bu kağızı dağın başında hansı əlin ağacdan asdığı barədə fikrə gedir. Qızlar bunun pəri sehri ola biləcəyindən qorxuya düşürlər – şahzadənin onu seyr etməsinə imkan vermirlər.
Hadisəni gizlincə müşahidə edən Şapur şəklin ikinci bir surətini başqa bir ağacdan asır. Eyni qayda ilə qızların əlinə keçən şəkil bu dəfə Şirini xüsusilə maraqlandırır. Yanındakılar yenə kağızı ondan alıb cırırlar. Olduqları yerin pərilər məskəni olmasına şübhələri qalmır. Başqa bir gəzinti yerinə köçürlər.
Şapur qızların köçdüyü yeni çəmənliyin də yerini öyrənir. Üçüncü dəfə Xosrovun şəklini bir ağaca asır. Bu dəfə şəxsən Şirinin özü şəkli görür və bunun pəri deyil, insan işi olduğu qənaətinə gəlir. Gözəl şahzadə şəkildəki gəncə vurulduğunu yanındakı qızlara açır. Naməlum gəncin şərəfinə bir-birinin ardınca qədəhlər qaldıraraq, hər dəfə içdikdən sonra şəkli doymadan öpür. Dərin düşüncədən sonra əmr edir: qızlar ətrafdakı dərələrə, təpələrə dağılıb buraya bir yad adamın gəlib-getdiyini və bu şəkildən xəbəri olub-olmadığını öyrənsinlər.
Bu axtarış zamanı şair Şirinin özünü Şapurla rastlaşdırır. Qarşısındakı gözəlin axtardığı Şirinin özü olduğunu bilən qoca rəssam, Nizaminin istifadə etdiyi şahmat istilahı ilə desək, “gedişinin baş tutduğunu” görüb ehtiyatla davranır: sirrini açmazdan əvvəl şahzadə ilə ikilikdə qalmağa nail olur. Söhbət əsnasında Şirini şəklini gördüyü gəncə aşiq olduğunu etiraf etdirdikdən sonra olub keçəni danışır, kim olduğunu söyləyir və şəklini çəkdiyi adam tərəfindən elçiliyə göndərildiyini bildirərək Xosrovdan aldığı üzüyü Şirinin barmağına taxır.
Öz aralarında tutduqları plana görə, Şirinin İran paytaxtı Mədainə getməsi qərara alınır. Şirin bibisindən qızlarla birlikdə ova çıxmaq üçün icazə alacaq və bir bəhanə ilə bu zaman Şəbdiz atına minmiş olacaqdır. Bu yolla çölə çıxdıqdan sonra mindiyi atın qeyri-adi sürətindən istifadə edərək məiyyətindən uzaqlaşacaq və İran yolunu tutacaq, Mədainə gedərək vəliəhd Xosrovun xüsusi mənzilinə yetişdikdə Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır.
Şapur Xosrovun qırmızı rəngli libas geyindiyini və qırmızı papaq qoyduğunu hər ehtimala qarşı məlumat üçün Şirinə deyir.
Mədainə gəldikdə, tutalım, şahzadəyə rast gəlməzsə və onu yerində tapmazsa, Şirinin arzusu üzrə istədiyi şəkildə dincəlməyə imkanı olacaq və onun şahzadəni gözləyə bilməsi üçün hər bir şərait yaradılacaqdır.
Şirinin yola düşməsi xəbərini alar-almaz Şapur da onun arxasınca hərəkət edəcəkdir.
Dövrün adəti üzrə oğlan kimi geyinmiş Şirin məşhur Şəbdiz atına minərək özü kimi oğlan libasında olan qızların müşayiətilə ova çıxır. Dərhal qara atı mahmızlayan Şirin İran yolunu tutur. Yanındakılar atlarını şahzadənin ardınca çapırlarsa da, yel kimi uçan Şəbdiz bir anda gözdən itir və şahzadənin izindən tozdan başqa heç nə qalmır. Qızlar məyus halda geri qayıdırlar.
Üzüntülü xəbəri alan şah Şemirami son dərəcə mütəəssir olsa da Şəbdizin arxasınca getməyi faydasız bilir.
Şirin yol getməkdə olsun, biz isə sürətdə Şəbdizin yeganə rəqibi olan xəyalın köməyi ilə bu zaman Mədaindəki hadisələrlə tanış olaq:
Rəqiblərinin qurduğu bir intriqadan sonra atası Xosrovdan şübhələnməyə başlayır. Onun yaxşılığını istəyən qoca vəzir Büzürgümmidin tövsiyyəsi ilə Xosrov müəyyən müddətdə Mədaində olmamaq üçün paltarını dəyişib gizlicə səyahətə çıxır. Onun məqsədi Şapuru tapmaq və bəlkə də Şirinlə görüşməkdir. Yola çıxarkən hər ehtimala qarşı, onu bir qadın soruşarsa, onun hər cür istirahətini təmin edib şahzadənin də iki-üç həftəyə qayıdacağını söyləməyi saray adamlarına tapşırır.
Mədainə yaxın bir yerdə ətrafda heç kəsin olmamasından istifadə edən Şirin yorğunluğunu çıxarmaq üçün bir çeşmə başında çimməyə başlayır. Paytaxtdan uzaqlaşmaqda olan Xosrov ona rast gəlir və hər ikisində qarşılıqlı qəribə bir meyl və eşq hissi oyanırsa da, bir-biri ilə tanış olmaq üçün münasib bir səbəb olmadığından və üstəlik şahzadənin əynində Şirinə deyilmiş əlamətlərlə uyğun gəlməyən adi geyim olması sevgililərin, rastlaşsalar da bir-birini tanımadan müxtəlif istiqamətlərdə ayrılmalarına səbəb olur.
Şirin Mədainə – Xosrovun sarayına gəlir. Onu qəbul edirlər. Şahzadənin gedərkən bir kəs gələrsə, onu gözləməsini tapşırdığını söyləyirlər. Şəbdizi tövləyə bağlayırlar, Şirinə də cariyələrə məxsus qəsrdə bir yer ayırırlar. Şirin burada yeni gəlmiş cariyə rolunu oynamağa məcbur olur. Intizar onu üzür. Özünun bir dağ qızı olub şəhər hava və həyatına alışmadığı üçün xəstələndiyini bildirərək, Şirin mümkünsə, onun üçün də dağda bir yer hazırlanmasını xahiş edir. Sarayın paxıl cariyələri onun bu xahişindən istifadə edərək mənzərəli və xoş havalı bir saray əvəzinə Kirmanşah yaxınlığında, havası bürkü, yaşıllıqdan məhrum bir dağın qayalıqları arasında həbsxanadan fərqlənməyən bir qəsr tikdirirlər. Gözəl Şirin bu qəsrə köçür.
Digər istiqamətdə yola düşən Xosrov Ermənistan hüduduna gəlir. Burada bir az qaldıqdan sonra Muğana, ordan da Xuzistana gedir. Şemirami şahzadənin bu tərəflərə gəldiyini bilən kimi onu qarşılamağa çıxır. Onu qışı eyş-işrətlə keçirmək üçün Bərdəyə dəvət edir.
Şah Şemiraminin qonağı kimi vaxtını keflə keçirən Xosrov daxilən əzab çəkir, Şirini düşünür. Amma sirrini heç kəsə açmır. Birdən Şapurun gəldiyini xəbər verirlər. Sonsuz maraq içində Şapurla təkbətək qalan Xosrov olub keçəni öyrənir (Şapurun Şirinə verdiyi sözə xilafən hələ buralarda olması onun təsadüfən xəstələnməsindən irəli gəlmişdir).
Hadisəni Şemiramiyə açırlar. Xosrovun əmri ilə Şapur Şirini gətirmək üçün Mədainə qayıdır.
Şapur Şirini “Qəsri-Şirin”dən götürüb min bir sevinc içində Bərdəyə qayıtdıqda Xosrovu orda tapmır. Fələk yenə də öz işini görmüşdür: Şapur getdikdən sonra Hindistandan Xosrovun yanına bir qasid gəlmiş, atasının orda ölməsi xəbərini ona yetirmiş və demişdir ki, bütün dövlət adamları taxt-taca sahib olmaq üçün onun dərhal məmləkətə qayıtmasını gözləyirlər. Bu hadisə ilə əlaqədar Xosrov Şirini gözləmədən getmişdir.
Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə qulaq asaraq Şirini axtarır. Şapurun onu apardığını bildirirlər. Gənc padşah yenə dadmalı olduğu ayrılıq acısını Şirinin burda qoyub getdiyi Şəbdizlə sakitləşdirir.
Fəqət taleyin daha acı oyunları varmış: Bəhram-Çubin adında dəmir iradəli sərkərdələrdən biri könlünü qızlara vermiş eşqbaz bir uşağın məmləkət işlərini idarə etməyə qadir olmayıb himayəyə götürülməsinin zəruriliyi fikrini yayaraq bir yandan dövlət adamlarını, digər tərəfdən də əhalini Xosrovun əleyhinə qaldırır.
Yalnız Şəbdizin qeyri-adi sürəti nəticəsində Xosrov yaxasını düşmən əlinə vermir və təhlükədən canını qurtarıb Azərbaycana – Muğana gəlir. Burada o, məiyyəti ilə gəzintiyə çıxmış gözəl Şirinlə görüşür və tanış olurlar.
Sevgilisinə qovuşandan sonra fəlakətini unudan Xosrov əyləncələrə qurşanır. Eyş-işrətlə keçən bu nəşəli günləri Nizami özünəməxsus bir qüdrətlə, bütün təfərrüatı ilə təsvir edir. Dinini və ismətini qorumaq və camaat arasında olmaq şərti ilə Xosrova ən yüksək iltifatlar göstərmək üçün şah bibisindən icazə almış Şirin, sevgilisi ilə öpüşməsinə baxmayaraq, eşqdən məst olmuş gəncin daha uzağa gedən arzularına yol vermir. Bu zəmində aşiqlə məşuq arasında gedən dialoq mübahisə şəklini alaraq böhranlı bir nöqtəyə çatır. Şahzadənin israrından özünü xilas etmək üçün Şirin deyir: “Hər şeydən əvvəl itirdiyin taxtını geri al! Qorxuram ki, mənə qovuşub taxtsız qalasan, halbuki mən taxt və tacını geri alana qədət səni gözləyərəm!”.
Sevgilisinin bu xəbərdarlığından qəzəblənən Xosrov həmən qara atın belinə sıçrayaraq: “Mən sənin ucbatından taxtımı və tacımı itirdim; bir də sən məni gah nakam qoymaqla əzab verir, gah da comərdlik öyrətməklə alçaldırsan, eləmi?!” – deyə Şəbdizin başını çəkərək gözdən itir.
Xosrov Rum paytaxtı Qostəntəniyyəyə (Konstantinopola) gəlir. Bizans imperatoru onu çox gözəl qarşılayır. Qızı Məryəmi ona verir. Eyni zamanda, Rum imperatoru bir ordu təşkil edərək tac və taxtını geri almaq üçün kürəkəninin ixtiyarına verir. Bağlanan şərtə görə Xosrov Məryəmə ölənə qədər sadiq qalacağına və ondan sonra evlənməyəcəyinə, ondan başqa heç kəsi sevməyəcəyinə söz və zəmanət verir.
Xosrov Pərviz taxtını qəsb etmiş Bəhrama qarşı döyüşdə qələbə qazanır. Qalib kimi Mədainə gəlir və padşahlıq taxtına çıxır.
Bu zaman şah Şemirami ölmüşdür. Şirin şah olmuşdur. O, bütün əməyini məmləkətin rifahına sərf etmiş və özünü xalqa sevdirmişdir. Amma könlü xoş deyildir. Qəzəblənib getdiyi gündən bəri Xosrovdan ayrıldığına yanmaqdadır. Sevgilisini incitdiyinə peşman olmuşdur. Qəlbini iztirablar üzür.
Nəhayət, Şirin qəti qərara gəlir: yerinə bir nəfəri təyin edərək, məmləkətindən çıxıb İrana gəlir və tanıdığımız “Qəsri-Şirin”də məskən salır.
Xosrov yenidən sahib olduğu səltənətini qaydaya salmaqla məşğuldur. Hər şey könlünün istədiyi kimi gedir: rəqibi Bəhram ölmüşdür. Vilayət hakimləri ona itaət etmişlər.
Xosrovun təşkil etdiyi eyş-işrət və əyləncə məclislərinin səsi və sədası bütün Mədaini bürümüşdür.
Nəşəli gecələrin birində Barbəd adlı çalğıçısının çalıb-oxuduğu bir qəzəlin təsiriylə Xosrovda Şirinlə birlikdə keçirdiyi xoş günlərin xatirəsi canlanır. Bir tərəfdən şərabın, bir tərəfdən də alovlanmış sevginin coşdurduğu Xosrov qadını Məryəmin otağına gələrək, səmimi bir dillə xanımının ağzını arayır:
− Şirin – deyir, – məndən ötrü taxtı-tacından keçmişdir. Mənə çox yaxşılıqlar etmiş bu qadına mənim kimi sənin də hörmət etməyin münasib olardı. Əgər müsaidə etsən, gəlsin, sarayda bir otaqda yaşasın.
