Xeyir ve Şer – Nizami Gencevi

Standart

Nizami və Gəncəvi
Xeyir və Şər

Bir gün Xeyir və Şər adlı iki cavan öz şəhərlərindən çıxıb başqa bir şəhərə yollandılar. Yol üçün tədarük görmüş, azugə götürmüşdülər. Bir neçə gün yol getdikdən sonra Xeyir azuqəsini açıb ortaya goyur. Şər isə öz azuqəsini saxlayırdı.
Bir xeyli gedəndən sonra elə bir çölə çatdılar ki, bürkü təndir alovu kimi üz qarsırdı. Şər bu uzun çöldən xəbərdar idi. Ona görə də meşkində sudan saxlamışdı. Xeyir isə bundan xəbərsiz idi. Güman edirdi ki, bütün yol boyu su olacaq.
Onlar susuz çöldə yeddi gün yol getdilər. Xeyrin suyu qurtarmışdı. Susuzluqdan yanırdı. Şər isə saxladığı sudan xəlvətçə içirdi. Xeyir susuz olsa da, ona yalvarıb su istəyə bilmədi, baxa-baxa qaldı. Axırda susuzluqdan ciyəri yandı. Bir azdan sonra bu susuz yolçu lap dildən düşdü. Yanında od kimi qızaran ləli var idi. Ancaq nə edəsən, belə yerdə ləli su əvəzi içmək olmaz ki! Yazıq Xeyir ləlləri çıxarıb Şərin qabağına qoydu:
-Susuzluqdan yandım, – dedi,- əlac elə. Bir içim su ver; ya yoldaşlıq naminə, ya da neçəyə deyirsən sat. Şər adına münasib danışdı:
- Mən daşürəkli adamam, məndən mərhəmət umma. Mən çoxlarına tələ qurmuşam, çox divlər aldatmışam, səninn kələyinəmi uyacağam? Sən bu dar gündə ləlləri mənə verib susuzluğunu söndürmək istəyirsən. Şəhərə qayıdanda tutub geri alacaqsan. Mən belə gövhərə su vermərəm. Elə bir gövhər istəyirəm ki, geri ala bilməyəsən.
Xeyir soruşdu:
- Hansı gövhərdir o? De, bu saat verim!
Şər dedi:
-Mən sənin gözlərini istəyirəm. Onları geri almaq mümkün olmaz. Gözlərini ver, su iç! Yoxsa bir damcı da vermərəm!
Xeyir dedi:
-İnsafsız olma, bir içim su üçün gözlərimi istəyirsən? Gözümü çıxarmaqla əlinə nə gələcək? Tamahın güc gətirirsə baha sat, qızıl-gümüş istə, ləli də al, başqa nəyim var hamısını al, mənə su ver! Dilimdən kağız verərəm, and içərəm ki, dünyada nə var-dövlətim varsa hamısı sənin olsun! Ancaq gözümə dəymə. Bir içim su üçün rəhimsizlik eləmə!
Şər dediyindən dönmədi:
- Bu sözlər əbəsdir! Susuzluqdan sən bu saat bütün var-yoxdan əl çəkirsən. Ancaq dardan qurtaranda hamısını danacaqsan. Mən gövhər- zad istəmirəm. Verirsən gözlərini ver, vermirsən sudan tamahını çək!
Xeyir Şərin inadına mat qaldı. Əlacsızlığından ağladı. Gördü ki, susuzluq onu həlak edəcəkdir. Çarəsiz qalıb razı oldu!
- Buyur, – dedi, -bıçaq gətir, gözümü çıxar, mənə su ver içim!
Xeyir elə güman edirdi ki, təklifinə razı olsa, Şər rəhmə gələr. Şərsə onun halına yanmadı. Bıçaqla yoldaşının gözlərini çıxartdı; ancaq su vermədi. Şeylərini də yığışdırıb qaçdı. Kor olmuş və soyulmuş Xeyir peşman və əlacsız, qanına bulaşmış halda torpaqlar üzərində qaldı.