Qısqanc bir qadın hissilə alışan Məryəm Xosrova Qostəntəniyyədəki əhdini xatırladaraq deyir: “Şirin bu saraya gəlsə, mən o dəqiqə İranı tərk edib, Ruma qayıdaram”.
Bu qəzəb qarşısında geri çəkilən padşah məsələni təxirə salaraq xanımını sakitləşdirmək üçün əvvəlki əhdini bir daha təsdiq edir.
Xosrov bir dəfə də sevgilisini görməyə cəhd edir. Şapura tapşırır ki, Şirini gizli bir surətdə saraya gətirsin.
Şapurun bu gedişi psixoloji təhlil baxımından dastanın ən qüvvətli parçalarından birini təşkil edir: darıxmış və qəzəblənmiş Şirin Şapuru vəfasız aşiqinin ünvanına söylədiyi təsirli və hiddətli bir monoloqla qarşılayır. “Onun yolunda tacımı və taxtımı fəda etdimsə də, qadınlıq şərəfimi və mənliyimi fəda etmərəm”, – deyə Şirin gizli yolla saraya getmək təklifini qətiyyətlə rədd edir.
Şirin bir çətinliyi də Şapura bildirir. Deyir ki, qəsrimiz dağlıq, hündür və tənha bir yerdədir. Sürümüz isə buradan iki ağacda (fərsəxdə) yerləşən bir otlaqda otlamağa məcburdur. Əsas yediyimiz süddür. Bu vəziyyətdə belə uzaqdan süd gətirmək çətindir. Bir usta olaydı, çobanların sağdığı südü təzə-təzə sürülərin olduğu yerdən buraya axıtmağı bacaraydı.
Şapur bir mühəndis, memar və heykəltəraş olan Fərhadı Şirinin yanına göndərir. Şirinin şirin dilinə, gül üzünə vurulan sənətkar çox keçmədən arzu olunan işi yerinə yetirir. Qoyunların olduğu yerdən “Qəsri-Şirin”ə qədər daşdan bir arx çəkib mərmər hovuza birləşdirir. Qəsrdəkilər heç bir zəhmət çəkmədən çobanların iki ağaclıqda sağdıqları südü təzə-təzə hovuzlardan götürürlər.
Şirinin təşəkkür və iltifatlarından məmnun qalan Fərhad mükafat olaraq ona verilmiş cəvahiratı gözəlin ayaqları altına atıb eşqdən məst olmuş bir vəziyyətdə “Qəsri-Şirin”dən uzaqlaşır. Bu andan etibarən vurğun olmuş Fərhadın ara-sıra bu tərəflərə gəlib qəsri uzaqdan seyr etdiyini görürlər.
Şirinə vurulan Fərhadın Məcnun kimi sərgərdan olub çöllərə düşməsi xəbəri saraya gedib çatır. Qısqanclığı baş qaldıran Xosrov Fərhadı tapıb yanına gətirmək üçün ətrafa adamlar göndərir. Aşiqi tapıb gətirirlər.
Xosrov ilə Fərhad arasında keçən deyişməni (dialoqu) Nizami fəlsəfi bir tərzdə vermişdir. Eşqdən sərməst olan Fərhadın tac sahibi rəqibinin çaşdırıcı suallarına verdiyi cavablar padşahı mat qoyur. Qızıl vədinə uymayan, mənəvi sorğu-sualda təslim olmayan rəqibini, padşah bu dəfə qeyri-mümkün bir işlə sınaqda məğlub etməyi qərara alır.
Xosrov deyir:
– Deyirlər ki, sən məharətli bir ustasan. Şəhərimizin yolunu kəsən bir dağ var, onu oradan götürə bilərsənmi?
– Bəli, padşah, amma bir şərtlə!..
– Nədir o şərt?..
– Mən dağı yaracağam, sən də Şirindən əl çəkəcəksən!
Aşiqin bu cəsarətinə heyran qalan Xosrov hiddətlə bağırır:
– Söz verirəm!
Fərhad padşahın hüzurundan çıxaraq birbaşa, sonradan “Bisütun” kimi tanınan dağı yarmağa girişir.
Günlər, aylar keçir. Hadisəni Şirinə xəbər verirlər. O, Fərhadı görməyə gəlir. Bu gəliş aşiqə yeni qüvvə və ümid verir. Dağın yarılması işi daha böyük bir ruh yüksəkliyi və həyəcanla davam edir.
Xosrova xəbər gətirirlər: işlər çətinləşir. Çox keçməz dağ yarılar, rəqib qalib gələr.
Hə etməli?!
Xosrov hiyləyə əl atır. Fərhadın yanına adam göndərir. Zahirən xeyirxah görünən bu xain adam Bisütuna gəlir və Fərhaddan:
– Ey qafil, nə edirsən? Kimin üçündür bu cəhd? – deyə soruşur.
– Şirin üçün!
– Hanı Şirin?.. O ölmüşdür!..
Bunu eşidən kimi aşiq canını tapşırır. “Can canana təslim edilir”.
Şirin faciəvi xəbəri eşidir. Cənazə üstünə gəlir. Fərhadı mərasimlə dəfn etdirir (Bu hissə mənzumənin ən təsirli parçasını təşkil edir).
Fərhadın matəmini tutan Şirinə Xosrov bir başsağlığı məktubu göndərir. Eyhamlarla dolu olan bu məktubunda “öldürdüyü aşiqə yas saxlayan” Şirinə təsəlli verərək, “pərvanə yandısa da, şam qaldı” deyir.
Az sonra Məryəm xəstələnərək vəfat edir. Dedi-qoduçular onun Şirin tərəfindən zəhərləndiyini söyləyirlər. Bu ölümə ürəyində sevinən Xosrov, zahirən, adətə uyğun olaraq, bir il yas tutur. Şirin də səadətinin yolundakı əngəlin aradan qalxmasına ürəkdən sevindiyi halda, ehtiyatla davranır: “Qəsri-Şirin”də matəm saxlatdırır. Bir il keçdikdən sonra o da Xosrova bir başsağlığı məktubu göndərir: “Məryəm öldüsə də, İsa qaldı” – deyir.
Şirinin məktubundakı eyhamları öz eyhamlarının cavabı kimi başa düşən Xosrov, Şirinin yanına yağlı dili olan elçilər göndərir. Lakin Şirin naz edir. “Hər şeydən əvvəl nikah və rəsmiyyət” – deyir. Şahın xahişləri gücləndikcə, Şirinin nazı da artır.
Xosrov işin çətinləşdiyini anladıqda, çıxış yolunu hiylədə görür. Laqeydlik üsuluna əl atır.
Aylar keçir. Xosrov İsfahanda yaşayan Şəkər adlı bir gözəlin sorağını alır. Onun yanına gedir. Əslində yüngül bir həyat keçirən bu qadının bütün açıq-saçıqlığına baxmayaraq, ismətini saxlamış bir qız olduğunu bildikdə, sarayına gətirir. Özünə arvad edir.
Bütün bunları bilən Şirin öz qəsrində əzablar içində ümidini üzməyib dözür. Həyatı ah-zar içində keçir. Allaha müraciətlə: “Ədalət qələbə çalmayacaqmı?” – deyə yanıb-yaxılır.
Şəkər Şirinin yerini vermir. Könlün deyil, sadəcə olaraq vücudun meylindən doğan bu ünsiyyət Xosrovu təmin etmir. Bir müddət sonra Xosrov yenidən Şirindən almadığı muradının atəşi ilə yanmağa başlayır. Bu dəfəki həsrət daha dözülməz və daha amansız olur.
Padşah ova getmək bəhanəsilə çölə çıxır, məiyyətindən xeyli aralanır, atını “Qəsri-Şirin”ə doğru sürür. Amma Şirinin əmrinə görə qapıları Xosrovun üzünə açmırlar. Çovğunlu bir qış axşamında qapının arxasında qalan aşiqlə qəsrinin pəncərəsindən baxan məşuq arasında dialoq, izzəti-nəfsinin intiqamını almaq istəyən qadın ilə istəyinə yetməyə can atan kişi israr və inadlarının yüksək poetik ifadəsindən ibarətdir.
Padşahın heç bir etirafı, izahı və xahişi fayda vermir. Şirin heç bir vəchlə tutduğu mövqedən əl çəkmir.
– Məni istəyirsənsə, qanuni istə; kəbin kəsdir, sonra sarayına apar, əks halda get Şəkərinin yanına.
Xosrov yenə qara atının cilovunu çəkib incimiş halda Şirinin qapısından uzaqlaşır.
Son dərəcə mütəəssir olmuş Xosrov hadisəni Şapura açaraq Şirindən şikayət edir.
Şirin də etdiyindən peşman olur və Şapuru axtarmağa başlayır.
Qoca rəssam aşiqləri barışdırmaq və qovuşdurmaq üçün tədbir tökür. Şaha rəsmi olaraq evlənəcəyini Şirinə söz verməyini təklif edir; Şirinə də nikah kəsilməmiş saraya gəlməyə razılaşmağı məsləhət görür.
Nəhayət, sevgililər görüşürlər. Görüşmə səhnəsi sarayda baş verir. Bu səhnəni XII əsrin şairi hər hansı müasir bəstəkar və rejissorun qibtə edə biləcəyi bir ustalıqla təsvir edir:
Məşhur sazəndə Barbədin də daxil olduğu çalğıçılar dəstəsi hissləri coşduran minbir hava çalıb-oxuyur. Artistlərdən biri Xosrovun, o biri Şirinin dilindən öz aralarında aşiqanə bir deyişmə keçirirlər. Bu qarşılıqlı şerləşmənin ən qızğın vaxtında yan otaqdan Şirinin məlahətli səsi eşidilir. Hamı bir anda susur. Xosrov eyni melodiya üstə Şirinə cavab verir. Əvvəlcə iki otaq arasında cərəyan edən bu qarşılıqlı “təğəzzül” Şirinin birdən səhnəyə çıxması ilə daha da güclənir. Sevgililər birlikdə eyni ahəng üzərində oxumağa davam edirlər.
Bu “duet” səhnəsi əsərin ən emosional hissəsinin təşkil edir. Bu vəziyyətdə görüşən “gəncləri”, şair rəsmi surətdə toy edərək evləndirir.
Burada hekayənin məcusi dövrünə aid rəvayəti bitir. Sənət baxımından da əsər burada bitməli idi.
Lakin Nizami dindar bir müsəlmandır. Onun üçün “Xosrov və Şirin” əfsanəsini burada kəsib İslamdan sonrakı rəvayətlərin təsirli hissələrini qələmə almamaq qeyri-mümkündür. Buna görədir ki, şair mənzuməsini Xosrov Pərvizə Məhəmməd peyğəmbərin məktubuna qarşı etdiyi hörmətsizliyin cəzasını çəkdirmədən tamamlamamışdır.
Xosrov Şirinlə evləndikdən və bərabər bir neçə il səltənət sürdükdən sonra taxtı bizanslı Məryəmdən olan oğlu Şiruyəyə tapşıraraq istirahətə çəkilir. Lakin istədiyi istirahətə nail olmur: analığı Şirinə aşiq olan Şiruyə atasını gecə yuxuda ikən yatağında xəncərlə öldürtdürür.
Şirin ud ağacından bir beşik düzəltdirir, qızıla tutdurduğu bu beşiyi qiymətli daşlarla bəzətdirir. Qədim Kəsra adətinə görə, padşahın meyidini bu beşiyə qoyaraq, uşaq kimi yelləyir. Sonra bu tabutu “padşahların” çiyinləri üstündə Xosrov üçün hazırlanmış türbəyə gətirirlər.
Padşahın çalğıçısı Barbəd mizrabını qırır, xanəndəsi Nəkisa qavalını parça-parça edir; vəziri Büzürgümid söyüd kimi titrəyir. Matəm mərasimi böyük bir ah-zar içində hərəkətə gəlir. Başı açıq cariyələr və xidmətçilər arasında Şirin nazlı-nazlı yeriyir. Gözlərindəki sürməsi, yanaqlarındakı ənliyi, dodaqlarının allığı və gərdəninə tökülmüş saçları ilə o, gözəlliyinin cazibəsini daha da artıraraq yeriyir. Başındakı sarı örpəyi və əynindəki al geyimi ilə baxanları bihuş edir. Hər kəs bu halda əri Xosrovun ölümündən Şirinin məmnun qaldığını güman edir; bu görünüş xüsusən Şirinin yeni vurğunu, ata qatili Şiruyəyə ümidlər bəxş edir.
Matəm dəstəsi türbə önündə dayanır. Təzə bir gəlin kimi təravətli olan Şirin cənazə ilə bərabər türbənin içinə daxil olur, arxasınca qapını bağlatdırır. Padşahın cənazəsi üstünə gəlir və fəryad qopararaq əlindəki xəncəri öz köksünə sancır; tökülən isti qanı ilə sevimli ərinin soyuq cəsədini isidir.
Bayırdakılar fəryadı eşidib türbəyə girirlər və “vücudun vücuda, ruhun da ruha” qovuşduğunu görürlər.
Aşiq ilə məşuq bir məzarda dəfn edilir.
Şairə görə, Şirinin bu hərəkəti misilsiz bir fədakarlıq və nadir vəfadarlıq nümunəsidir. Odur ki deyir:

Ke coz Şirin ke dər xak-e doroşt əst,
Kəsi əz bəhr-e kəs xod-ra nə koştəst!

Türkcəsi:
Bu dünyada Şirindən başqa heç bir
Adam başqası üçün ölməmişdir!

III

LEYLI VƏ MƏCNUN

Ey nam-e to behtərin sərağaz,
Bi nam-e to name key konəm baz?!

(Ey adı ən yaxşı başlanğıc olan,
Sənin adın olmadan naməni neçə aça bilərəm?! – red.)

Əslində bir ərəb əfsanəsi olsa da, işləndiyi ədəbi forma baxımından, bu mövzunun Azərbaycanla sıx və ənənəvi bir əlaqəsi vardır.
Azərbaycanın qədim hökmdarlarından Şirvan şahı Axsitan bu mövzunun nəzmə alınmasını arzu etmişdir. Azərbaycanın böyük şairi gəncəli Nizami bu arzuya əsasən onu ilk dəfə farsca işləyərək nəzmə çəkmişdir. Sonralar, Nizaminin bu əsərinə farsca və türkcə yazılan bənzətmələr arasında özünəməxsusluğu və dəyəri etibarilə, türk ədəbiyyatının böyük nümayəndəsi, həmçinin azəri şerinin dahi ustadı Füzulinin yazdığı “Leyli və Məcnun” poeması müstəsna bir yer tutmaqdadır.
Nəhayət, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin (Hacıbəyovun – red.) sayəsində bu mövzuya musiqi yazılaraq opera yaradılmış və Azərbaycan səhnəsinin repertuarında “həmişəbaharlığını” itirməyən əsərlərdən olmaqla, bu klassik mövzunun geniş xalq kütlələri tərəfindən də mənimsənilməsinə və böyük bir şöhrət qazanmasına səbəb olmuşdur.
“Leyli və Məcnun” operası təkcə Azərbaycan səhnəsində qalmayaraq, başqa dillərə, o cümlədən, bu yaxınlarda ruscaya tərcümə edilmişdir.
Hicri 584-cü il rəcəb ayının sonunda (miladi 1188-ci il sentyabr ayının sonunda) 4613 beytdə Nizaminin qələmə aldığı bu eşq dastanının qısa məzmunu aşağıdakılardan ibarətdir:
Ərəbistanda, Amiri qəbiləsinin şeyxinin övladı olmurdu. Bir çox yalvarış və dualardan sonra Tanrı ona bir oğul bəxş edir.
Gözəlliyi ilə qonşu qəbilələr arasında da məşhur olan bu uşağa Qeys adı verirlər. Qeysi böyük bir qayğı ilə bəsləyirlər. Onun yaxşı tərbiyə alması üçün heç bir maddi və mənəvi şəraiti əsirgəmirlər. Yaşı ona çatdıqda Qeysi bir məktəbə verirlər.
Məktəbdə müxtəlif qəbilələrdən oğlanlı-qızlı çoxlu şagirdlər vardır. Bunlar arasında Amirilərə qonşu olan qəbiləyə mənsub gözəl bir qız var – Leyli. Qeys ilə Leylidə qarşılıqlı bir meyl oyanır. Getdikcə güclənən bu meyl əvvəlcə səmimi bir dostluğa, sonra da alovlu sevgiyə çevrilir. Günü-gündən artan bu sevgi, çox keçmədən, qarşısıalınmaz bir eşq şəklini alır.
Uşaqların bu qarşılıqlı vurğunluğu yoldaşlarının diqqətini çəkərək, söz-söhbət mövzusuna çevrilir; nəticədə gənclərin adları dillərə düşür.
Yoldaşları Qeysə, Leyliyə vurğunluğu üzündən göstərdiyi qəribəliklərlə əlaqədar olaraq, “Məcnun” – deyə müraciət edirlər. Bu ləqəb ağızdan-ağıza keçərək, Qeys adını tamamilə unutdurur.
Artıq haqqında danışılan Qeys ilə Leyli deyil, Məcnun ilə Leylidir.
Leylinin ailəsi məsələni bilən kimi qızlarını məktəbə getməyə qoymur. Leyli evə bağlanmış, artıq Məcnun ilə görüşə bilmir. Lakin Məcnun sevgilisinin ayrılığına tab gətirmir. Hər gün Leylinin yaşadığı məhəlləyə gedərək, uzaqdan da olsa onu görməyə və “kuyi-yardan buy” almağa çalışır.
Övladının bu halını görən Amiri şeyxi qəbilənin ağsaqqallarından bir neçəsini də götürüb, Leylinin atasının yanına gedir, onun qızını öz oğlu üçün istəyir. Amma “yox” cavabı alır. Ona: “oğlun məcnundur, biz yeganə qızımızı dəli kimi ad çıxarmış birisinə necə rəva görüb verə bilərik?” – deyirlər. Məcnunun atası ümidsiz halda Leyligilin evindən geri qayıdır.
Bu mənfi cavab Qeysin “məcnun”luğunu daha da artırır. Məcnun xəstələnir. Atası onu Həccə aparır, Kəbəyə üz tutub oğlu üçün şəfa və səadət diləyir. Lakin zəhməti hədər gedir. Eşq dərdi əlac götürmür.
Məcnun özündən keçmiş bir halda hər gün Leylinin məhəlləsinə gedir, saatlarla gözləyir, sevgilisini görmək üçün fürsət axtarır. Leylinin adına qəzəllər qoşaraq təsirli bir səslə oxuyur. Bu qəzəllər ağızdan-ağıza dolaşaraq qəbilələr arasında yayılır.
Leylinin yaşadığı məhəllənin əhalisi “Məcnun”un bu halından təngə gəlir. Onlar öz heysiyyətlərini təhqir olunmuş hesab edirlər: dəlinin biri onların qəbiləsindən olan qızın məsum adını dilə-dişə salmış, mahnılara mövzu etmişdir. Qəbilə cavanlarının bir neçəsi bu “dəlinin şərini dəf etmək” qərarına gəlirlər. Amiri şeyxinə xəbər göndərirlər ki, Məcnunun ayağını məhəlləmizdən kəs, yoxsa onu öldürəcəyik.
Şeyx oğluna öyüd verir. Amma öyüdlə qarşısı alınacaq halda deyil. Hər halda fəlakətin önünü almaq üçün – Məcnunun Leylinin yaşadığı səmtə getməməsi üçün tədbirlər görülür.
Bu dəfə Leyli Qeysi görməyə və axtarmağa cəhd edir. Məhəllə qızları ilə bərabər bir xurmalığa çıxır. Burada uzaqdan-uzağa olsa da, Leyli də Məcnun kimi ayrılıq dərdi ilə ah-fəğana başlayır.
Bu zaman İbn Salam adlı bağdadlı bir tacir Leyliyə elçi gəlir. Valideynləri “hə” desələr də, toy üçün möhlət istəyirlər. Qızlarının səhhəti bunu tələb edir. Bu xəbər Məcnunun dərdini daha da artırır.
Nofəl adlı igid bir sərkərdə Məcnunla dostlaşır. Ona təsəlli verir. “Leylini necə olursa-olsun sənə alacağam”, – deyir. Nofəl qoşun toplayıb Leylinin qəbiləsinə hücum edir. Leylini Məcnun üçün istəyir. Rədd cavabı aldıqda hərbə başlayır. Döyüş çətin bir nöqtəyə çatır. Leylinin qəbiləsi güclü müqavimət göstərir. Vəziyyəti belə görən Nofəl barışığa əl atmalı olur, “biz sizdən qızı könül xoşluğu ilə istəməyə gəldik, qan tökməklə yox” – deyə sülh təklif edir. “Bal vermirsiniz, barı sirkə də verməyin”, – deyir. Nofəl əsgərləri ilə geri çəkilir. Bu vəziyyəti görən Məcnun Nofəli tənələyir: “Sən mənə Leylini alacaqdın, onun məhəlləsinə getmək imkanını da aradan qaldırdın. Əhdini beləmi yerinə yetirdin?” – deyir.
Nofəl dostuna təsəlli verir: “Bu, vaxt qazanmaq üçün bir fənd idi” – deyir. “Sözümü yerinə yetirib qızı mütləq sənə alacağam” – deyə Məcnuna yenidən ümid verir. Bu dəfə Nofəl “Mədinədən Bağdada” qədər adamlar göndərir, daha böyük bir qüvvə toplayır. Yenidən Leylinin qəbiləsinin üstünə gəlir. Qanlı bir vuruş başlayır.
Döyüşün gedişində Məcnunun tutduğu mövqe qəribədir. O, özü üçün vuruşanların deyil, əks-tərəfin qələbəsi üçün dua edir. Əks tərəfdən ölənlərin başlarını dizləri üstə alıb oxşayır. “Bu nə deməkdir?” – deyə soruşanlara “yar tərəfin məğlubiyyətini necə istəyim?!” – deyə cavab verir.
Döyüşün ən şiddətli və kəskin vaxtında Leylinin atası Nofəlin yanına gəlir və deyir: “Nə istəyirsən edim. Qızımı kimə istəyirsən ver, razıyam. Amma övladımı dəlinin birinə vermək üçün israr etmə! Israr etsən, gedib başını kəsər, bədənini itlərə yem edərəm. Sərsəri bir dəliyə qismət olmaqdansa, qoy onu köpəklər yesin!”. Atanın bu kəskin sözləri ilə Məcnunun vuruş zamanı göstərmiş olduğu, doğrudan da, dəlicəsinə hərəkətləri zehnində qarşılaşdıran Nofəl fikrə gedir: təklifi yaxşı bir fürsət sayaraq, o saat döyüşün dayandırılmasını əmr edir. Çünkü vuruşun mənasız olduğuna inanmağa başlayır.
Bu hadisədən sonra insanlardan büsbütün üz döndərən Məcnun, qəbiləni tərk edib çöllərə düşür. Özbaşına sərgərdan şəkildə dolanarkən Məcnun İbn Salamın Leyli ilə evlənməsi xəbərini alır. Bu xəbərlə can evi xaraba qalan Məcnun Leylinin vəfasızlığı barədə yanıqlı qəzəllər söyləyir.
Bu arada atası oğlunu tapır, bir daha öyüd verir, evə çağırır. Bu, onun oğlu ilə son görüşü olur.
Məcnun atasının ölüm xəbərini alır. Məzarı üstünə gəlir, mərsiyyələr deyir. Yenidən çöllərə düşür.