Mal-qara, qoyun-quzu sahibi olan çox varlı bir kürd var idi. Qohum-əqrabasından da yeddi-səkkiz kasıb ailəni özü ilə götürmüşdü. Onları dolandırırdı. Varlı kürd köçəri həyat sürürdü. Otluq, çəmənlik yerlərdə mənzil salıb sürünü bir yerdə otarır, sonra başqa yerə köçürdü. Kürdün, qara gözlü, hindu xallı gözəl bir qızı vardı. Min cür naz-nemət və ərköyünlüklə böyümüş, sərv boylu bir gözəl idi.
Qız bulaq suyu arzuladı. Yoldan bir az kənarda soyuq bulaq var idi. Bulağın suyu dərində deyil, üzdə idi. Qız küzəsini doldurub evlərinə tərəf yollandı.Yolda uzaqdan bir nalə eşitdi. Ayaq saxlayıb qulaq asdı. Kimsə inildəyirdi. Qız səs gələn tərəfə getdi. Qana bulaşmış bir cavan gördü. İnildəyib “su” deyirdi. Qızın ürəyi yandı. Cavana yaxınlaşıb soruşdu:
- Ey cavan sən kimsən? Nədən bu hala düşmüsən?
Xeyir dedi:
- Ey səs sahibi, mələkmi, pərimisən? Mən bədbəxtəm, başımın macərası uzundur. Susuzluqdan ölürəm, mənə bir içim su!
Qız Xeyirə su verdi.Yazıq doyunca içdi. Ürəyinə qüvvət, dizinə taqət gəldi, dirçəlib oturdu. Qız bunu görüb sevindi. Onun çıxarılmış gözlərinə baxdı. Göz çıxmışdısa da, ağı-qarası salamat idi. Odur ki, onları öz yerlərinə qoyub bağladı. Cavanın qolundan tutub ayağa qaldırdı. Əlindən tutub düşərgələrinə apardı. Onu qulluqçuların birinə tapşırdı:
- Ehtiyatlı ol, incitmə! Yavaş-yavaş bizim qapıya apar!
Qız özü isə tez anasının yanına qaçdı, gördüyünü ona söylədi.
Anası dedi:
- Nə üçün gətirmədin? Gətirəydin, yazığa bir çarə edəydik.
Qız dedi:
- Ana, gətirmişəm, yaxınlaşanda qulluqçuya tapşırdım, bu saat gəlib çıxar….
Qulluqçu cavanı gətirdi. Yer düzəldib onu rahatladılar. Sonra süfrəyə xörək gətirdilər. Xəstə bir az yedi, başını yenə yastığa qoyub zarıdı.
Axşam qızın atası çöldən qayıtdı. Şam eləmək həvəsi ilə evə girəndə, yataqda huşsuz uzanmış xəstəni görüb soruşdu:
- Bu kimdir? Hardan gəlmişdir?
Onun yoldan tapıldığını və gözünün çıxarıldığını dedilər. Kürd xəstəni görüb dedi:
-O hündür ağacdan bir neçə yarpaq yığmaq və döyüb suyunu xəstənin gözünə tökmək lazımdır. O, yaranın hərarətini alar, xəstənin gözünü sağaldar. Kürd sonrabağacın yerini göstərib dedi:
- Bulağın yanında, ətirli bir ağacdır. Kökə yaxın yerindən, aralı iki balaca budaq çıxmışdı. Budaqlardan birinin yarpağı, huri paltarı kimi yumşaqdı, sönən gözə nur verir. O biri budağın yarpağı abi-həyat kimidir. Baş ağrısının dərmanıdır.
Qız atasının sözlərini eşidib sevindi.
- Atacan, yazıqdır, buna əlac edək!
Kürd qızının xahişini yerə salmadı.Gedib həmin yarpaqdan gətirdi. Qız yarpağı döyüb suyunu sıxdı. Kürd dərmanı xəstənin gözünə tökdü. Xəstə bir saat yatağında oturub dərmanın təsirini gözlədi. Yenə başını qoyub yatdı.