Məcnunun artıq insanlara heç bir bağlılığı qalmamışdır. Oturub-durduğu yalnız heyvanlardır. Çölün vəhşi heyvanları ona alışmışlar, onun dalınca düşüb hər cür təhlükədən qoruyurlar. Quşlar ondan hürkmür, üstünə kölgə salır, başına, çiyinlərinə qonurlar. Ilanlar-çayanlar belə ona xətər yetirməyib diqqət göstərirlər. Yalnız heyvanlar deyil, ağaclar da onunla danışır, həsbi-hal edirlər. Bütün kainat onunla dost və aşinadır. Göydəki ulduzlar da onu anlayan “müsahiblər”idir.
Beləcə insanlardan və insani əlaqələrdən tamamilə uzaqlaşaraq özünü təbiətə vermiş, tam şəkildə təcrid olunmuş bir vəziyyətdə ikən Leylinin yanından qasid gəlir və ona bir məktub verir. Bu məktubda Leyli sözdə ərə getsə də, əslində Məcnuna sadiq qaldığını, könlünün daim onunla bir olduğunu bildirir.
Dayısı ilə anası Məcnunu görməyə gəlirlər. Onu evə çağırırlar. Anası: “oğlum, gəl, başsız qalmış ailənə böyüklük et!” – deyir. Faydası olmur. Qayıdandan sonra dayısı ölür. Anası bir də oğlunun yanına gəlir, yenə nəsihət verir, evə qayıtması üçün yalvarır. Amma əbəs… Ana məyusluq içində geri dönür. O da vəfat edir. Məcnun anasının məzarı üstünə gəlir. Ağladıqdan və mərsiyyələr söylədikdən sonra yenidən ətrafındakı heyvanlarla birlikdə çöllərə dönür.
Leyli fürsət tapıb Məcnunu axtarmağa başlayır. Bir çəmənlikdə olarkən ona xəbər göndərir. Görüşürlər. Platonik bir görüşdən ibarət olan bu səhnədə Məcnun Leyliyə şer oxuyur. Vaxt çatanda təzədən ayrılırlar. Leyli ərinə qəlbən bağlı olmasa da, şəriət baxımından bir qəbahət işlətməyi də özünə rəva görmür. Məcnun isə həqiqi aşiqdir; bu eşqdə qərəzə yer yoxdur.
Burada şair Məcnunu qəlbən anlayan iki hal əhli ilə tanış edir. Bunlardan biri bağdadlı Salamdır ki, başına gələn macəradan, eşqin nə olduğundan xəbəri vardır. Bu şəxs Məcnunun halını bilib onu ziyarət etmiş, dediyi şerləri yazıya alaraq Bağdada aparmış və ədiblər arasında yaymışdır. Ikincisi də, əmisi qızı Zeynəbə aşiq ikən arzusuna yetməmiş Zeyddir ki, Məcnunla yaxınlaşaraq onu duymuş və ona ürəkdən xidmət etmişdir.
Ibn Salam Leylidən muradını almadan xəstələnib ölür. Ərəb adətinə görə, dul qalmış Leyli hamıdan ayrılıb özü-özü ilə qalmaq imkanı əldə etmişdir. Leyli üzdə ölən ərinə, əslində isə sevdiyi yarından ayrı düşməsinə doyunca ağlayır.
Nəhayət, Zeyd gəlib İbn Salamın öldüyünü Məcnuna xəbər verərək, indi azad olmuş Leylinin onu qovuşmağa çağırdığını yetirmişdir.
Zeydin bələdçiliyi və arxasınca hərəkət edən heyvanlardan ibarət məiyyəti ilə Məcnun Leylinin çadırına gəlir, yar tərəfindən qarşılanır və şairin misilsiz bir qələmlə təsvir etdiyi kimi, iki sevgili bir-birinə sarılırlar, özlərini unudub məst və bihuş düşürlər.
Məcnun getdikdən sonra Leyli xəstələnir. Ölüm ayağında anasına deyir ki, əgər Məcnun gəlsə, deyərsən Leyli ölərkən səni istədi. Leylinin son sözləri də bu olur.
Məcnun vəfalı dostu Zeydin bələdçiliyi ilə Leylinin məzarı başına gəlir, günlərlə ağlayır, torpağı öpür, başına sovurur, öz-özünü döyəcləyir. Nəhayət, sevgilisinə qovuşmaq üçün ruhunu təslim edir.
Bu kədərli mənzərə Nizami tərəfindən çox təsirli bir tablo kimi təsvir edilmişdir.
Bu qəmli hekayət belə qəmli bir ehtimalla sona yetir. Aşiq özündən ayrı təsəvvür etmədiyi məşuquna qovuşmaq üçün o biri dünya yolunu tutur, həyatı tərk edir.
Bu vəziyyətdə Məcnunun əhatəsində olan heyvanlar da dağılışıb təbiətlərinin tələb etdiyi səmtlərə üz tutmuşlar.
Zeydin təşəbbüsü və qəbilə əhalisinin iştirakı ilə Məcnunu Leylinin yanında bir məzarda dəfn edirlər.
Iki pak sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyarətgaha çevrilir.
Az sonra Zeyd yuxusunda Məcnun ilə Leylini cənnətdə, gözəl bir qəsrdə, qol-qola, nəşə, sevinc və səadət içində görür.
Nizaminin təsvir etdiyi Məcnun bütünlüklə özünü idealına bağlamış, fədakar və səmimi bir idealist simvoludur. Aşiq – mömin və ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Adi insanların “Məcnun” adlandırdıqları Qeys özündən keçmiş bir mömin, bir mücahiddir. Fəna – fillahlığın və ya ideal vurğunluğunun bir təcəssümüdür.
Bu surət Şərq ədəbiyyatının, Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və formalarda təkrar etdiyi bir aşiq obrazıdır. Eynilə, Nizaminin digər əsərində, Sasani padşahı Xosrovun rəqibi Fərhadın Şirinə olan bağlılığı da bu növdəndir.
Məcnunun məhz belə bir timsal olduğu fərağət, təcərrüd və qənaətdən ibarət “dəlilik” həyatında rast gəldiyimiz bir çox hərəkət və ifadələri ilə də sübut olunur. Belə tutarlı misallardan biri yuxarıdakı xülasədə qeyd olunmuşdur. Nofəlin qoşunu ondan ötrü vuruşduğu halda, Məcnun Leylinin qəbiləsinin qələbəsinə dua edir.
Fədakarlıq və məhəbbətin dəli bir ifadəsi olan bu kimi sirli hallar, Məcnun tərəfindən müxtəlif şəkillərdə göstərilir.
Məsələn, bir kağızda Leyli ilə Məcnunun birgə şəklinin çəkildiyini görən Məcnun dərhal Leylinin əksini pozur. Səbəbini soruşurlar. “Biz iki deyil, birik” – deyir. “Elə isə bəs niyə özünü yox, onu pozursan?”. “Çünkü o ruhdur, mən qəlib; ruh qəlibimdə gizlənir”.
Zeyd ona rəqibi İbn Salamın öldüyünü xəbər verdikdə: “ömrünü sənə bağışladı” deyir. Məcnun dərhal: “Olmadı, Zeyd, səhv etdin, mənə yox, Leyliyə bağışladı deməliydin” – deyə düzəldir. Zeyd ona: “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud deyil, iki qəlibdə bir can olduğunu elə səndən öyrəndiyim üçün, “İbn Salam ömrünü Məcnuna bağışladı” – deməklə, “Leyliyə bağışladı” demək arasında fərq görmürəm” – deyə izah etdikdə, Məcnun Zeydi haqlı sayır və onun özünü, həqiqətən, başa düşən bir dost olmasından razı qalır.
Böyük və ülvi eşqin bəxş etdiyi qüvvə və ilhamdan məhrum adi adamların yetə bilmədikləri məqama çatan Məcnunun vəhşi və yırtıcıları özünə ram etməsi, şübhəsiz, dastanı zinətləndirən bir bəzəkdir. Amma Nizami özünəməxsus misallarla bu “bəzəy”in “doğru”ya bənzədiyini bizə təlqin edir.
Məcnun onun üçün gətirilən yeməkləri başına toplanmış heyvanlara yedirtmək və amansız ovçuların toruna düşmüş heyvanları tapdıqca azad etmək yolu ilə onların etimad və sevgilərini qazanmış, onlarla dost olmuşdur.
Belə bir dostluq, Nizamiyə görə, mümkündür. Budur, həmin müddəanı sübut edən məsəl:
Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi günahkarları bunlara atıb parçalatdırarmış.
Gənc və ağıllı bir nədim günlərin birində şahın onu da köpəklərə atdırması ehtimalını fikirləşərək, tədbirli tərpənir: itlərə baxan adamla dostluq edir və onun icazəsilə hər gün köpəklərə yal verir.
Bir gün, nəhs bir saatda, heç nədən padşahın nədimə qəzəbi tutur və onun köpəklərə atılmasını əmr edir.
Qəzəbi soyuduqdan sonra etdiyinə peşman olmuş padşah itlərə baxan adamı çağırıb zavallı nədimin əhvalını soruşur. O, padşahı köpəklərin saxlandığı yerə gətirir. Padşah nə görsə yaxşıdır?! – nədim yırtıcı itlərin arasında sağ-salamat oturub heyvanlarla oynayır.
Padşah dərhal nədimi hüzuruna gətirdir:
– Bu nə möcüzədir?! – deyir.
– Padşahım, bunun nəyi möcüzədir ki?! Burada heyrət ediləcək bir şey yoxdur. Heyvanlar insanlardan daha həssas və daha qədirbiləndirlər. İllərlə sənə sədaqətlə xidmət etdim. Heç bir şey üçün hər şeyi unutdun və dərhal qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər ara-sıra onlara etmiş olduğum yaxşılığı unutmadılar, gördüyün kimi, canıma qıymadılar.

VI

“HƏFT PEYKƏR” (“YEDDI GÖZƏL”)

Ey cəhan dide xiş əz to
Hiç budi nəbud piş əz to.

(Ey dünyanın özünü səninlə gördüyü,
Səndən əvvəl heç bir varlıq yox idi! – red.)

Hicri 593-cü il ramazanın 14-də (miladi 1197-ci il iyulun 31-də) yazılmış bu mənzumə 4.968 beytdə Marağa hökmdarı Ağsonqurlu Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur.
Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər. Amma şair özü əsərinə “Həft peykər” adı vermişdir. Verəcəyimiz xülasədən görünəcəyi kimi, bu ad daha təbii və daha uyğundur. Əsərin məzmunu budur:
Sasani padşahı Yəzdigürdün Bəhram adlı bir oğlu olur. Münəccimlərin tövsiyyəsinə əsasən Ərəbistanda tərbiyə edilməsini istəyən atası Bəhramı Yəmən hökmdarı Münzərin yanına göndərir.
Münzər qonağı olan şahzadənin rahatlığını təmin etmək üçün hər cəhətdən qayğı göstərir. Məşhur Rum memarı Simnarı dəvət edərək İran şahzadəsi üçün xüsusi Xəvərnəq qəsrini tikdirir. Bu qəsr, şair təsvir etdiyinə görə, sənətin misilsiz bir nümunəsidir. Onun bütün dünyaya yayılmış bir qəribəliyi varmış: günün müxtəlif saatlarında günəş şüalarının dəyişən təsiri altında qəsr müxtəlif rənglərdə görünərmiş. Bu qəsrin dünyada tayı-bərabəri yoxdu və ola da bilməzdi: çünki başqa bir beləsini tikməsin deyə, Yəmən hökmdarı Xəvərnəqi tikmiş yunan memarını öldürtdürür.
Iran şahzadəsi Yəməndə yaxşıca böyüyür, ova çıxır, “gur” ovlamaqda məşhur olur. Bunun üçün ona Bəhram-Gur deyirlər. Bəhram-Gurun qəhrəmanlığı yalnız gur ovlamaqla məhdudlaşmır, ən yırtıcı heyvanları da məğlub edir. Qorxulu bir mağaraya girir, əsatiri əjdahanı öldürür və buradakı əfsanəvi xəzinələri əldə edir.
Bir gün şahzadə Xəvərnəq qəsrinin bağlı otaqlarından birini açır. Bu əsrarəngiz otaqda sənətkar bir əl tərəfindən çəkilmiş bir tablo önündə heyran qalır. Burada özünü yeddi iqlimin şahzadələri arasında görür. Otağın açarını özündə saxlayır. Bəhram-Gur arabir dincəlmək üçün bu otağa gəlməyi adət edir.
Yəzdikürdün ölüm xəbəri alınır. Bəhram-Gur İran taxtına çıxmaq üçün yola hazırlaşır. Birdən belə bir xəbər yetişir: İranın dövlət adamları yad bir məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda böyümüş bir gəncin İrana yaxşı bir padşah ola bilməyəcəyi üçün öz aralarında bir “piri-dana”nı taxta çıxarmışlar.
Bəhram ərəb dostlarından güclü bir ordu toplayaraq öz haqqını geri almaq üçün sərhədə yaxınlaşır. Irandan gəlmiş bir heyət onu qarşılayır. Heyət şahzadəyə yürüşdən əl çəkməsini və ölkəni qardaş qırğınına cəlb etməməsini təklif edir.
– Atanın günahıdır ki, səni yad tərbiyəsinə verdi, – deyirlər.
Bəhram təklifi rədd edir. Özünün taxta varis olduğunu irəli sürür. Qorxduqları qan tökülməsinin qarşısını almaq üçün isə orijinal bir şərt qoyur:
– İran tacı iki yırtıcı aslanın arasına qoyulacaq; kim onu şirlərin pəncəsindən alacaqsa, o da taxta çıxacaqdır.
Heyətin ağıllı hesab etdiyi bu təklifin yerinə yetirilməsi nəticəsində Bəhram-Gur İran taxtına sahib olur.
Bəhramın hökmranlığı zövq və səfa içində, eşq oyunları ilə keçir. Həftənin altı gününü eşq və səfaya sərf edir, yalnız bir günündə məmləkət işləri ilə məşğul olur.
Məmləkətdə quraqlıq baş verir, qıtlıq olur; fəlakət dörd il davam edir. Bu ağır illərdə Bəhram xalqın dadına yetir. Ehtiyacı olanlara dövlət anbarından ərzaq paylayır. Bununla da xalqın məhəbbətini qazanır.
Bu zaman Çin xaqanı İrana hücum edir. Içki, kef və əyləncələrə alışmış iranlılar hərbçiliyi yadırğamışlar. Çin xaqanını İranın üstünə gəlməyə cəsarətləndirən də əslində budur. Amma Bəhram şəxsi şücaəti, qeyrəti və əhalini müharibəyə təşviq etməsi sayəsində məmləkətin müdafiəsini təmin edir. Qələbə çalır.
Bu hadisədən sonra Bəhram, İran böyükləri ilə bərabər, Xəvərnəq qəsrini yenidən görməyə gedir. Onlar “Yeddi gözəl” tablosuna tamaşa edirlər.
Bəhram tablodakı gözəlliyi həyata keçirmək istəyir. Dövlət adamlarının razılığı ilə Bəhram yeddi iqlimin hərəsindən bir gözəl gətirtməyə başlayır. Hər iqlimdən bir şahzadə alır. Onları özünəməxsus şəkildə tikdirdiyi yeddi qübbəli sarayda yerləşdirir. Hər iqlimin gözəlinə sarayın ayrı-ayrı otaqlarında yer verir. Bütün qışı başı bu gözəllərin dizində, nağıl dinləmək və kefə baxmaqla keçirir. Şair yeddi rəngli bu qübbələr altında hər iqlimin öz tipindəki bir gözəlin dililə Bəhrama danışdırdığı hekayətləri tərifi mümkün olmayan bir zəriflik və sehrli bir sənətkarlıqla təsvir etmişdir. Həftənin yeddi günü, yerin yeddi iqlimi, gözəl tipinin yeddi özünəməxsusluğu, yeddi planetin rəmz və təsirilə, yeddi rəngə uyğun fərqli ştrixlərlə canlandırılan bu hekayətlərdə, şair sənətkarlığının orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu çəkmiş, təxəyyülünə geniş bir uçus imkanı vermişdir.
Sənətin bütün incəliklərini nəzərdən qaçırmayan şair, eyni zamanda, öz mistik və didaktik ruhuna sadiq qalaraq, bu oynaq əsərində də, filosofluğundan irəli gələn yol göstərmək vəzifəsini unutmamışdır.
Bəhram “Həft peykər” işrətindən ayrılmağa fürsət tapıb ova çıxdıqda bir çobanın zavallı bir köpəyi ağaca bağlayaraq döyməkdə olduğunu görür və çobandan:
– Bu nədir? – deyə soruşur.
Çoban izah edir.
– Padşahım, – deyir, – mən indi gördüyün kimi bir çoban deyil, əvvəllər bütöv bir qoyun sürüsünün sahibi idim. Sürünü bu köpəyə etibar etmişdim. Köpək də öz vəzifəsini yaxşı yerinə yetirər, qoyunları qurdlardan qoruyardı. Günlərin bir günü qoyunların azaldığını duydum, əhəmiyyət vermədim. Az sonra baxıb qoyunların xeyli azaldığını gördüm. Nəhayət, işdən şübhələndim. Necə olsa da, məsələni aydınlaşdırmaq qərarına gəldim…
Padşahım, nə görsəm yaxşıdır? Dişi bir canavar müntəzəm olaraq sürüyə gəlir. Köpək bu dişi canavarla cütləşir, arzusuna yetişdikdən sonra qoyunlardan bir neçəsini aparmasına mane olmur.
Köpəyin bu qəflət və xəyanətinin nəticəsidir ki, mən mötəbər bir sürü sahibi ikən, indi belə səfil bir çoban vəziyyətinə düşmüşəm. Buna görə də kefə dalaraq vəzifəsini unutmuş bu xainin cəzasını verirəm…
Çobanın söhbəti padşahın gözlərini açır. Vəziyyəti ciddi və şüurlu təhlil edir. Məlum olur ki, özü nağıl dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin ağışunda keçirdiyi zaman məmləkətin idarəsini tapşırdığı vəzir göstərdiyi zülmlə əhalini zara gətirmişdir.
Vəziyyəti belə görən padşah dərhal ədalət qapısını açır, “kimin idarədən şikayəti varsa, gəlsin, söyləsin” – deyir.
Şair yeddi gözəlin söylədikləri yeddi novellaya həmahəng olaraq yeddi şikayətçini zalım vəzirdən şaha şikayətə gətirir. Padşah şikayətçiləri tam diqqətlə dinləyir; onları dərhal razı salır və nəticədə zalım, xalqın gözü qarşısında layiq olduğu bir şəkildə cəzalandırılır.
Padşahın kefə qurşandığı qəflət günlərindən istifadə edərək, Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə sərhədə qədər gəlmişdi. Amma Bəhramın qəflətdən ayılıb zalım vəziri cəzalandırması xəbərini alan kimi hücumdan vaz keçir, əksinə, İranla dostluğunu elan edir.
Bu hadisədən sonra Bəhram yeddi gözəlin qucağını tərk edib ədalət gözəlinin əlinə verir:
Peykər-e ədl çun be dide-ye şah
Ebrət əngixt əz səpid-o-siyah

Şah kərd əz cəmal-e mənzər-e u
Həft peykər fəda-ye peykər-e u.