Beş gün xəstənin gözünə dərman qoyub bağladılar. Sonuncu gün yaranı açdılar. Gözü tamam-kamal sağalıb anadangəlmə olmuşdu.
Sərvboylu cavanın gözlərinin açılması kürd qızını hamıdan çox sevindirdi. Qızın ona məhəbbəti günü-gündən artırdı. Qızın sevgisi Xeyirin də ürəyində yer eləmişdi.
Xeyir hər səhər tezdən qalxıb kürd ilə işə gedirdi. Dəvə otarar, qoyunu canavardan qoruyar, qoyun-quzuya qarovul çəkərdi.
Köçəri kürd Xeyirin fərasətini, işə can yandırdığını görüb onu əzizlədi. Etibar edib bütün var-yoxunu ona tapşırdı. Xeyir evə, ailəyə tamam məhrəm olandan sonra sirrini açmağa başladı.
Onun başına gələn macəranı, gözünün kim tərəfindən, nə üçün çıxarıldığını soruşdular. Xeyir Şərin işlərini bir-bir açıb dedi. Onunla yoldaş olduğunu, susuzluğa düşdüyünü, bir içim suya ləl verdiyini danışdı. Şərin vəfasız olduğunu, suyu göz bahasına satdığını və nəhayət gözünü çıxartdığını, su verməyib qaçdığını başdan-ayağa söylədi.
Xeyri yaxşı tanıyandan sonra kürd və ailəsi daha da mehriban oldu. Ona doğma adam kimi baxdı. Xeyrə kürd qızı özü qulluq edirdi. Onun eşqi ilə yaşayır, bir gün onu görməyəndə ürəyi partlayırdı. Xeyir də ona könlünü vermişdi. Canını belə ondan əsirgəməzdi. Qızın atasına sədaqətlə qulluq edirdi. Bilirdi ki, onu sağaldan, yenidən həyata, işıqlı dünyaya qaytaran qız olmuşdur.
Lakin Xeyir güman edirdi ki, elə varlı kişinin qızı mənim kimi yoxsulun birinə könül verməz!
Buna görə də Xeyir istəyirdi ki, bu evdən uzaqlaşsın, başqa bir yerə səfər eləsin; bəlkə beləliklə kürd qızının məhəbbətini unuda!
Bir gün kürdün hüzuruna gəlib dedi:
- Ey qəribin qolundan tutan, sən mənim gözümü sağaltdın! Bütün həyatım boyu sənə borcluyam. Boynumda böyük haqqın var. Daha bəsdir, utanıram. Sizə artıq zəhmət vermək istəmirəm. Sizdən ayrılmaq mənim üçün çətin olsa da, nə edim?! Uzun zamandır vətəndən çıxmışam. Elimdən, günumdən xəbərsizəm. İstəyirəm səhər tezdən vətənimə yola düşəm.
Doğrudur, ayrılıram, ancaq ömrüm boyu sizi unutmayacağam! Sizin məhəbbətinizi ürəyimdən çıxarmayacağam. Sizdən də son xahişim budur ki, məni unutmayasınız!
Xeyir bu sözləri deyəndə, kürdün ürəyi yumşaldı. Qız atasına baxıb hönkürtü ilə ağladı. Kürd ailəsinə böyük kədər üz vermiş kimi, hamı kövrəldi.
Başlarını aşağı salıb yerlərində dondular. Heç kim danışmırdı. Xeyirxah kürd Xeyri yanına çağırıb dedi:
- Ey qonaq və mehriban cavan! Sən bu yeri özünə vətən, bizi də özünə el-gün bil! Öz şəhərinə getsən, başqa bir yoldaşından daha bir zərbə də yeyəcəksən. Gəl, burda qal. Yaxşı-yaman, az-çox nəyim varsa, hamısı sənin əlində, ixtiyarında qalsın. Mənim qızımdan əziz heç kimim yoxdur. Gözəl, mehriban, zəhmət sevən qızdır. Ürəyinə yatsa, qızımı sənə verərəm. Səni canımızdan əziz saxlarıq. Mən də sizin mehriban həyatınızı görüb sevinər, sayənizdə qalan ömrümü başa vuraram.