Rəvayət “qissədən hissə alan” Bəhramın dünyadan getməsini bir sirr pərdəsinə bürümüşdür. Məiyyətilə birlikdə ova çıxan Bəhram, yanındakılardan aralanıb bir mağaraya girir və burada qeyb olur. Nə qədər axtarırlarsa da bir daha tapılmır.
“Həft peykər” dastanının təsəvvüfdəki yeddi “süluk” anlayışı ilə əlaqəsi olduğunu qəbul edənlər vardır. Bu qənaətdə olanlar üçün Bəhramın qeyb olmasında, şübhəsiz, sufiyanə bir rəmz görünə bilər. Bu cür olmasa belə, Bəhram-Gur dastanındakı “Yeddi gözəl” novellalarının, təsəvvüf sisteminə də təsir göstərmiş Assur-Babil mədəniyyətindən gələn qədim saibi (ulduza etiqad) dini və astronomik təsəvvürü ilə əlaqədə olması inkar edilə bilməz. Bu sistemdə həftənin yeddi günü yeddi səyyarənin adı ilə adlanırdı. Assuriyalılar bu ulduzlara sitayiş edirdilər, onların adına ayrı-ayrı məbədlər tikmişdilər. Bu allah-ulduzlar aşağıdakılardır. 1. Zühəl (Keyvan) = Saturn; 2. Müştəri = Yupiter; 3. Mərrix = Mars; 4. Şəms (günəş) = Sonn (Soley); 5. Zöhrə = Venera; 6. Ütarid = Merkuri; 7. Qəmər (ay) = Mond (Lune).
Avropa dillərindəki gün adlarında bu qədim Assur ilahələrinin izləri görünməkdədir. Məsələn, almanca “monntaq” ilə fransızca “lundi” (bazar ertəsi) – Ayı; fransızca “mardi” (çərşənbə axşamı) – Marsı, yəni Mərrixi; “merkredi” (çərşənbə) – Merkuri, yəni Ütaridi; “jeudi” (cümə axşamı) – Yupiter, Müttərini; “vendredi” (cümə) – Venera, yəni Zöhrəni; ingiliscə “sətidi” (şənbə) – Saturn, yəni Zühəli; almanca “sonntaq” (bazar) da Günəşi xatırlatmaqdadır.
Bəhramın yeddi iqlimdən aldığı gözəlləri, Nizami, bu iqlimlər üzərində qədim astronomiya elmində təsirləri təsəvvür olunan səyyarələrin təbiət və xüsusiyyətlərinə uyğun bir şəkildə təsvir etmişdir. Belə ki, yeddi gözələ ayrılan gümbəzlərin rəngləri həftənin yeddi gününün – qədim insanların təsəvvürüncə, göyün yeddi təbəqəsində yerləşmiş olan yeddi planetin zənn edilən rənglərinə müvafiqdir. Eyni zamanda, bu gümbəzlərdə oturan gözəllər də, yuxarıda işarə edildiyi kimi, yeddi rəng ilə bağlı səyyarələrin təsirləri altında olan iqlimlərin qızlarıdır.

V
“İSKƏNDƏRNAMƏ”

Xodaya, cahan-padşahi torast,
Ze ma xedmət ayəd, xodayi torast!
(İlahi, dünya şahlığı sənə mənsubdur,
Biz xidmət etməliyik, sahiblik sənə mənsubdur! – red.)

“İskəndərnamə” hicri 597-ci ildə (miladi 1200-cü il) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr Məhəmmədin adına yazılmışdır.
Bu dastan yunanca orijinalı itdiyi halda, Şərq dillərində tərcüməsi mühafizə olunmuş Yunanıstanlı Klastinesin uydurma kitabından götürülmüşdür.
Öz adəti üzrə Nizami, müxtəlif qədim və yeni qaynaqlardan toplayaraq işlədiyi bu süjeti 10 540 beytlik bir məsnəvi halına salmışdır.
“İskəndərnamə” iki hissədən ibarətdir. 6896 beytlik birinci hissə “Şərəfnameyi-İskəndəri”, 3644 beytdən ibarət olan ikinci hissə “İqbalnameyi-İskəndəri” adlanır. Hər iki hissə, çox güman ki, bir-birinin ardınca, fasilə verilmədən yazılmışdır.
Nizamidən əvvəl bu süjet məşhur İran şairi Firdovsi tərəfindən qələmə alınmışdır. Nizami də şübhəsiz, bu məsələdən agahdır. Amma məsələ burasındadır ki, Firdovsi İskəndərdən, qədim İran şahlarının tarixindən ibarət olan “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini bütünlüklə, idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və xüsusi qeyd etdiyi kimi, mövzunu tamamilə yeni mövqedən qələmə almışdır.
“İskəndərnamə”nin məzmununu xülasə etmək üçün əslində şairin öz köməyinə müraciət edəcəyik. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə etmişdir. On mindən artıq beyti əhatə edən bu nəhəng əsəri barədə Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sığışdırmaq mümkündür. Bunu da şair özü etmişdir. Kitabının bütün xülasəsini əvvəlcə bir səhifədə vermişdir.
Biz, ustadın ruhuna min rəhmət və təşəkkürlə, bu ecazkar səhifəni oxucularımıza nəql etməklə kifayətlənəcəyik. Bununla da, həm onları yormadan böyük poemanın ruhu ilə tanış edəcək, həm də Nizami şerinin parlaq dili ilə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatının xülasəsini vermiş olacağıq:
“İskəndər dünyanın dörd tərəfini gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa, heç bir adət və mərasimə toxunmayaraq Kəyanilərin taxtına çıxmışdır. Yunanıstanda qızıla ilk sikkə vurduran odur. Dəri (qədim fars) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Güzgünü icad edən odur. Misirliləri zəngibarlılardan xilas etmişdir. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” və “rus sarılığı”ndan təmizləyərək “gəlin otağı” kimi bəzəmişdir. Çinlilərə gəmiçilik öyrətmiş, Keyxosrova naib olmuşdur. Iyirmi yaşında ikən şahlıq təbili onun adına çalınmış, iyirmi yeddi yaşında ona peyğəmbərlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarixin başlanğıcı sayılmışdır. Din sayəsində insanlara bilik, ədalətli dövlət sayəsində məmləkətlərə dinclik və səadət gətirmişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız-hesabsız tikililəri ondan qalmış nişanələrdir. Hər səfərində dünyanı qaydaya salmış, bir çox mühüm şəhərlər tikdirmişdir. Hindistandan Ruma qədər bir çox imarətlər, karvansaralar və binalar tikdirmişdir. Dərbəndi ilk dəfə “dərbənd” edən odur. Bulqar deyib keçməyin: o da yaranışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun nişanəsidir. Bunlardan başqa ondan qalma daha o qədər şeylər var ki, deməklə qurtarmaz!”.
“Kürəmizi məchulluqdan qurtarmaq əzmi ilə bu mübarək şəxs dünyaya çəlipayi (xaç kimi) bir bölgü vermişdir; xaç əlaməti bizə ondan qalmışdır. Bu dörd bucaqlı xəritə vahidlərinə o, bir ölçü vermişdir. Şimal qütbünə bir, Cənub qütbünə digər bir mismar çalmış, Şərqdən bir, Qərbdən digər bir ip çəkərək bu uzunluq (tul) və en (ərz) içində heç kimin bilmədiyi bir əsas qurmuşdur”.
“Dünyanı səyahətə çıxarkən keçdiyi yolları ölçməyə başlamışdır: fərsəx (ağac), mil, mərhələ anlayışları peyda olmuşdur. Xüsusi təyin etdiyi yerölçənlər, yüzlərlə katiblər ip çəkərək ölçü götürmüşlər və quruda hər yerə yetişərək mənzillər (dayanacaqlar – red.) təsbit etmişlər; dənizlərə də gəldikdə, ölçü götürmək yolu tapılmışdır: hazırlanmış iki gəmi bir-birindən ayrı və bir çatı ilə bağlı olduqları halda, bütün sahilləri dolaşaraq, dəniz yollarını ölçmüş və mənzillərini müəyyən etmişlər. Bu səy nəticəsində kürəmiz tamamilə ölçülmüş, onun gördüyü tədbirlər sayəsində yer üzündəki yollar kəşf edilmişdir: hal-hazırda yaşadığımız “Rüb-i məskun”u kəşf edən odur”.
“Onun at sürdüyü hər bir ölkə abad olmuş, hər tərəfə ədalət yayılmışdır; (o,) dağların, dərələrin ehtiyaclarına baxmış, çarəsini tapmışdır”.
Fəqət…
“Fəqət ölüm gəldikdə, o da, digər fanilər kimi aciz qalmışdır!..”
“İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlayır:
“O tac sahibinin tarixindən kara gələni budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulmaz!”
“İskəndərnamə”nin əsl “özəyi” həqiqətən bundan ibarətdir. Fəqət şair bu özəyi dolğunlaşdırmış, öz zövqünə uyğun “bəzəmişdir”. Bunu həyata keçirərkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqteyi-nəzərindən də “İskəndərliyi” idealizə etmişdir. Bu yolda o, bəzən anaxronizmə də yol vermişdir. Məsələn, İskəndəri bir müsəlman kimi Kəbə ziyarətinə gətirmiş, bir türk və ya qafqazlı kimi onu ruslarla vuruşdurmuş, Bərdə hökmdarı gözəl Nüşabəni “rus vəhşilərinin əsatirindən” onun əli xilas etmişdir.
Şair özü də anaxronizmi yaxşı başa düşür: necə ki deyir:
“Hekayətimdə irəli-geri çəkmələr görsəniz, eyib tutmayın; bundan qaçmaq mümkün deyildir”.
XII yüzilliyin mütəfəkkiri Nizami, çox vaxt XIX əsrin filosofu Spencer (Spenser) kimi, sənət lüzumu ilə söylənən “yalan”ı, doğruya ləzzət gətirən “duz” kimi işlətməkdə eyib görmür; çünki “yalana bənzər doğrudansa, doğruya bənzər yalan yaxşıdır”.
Nizami təxəyyülünün meyarı məhz budur. Bu meyara (“əndazə”) sadiq qalan şair “İskəndərnamə”ni “Məxzənül-əsrar”dakı hikmətləri, “Xosrov və Şirin” ilə “Həft peykər”indəki bədii ustalığı, “Leyli və Məcnun”dakı psixoloji təhlil ilə yoğuraraq, həm forma, həm də məzmun baxımından yüksək olan monumental əsər yaratmışdır. Elə bir nəhəng əsər ki, onun “nə zaman unutdura, nə yağışlar dağıda, nə də küləklər uçura bilər”. Şairin sözləri ilə desək, İskəndər bir vaxt “Zülmət”də aramış olduğu dirilik çeşməsini, “Beşliyin” sonuncu xəzinəsini təşkil edən bu nəhəng əsərdə, yəni “İskəndərnamə”də tapmışdır.
Nizaminin “İskəndərnamə”sindəki ədəbi özünəməxsusluğun tarixi süjeti müasir mənalandırılmasından ibarət olmasına baxmayaraq, şairin orijinallığını təşkil edən lirizmdir. Fateh və islahatçı bir qəhrəmana dair tarixi dastan olmasına baxmayaraq, “İskəndərnamə”də də şairin lirik mövqeyi epik mövqeyə üstündür. Iskəndərin hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi – bir toyla tamamlanır.
Iskəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir.

* * *

Beş əsərinin xülasəsini bitirərkən, Nizaminin oxucularından rəhmət gözləyən bir diləyini də burada qeyd etmək istərdik:

Varaq, varaq yazıb burda bitirdim
Qutluluqla sözü sona yetirdim.

Şad ola ruhu o kəsin, kim deyə:
Nizamiyə Tanrı rəhmət eyləyə!

AFAQ ŞIXLI Rusiya Poeziya Akademiyasının müxbir üzvü seçildi

Standart

Vətəndən uzaqda yaşayan, lakin ürəyi hər zaman Vətən eşqilə vuran, müasir dövrümüzün sevilən, seçilən, özünəməxsus dəyərli yeri olan qələm sahiblərindən biri, Avrasiya Yazarlar birliyinin üzvü şairə, publisist Afaq Şıxlı Rusiya Poeziya Akademiyasının müxbir üzvü seçilmişdir.
Tədbirdə Baynəlxalq Yazıçılar və Puvlisistlər assosiasiyasının sədri Marat Kələntərov və assosiasiyanın Moskva bölməsinin rəhbəri şair Nəsib Nəbioğlu, eləcə də, şair-publisist Sultan Mərzili, Əliş Əvəz, Əşrəf Hüseynli, Abbas Ağdabanlı, K Ordubadlı, şəhriyar ədəbi Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov, şairənin qızı, gənc yazıçı-jurnalist Nilufər və başqaları iştirak edirdilər. Onlar şairəni bu böyük nailiyyəti ilə təbrik edərək, ona yaradıcılıq uğurları arzuladılar.
Rəsmi tədbirin sonu gözəl bir poeziya gecəsinə çevrildi. Rus və Azərbaycan dillərində bir-birindən maraqlı, vətənpərvər ruhlu, eləcə də məhəbbət lirikalı şeirlər söylənildi.

Şeiləri, hekayələri, eləcə də müxtəlif mövzulu məqalələri hər zaman sevilərək oxunulan şairə, uzun illərdir Moskvada yaşamasına baxmayaraq, Azərbaycan oxucusunun ürəyinə yol tapa bilmişdir. Onun saf və təmiz sevgiyə, analarımıza, Vətənimizə həsr olunmuş şeirləri təbiətin özü qədər təbii və gözəldir.
Az müddət öncə Krımdakı Şeir simpoziumunda təşəkkür bəlgəsi ilə mükafatlandırılan Afaq Şıxlı, bu günlərdə şeirlərininin mütəmadi olaraq dərc olunduğu və böyük oxucu kütləsi topladığı qəzetlərdən biri olan “Ədəbiyyat və Həqiqət” qəzetinin Bakıda keçirilən 10 illik yubileyində Fəxri Diplomla təltif olunmuşdur.
Bu şairə üçün bir sürpriz olmuşdu. Bu qədər uzaq məsafədən belə könülləri fəth edə bilmək , doğma diyarında qiymətləndirilmək və dəyərləndirilmək yəqin ki, bir yazar üçün ən önəmli amillərdən biridir.
Sözlərin ölməzliyi – şairin ölməzliyidir!
Sözlərinin qüdrəti – şairin qüdrətidir!
Son illərdəki nəhayətsiz uğurları ilə bütün şeirsevərlərisevindirən Afaq xanıma uğurlar arzu edirik!

Beynəlxalq Yazıçılar və Puvblisistlər assosiasiyasının
Moskva bölməsi
12.10.12.

Səməd Vurğun

Standart

XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) 1906-cı il martın 21-də anadan olub.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:

Aşiqəm insana və təbiətə,
Əlim qələm tutub yazandan bəri…

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.
Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.
O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:

Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan bəxtiyar olsun.
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz sirdaşım, köməyim sənsən .

Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:

Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.

Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.
1937-1938-ci illərin məlum hadisələri – qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.
1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.

- misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.
Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.
Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.
1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.
1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.
O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:

Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.

Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…
1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.
Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.
1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.

Samad Yusif oghli Vakilov (1906-1956) was born in the bey (landlord) family in Yukhari Salahli village of Kazakh district. The dynasty of Vakilaghali (later Vakilovs) has 300 years’ history. The poet’s mother also belongs to this dynasty. The dynasty was famous for its brave and experienced military men, enlighteners, doctors and poets. In the years of Tsarist Russia they lived in Kazakh, Tbilisi and other places. The poet’s father Yusif agha lived in the village but his last years he spent in Kazakh. He lost his wealth because of his excessive generosity.

Young Samad’s childhood was very hard.When he was six, he lost his 28-year-old mother. Samad was brought up by his father and grandmother (mother’s mother) Aysha khanim. The poet’s grandfather, Aysha khanim’s husband Mehdikhan agha was a poet known under pseudonym Kyukhansal. Well-known Azerbaijani poet, Ibrahim khan’s (the khan of Garabagh) vizir (chief consultant) Molla Panah Vagif (1717-1797) also belongs to this kin.

Young Samad spent his early childhood in his native village and got his elementary education there.

In 1918 a popular enlightener and literary critic Firudin bey Kocharly transferred the Azerbaijani language school of Gory Seminary to Kazakh, founding Kazakh Teachers’ Seminary.

The Seminary was the foremost hearth of education. The brothers –Samad and Mehdikhan Vakilovs were among the village children accepted to the Seminary. Fridun bey’s wife Badisaba Vakilova (Kocharli) was poet’s close relative.

In spite of Samad’s weak health, he was a very brave, quick-witted, strong-willed, inquisitive boy. From the first day of his studying he demonstrated his innate talent. During these years he was interested in literary works of Vagif, Vidadi, Zakir and Sabir, got to know with the works of A.S.Pushkin, M.Y.Lermontov, Turkish writers and poets- Tofik Fikret, Namik Kamal and Mammad Amin. Possessing an excellent singing ability he sang songs and recited poems, and played in many performances in amateur theatres.

In 1922 the poet’s father Yusif agha died, a year later his grandmother Aysha khanim died too. Their cousin Khangizi took care of Samad and his brother Mehdiknan.

His first poems were written during the Seminary years. They were goshmas (one of the folk genres). They were published in the wall newspaper of the Seminary.

The poet’s first published poem ,“Addressing to Youth”, appeared in the Tbilisi newspaper “Yeni Fikir” (New Thought) in 1925. He dedicated this poem to his graduation ceremony of the Seminary.

After graduating from the Seminary Samad Vakilov taught the Azerbaijan Language and Literature in such different regions of Azerbaijan as Kazakh, Guba and Ganja, the motherland of Nizami Ganjavi.

Little by little he began to dedicate his life to poetry. The pseudonym “Vurghun” is the explanation of his love to his nation, Motherland, delightful nature of the native land.

I have loved people and nature
Since the time I started to write

In 1929 S.Vurghun entered the school of Literature of Moscow University II. During the university years he was actively engaged in creative activity too. His political and lyrical poems were published in his book “Shairin Andi” (Poet’s Oath) in 1930.

The 1930-40s are the period of enthusiasm of his poetical talent. In 1934 his poetical collection of poems “Konul Defteri” (The Soul’s Book) and the book “Sheirler” (Poems) were published.

These years the poet enriched our Literature and Dramaturgy purifying poetry from foreign words by creating new works. Only in 1935 S.Vurghun created 7 voluminous poems and about 100 poems written in 1934, the poem ”Azerbaijan” is considered to be one of the pearls of Azerbaijan Literature. Not only the ancient history of mother Azerbaijan, beauties of nature, natural recourses but also hospitality and frankness of the peace-loving nation were reflected in his works.

Some changes happened in S.Vurghun’s private life that year. He married Khavar khanim Mirzabeyova, -the sister of Abdulla Shaig’s wife.

The poet was careful and affectionate father. When his wife Khavar khanim complained of the children’s caprices he always used to tell: ” I was deprived from parents’ care, let my kids grow free.” The perfect expression of this thought was reflected in his poems addressing to Khavar khanim and his kids:

So long live my two sons Yusif, Vagif!
And happy be my daughter Aybaniz!
A hundred years, Khavar, my love, may you live!
My support, my hope,my secret strength are you!

In 1936-37s S.Vurghun not only created new works in poetry but also was engaged in translation too. He translated Pushkin’s novel written in verse ”Evgeniy Onegin” from Russian into Azerbaijan

He was awarded with “A.S.Pushkin Medal” for this translation by Pushkin Committee. In

these years he carried out one more masterly translation, a part of Shota Rustaveli’s poem “The Knight in a Tiger-skin ”, he was awarded with the Badge of Honour by Georgian SSR for this translation. He translated some works of Taras Shevchenko, Maxim Gorky, Ilya Chavchavadze and Jambul.

In the second stage of 1937 S.Vurghun created his immortal drama “Vagif”. He completed it with unbelievable speed, within 3-4 weeks. This masterly created drama was written about M.P.Vagif’s tragic life, his poetical height, human perfectness.

In 1941 S. Vurghun was given the title of “Stalin Prize Laureate” for ‘Vagif” drama.

1937-38s’ bloody repression didn’t go round S.Vurghun. Malevolence people, feeling the envy of his poetical talent, authority and people’s love tried to blacken the poet by false accusation in nationalism and exterminate him. Repeatedly his “question” was examined in different levels and the great poet was in a dilemma “to be or not to be”. The poet was called by corresponding organizations several times. Testing him morally they made him suffer. However due to his strong will, braveness, he broke his enemies’ plan by his logical and efficient speech.

S. Vurghun, participating actively in the process of celebrating 800 years jubilee of Nizami Ganjavi, in1939 published the article about Nizami, made a scientific speech and carried out a poetical translation of Nizami Ganjavi’s poema “Leyli and Majnun”.

In 1939 S.Vurghun created his poetic drama “Khanlar”. It was dedicated to the life of revolutionary Khanlar Safaraliev. In the same year he published his book (poems) “Azad Ilham”(Free Inspiration).

In 1941 S.Vurghun wrote his next poetic drama “Farhad and Shirin” on the motives of Nizami Ganjavi’s “Khosrov and Shirin”.

Main significance in the drama created during the war was given to high patriotic feelings. In 1941 S.Vurghun was given the title of “Stalin Prize Laureate” for this drama for the second time .

The Great Patriotic War takes a significant place in his creative activity . The following lines:

Listen to me my strongholds
Consider me a soldier onwards

was the oath to his Nation and Motherland. These lines meant the programme, creative motto not only for the poet but also in all Azerbaijani poetry during the war.

During the war the poet created more than 60 poems, several voluminous poems and “Baku Dastani” (‘Baku Legend”).

During these years S.Vurghun’s poetic fame spread. The poem

“Partisans of the Ukraine“ written in the leaflets was thrown out of the plane into the Ukraine forests for emotional support of the Ukraine soldiers.

In 1943, at the conference held in America, the poem of “Mother’s Parting Wishes” got high value as the best antimilitary work And 20 distinguished world poems about the war were published in New York and spread among military men.

During the war the patriot poet’s ardent voice was heard more powerfully at the front line, on the radio, at the hospitals. In hard war conditions S.Vurghun was at the front line: in the Crimea, Mozdok, Grozniy, Novorossiysk.

In 1943 he initiated opening of “Intelligentsia House” named after M. Fizuli in Baku, to conduct military ceremonies and meetings with front-line soldiers.

In philosophical drama “Insan” (Human) written in 1945, the poet tried to reproduce the future in a romantic style, show the power of human spirit which appeared in fiery years of the war.

People were described in the drama “Insan” united with the same wish and ideal, they got together in “The City of Brotherhood”. Rhetoric, common to all mankind, deep philosophical question of the author: “Will the intellect win on the Earth?” is still actual and will be actual for coming years too.

Unlike his other dramas “Insan” was subjected to the critics of the Communist Party and taken off the stage. Later, in 1974 after the poet’s death the drama “Insan” was staged for the second time and had a big success among spectators as well as theoretical community.

S.Vurghun was not only a famous poet but also a great scholar, theorist, irreplaceable organizer.

In 1945 the poet was elected the full member of the Academy of Sciences of Azerbaijan SSR. In the same year the republican Society of Cultural Relations with Iran was founded in Baku. S.Vurghun was assigned as the Chairman of this society. He determined the important aims of the society from the first day. The poet did his utmost in the building of the spiritual bridge between Azerbaijan and Iran.