Xeyir kürddən bu atalıq nəsihətini eşidəndən sonra ona təşəkkür elədi, şad xəbərdən sevindi və gecəni arxayın yatdı.
Kürd səhər tezdən yuxudan oyandı. Toy tədarükünü gördü. Bütün ömrünün sevinci olan qızını Xeyrə ərə verdi.
Axırda, o yerdən köçüb başqa bir yerə getməli oldular; Xeyir, gözünə şəfa verən səndəl ağacının hər iki budağından çoxlu yarpaq yığıb bir çuvala doldurdu. Budaqlardan birinin yarpağı isə göz ağrısının dərmanı idi.
Xeyir bu yarpaqların hikmətini heç kəsə danışmadı.
Kürd ailəsinin köçü gəlib şəhərə çatdı. Həmin şəhərdə şahın qızı baş ağrısına tutulmuşdu. Qızın dərdinə əlac tapılmadığından hamı məyus olmuşdu. Nə qədər adlı-sanlı həkim çağırılmışdı, amma heç biri qıza bir əlac edə bilməmişdi.
Padşah qabaqcadan şərt kəsmişdi ki, kim qızımı sağaltsa qızı ona verib özümə kürəkən edəcəyəm . Qızımın üzünü görüb, müalicəsini bacarmayanların isə boynunu vurduracağam…
Şahın vədini eşidənlər qızın eşqilə şahın yanına gəlirdilər. Xəstənin müalicəsində aciz qalanlar başlarından keçirdilər.
Xeyir şəhər əhlindən bu xəbəri eşitdi. Bildi ki, o xəstənin əlacı səndəl ağacının yarpağıdır. Şaha xəbər göndərdi ki, şahın qızını mən sağaldaram. Lakin Xeyir şahın şərtlərinə razı olmayıb özü şərt qoydu:
- Heç bir şeydə təmənnam yoxdur. Şahdan heç nə istəmirəm. Ancaq şah şadlıq günündə məni unutmasın!
Şah Xeyrin sözündən xəbər tutub onu hüzuruna gətirdi. Xeyir baş əyib şahın otağına girdi.
Şah soruşdu:
- Ey uğurlu cavan, adın nədir?
- Şah sağ olsun, mənim adım Xeyirdir.
- Adı kimi iş görən cavan, müalicənin də axırı xeyir olsun!
Şah Xeyri adamlarından birinə tapşırıb qızın yanına göndərdi.
Xeyir günəş kimi bir gözəl qız gördü. Xəstəlik qızın sərv boyunu əymiş, bənizini soldurmuşdu.
Xeyir cibində səndəl ağacının yarpağından saxlamışdı. Yarpağı suya salıb şərbət hazırladı. Sərin və şirin şərbəti xəstə çox iştaha ilə içdi. Şahzadə şərbəti içən kimi yuxu onu apardı.
Qız üç gündən sonra ayıldı. Yedi, içdi, ayağa qalxdı. Qızının sağalması padşahı hədsiz sevindirdi, padşah Xeyrə çoxlu xələt verdi. Vəsiyyət etdi ki, o öləndən sonra Xeyiri ölkəyə padşah seçsinlər.
Çox çəkmədi ölkənin padşahı öldü. Şahlıq Xeyrə çatdı.
Bir gün Xeyir bağa gedirdi. Yolda köhnə yoldaşını-Şəri gördü. Onun bəd əməlləri, mərdimazarlığı yadına düşdü. Yanındakılara tapşırdı ki, boş vaxtında bu adamı yanıma gətirin.
Xeyir bağda məclis qurmuşdu. Kürd də əli qılınclıların dəstəsində şahın qabağında dayanmışdı. Şəri gətirdilər. O, Xeyiri tanımadı. Şadlıqla irəli çıxıb torpağı öpdü, şahın hüzurunda dayandı. Xeyir onu görüb dedi:
- Ey başı bədəninə ağırlıq eləyən kişi, adını de!
Şər dedi:
- Mənə səyyah Mübaşir deyərlər. Əlimdən hər iş gələr.
Xeyir dedi:
- Düzünü de, yalandan əl çək! Utan, bir həyan olsun!
- Adım belədir ki, var! İstəyirsən öldür, istəyirsən burax!
Xeyir daha da qəzəbləndi:
- Alçaq! Sənin qanın halaldır! Adın Şər olduğu kimi özün də başdan-ayağa şərsən! Özün adından da pissən. Sən həmin adamsan ki, bir içim sudan ötrü susuza min əzab verdin, onun gözünü tökdün. Axırda da ona su vermədin, var-yoxunu əlindən aldın. Kəmərini də, gövhərini də apardın, ciyərini yandırdın. Bil və tanı, həmin adam mənəm! Sən insanların bədxahısan, hamıya fəlakət arzulayırsan. Xasiyyətinə görə də səninlə rəftar etmək lazımdır. Canını mənim əlimdən qurtara bilməyəcəksən!
Şər bu sözləri eşitcək Xeyrin üzünə baxıb onu tanıdı. Xeyrin ayağına düşüb yalvarmağa başladı:
- Amandır, məni bağışla! Nə bəd əməlim varsa, özümə eləmişəm. Əzəldən mənim bəxtim belə imiş! Mənim adım Şər, işim də adım kimi şər olmuşdur. Sən isə adın kimi xeyirlisən. Adına-sanına görə mənimlə rəftar et. Mən pisəm, sən yaxşısan. Mən pislik etmişəm, sən yaxşılıq et, günahımdan keç. Pislik sənin adına yaraşmaz.
Xeyir bu sözü eçidib Şəri buraxdı. Şər ölümdən qurtulduğunu görüb şadlığından ildırım kimi getdi.
Kürd isə ondan əl çəkmədi. Dalınca yüyürüb qılıncla onun boynunu vurdu: – Xeyir xeyirxahdırsa, sən Şərsən. Şər də şər işə rast gəlməlidir!
Kürd Şərin ciblərini, üst-başını axtardı. Kəmərinin altından iki gövhər tapdı, gətirib onları Xeyrə verdi.
Xeyir gövhəri öpüb kürdə bağışladı. Gövhəri gövhər ilə şad elədi, əli ilə gözlərini göstərib dedi:
- Mən sənin sayəndə bu gövhərlərə çatmışam. Bu
gövhərləri sənə verirəm, çünki sən mənim gözlərimə işıq vermisən.

About these ads

40 cavab »

  1. Have you ever thought about including a little bit more than just your
    articles? I mean, what you say is valuable and everything.

    However just imagine if you added some great photos or video clips to give your posts more, “pop”!
    Your content is excellent but with pics and videos, this
    blog could certainly be one of the very best in its niche.
    Amazing blog!

  2. I must say i take pleasure in basically reading your entire sites.
    Simply wished to inform you that you have people like me that appreciate work.

    Certainly a fantastic submit. Caps off to you! The
    data you have found here is very useful.

  3. sagolun cox gozel cizgi filmdir ama sozum var men 7a sinif sagirdi rehimova roza—– bizim kitabda da bu eseri yaziblar amma yazilib ki guye xeyir hem su veren qizla padsahin qizi ve vezirin qizi ile evlenir men de baslayib oz ozume fikirlesdimki ”bu xeyire bax sen şor gozluk edir 3 u ile de evlenir”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s