In the post war period S.Vurghun as a public man, was actively involved in the establishment of peace in the whole world.

As a delegate of the Supreme Soviet of the USSR, S.Vurghun visited England on the way to Berlin in 1947. Here he was expected by good news: Berlin Theater staged his drama “Vagif”. His opinions and advice were very interesting and useful for the production personnel of the theater. It was noteworthy to mention that while creating the image of Gajar, the german director used Hitler’s traits.

In 1948 he participated in the World Congress of Cultural Workers in Vrotslav (Poland). Coming back from the Congress he created the voluminous poem “Negro Says” which was published in the same year. The poet’s well-known poetic cycle “European Memories” was the result of his trips to foreign countries.

In 1951 S.Vurghun visited Bulgaria with the help of “Bulgarian-Soviet Friendship” society.

In the foreign press of those years the articles about S.Vurghun’s speeches in foreign countries, some of his poems, his substantial and saturated interviews during meetings, were published. Well-known Russian poet Konstantin Simonov’s “My Friend Samad Vurghun’s Speech at the Dinner in London” was very popular.

Post – war period was especially fruitful in S.Vurghun’s creative activity. First he wrote the poetical drama “Mughan”(1948), then “Aygun”(1950-51) and “A Standard Bearer of the Century”(1952).

His last year’s poems constituted the new stage in his creative activity. They are distinguished with their diversity and deep poetry. Reflecting connection with life such human traits as friendship and benevolence, expressed the feeling of sacred duty to the nation.

Despite his creative achievements S.Vurghun was again subjected to injustice attacks and pressures in 1953. The poem “Aygun” was subjected to sharp criticism, which was especially aggravated after the publication of the article “Poet’s Rights” in Moscow. By the order of the Republic leadership the article was discussed in the Union of Azerbaijan Writers and a critical letter was composed to the editorial office in Moscow. The poet was again accused of nationalism. His books were taken off the library shelves, the plays were crossed out from theaters’ repertoire. He was forbidden to leave the city. Moreover, news was spread about his arrest. Although this fact was not executed but the warrant for his arrest was issued in September, 1953. However, the changes in the leadership of the USSR and the Republic prevented this decision from being carried out. (In January, 1956 in the court of those times republic leader M.J.Baghirov and his cliques were accused of their instructions “To annihilate the favorite poet of Azerbaijan, Samad Vurghun – one of the outstanding Soviet poets”. As a proof of this two files of accusatory materials and the arrest warrant were produced.

In 1953 when the significant changes happened in the life of the country and Republic Samad Vurghun was assigned the Vice President of Academy of Sciences of the Republic. He started working in this post with great enthusiasm. He put forward important issues to the social sciences, discussing urgent problems and the project of scientific publication for hours.

Being an extraordinary benevolent man, S.Vurghun tried to help people while working in the post of Vice President. Sara khanim Ashurbayova and Pusta khanim Azizbayova’s contribution to the science is connected with his name. Moreover, the scholars-linguists Turkan Afandiyeva, Vagif Aslanov, the philosopher Jamal Mustafayev, the historian Mahal Mammadov and others came to the science with his help. He helped the families of post graduate students who had been sent to Moscow for studies, at the same time assisted them financially because the stipend was not enough for living there.

In the territory of the USSR Samad Vurghun was widely known. He was awarded with high orders and medals of the USSR in different years, and was the favorite poet of soviet nations.

He was entrusted to be the co-lecturer on the topic dedicated to soviet poetry (for 20 years) in the II All Union Congress of soviet writers. Azerbaijani people were proud of this fact.

In October, 1955, being a member of soviet delegation visiting Vietnam, the poet fell ill and was obleged to interrupt his trip on half way. In China he was placed to Beijing hospital. But he didn’t lose his hope to be cured and returned to his active life. Short poems, written at the hospital cot, witness his strong will and courage:

O ill-timed end, stand farther from me here.
On foreign soil I will not yield to death,
So with your scythe from me awhile keep clear,
For while I hold a pen and still draw breath,
On foreign soil I will not yield to death…

Several weeks later he returned to his motherland. His illness was aggravated.

In March,1956 Samad Vurghun was 50. The community of the country was getting ready to celebrate the jubilee. The leaders of Azerbaijan established the title “National Poet of Azerbaijan” and for the first time Samad Vurghun was honored with this title. On May, 12,1956 in the building of Opera and Ballet Theatre ceremonial jubilee meeting took place. The literary community of the USSR and foreign guests participated in this ceremony. Two weeks later on May 27, 1956 at half past seven the poet closed his eyes forever. The poet’s flaming heart burning with unfading creative flame stopped.

From the 28th to the 30th of May an endless stream of people took leave of the great poet, the coffin with corpse placed in Azerbaijan State Philharmony. These days all Azerbaijan was in mourning. On the 30th of May the poet was buried in the Alley of Honorable Burial Place, in Baku.

During mourning days the poet’s family got telegrams with condolences from all parts of the country. In one of the telegrams expressing deep heartache was written : “Let consolidation be for your family that from the day of Samad Vurghun’s death his new life begins -immortality” And it is actually so.

After Samad Vurghun’s death, his name was immortalized everywhere. In one of the central squares of Baku the poet’s majestic monument was raised and one of the central squares was named after S.Vurghun. The name of S.Vurghun was given to Russian Dramatic Theater, summer cinema in Primorsk Park and oil tanker. The name of S.Vurghun was also given to one of the Moscow streets by Mossovet order. In Kiev the library, in Dushenbe School No57 and in Bulgaria junior technical college were named after S.Vurghun.

In all districts of the Republic S.Vurghun’s name was given to numerous schools, the houses of culture, streets, parks and so on. During soviet regime his name was given to collective farms and sovkhozes. In the towns and villages the poet’s name was immortalized by monuments and busts, in different places corners and little museums dedicated to the poet. “Samad Vurghun’s Museum” in Gakh takes special place among these, established by Mammad Ashurov in the house. He built it in his own yard.
In 1975 on “The Days of the Soviet literature” in Baku with the participation of the literary society of the country “House Museum” of the poet was opened, and in 1976 the branch of the museum of Samad Vurgun Poetry House” was opened in Yukhari Salahli, his native village.

Şəhriyar Ədəbi Mədəni Cəmiyyəti

Standart

Şəhriyar Ədəbi Mədəni Cəmiyyəti 2012-ci ildə ilk toplantısını keçirdi

Bu günlərdə Moskvada Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin növbəti toplanışı keçirilib.

Oxucu.info xəbər verir ki, tədbirdə cəmiiyətin üzvləri və bir nəfər hörmətli qonaq – Tatarıstanın Azərbaycan Respublikasındakı Daimi nümayəndəsinin müavini Nicat Əsgərov iştirak edirdilər.

Məclisi cəmiyyətin sədri Vasif Məmmədov açdı. O, hər kəsi, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edərək, vətəndə və eləcə də onun sərhədlərindən kənarda yaşayan bütün azərbaycanlılara firavanlıq, xoş günlər və aydın səma arzuladı. Vasif bəy, 24.12.2011 tarixdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində keçirilən, Azərbaycan prezidenti cənab İlham Əliyevin 50 illik yubileyinə və dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş təntənəli yığıncaqdan, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlunun dilindən söylənən İlham Əliyev cənablarının təbrik və salamlarını çatdırdı.

Bundan sonra Şəhriyar ƏMC-nin üzvləri hər biri öz ürək sözlərini söylədilər.

Məclisdə Əşrəf Hüseynli, Könül Ordubadlı, Afaq Şıxlı və Rövşən Əliyev müəllifi olduqları şeirləri ifa etdilər.

Dədə Şəmşirin varisi Abbas Alıyev səsləndirdiyi könülləri oxşayan gözəl və həzin saz havaları altında ustad Şəhriyarın, Molla PənahVaqifin və Elman Tovuzun da şeirləri səsləndi.

Cənab Nicat Əsgərov çıxış edərək sazlı-sözlü bu gecədən çox məmnun qaldığını və bu dəvət üçün Şəhriyar cəmiyyətinə minnətdar olduğunu bildirdi.

Vasif Məmmədov 2012-ci ilin iş proqramı haqqında və eləcə də, cəmiyyətin qarşısında duran ədəbi-mədəni məsələlərin vaxtında icra olunmasının təşkili barədə danışdı. Sonunda o, fəal iştirakı üçün, hər kəsə öz təşəkkürlərini bildirərək söhbəti yekunlaşdırdı.

Şair, publisit Afaq ŞIXLI

Oxucu.info

Sovet dövrü Azərbaycan ədəbiyyatı

Standart

(60-cı illərə qədər)

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.

Hüseyn Cavid 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızın mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. “Ana”, “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) pyesləri, “Azər” (1923-1932) poeması ilə daha da zənginləşdi.

Cəfər Cabbarlının Bakıda heykəli

Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu “Oqtay Eloğlu”, “Aydın”, “Od gəlini”, “1905-ci ildə”, “Sevil”, “Almas” əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.

Səməd Vurğun (1906-1956) sovet dövründə fəaliyyət göstərmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun “Azərbaycan” şeirinə, “Komsomol poeması”, “Aygün”, “Muğan” kimi epik poemalarına, “Vaqif”, mənzum dramlarına borcludur. Azərbaycan xalqının milli özünüdərki prosesində “Vaqif”in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.

Səməd Vurğunun Bakıda heykəli

Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir.

Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Onun “Rənglər” silsiləsindən şeirləri, “Füzuli”, “Qızılgül olmayaydı” və b. lirik poemaları Azərbaycan poeziyasının örnəklərindəndir. Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.

Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi (“Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Xurşidbanu Natəvan” və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn,Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov,Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.

Məhəmmədhüseyn Şəhriyara Təbrizdə qoyulmuş heykəl

60-cı illərdən başlayaraq:

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun “Dəli Kür” romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və “sonun başlanğıcı” kimi qiymətləndirilə bilərdi.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin[[, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, “Nəsimi” poeması, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin – başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.

XIX-XX əsr Azərbaycan ədəbiyyatı

Standart

 

Xurşudbanu Natəvanın Şuşada Ermənistan ordusu tərəfindən güllə-baran edilmiş heykəli. Hal-hazırda Bakı şəhərində saxlanır.

XIX əsrin ilk onilliklərində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənir.

Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q.B.Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bunun prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).

Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

Mirzə Şəfi Vazehin heykəli

A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfi Vazehnin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən “Nəğmələr”i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.

Əbdürrəhim bəy Haqverdiyev

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının – dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir.

Seyid Əzim Şirvani

Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov (1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) “Sələbiyyə” (“Tülkünamə”), Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” (1888), Zeynəlabidin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki heykəli

Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar.

 

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdülrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Orta əsr Azərbaycan ədəbiyyatı

Standart

Orta əsr Azərbaycan ədəbiyyatı

Xaqani Şirvaninin Təbrizdəki heykəli

Bakı şəhərindəki Nizami Gəncəvinin heykəli

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar. Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi.

Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.

Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır.

İmadəddin Nəsiminin Bakıdakı heykəli

XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi – böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır.

Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü.

Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş poçt markası

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasım Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.

Füzulinin Bakıdakı abidəsi (heykəltaraşlar Ömər Eldarov və Tokay Məmmədov)

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir.

Bakıda Şah İsmayıl Xətainin heykəli

Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

Molla Vəli Vidadi

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi nümayəndələrinin yaradıcılığında görürük. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, “Koroğlu” süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

Molla Pənah Vaqif

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.